İSLAM MİSTİSİZMİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ CƏLALƏDDİN RUMİNİN TƏSƏVVÜF
FƏLSƏFƏSİNDƏ EŞQ
Pənahova Kəmalə Həsən q.
BDU-nun Fəlsəfə kafedrasının dosenti
Orta əsrlərdə Türk-İslam dünyasının görkəmli şəxsiyyətlərindən biri olan Mövlana Cəlaləddin Ruminin təsəvvüf fəlsəfəsinin əsas mahiyyətini ilahi eşqin tərənnümü təşkil edir. Bu eşq Ruminin əsərlərində ilahi sirləri açan, insanı həqiqət vüsalına çatdıran vasitə kimi tərənnüm edilir.
Mövlananın fikrincə yaradılan başqa varlıqlardan fərqli olaraq insanda Allaha aid bir əmanət vardır. Bu əmanət Allahın insan bədəninə üflədiyi ruhdur. Lakin ruh hər vasitə ilə əslinə dönmək istəyir. Bunu hiss edən hər insan bu dünyada dənizdən ayrılmış balıq, qamışlıqdan kəsilmiş ney kimidir. Bu əmanəti yalanlarla örtən insan isə gündəlik qazancından məhrum qalan bir şəxsi xatırladır. “Məsnəvi”də ney kamil insanın simvolu kim verilib. Daha dərinə getdikdə isə Allahın yaratdığı, bu dünyada ondan ayrı düşmüş hər bir varlıq neylə simvolizə edilir. Çünki onların hamısı Allahdan ayrılığın atəşi içində yanaraq inildəyir və ayrıldıqları Bütünə-Allaha qovuşmaq üçün çalışmaqdadırlar. İnsan öz əslindən-Allahdan ayrı düşdüyü üçün bu dünyada ney kimi inlər, nə varlığın, nə də yoxluğun heç bir dəyəri olmaz, Sevgilisinin diqqətini çəkmək üçün qovuşana qədər ağlar.
Cəlaləddin Rumi “Fihi mə fihi” əsərində yazır ki, “ Biz Allaha aidik, və vaxtı gələndə, əlbəttə, Ona dönəcəyik “ ( Bakara surəsi /156) Gerçəkdən də biz, yəni bizim bütün parçalarımız oradan gəlmişdir, oranın örnəkləridir və kiçik-böyük, canlı-cansız hər şey, dönüb yenə oraya gedər [1, 81]. O, fikirlərini davam etdirərək əlavə edir ki, insanda gizli xüsusiyyətlər vardır. Birinin sözü, birinin zərərə uğraması, birinin savaşması, barışması kimi içdən, yaxud xaricdən bir vasitə olmadıqda görünməz, insandakı sifətlər ancaq bunlarla meydana çıxar. Öz-özünə bir düşüncəyə dalsan, heç bir şey görməzsən, özünü bu sifətlərdən xali sanarsan. Sən nəsən yenə osan, dəyişmiş, dağılmış.Fəqət onlar səndə gizlidir. Dənizdəki suya bənzər olanlar; su, dənizdən ancaq bir bulud vasitəsilə ayrılır, ancaq dalğa vasitəsilə bəlli olur, görünür. Dalğa xaricdə bir səbəb olmadan sənin içdən coşub köpürməndir. Fəqət dəniz sakitdirsə, hətta heç nə görməzsən. Bədənin dənizin kənarındadır, canınsa bir dənizdir. Görmürsənmi, o dənizdən minlərlə ilanlar, balıqlar, quşlar, çeşid-çeşid, rəngarəng yaradılmışlar çıxır, özlərini göstərərək, yenə də dənizə dalıb gedirlər. Hiddət, həsəd, tamah bunlardan başqa sifətlərin də dənizdən baş çıxarır. Bu halda sifətlərin, Haq Təala aşiqləridir, amma, lətifdir, bu üzdən də dil libasına bürünmədikcə onları görmək mümkün deyildir [1, 82].
Mövlana hesab edir ki, bu dünyada sultanların tikdikləri saraylar, qalalar vaxt gəldikdə məhv olsa da, onun köşkü eşqdən tikildiyi üçün həm bu dünyada, həm də axirətdə daim duracaqdır, yıxılmayacaqdır. İnsan ilahi eşqin nəticəsində bu dünyada rast gəldiyi çətinlikləri dəf edə, fədakarlıqlar göstərə bilir. Çünki eşq sufiliyin ən uca mərtəbəsidir. Məhz bu mərtəbədə Allaha olan eşqdən başqa hər bir şey yox olur. Sufinin qəlbində yalnız Yaradana olan eşqə yer qalır. Cəlaləddin Rumiyə görə eşqdə zaman və ölüm qayğısı yoxdur, o əbədidir. Eşqin gücü qarşısında ağıl çarəsizdir. Ruminin eşq fəlsəfəsində fani ağla və məntiqə yer yoxdur. O, “Fihi ma fihi” əsərində bildirir ki, ağıl cəhd ilə Haqqı dərk edə bilməz...Ağıl pərvanəyə bənzər, məşuq isə mum kimidir. Pərvanə özünü muma vurar, yaxar , həlak olub gedər. Fəqət pərvanə yanmaqdan ziyan görsə də, dərdlərə düşsə də, mumun qarşısında dayana bilməyib, özünü ora atar. Pərvanəyə bənzər bir varlıq mumun işığı qarşısında dayansa, özünü ona atıb yandırmasa o varlıq pərvanə deyildir. Pərvanə də özünü mumun işığına vursa, lakin bu işıq pərvanəni yandırmasa, ona da mum deməzlər. Bu halda Haqqa dayanan, ona çatmaq üçün çalışıb-çapalamayan kişi insan deyildir. Fəqət Haqqı anladığını zənn edirsə, o anladığı Haqq deyildir. O kəsə insan deyərlər ki, çalışıb,çırpınır, Haqqın nur çevrəsində rahat qərar tutmur. Haqq da odur ki, insanı yaxıb, yandırıb, yox edib gedər, fəqət heş bir ağıl onu anlaya bilməz [1,50 ].
Mövlana “Məsnəvi-ye mənəvi” də göstərir ki, Hüzurundan mənə bir damla ağıl verdin, onu götürüb, mənə dəniz kimi bir ağıl ver. Bir damla torpağa, rüzgara yem olmadan dənizinə qovuşmağı mənə nəsib et.
Cəlaləddin Ruminin mahiyyətini Allaha olan sevgi təşkil edən əsərlərində belə bir fikir irəli sürülür ki, Yaradıcısını tanımayan və Onun xoşuna gələcək hallar yaşamayan insana normal insan demək mümkün deyildir. İnsan ürəyindəki ilahi eşq atəşini, iman nurunu, əsl gerçəkliyi sezdiyi zaman yaşadığı qaranlıqdan özünü xilas edərək eşq vasitəsilə Həqiqətə qovuşa bilər.
Mövlanaya görə eşq insanı maddi dünya ilə bağlayan bütün əlaqələri kəsərək, onu birliyə, bütövlüyə gətirən bir istiğraq (özünü unudub fəda etmək) halıdır. Burada tərəfləri birləşdirən yalnız mənəvi bağdır. Bu eşqin məqsədi Tanrı, yəni Mütləq varlıq olduğu üçün ülviləşdirilmiş olan hüdudsuz bir ehtirasdır, bəşəri ehtirasları məhv edib İlahi eşqə vasil olmağa can atmaqdır [2,123 ].
Ruhun səfərinin son məqsədi vüsal və birləşmədir. Əslində isə ruhun öz əzəli başlanğıcı və öz əsil vətəninə qayıdışını aşiqin Məşuqa doğru səfəri kimi qiymətləndirmək lazımdır. Bu naililyyətin özü də insaniyyət məqamından əhədiyyət (Allahın birliyi) məqamına çatmaq məşuqun zatında aşiqin fəna olmasından başqa bir şey deyil. Təbiətən bu səfərin yolu, yəni yüksəliş qövsü, dediyimiz kimi, ruhun ilkin nizamlama qövsündən keçdiyi yolun əks olunmasıdır [3, 130].
Yalnız mərifətə sahib olan, fəna və bəqa vəziyyətini keçirən sufilər kamillik dərəcəsinə çataraq Haqqa qovuşurlar. Bu çətin yolda onları müşayət edən isə Allaha olan təmənnasız məhəbbətləridir.
Cəlaləddin Rumunin əsərlərindəki məna dərinliyini anlamaq çətindir. Bunun üçün ney kimi deşikli bir sinəyə və mənəvi aləmin səslərini eşıdə bilən bir qulağa ehtiyac vardır. Bu mərtəbəyə isə mərifət pilləsinə qalxmış sufilər çata bilərlər. Özündən əvvəlki sufi ənənələrindən, İbn əl-Arabinin vəhdət əl-vücud təlimindən bəhrələnən Cəlaləddin Rumi bu gün də təsəvvüfun sirlərinə bələd olmaq, bu təlimin mahiyyətinə varmaq istəyənlər üçün tükənməz bir xəzinədir. Onun fəaliyyətinin bağlı olduğu Konya şəhərini əslində öz ənənələri və atributları timsalında XXI əsrdə də təsəvvüfün mərkəzi hesab etmək olar. Təsadüfi deyildir ki, bu gün də insanlar Cəlaləddi Ruminin “Məsnəvi”sini öyrənməyi, təmənnasız eşqin mahiyyətini dərk etməyi, oradakı nəsihətlərə öz fəaliyyətlərində əməl etməyi lazım bilirlər.
Ədəbiyyat
Mevlana Celaleddin Rumi.Fihi ma fihten seçmeler. (Hazırlayan: Yard.Doç. Dr. Sezai Küçük). Konya, 2007.
Y.Rüstəmov. Mövlana Cəlaləddin Ruminin sufilik fəlsəfəsi. Bakı, 2002.
İ.İbrahimova. Mövlana Cəlaləddin Ruminin “ Məsnəvi-ye mənəvi” əsəri İslam təsəvvüfünün əsas qaynaqlarından biri kimi. Bakı,2005.
Dostları ilə paylaş: |