Gəncə müqaviləsi



Yüklə 25,22 Kb.
tarix02.01.2022
ölçüsü25,22 Kb.
#35035
Gəncə müqaviləsi


Gəncə müqaviləsi

Rusiyanın Səfəvi dövləti ilə 1732-ci il Rəşt müqaviləsi onun antiosmanlı siyasətinə tam cavab vermədi. Buna görə də Səfəvi dövləti ilə diplomatik əlaqələr davam etdirildi. Məlum olduğu kimi Şah Təhmasib Nadirin əfqanlarla mübarizəyə yola düşməsindən istifadə edərək, hərbi əməliyyatlara başlamış, məğlubiyyətə uğramış və 1732-ci il 10 yanvar Kirmanşah müqaviləsini imzalamışdı. Bundan narazı qalan Nadir Təhmasibi hakimiyyətdən uzaqlaşdırmış, avqust ayında onun azyaşlı oğlu Abbası şah elan etmiş, özü isə regent olmuşdu. Rusiya vəziyyətlə hərtərəfli tanış olmaq üçün knyaz S.Qolitsini şah sarayına göndərmişdi. Qolitsinin Nadirlə apardığı danışıqlar zamanı aydın oldu ki, о nəinki osmanlıların, о cümlədən, Rusiyanın tutduğu Xəzərsahili torpaqları geri qaytarmaq istəyir. Antiosmanlı ittifaqında maraqlı olan Rusiya Bakı və Dərbəndi də güzəştə getməyə razı oldu. Beləliklə, 1735-ci il martın 10-da Nadirin Gəncə düşərgəsində Rusiya ilə müqavilə imzalandı. Müqavilə preambula, başlanğıc, 7 maddə və sonluqdan ibarətdir. Preambulada deyilirdi ki, xudavəndi-aləmə şükürlər olsun ki, hökmdarlar arasında dostluq yaratdı ki, bunun da nəticəsində onlar arasında dövlətlərin sakitliyi üçün məhəbbət vaqe oldu, Peyğəmbərə şükürlər olsun ki, öz yazısı ilə bunu mümkün etdi, ey İsa, Məryəmin oğlu sənə yalvarırıq, səni diləyirik. Bu da hamıya məlumdur ki, bir neçə illər əvvəl, Allahın buyruğu ilə, İran dövləti düşmən qoşunlarının hücumuna məruz qalıb, tapdanıb və viran edilmişdi, bundan əlavə qiyamçılardan zərər çəkirdi, hər tərəfdən çaşqınlıq içində yaşayırdı və bədxah yaramazlar öz pis niyyətlərinin fikrində olaraq, dövləti tamamilə dağıtmaq, firavan həyatını aradan qaldırmaq istəyirdilər. Lakin Xudavəndi-aləm, öz ilahi rəhmi ilə, İran dövlətinin bütün təbəələrindən üzünü döndərməyib məni, öz qulunu yaradıb. Мən də böyük və çoxlu qoşunla Xorasan əyalətinin paytaxt şəhərindən yürüş etdim ki, canilərin kökünü kəsim, cəzasını verim və Allahın rəhmi ilə, mənim zəhmətimlə İsfahan şəhəri və başqa əyalətlər düşməndən təmizləndilər,

hərçənd ki, düşmənlər qədim, möhkəm və sarsılmaz dostluğu Rusiya imperiyası və İran dövləti arasında görmək istəmirlər, öz çirkin fikirləri ilə qaralayırlar,

guya ki, Rusiya imperiyası tutduğu əyalətləri İran dövlətindən ayırmaq istəyir və özünə qaytarmaq niyyətindir və bununla da hər iki imperiyanın arasında düşmənçilik salırlar.

Ancaq hamıya, İran dövlətinin təbəələrinə xüsusilə aydındır, nə üçün Onun İmperator Həzrətləri I Pyotr, onun xoş və həmişəyaşar xatirəsi var olsun, İran dövlətinin şəhər və əyalətlərini tutdu, hansılar ki, müəyyən vaxtadək saxlanıldı, sonra xoş zamanda, özünün xoş niyyətini və dostluğunu göstərmək üçün, Gilan və b. əyalətləri, hansılar ki, Rusiya xəzinəsinin hesabına saxlanılırdı, heç bir təsir olmadan İran dövlətinə qaytarıldı. Hər iki ali sarayın ümumi marağı tələb edir ki, qədimdən gələn həmin dostluq, nəinki sarsılmaz saxlanılsın, həm də gələcəkdə böyüyüb, daha da artsın, bunun üçün də düşmənlərinin acığına sıx dostluq əlaqələri ilə bağlandılar. Onun da xatirinə yüksək rütbəli Gizli müşavir, nazir və kavaler, hazırda İranda olan, knyaz Sergey Qolitsın, Əlahəzrətin fərmanı ilə mənimlə başqa müqavilələrlə birlikdə əbədi ittifaq haqqında da qərar qəbul etdi və saziş bağladı ki, həmin traktat hər iki tərəfdən pozulmadan əbədi nizam olunur.

Müqavilənin "Başlanğıc" adlanan hissəsində qeyd olunurdu ki, hərçənd Rəştdə hər iki tərəfdən bağlanmış müqavilədə qərara alınıb, qalan şəhərlər, Bakı və Dərbənd Rusiyanın hökmranlığı altında о vaxta qədər ola bilər ki, İran dövləti bütün növ düşmənlərindən təmizlənsin. Lakin Bütün Rusiya imperatoru həzrətləri İran dövlətinə sadiq ehtiram göstərdiyindən və onu əvvəlki iqtidarına qaytarmaq üçün ən yaxşı yol hazırlamağı, yaxındakılara və uzaqdakılara göstərməyi lazım bilir ki, Rusiya imperiyası İrandan heç bir şey əldə etməyə səy göstərməməsinin, təkcə özünün Monarx alicənablığı və mərhəməti ilə Bakı və Dərbəndi onların torpaqları və kəndləri ilə əvvəlki kimi İrana vaxtından əvvəl qaytarmağa lütv edəcək və zaman imkan verən kimi Rusiya qoşunları yuxarıda göstərilən yerlərdən çıxarılacaq.

Razılığa görə Bakı şəhəri qəzalarla iki həftə ərzində, Dərbənd şəhəri qəzalar və ona aid yerlərlə keçmiş sərhədinə qədər iki ay ərzində bu müqavilə bağlanan tarixdən boşaldılacaq, əgər şərait imkan versə daha yaxın vaxta boşaldılacaq.

Şamxal və Urmiya məxsus Dağıstan və b. yerlər keçmişdəki kimi İran dövlətinə кеçəcək. Müqavilənin I maddəsində Rusiya imperiyası tərəfindən göstərilən dostluq və lütfkarlıq müqabilində İran dövləti Rusiya imperiyası ilə əbədi dostluq ittifaqında olmağı, Rusiyanın dostlarına dost, düşmənlərinə düşmən münasibətində olmağı vəd edirdi.

Yüksək saraylardan birinə qarşı hər hansı dövlət müharibə edərdisə, hər iki saray bu dövlətə qarşı müharibə başlamalı, bütün hallarda bir-birinə yardım etməli idi. Bakı və Dərbənd heç bir şəkildə başqa dövlətlərə, xüsusən düşmənlərə verilməməli, onlardan İran dövləti tərkibində saxlanılmasına səy göstərilməli idi. Adı çəkilən şəhərlərin əhalisindən bütün Rusiya imperatoru həzrətlərinə xidmətdə və Rusiya imperiyasının təbəəliyində olanlar İran dövlətinə sədaqətsizlikdə təqsirləndirib və əziyyət verilə bilməzdi. Dərbənddə olan xristian qanunlu gürcü monastrı toxunulmaz qalmalı, xidmət həyata keçirilməsinə icazə verilməli idi. II maddədə yazılırdı ki, İran dövlətinin mənafeyi tələb edir ki, Allahın mərhəməti ilə indiki əlverişli şəraitdə öz düşmənlərini aradan götürsün. İran dövləti öz düşmənlərindən azad olunsun, əvvəlki vəziyyətinə qayıtsın, Rusiya imperiyasına lazımi təhlükəsizliyini göstərsin, hər cür səylə düşmənlərə qarşı başlanan müharibəni ciddi cəhdlə, qeyrətlə davam etdirərək intiqamını alsın və bütün, təkcə indi deyil, həm də əvvəllər İran dövlətindən zorla alınmış, tutulmuş əyalətlər düşmənlərdən alınıb bir daha ona qaytarılsın. Yuxarıda göstərilənlər əvvəlki kimi İran dövlətinə qaytarılmasa, sülhə yol verilməsin. Türklər tərəfindən qərəzli və aldadıcı hərəkətlərə görə isə müharibə daxildə də davam etdirilsin. İran dövlətinin mənafeyi tələb etdiyi kimi əyalətlər onlardan alınmayınca müharibə aparılsın. III maddə müqaviləyə qoşulanların Osmanlı imperiyası ilə münasibətini aydınlaşdırırlar.

İran dövləti Osmanlı imperiyası ilə sülh müqaviləsi bağladığı halda Rusiyanı da ora daxil etməli idi, Rusiya da eyni halda belə bir öhdəliyi üzərinə götürürdü. IV maddə 1732-ci il Rəşt müqaviləsinin həyata keçirilən artikullarından başqa təsdiqini nəzərdə tuturdu. V maddə ticarətin tənzimlənməsinə həsr olunmuşdu.

Bildirilirdi ki, hər iki yüksək monarxiyanın mənafeyi tələb edir ki, xeyirxahlıqla qurulmuş tixarət saxlanılsın, heç bir tərəfin təbəələri ticarət mallarının göndərilməsində maneə ilə qarşılaşmasın. İran Rusiya tacirlərinə Rəşt müqaviləsinə uyğun yanaşmağı vəd edirdi. Onlara bütün limanlara, körpülərə, sahillərə yan almaq, öz ticarət məhsullarını istədikləri yerə boşaltmaq, yerləşdirmək, başqa уеrə aparmaq, hər hansı məcburiyyətsiz, heç kəs tərəfindən ədavət olmadan ticarət etmək ixtiyarı verilirdi.

İran dövlətinin təbəələrinə Rusiya imperiyasında dost tərəfin xalqlarına göstərilən mərhəmətli münasibət bəsləməli idi. VI maddə bu və ya digər tərəfdə gizlənən təbəələrin axtarılıb tapılması və qaytarılmasını nəzərdə tuturdu. VII maddədə müqavilənin təsdiqindən bəhs olunurdu. Müqavilə Rusiya tərəfindən beş ay müddətində imperatorun monarx möhürü ilə təsdiqləndikdən sonra verilməli idi. Sonluqda qeyd olunurdu ki, müqavilə iki bərabər nüsxədə hazırlanıb, möhürlərlə təsdiq olunub və dəyişdirilib. Nadir şahın 1747-ci ildə öldürülməsindən sonra onun imperiyası dağıldıqda 1732-ci il Rəşt və 1735-ci il Gəncə müqavilələri faktik olaraq ləğv olundu.



Mənbə: VƏTƏN TARİXİ Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu - AZƏRBAYCAN BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ DİPLOMATİYA TARİXİ birinci cild
Yüklə 25,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin