2.Qida gigiyenasının predmeti və vəzifələri
Gigiyena – əhalinin həyat şəraiti üçün elmi surətdə əsaslandırılmış optimal şəraitin yaradılması haqqında elmdir. O, ətraf mühit amillərinin qeyri-əlverişli təsirinin xəbərdar edilməsi və aradan qaldırılması, həmçinin onların insan sağlamlığına əlverişli təsirindən istifadə etmək üçün tədbirlər hazırlayır. «Gigiyena» sözü yunanca «hygieinos» sözündən götürülmüş və mənası sağlamlıq gətirən deməkdir. Gigiyena sözünün yaranması qədim yunan ilahəsi Gigiyeyanın adı ilə əlaqədardır. Qədim yunana mifoloqiyasına görə sağlamlıq allahı Asklipiyanın iki qızı olub ki, bunlardanda ən məşhurları xəstəlik barədə xəbər verən Gigiyeya və xəstəliyi dərmalarla müalicə edən Panaseya olublar. Bu elm həyat şəraitinin sağlamlığa təsirini öyrənir, xəstəliklərin qarşısını almaq, insanın və insan cəmiyyətinin sağlamlığını qorumaq və mühafizə etmək üçün tədbirlər işləyib hazırlayır.
İnsanı əhatə edən xarici mühit daim hərəkət və inkişaf edir, dəyişir. Buna görə də insan orqanizmi mütəmadi olaraq arasıkəsilmədən dəyişən çoxlu amillərin (qıcıqlandırıcıların) təsirinə məruz qalır. Lakin xarici mühitin adi dəyişiklikləri insanlarda patoloji dəyişikliklər törətmir. Çünki insan orqanizmi bunlara uyğunlaşır. Hər bir müəyyən anda orqanizmlə xarici mühit arasında mütəhərrik, dinamik tarazlıq yaranır (İ.P.Pavlov). Orqanizmlə xarici mühit arasındakı bu tarazlıq pozulduqda isə xəstəlik baş verir. Xəstəliyin baş verməsində isə xarici mühit amillərinin qeyri-adi gücdə və keyfiyyətdə olan təsiri əsas rol oynayır.
Orqanizmə təsir edən xarici mühit amillərini bir neçə qrupa bölmək olar.
1. Kimyəvi amillər. Orqanizmlə xarici mühitin vəhdəti – hər şeydən əvvəl, orqanizmlə mühitin kimyəvi tərkibinin, bunlar arasında maddələr və enerji mübadiləsinin oxşarlığı deməkdir. Bir çox kimyəvi elementlər və birləşmələr orqanizmə plastik və energetik prosesləri həyata keçirmək üçün lazımdır. İstehsal fəaliyyəti ilə əlaqədar olaraq insanın yaşadığı mühitə zəhərli kimyəvi maddələr düşə bilər. Xarici mühitdə – havada, suda, quruda toksik təsirli kimyəvi maddələrin olması həm funksional, həm də üzvi xarakterli patoloji dəyişikliklərə səbəb ola bilər.
2. Fiziki amillər. Havanın temperaturu, rütubəti, hərəkəti, atmosfer təzyiqi, günəş radiasiyası, səs-küy, vibrasiya, radioaktiv şüalanma və s. bu cür amillərdir. Bunların bəziləri orqanizmin yaşaması üçün zəruridir, lakin bütün bunların hamısı müəyyən intensivlik dərəcəsində orqanizmə zərərli təsir göstərə bilər.
3. Bioloji amillər. Bunlara patoloji mikroorqanizmlər, viruslar, helmintlər, göbələklər və s. aiddir.
İnsan üçün xarici mühit, dəyişkən amilləri ilə birlikdə yalnız təbiət demək deyildir. İstehsal vasitələri də istehsal münasibətləri ilə birlikdə cəmiyyətdə xarici mühitə aiddir, çünki insanın yaşadığı icti-mai mühit şəraiti orqanizmin vəziyyətinə və sağlamlığına təsir edir.
İnsan orqanizminə nəinki xarici mühitin obyektləri, həm də söz, danışıq, insanlar arasındakı münasibət, başqa sözlə, ikinci siqnal sisteminə aid olan qıcıqlandırıcılar da təsir edir. Bunlar insanda müxtəlif emosiyalar, bu və ya digər ruhi vəziyyət – dərd, qorxu, se-vinc və s. əmələ gətirərək orqanizmin vəziyyətinə, onun sağlamlığına təsir edir.
Yuxarıda deyilənlərə əsasən gigiyena öz məqsədinə nail olmaq üçün:
1. Xarici mühit amillərini və şəraitini (ictimai amillər və təbiət amilləri), bunların insan orqanizminə və xalqın sağlamlığına təsirini öyrənməli;
2. İnsan orqanizminə müsbət təsir edən amillərdən mümkün qədər çox istifadə etmək, insanın sağlamlığına zərərli təsir göstərən amilləri mümkün qədər aradan qaldırmaq məqsədi ilə gigiyenik normativlər, qaydalar və tədbirlər işləyib hazırlamalı;
3. İşlənib hazırlanmış tədbirləri, qaydaları və gigiyenik normativləri həyata keçirməlidir.
Gigiyena sanitariya ilə qırılmaz surətdə əlaqədardır. Belə ki, gigiyena elmi insan sağlamlığı üçün vacib olan ümumi vəziyyəti və tələbləri öyrəndiyi halda, sanitariya sanitar qanunvericilik və nəzarət vasitəsi ilə gigiyena elminin tələblərinin həyata keçməsini təmin edir. Latınca «sanitas» sağlamlıq deməkdir.
Rus alimi Ç.V.Xlopinin fikirlərinə görə gigiyena sağlamlığın saxlanması və yaxşılaşdırılması haqqında elm sayılırsa, sanitariya bunların həyata keçirilməsi üçün praktiki fəaliyyətdən ibarətdir. Başqa sözlə, sanitariyanın əsil məqsədi gigiyenin işləyib hazırladığı elmi müddəaları təcrübəyə tətbiq etməkdir. Ümumi gigiyenadan isə əməyin gigiyenası, uşaqların və yeniyetmələrin gigiyenası, kommunal gigiyena, qida gigiyenası kimi fənlər ayrılmışdır.
Qida gigiyenasının əsas vəzifəsi əhalinin müxtəlif qrupları üçün əmək şəraitindən, məişətdən, yaşdan, cinsdən, iqlimdən asılı olaraq fizioloji tələbatı öyrənməkdən, qidalanma normalarını miqdarca və keyfiyyətcə hazırlamaqdan; İnfeksion (yoluxucu) və qeyri-infeksion təbiətli (alimentar) xəstəliklərin baş verməsi səbəblərini öyrənməkdən və onların profilaktik tədbirlərinin təşkili üçün sanitar nəzarətinin təsir üsullarını hazırlamaqdan ibarətdir.
İnsanlar qidanı müxtəlif heyvan və bitki mənşəli məhsullardan alırlar. Qida məhsulları kimyəvi maddələrin çox mürəkkəb kompleksi olub, insanın həyat fəaliyyəti üçün zəruri komponentlər – zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələrlə zəngindir. Bunlar orqanizmdə plastik və energetik proseslər üçün istifadə olunurlar.
Qida məhsullarının keyfiyyəti isə qanunçuluqla, təşkilatı və istehsalat tədbirləri sistemi ilə təmin edilir. Bunun da əsas işi ərzaq xammalı və hazır məhsulların insanın sağlamlığı üçün təhlükəsiz olmasını təşkil etməkdən, həmçinin onların bütün alınma mərhələsində qidalılıq dəyərinin saxlanmasını, istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını təmin etməkdən ibarətdir.
Bununla belə, qida məhsullarının tərkibində insan orqanizmi üçün zərərli maddələr də ola bilər: təbii toksiki komponentlər məsələn, lobyada, kartofda – solanin, göbələklərdə – zəhər və b. bunlara aiddir). İstehsalda sanitar qaydaları pozulduqda, saxlandıqda, daşındıqda və satıldıqda isə onlara insan üçün təhlükəli olan zəhərli kimyəvi maddələr, üzvi və qeyri-yzvi zəhərli maddələrin qatışığı, mikroorqanizmlər və s. düşə bilər. Ona görə də qidanın yad maddələrlə və onların metabolitləri ilə çirklənməsi, insanın xəstələnməsinə və bu zaman ağır nəticələrə səbəb ola bilər (qida zəhərlənmələrinə, allergik xəstəliklərə, bağırsaq infeksiyasına, bağırsaq qurdunun keçməsinə).
Ona görə də qida məhsullarının istehsalı mərhələlərində və satışında «Dövlət sanitar nəzarəti təlimatına» uyğun olaraq, sanitar ekspertizası qida gigiyenasının mühüm sahəsi hesab edilir. Bu zaman qida məhsullarının sanitar mühafizəsi insanın daxili mühitinin mühafizəsi konsepsiyası ilə sıx surətdə əlaqələndirilir. Çirkli qida məhsulları ilə insanın daxili mühitinə yad maddələr və onların metabolitlərinin toplanması olduqca qorxuludur. Belə ki, o orqanizmdə hüceyrə metabolizminin pozulmasına və müxtəlif xəstəliklərin baş verməsinə səbəb olur.
Rasional qidalanmaya və qida məhsullarına göstərilən gigiyenik tələbatın öyrənilməsi, həmçinin qida məhsullarına zərərli maddələrin düşməsindən orqanizmin qorunmasının təşkili haqqında biliklərə malik olmaq bakalavrtexnoloqlara və əmtəəşünas ekspertlərə gələcək praktiki fəaliyyətlərində də vacibdir.
Dostları ilə paylaş: |