H ə b I b s a h I R



Yüklə 96,47 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü96,47 Kb.
#2044
1   2   3   4
Yaradıcılığı. Sürgün həyatı Həbib Sahirin əsərlərindəki lirik-romantik əhvali-ruhiyyəyə aydın duyulan kədər, qəm notları çökdürür. Onun dibsiz böyük Vətən, Təbriz sevgisi daha da alovlanır. Uçan quşlardan, əsən yellərdən doğma yurduna peyğam, salam göndərir, çəkdiyi qürbət acıları, ayrılıq həsrəti, hicran duyğuları qəlbindən misralara süzülür.

Şəfəqlərdə uçan axşam quşları,

Məndən salam deyin gözəl Təbrizə.

Qatar ilə gedən Vətənə sarı,

Arxadaşlar! Bir baş vurun da bizə.

Duman çöküb üfüqləri qaraltdı,

Mənə qürbət bir cəhənnəm yaratdı...

Xəzan yeli baxçamızı saratdı,

Daha nələr deyim, dostlar mən sizə? (2.226)

Digər bir dübeytisində bağçada bitən nərgizə bənzətdiyi Təbrizə salam göndərir, lakin bu dörd misralıq şeirdə də bütün ömrü boyu tərəfində durduğu, haqlarını müdafiə etdiyi məzlum insanları, əziyyət şəkən, yay-qış isti-soyuq bilmədən işləyən əməkçilərin, fasiləsiz qul əməyi-nin müqabilində bir komaya belə sahib ola bilməyən evsiz-eşiksizləri, yurdsuz-yuvasızları da unutmur:

Salam olsun Təbrizə,

Bağda açan nərgizə,

Əkinçiyə, işsizə,

Yurdsuzlara, evsizə.(2.238)

Diqqət çəkən odur ki, şairin əsərlərindən bütün əzəmətilə görünən böyük Vətən məhəbbəti onun digər sevgilərini üstələyir. Qəlbində bu böyüklükdə sevda daşıdığına görə də qarşısına qadağalar qoyulur. Lakin sürgün olunaraq Vətəndən uzaqlaşdırılması, sürgün və təqiblər onu zərrəcə qorxutmur, ana dilində yazıb-yaratmaqdan, bənzərsiz şeir inciləriqələmə almaqdan çəkindirmir. Daha böyük əzmkarlıqla lirik şeir və hekayələr yazmağa davam edir. Müxtəlif vaxtlarda «Sayəha» (Kölgələr), «Əfsaneyi-şəb» (Gecənin əfsanəsi), «Şəqayiq» (Addımlar), «Xuşəha» (Sevinclər) və «Əsatir» (Mif), «Lirik şeirlər», «Seçilmiş şeirlər» (2 cilddə), «Kal meyvələr», «Kövşən», «Səhər işıqlanır» adlı şeir kitabları işıq üzü görür. Bu kitablarda toplanmış bədii əsərlərdə tənqid motivləri, real həyatdan, şahlıq üsuli-idarəsinin cinayətlə-rindən, mövcud rejimin ədalətsizliklərindən, xalqın ağır günlərindən, ağrı-acılı yaşayışından şikayətlənmələr olsa da, əsasən Vətən mülkünün al-əlvan mənzərələri, ana təbiətin əsrarəngiz gözəllikləri, Azərbaycan xalqının qayğılarla dolu kənd həyatı, əməkçi insan bədii-poetik boyalarla, obrazlı şəkildə vəsf olunur. «Səhənd dağı», «Arzu», «Şeirin dili», «Bəy və şair», «Mah-nı», «Arazın suyu», «Kənd mahnıları», «Salam», «Səhəndə sarı», “Şeir pərisi”, “Həyatdır axar çeşmə”, “Sevgilim” adlı şeirlərində şairin bütövlükdə yaradıcılığına xas olan dərin lirizm, romantik üslub, doğulduğu, boya-başa çatdığı yurda, el-obaya odlu məhəbbət qabarıq şəkildə əks olunmuşdur. Sahir «Səhənd dağı» şeirində başı qarlı, dumanlı, şanlı-şövkətli Vətən dağının el-obanın dayağı, istinadgahı, sığınacağı olmasından qürur duyur və bu düşüncələrini fərəhlə nəz-mə çəkir. Şeirdə Azərbaycan kəndinin və kəndlisinin həyatı aydın boyalarla canlandırılır. Kənd camaatı, elat yay aylarında yaylağa çıxır, bu qüdrətli, əzəmətli dağın ətəklərində çadırlar qurur, çobanlar qoyun-quzu sürülərini laləli düzlərə, yamaclara yayır, qadınlar qış tədarükü görür, hər tərəfdən qoyun-quzu mələşməsi, uşaqların şən qəhqəhələri, çal-çağır səsləri eşidilir, bir sözlə, həyat qaynayır:

Gəlin qurun çadırları, buraxın,

Otlasınlar otlaqlarda at, qoyun.

Uşaqları buraxınız gəzsinlər,

Od yandırıb qaranlıqda toy tutsun!

Sizin üçün yamacları bəzəyib,

Gözəl quşlar bəsləmişəm Sizlərə

Çıraq kimi qızıl lalə yandırıb,

Yaşıl xalı döşəmişəm hər yerə...(3.55)

Sahirin lirik-romantik şeirlərində oxucu ana torpağa, təbiətin ecazkar gözəlliklərinə vurğun, romantik, xəyalpərvər bir şairlə – gözəllik aşiqi ilə qarşılaşır. Bu bədii lövhələr, lirik ricət və təsvirlərlə süslənmiş, sanki həzin bir musiqi və incə rəssam təbi duyulan şeirləri şair əsasən gənclik dövründə, 1946-cı ilədək qələmə almışdır. Ancaq istər təbiət gözəlliklərindən, istərsə də insanın daxili, ruhani dünyasının özəllik və zənginliklərindən, varlığın, həyatın sirlərindən, qəribəlik və anlaşılmazlığından yazsın, fərqi yoxdur, Həbib Sahir bütün yaradıcılığı boyu yeni şeir ənənələrinə sadiq qalır, əsərlərini daha çox sərbəst vəzndə qələmə alır. Onun əruz vəzninin qoyduğu məhdudiyyətlərdən sıçrayaraq çıxdığı qəlibsiz şeirlərindəki azadlığını, bədii fikrinin, şahə qalxan duyğularının ifadəsindəki sərbəstliyi və oxucu ruhunu oxşayan dərin şeiriyyəti dövrünün ədəbiyyat biliciləri də yüksək qiymətləndirmiş və təqdir etmişlər. Məhəmməd Rza Rafipur Sahirin poeziyasını “Məşrutə dövrünün poeziyası ilə Nima Yuşicin müasir şeirləri arasında bir körpü” kimi dəyərləndirmiş, Hüseyn Sədiq isə şairin hansı dildə, vəzndə və üslubda yazmasından asılı olmayaraq onun böyük ruha sadiq qaldığını, kökündən və tarixindən qopmadığını vurğulamış və konkret olaraq demişdir: “Farsdilli poeziyasında da Sahirin sırf Azərbaycan şairi olduğu görünür”(4.44) və:

Mənim içərimdə inləyən bu saz
Yalnız türkçülükdən söyləyir avaz.
Elə vurulmuşam bu avaza mən,
Bu səslə bağlandım sənə, ey Vətən,- (1)

misraları söz ustadının könül rübabının yalnız türkçülük ruhunda kökləndiyinin, yad nəğmələr çalmayan sazının əsil “türk sazı” olduğunun və bir-birindən gözəl türkülər söylədiyinin təsdiqi, orijinal poetik etirafıdır.



Bir sıra tədqiqatçılar sərbəst vəzndə yazıb-yaradan Sahiri, haqlı olaraq, Cənubi Azərbaycan ədəbiyyatında «Sərbəst şeirin atası» adlandırır, “bütün Azərbaycanın "Viktor Hüqo"su kimi dəyərləndirir (5)”, şairin böyük sənətinə, dərin romantizminə, əfsunlu lirizminə heyranlı-ğını ifadə edirlər: «Bədii təbiət təsvirləri ilə bəzənmiş şeirlərini gənclik dövründə qələmə almasına baxmayaraq, burada Sahir mahir bir qəvvas kimi dənizin dərinliklərinə cumaraq söz incilərini toplamış, məharətlə xəyal pərilərinin tellərinə düzmüş, ana təbiətin füsunkar gözəlliklərini vəsf etmişdir. Şeirlərini oxuduqca insan özünü bir rəssamın yaratdığı bənzərsiz tabloların qarşısında hiss edir. Şairin yaradıcılıq qüdrəti adamı heyran edir. Ancaq tamaşadan doyub məna axtarırkən istər-istəməz daxilində bir sual baş qaldırır: - Məgər sənət sənət üçün-dür? Yaradılmış əsərlər tamaşa üçünmü yaradılır?» (4.88.) G.Səbahinin bu fikirləri və Sahirin poeziyasındakı dərin şeiriyyətə heyranlıqdan doğan sualları maraqlı, həm də düşündürücüdür. Axan suların laylaya bənzər şırıltısını, əsən yellərin yaşıl zəmiləri hərəkətə gətirməsini, ay işığının buludların arxasından boylanaraq dumduru, gümüş sularda əks olunmasını, çəmənlərdə ətir saçan güllərin eşqi ilə cəh-cəh vuran bülbüllərin avazını, hətta süsərilərin cingiltili səslə ötməsini, dağları, dərələri, yaşıl ormanları və s. yüksək poetik ustalıqla təsvir edən şair oxucuda öz torpağına, ana təbiətə, boya-başa çatdığı el-obaya, xalqına məhəbbət, böyük sevgi aşılayır, qəlbində lirik, kövrək duyğular oyadır. Hər bir incəsənət əsərində kamil bədii gözəlliklə yanaşı dolğun məna, sərrast fikir də ifadə olunmalıdır. İncə, zərif hiss və duyğularını, ideya və məqsədlərini öz əsərlərində əks etdirən şair bədii təsvir vasitələrindən həmin ideya və məqsədlərin, fikirlərin daha təsirli, daha sirayətedici ifadə olunması üçün yerli-yerində istifadə edir. Həbib Sahir məhz bu yaradıcılıq yolu ilə inamlı addımlar ataraq yüksək bədii dəyərə malik orijinal əsərlər yaratmışdır. Lirik-romantik səpkili şeirlərində təkrarsız bədii lövhələr, lirik ricətlər və ecazkar təbiət mənzərələrinin bədii təsviri ilə yanaşı, xəyali surətlər, obrazlar da özünəməxsusluğu ilə diqqəti cəlb edir. Sahir yaradıcılığına yüksək dəyər verdiyi və əsərlərini, “Göl” poemasını Azərbaycan türkcəsinə çevirdiyi fransız şairi və nəzəriyyəçisi Şarl Bodlerin həyati və mənəvi gözəlliklərlə bağlı fikirlərini, mövqeyini əsərlərində yansıdırdı. Şarl Bodlerə görə: “Güzelin, uyandırdığı izlenim tek olsa da, her zaman kaçınılmaz olarak iki unsurdan oluştuğunu, oluşan izlenim birliği içinde güzelin değişik unsurlarının ayırt etmek güç gelse de, bunun güzelin bileşimindeki zorunlu çeşitliliği asla geçersiz kılmadığını göstermek için iyi bir fırsat. Güzellik, niceliğinin belirlemesi çok güç olan ebedî, değişmez bir unsurdan ve koşullara göre değişen, göreli bir unsurdan oluşur – bu unsur da yaşanılan çağ, o çağın modaları, ahlaki değerleri, duyguları ya da bunların hepsidir. İlahi pastanın üstünü kaplayan çekici, baştan çıkarıcı, iştah açıcı kaymağa benzete bileceğimiz bu ikinci unsur olmasa, insan doğasına uyarlana bilir ve uygun olmaktan çıkacak ilk unsur da hazm edilemez, takdir edilemezdi. Meydan okuyorum: bu iki unsuru da içermeyen tek bir güzellik numunesi bulup çıkarın bana” (Baudelaire,2004:202).” Sahir də lirik əsərlərində məhz bu iki ünsürün, iki cəhətin vəhdətini yaradır. İnsan onun qələmində zahiri və batini gözəllikləri ilə tam obraz olaraq təqdim edilir. Şairin realist şeirlərinin əsas mövzusu İnsan və onun daxili aləmi və Vətəninin, Asərbaycan təbiətinin təkrarsız gözəlliyidir. Eyni zamanda bu möcüzəli təbii mənzərələrin, təkrarsız gözəlliklərin qoynunda, əsrarəngiz mühitdə soydaşlarının çarəsiz bir durumda, taleyə boyun əyərək yazıqlaşmış halda yaşamağa məhkum olduğu görünür... «Çöl yollarında» və «Şeir pərisi» kimi şeirlərindən gətirdiyimiz nümunələrdə həm də şairin masmavi, cazibədar xəyal dünyası yansıyr:

Xəyal rəngli bir pərdədir, mərmuz, gözəl bir cahanın,

Əsrarəngiz gözəlligi o pərdədə çiçək açar...

Bir üfüqdür füruzə rəng, bəzəmişdir şəfəqləri...

Mavi, dərin asimandır, ondan doğan mahitablar.(2.236)

«Şeir pərisi»ndə Həbib Sahir oxucusunu yaz günəşinin batması ilə ətrafa çökən toranlığın yaratdığı hüznlü bir səssizlikdə, qərib axşamlarda şair qəlbində baş qaldıran romantik duyğularla baş-başa qoyur:

Gün batarkən qızıllı xəyallarda,

Gül açardı yazın gözəl axşamı.

Uzadardı mənə şerin pərisi

Şərab ilə dolu altın bir camı...


Ay doğarkən kölgələnmiş sularda

Ayın gümüş işıqları titrərdi...

Dağ çiçəyi verən nazlı qız mənə...

Şərab ilə dolu bir cam verərdi.(5.48)

Yaradıcılığının ilk dövründə Sahirin bəzi lirik-romantik şeirlərində hətta bir pessimizm, ümidsizlik, gələcəyə inamsızlıq, bədbinlik notları da aydın duyulur. Şair sanki ona acılar yaşadan, arzularını solduran həyatla vidalaşmaq istəyi duyulur:

Yat bu viranədə, həsrətlərə qatlan, gülmə!

Gülmə! Solsun ürəgində açılan lalələrin,

Ki sönsün o günəş rəngli, o xoş zülfitərin...(3.232)

«Gülmə!» şeirindəki bu küskünlük, ümidsizlik, çətinlik və səfalət, yoxsulluq içində keçən ağır həyatdan doğan ruh düşkünlüyü, dünyanı tərk etmək - ölüm arzusu «Son söz» şeirində daha da qabarıqlaşır:

Nə söyüd kölgəsi altında, nə çay nəzdində,

Nə yaşıl bağlar içində məni basdırma, sakın!

Və nə mərmərdən olan bəqədə həbs eylə məni,

Qoy göy altında yatım, bir dərədə dağa yaxın!..(3.233)

İlk baxışdan şairin bədbinliyi, kədəri fərdi, subyektiv təsir bağışlayır. Lakin digər əsərlərinə nəzər saldıqda bu kədərin fərdilikdən çıxdığının və ümumən, onu yetirən xalqın, başı müsibətlər, bəlalar çəkmiş millətinin dərdi, kədəri olduğu dərk edilir. Və incə duyğulu, həssas ürəkli şair ilk dövr yaradıcılığında aydın şəkildə gsrünən xəyal dünyasında, bədbin, pessimist hisslərin təsir dairəsində uzun zaman qalmır, ictimai romantizmə yönəlir, düşüncələrində, həyata baxışında təbəddülat yaranır və real aləmə, gerçək dünyaya qayıdır. «Kövşən» kitabına yazdığı etirafda bu qayıdışı səmimi dillə ifadə edir. «Bir tərəfdə təsəvvüfün rəmzli dünyası, bir tərəfdə isə günəşlə parlayan real aləm gördüm. Atımı işığa sürdüm. Mahnı söylədim. Şeir yazdım. Yazdım-pozdum. Yadlar məni dandılar. Ellər məni andılar, Alqışladılar. Mən yolumu tapmışam! İşıqlı aləm ordadır. Şən günlər, azad illər ordadır. Dünya belə olmalıdır» (6).

Dünyanın, əsl həyatın onu yetirən xalqın, elin-obanın qoynunda, şad günündə onunla bir sevinib, kədərli vaxtlarında da bir qəmlənməkdə olduğunu dərk edir. Artıq Sahir xəyalında canlandırdığını deyil, görüb müşahidə etdiklərini, real həyatı bədii boyalarla əks etdirməyə başlayır, gerçək həyat hadisələrini, tarixi keçmişi şeirə, poeziyaya gətirir, xalqın dərdlərini söyləyən dilinə çevrilir:

Şair qoşdu günə sarı,

Odda görüb xalqı yandı,

O günədək görmədiyi

Bir şox şeylər görüb qandı.()

-deyir və yeni həvəslə «qandıqlarını» vəsf etməyə girişir. «Dədə Qorqud» dastanında Buğac boyunu nəzmə çəkir, Məşrutə inqilabına, Xiyabani hərəkatına, 21 Azər nehzətinə poetik münasibətini bildirir. Onun romantik bir dillə təsvir etdiyi varlıq yaşayan, eşidilən və duyulan obrazlara çevrilir və yaddaşlarda qalır. «Biri şiə, biri sünni, Belə millət, sənə zillət»- deyərək xalqın arasında dini məzhəb ayrı-seçkiliyi salan simasız din xadimlərini, səbəbkarları lənət-ləyir. Sahiri ən çox sevindirən, ruhunu qanadlandıran, yaşamaq, yazıb-yaratmaq həvəsini gücləndirən, ilhamına qol-qanad verən 21 Azər hərəkatının qələbə çalması, Güney Azərbaycanda Xalq Demokrat Firqəsinin qələbəsi və S.C.Pişəvərinin Milli hökumətin başına gəlməsi, Vətənin səmasında azadlıq günəşinin parlaması olmuşdur:

Qorxma! Bu mavi göy altında yanan al günəşim,

Və üfüqlərdə gülən al şəfəqin sönməyəcək...

İlk baharın açacaq gül, ötəcək bülbüllər,

Dünyamız bir də bu aləmdə xəzan görməyəcək...(3.84)


Lakin azadlıq günəşinin üzərini qara buludlar çox tez alır. Azadlıq günəşi qan dənizində boğulur. Yenə zindanların dəmir barmaqlıqları xalq fədailərini üzünə aşılır, təqiblər, sürgünlər, ölümlər başlanır. Şahın quldur dəstələri xalqın yurd-yuvasını dağıdır, azadlıq nəğməsi oxuyan ağızlara qıfıl vurulur, el-obanın azadlığı çalınır, dili yasaq edilir, milli qüruru tapdalanır. Sahiri inqilabın qələbəsi nə qədər sevindirmişdisə, məğlub edilməsi bir o qədər sarsıtdı. Bədbəxtliyə düçar edilmiş ellərin dərdinə «Vətən matəmində» şeiri ilə ağı dedi. «Söylə, tanrı!» şeirində Uca Tanrıya üz tutub viran edilmiş yurdların, günahsız axıdılan qanların, el içinə salınan ayrılıq, aclıq, nifağın səbəblərini sorur, vətəndaş yanğısı, kədəri və narahatlığı ilə ellərin üzünə baharın bir də nə zaman güləcəyini bilmək istəyir və ən azından buna ümid edir:
Söylə tanrı! Köçüb gedən ellərin,

Bu dünyada bir də üzü güləcək?

Gələcəyə şirin ümid bəsləyən

Könlümüz də aşacaqmı gül-çiçək?

Viranə də susacaqmı bu bayquş,

Verəcəkmi bahar dünyaya bəzək? (2.235)

«Sürgün» poemasında, “Firidun İbrahimiyə”, “Basqın”, «Kənd mahnıları», «Yurd mahnısı», «Atlıların», «Yoldan kənar», «Gecə keçmiş yarıdan», «Məndən salam deyin gözəl Təbrizə», «O taya», «Mahnı», «Haram olsun», “Sazaq əsdi”, “Bir toxucu qıza”, “Axşamçağıdır”, «Xəzanlar» kimi şeirlərində Vətən və xalqının pərişan, kədərli halını, dağılmış evlərin, söndürülmüş ocaqların nisgilini, düşmən atlarının tapdağından qaçıb can qurtarmış, qürbət ellərə pənah aparmış, sürgünə göndərilmiş insanların faciəsini yana-yana qələmə alır. «Xəzanlar» şeiri sanki bir tarixdir, bir payızda qələbə çalıb bir payızda ağır məğlubiyyətə uğradılan bir elin romantik əsalətlə təsvir edilən tarixidir... Arzularının qanadlarında xoşbəxtliyə qovuşduğuna inanan, bu xoşbəxtliyin dadını heç bir il də dadmağa aman verilməyən, xəyanət burulğanında boğulmağa məhkum olunan, böyük, şərəfli tarix yaşayan bir xalqın qırılan inamlarının, ölən arzularının tarixinin bu dərəcədə parlaq və aydın, kədər və hüznlə bədii poetik əksi ədəbiyyatda nadir hadisələrdəndir:

Bir xəzanda yetim qaldıq,

Bir xəzanda

Sevdalandıq...

Bir xəzanda alovlandıq.

Ən nəhayət, xülyaların havasından

qanadlandıq...

Bir xəzanda parlaq qızıl günəş doğdu,

Bir xəzanda bulud gəlib günü boğdu...

Anlayarkən xəzanları zaman bizi qovaladı

Gəldi zaman, keçdi zaman,

Ayrı düşdük yurdumuzdan...

Həsrət qaldıq sərin-sərin bulaqlara,

gül-çiçəkli otlaqlara.

Zaman keçdi, biz quruduq

susuz qalan ağaclar tək.

Təravətdən saldı bizi,

Bilməm qürbət?

Yoxsa fələk? (5.40).

Obrazlı şəkildə “Xəzan” adlandırılan payızın simasının, solan və ölən xəzan yarpaq-larının sözlə bir rəssam tək bu dərəcədə dəqiqliklə və təsirli lirik-poetik dillə sanki rəsmini çəkməsi də bənzərsizdir. «Xəzanlar» şeiri ilə tanış olan oxucu payızda xəzan dövrünü yaşayan yarpaqların sevda rəngini, həsrət rəngini, tutqun, tozlu, hətta qürbət rəngini belə yalnız onun görə bildiyini düşünür, yel əsərkən yarpaqların yağış tək yağdığını, slgünləşdiyini, sanki bir mətnin nəqqaşına döndüklərini, lacivərdə, qızılı günəşin odlu şəfəqlərində min bir rəngə boyandığını o duyub, o görüb, o müşahidə edə, şair fəhmi ilə təhlilini verə bilər! Sahir üşün payız da, xəzan da qızılı rəngdə deyil, həsrət, qürbət rənglidir, “yaslı”dı, “qəmlidi”, “qanlı payız”dı...Ustad şair mövcud şah rejiminə qarşı mübarizə aparmaqla yanaşı, geriliyə, mövhumat və xurafata, ehkamçılığa, dərvişsayağı yaşama qarşı da çıxış edərək Güney Azərbaycan türklərini azad, dövrlə, zamanla ayaqlaşan çağdaş bir millət olmağa, türrahata uymamağa çağırırdı. Ona görə də farsca yazan bir sıra Azərbaycan şairlərini kəskin tənqid edir,Yada qul ol, dərdə alış, farsca danış... Əsirliyi, dərvişliyi təlqin elə uşaqlara, İnansınlar türrahata... deyərək onların qul psixologiyasına uyğunlaşmalarına etirazını bildirirdi. Həbib Sahir "Mən əsir ellərimin, ah şairiyəm" şeirində də təhsilli, savadlı Güney Azərbaycan ziyalısının uğradığı milli faciələrdən bəhs edir, Azərbaycan türklərinin acı qədərinə, alın yazısına etiraz bildirirdi. Kədərli şair azad elin şairi olmaq, heç bir basqı, təzliqlə üzləşmədən ana dilində azad, sərbəst yazıb-yaratmaq istəyirdi:

Binəhayət bu göyün altında
Bizə bir qübbeyi-füruzə də yox.
Yanar əflakda minlərlə çıraq
Bizə bir şam, bir avizə də yox.
Bu qədər ulduz arasında bizə
Yeddi göylərdə bir ulduz yoxumuş.
Öldülər quşlar aləmdə məgər,
Bizə çatdı o ağlar Bayquş.
Qovalarkən məni hər gün möhnət,
Qapımı döymədədi hər gecə qəm.
Hamı azadə elin şairi var
Mən əsir ellərimin, ah şairiyəm...(1.)

Sahirin mübarizəsinin əsas hədəfi Ana dilinin-Azərbaycan türkcəsinin üzərindən qadağanların götürülməsi, orta və ali məktəblərdə doğma dilin azad şəkildə tədrisi və inkişafı idi. «Dil günəşdir işıq saçır, Azadlığa qapı açır... Bizim türkü şirin dildir, xoş sədalı, zəngin dildir» - deyən Həbib Sahir üçün ana dili milli varlığın təsdiqidir, yad dil, özgə dil qulağa xoş gəlsə də, boyunduruqdur, boyunduruq isə xalqı gec-tez boğar, keçidlərdə pusqu qurmuş quldur tək fürsət tapan kimi, var-yoxunu soyar. Özgə dil xalqın başı üstündə sanki bir cəhənnəm kölgəsi, ölüm kabusudur, hər an boynunu üzməyə hazır durmuş cəllad qılıncıdır:

Bizə yad kabusu bax, kölgə salıb,

Bu ölümdür, bu ölüm kölgəsidir!

Yad dili olsa da xoş səsli, yenə

Bizcə ərbab səsi, cəllad səsidir...

Azərbaycan Milli Hökuməti devriləndən sonra şah rejiminə qulluq edən Azərbaycan türklərinin vəziyyətə uyğunlaşmaları ilə heç cür barışmayan şair “Xarabazar eylədi Od diyarını, əfsus, Quru və isti diyardan axıb gələn ordu. Elim əsir oldu, oymağım köçüb getdi və farslaşan ağalar satdılar gözəl yurdumu, - kimi fikirlərin geniş yer aldığı şeirlər yazaraq mövcud duruma qarşı kəskin etirazını bildirirdi. İlin dörd fəslinə həsr etdiyi «Yay», «Yaz», «Payız», «Qış» adlandırdığı şeirlərində də Sahirin ürək ağrısı ilə təsvir etdiyi Güney Azərbaycan kəndlilərinin acınacaqlı güzəranı, çətin həyat şəraiti dəyişmir. Əlinin zəhməti ilə becərdiyi məhsuldan kəndlinin özünə pay düşmür, bütünlüklə ərbabın, mülkədarın anbarına dolur. Qıtlıq hökm sürən qışın oğlan çağında da, payızda tarlalarda, bağ-bağçalarda məhsul aşıb-daşanda da kəndlinin süfrəsi boş, çörəyi yavandır. Nə qədər təp töküb, tarlalarda can çürüdüb məhsul becərsə də ərbaba, mülkədara borcunu verib qurtara bilmir, əksinə, ildən-ilə borc üstünə borc gəlir:

Heydər baba, kəndli cana borcludur;

Bilmirsən ki, borclu namərd quludur!

Tüstülərsə onun bu gün ocağı

Borca gedər sabah qabı-qacağı...

Vəziyyət nə qədər ağır, acınacaqlı olsa da, Sahir artıq bədbinliyə, pessimizmə qapıl-mır. Ürəyində xalqın, Vətənin gələcəyinin aydın, işıqlı olacağına bəslədiyi ümid sönmür. Düşünür ki, əgər xalqın igidləri hələ də yaşayırsa və bu igidlərin təpəri, qeyrəti, əli qələmli yazarı varsa, yurdumuz başqa oymaqların işində əriməyəcək, ana dilimiz assimlyasiyaya uğramayacaq. Həyatın yaxşılaşacağına ümid bəsləməyə dəyər, gec-tez azadlıq günəşi Vətən səmasında təkrar parlayacaqdır!

Şair yenə şeir yazar el üçün,

Qarlar ərir çaylar üçün, sel üçün.

Boz buludlar göyün üzün tutammaz,

Özgə oymaq yurdumuzu udammaz...(5.)

“Firidun İbrahimiyə”, ”1945-ci ildə”, ”Basqın”, “Qovala düşmənləri”, ”Vətənin matəmində”, “Qanlı payız”, ”Yurd mahnısı”, ”Tərəhhata inanma”, ”Otur evdə”, ”Qar yağıb üs-tümə”, ”Mahnı”, ”Basqın” və s. şeirlərində isə üsyan, kəckin etiraz, çağırış var. Şair dəryalarca çayları olan el nədən susuz qalmalıdır, nəsimin-mehin qaynağı olan bir yurdun üzərindən niyə qara yellər əsməlidir, nə üçün bu xalq öz cəvahirini bir saxsıya satmalıdır, niyə bunca qara günlər, əsarət mənim xalqımın alnına yazılmalıdır, dünya gülüb-güllənərkən, niyə bizim bağın gülləri solmalıdır?- kimi suallara cavab axtarır və həmin sualların konkret cavabıın tapır: - Qəflət, cahillik, əsarət buxovları-polad zəncirlər, ehkamçılıq...

Əsarətdə yaşadığın,

Keçmişlərin qəflətidir,

Yetər zindan...yetər zəncir,

Zindanı yıx! Zənciri qır! (3.42)

Və şair hər gün xalqının qapısından içəri girən aclıq və ölümün əsas səbəbkarını da müəyyənləşdirir, ona poetik sözün imkanları ilə ”Vətənin matəmində” şeirində özünə layiq formada don biçir, xalqına: - Evini yıxanı, düşmənini tanı, - deyir, ölkəsinin milli satqınlarını - əmirləri qanadları altına almış böyük düşmənin - imperializmin mənfur simasını açır:

Görürkən qırmızı gün söndü,

İmperializm gülüb sevindi...

İmperializm bizə nə verdi?

-Fəlakət, aclıq və qara gün.

Qan izlərinə bax, bir düşün,

Tanı düşmənini, ilanı!

Sənin əməyinlə bəslənmiş

“Parazit”in ət və qanı... (2.86)




Yüklə 96,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin