Ata və oğul
Cavab verdi: “Ana, başım bərk ağrıyırdı, otura bilməyib gəldim yatmağa”.
Bu, əvvəlinci yalan idi ki, Əkbər anasına dedi. Əkbərin anası qalxıb istəkli
oğlu üçün rəxti-xab hazır elədi və onu yatırtdı və Kərbəlayı Qulaməli də başının
üstündə oturub onun alnını ovmaqla məşğul oldu.
O gecə sübhədək Əkbər yata bilmədi. Çünki onun xəyalatı gah Parisin “Bolon
meşəsini” və kafeşantanlarını, gah Peterburqun Nevski prospektini, gah Berlinin
“Çökə xiyabanını” gözünün qabağından keçirirdi. Sübh Əkbər bir şiddətli başağrısı
ilə oyandı və o günü naxoş olub dükana gedə bilmədi. O biri gün dəftəri qoltuğuna
vurub gəldi dükana. Günorta vaxtı Rüstəm gəlib soruşdu ki, qardaş, nə üçün dünən
dükanda yox idin. Cavab verdi ki, başım ağrıyırdı, naxoş idim. Çünki səndən ayrılandan
sonra gedib bədxab olub, sübhədək yata bilməmişəm. Rüstəm dedi ki, bu gecə də
mən səni qoymayacağam yatasan; mən səni bir qəribə yerə aparacağam ki,
indiyədək elə yer görməyibsən və məndən də soruşma ki, səni hara aparacağam.
Gedərsən, görərsən. Get evə, faxir libasını gey, azandan bir saat keçmiş mən özüm sənin
dalınca, gələcəyəm.
Əkbər cavab verdi ki, bəlkə anam razı olmadı. Bu cavaba Rüstəm qarnından
yapışıb, yarım saat gülüb dedi: “Ay yazıq uşaq, hələ sən ana ixtiyarından çıxmayıbsan?
Rəhmətlik oğlu, sən böyük kişisən, ana nədir, səni qurd yeməyəcək, pişik yeməyəcək!
Amma indi ki belədir, deyərsən: “Rüstəm məni evlərinə qonaq çağırıb və deyibdir
ki, gəlməsən inciyərəm” və söz verərsən ki, tez qayıdarsan”.
Bir az da Rüstəm keçmiş günlərindən laf vurub getdi.
Axşam Əkbər evə gəlib anasından izn istədi və vədə verdi ki, tez qayıtsın.
İzn alıb, təzə libas geyib Rüstəmə müntəzir oldu. Bir az vaxtdan sonra eşitdi ki, qapını
dəqqilbab edirlər, bildi ki, Rüstəmdir. Çıxdı küçəyə, gördü Rüstəm bir faytonla
qapıda durub. Rüstəm Əkbəri yanına alıb faytonçuya buyurdu: “Sür! Faytonçu tiri-şəhab
tək sürüb bir mehmanxananın qabağında dayandı. Əkbər sual elədi ki, Rüstəm, bu nə
yerdir məni gətirdin? Mən indiyədək bir mehmanxanaya girməmişəm.
Rüstəm dedi:
- Heç danışma, sənin borcun itaətdir.
Faytonçunu yola salıb, Əkbərlə qol-qola verib pilləkəndən yuxarı çıxdı.
Yuxarıda qulluqçu otağın qapısını açıb, özü iki əlini yanına qoyub, soldat misal durub
onları içəri saldı. Əkbər otağa girəndə gördüki, ortalıqda ağ süfrə ilə örtülmüş
mizin ətrafında iki nəfər cavan rus oğlanları və iki rus xanımları əyləşib söhbət
edirlər. Əkbər belə güman etdi ki, səhvən özgə otağa giriblər, çox xəcalət çəkdi,
amma Rüstəm onun çiyninə vurub dedi:
- Qardaş, bu məclisi mən qabaqca burada hazırlayıb, sənin dalınca gəlmişəm.
İrəli gəl, səni aşna eləyim.
Əkbərin qolundan tutub əyləşənlərə tərəf çəkdi və oğlanlar ayağa qalxıb
onların qabaqlarına gəldilər. Rüstəm əvvəl Əkbəri onlarla tanış elədi və sonra xanımlara
tərəf Əkbəri aparıb dedi:
- Xanımlar, təvəqqe edirəm bu balaca ana uşağı ilə tanış olasınız, hələ
bunun dodağından ana südü qurumayıb, özü də çox yaxşı uşaqdır və anasından
nəhayət dərəcədə qorxur.
Xanımlar təbəssümlə ona əl uzatdılar. Əkbər burnunun ucunadək qızarıb bir
tövr öz familiyasını dedi. Dərhal çay və əfliyyət mizin üstündə hazır oldu. Əkbər bir
stəkan çay götürüb başladı içməyə, ancaq binəva özünü elə itirmişdi ki, bilmirdi çayı
7 / 11
Ata və oğul
qulağınamı, ya burnunamı içsin. Amma Rüstəm, iki nəfər rus və xanımlarla otağı bir
sərçəli samanlığa döndərmişdilər. Orada olan danışıqlar, şivələr, hərəkətlər hamısı
Əkbər üçün təzə şey idi. İkinci dəfə çay gələndə, Əkbər stəkanı götürüb, çəkilib
kənarda bir divan üstündə oturdu. Rüstəm isə xanımların birinə göz elədi və xanım
gedib Əkbərin yanında əyləşib başladı onunla şivə ilə söhbət etməyə. Biçarə Əkbər
xəcalətdən bir hala düşmüşdü ki, əgər bir hazır qəbir yerdə tapsa idi, əlbəttə,
təvəqqe elərdi ki, onu orada dəfn etsinlər.
Gah tərləyirdi, gah qızarırdı, gah saralırdı. Bilmirdi nə desin, nə cavab versin.
Hər şeydən ağır Əkbərə yoldaşlarının xəlvət gülməyi gəlirdi. Nökər daxil olub, mizin
üstünü təmizləyib başladı onun dörd ətrafına rəngbərəng şamlar düzməyə. Əkbər
təəccüblə buna baxanda xanım soruşdu ki, yəqin bəs bunlardan bir şey başa
düşməyirsən, görünür, sən, həqiqətən balaca uşaqsan: qoy mən səni başa salım. Bu
büsat şampanski büsatıdır.
Şamları yandırandan sonra nökər gedib neçə şüşə şampan şərabı, gətirdi,
şüşənin ağzı tapança kimi açılanda Əkbər səksəndi və buna da xanımlar artıq
güldülər. Əkbərin yanında əyləşən xanım qalxıb iki piyalə şərab töküb birini özü alıb,
o birisini Əkbərə uzatdı, dedi:
- Təvəqqe edirəm bu piyaləni mənim sağlığıma içəsən!
Əkbər dayandı. Bilmədi nə eləsin. Məclis hamısı töküldü binəva Əkbərin
üstünə ki, əgər bu şərabı içməsən, əvvəl öz avamlığını sübut edirsən və ikincisi bu
xanımı özündən artıq incidirsən. Rüstəm, əlində piyalə, qalxıb üzünü Əkbərə tutub
dedi:
- Qardaş, “xahi nəşəvi risva, həmrəngi cəmaət şov!”
4
Heç danışıq yeri deyil
və dayanmağın da mənası yoxdur, labüd gərək içəsən, “begir in cami-təlx əz dəsti
şirin”
5
. Əkbər bilmərrə
özünü itirib, bixud şərabı xanımın əlindən alıb başına çəkdi.
Məlumdur ki, hər bir günaha əvvəl qədəm qoymaq çətindir.
Əkbər şərabı içəndən sonra o biri xanım ayağa durub xahiş etdi ki, onun sağlığına
da içsin. Binəva Əkbər labüd qalıb ikinci piyaləni həm boşaltdı. Sonra Rüstəm,
əlində piyalə, ayağa qalxıb dedi:
- Camaat, bizim bu gecəmiz çox əziz gecələrdən oldu. Çünki bu gecə bir
dünyadan bixəbər ana uşağını səvaba daxil etdik və mən bu məlum gecədə sizə söz
verirəm ki, bir az sonra Əkbər kimi şürbi cəmi şəhərlərdə tapılmasın, ona göre
təvəqqe edirəm ki, şeytan kargahının bu təzə fəhləsinin sağlığına içək. Əkbər
qardaş, sağ ol! Qonaqların hamısı piyalələrini Əkbərin sağlığına boşaltdılar. Rüstəm
Əkbəri başa saldı ki, gərək o da yığıncağın sağlığına içsin. Çünki qayda belədir.
Əkbər naəlac qalıb yenə şərabı içdi. Üçüncü piyalədən sonra Əkbərin dili açılıb
başladı bilafasilə danışmağa və piyalələri boşaltmağa. Axır keflənib divanın üstə
yıxılıb yatdı. Bir vədə eşitdi ki, bağırırlar. Oyanıb gördü ki, sübh açılıb, amma
yoldaşları içirlər. Rüstəm dedi:
- Əkbər, bu dəfə sənə kifayət elər. Belə-belə öyrənirsən! Ayağı bir-bir
qoyarlar nərdivana.
Camaat ayağa qalxıb nökəri çağırıb buyurdular hesab gətirsin. Əkbər istədi
pul versin, qoymadılar. Amma dedilər ki, gələn bu gün həmin bu mənzildə sənə qonaq ola
bilərik. Əkbər çox şadlıqla onları qonaq çağırdı.
Əkbər çıxıb faytona minib yola düşdü və yolda fikir edirdi ki, anasına nə
8 / 11
Ata və oğul
cavab versin. Evə gəlib gördü anası yatmayıb və gecəyarısı Kərbəlayı Qulaməli iki
dəfə Rüstəmin evinə gedib, hər dəfə deyiblər ki, Əkbər orada yoxdur.
Əkbər anasının sualına başladı növbənöv hədərən-pədərən cavab verməyə:
gah dedi Rüstəmgildə gecə keçməyinə görə yatmışdım; onun üçün elə deyiblər. Gah
dedi xoş gecə olmağına görə Rüstəmlə şəhər kənarına səyahətə çıxmışdıq.
Axır, elə gördü anası onun yalanını anlayıb, dedi:
- Ay rəhmətliyin qızı, az çürüyünə çəksənə, nə çox çövürüb soruşursan! Nə
vaxtadək məni uşaq kimi güdəcəksən!
Əkbərin anasına bu növ cavabı nə tövr təsir etdisə, binəva övrət o gün
axşamadək ağladı və bir-iki dəfə də Kərbəlayı Qulaməliyə dedi ki, Kərbəlayı,
deyəsən Hacı Xəlilin yurdunda bayquş ulayacaq! Amma Kərbəlayı cavab verdi ki,
uşaqdır, beyni qandır; mən ona nəsihət elərəm, inşallah, düzələr.
Əkbər anasının məğlubə olmağından, əvvəl dilgir olub və sonra öz-özünə
dedi ki: bu yaxşıdır, bundan sonra yoldaşlar mənim adımı “ana uşağı” qoyub tənə
etməzlər.
Gələn həftə Əkbər Rüstəmə xəbər verdi ki, axşam məclisi tərtib eləsin və
axşam anasından biizn evdən çıxıb mehmanxanaya, haman otağa gəlib gördü
Rüstəm bir böyük övrət və kişi məclisi tərtib eləyib. Əyləşdilər kefə. Amma Əkbər
içən deyildi. Rüstəm yeyirdi, içirdi, söhbət edirdi və hamı da, ələlxüsus xanımlar ona
afərin deyirdilər. Sübhədək kef edib Əkbər min manatdan artıq pul verib evə gəldi.
Evdə anası oğlunun nə yerdə olduğunu nə qədər soruşdusa da, Əkbər cavab verməyib
axır qəzəbnak: “Bir yol, sənin borcun deyil!” – deyib gedib yatdı.
Binəva övrət xüffətindən naxoşluğa düşüb, bir neçə gün yatıb tanrı
rəhmətinə gəldi.
Bir-iki ay anasının vəfatından sonra Əkbər dükanı bağlayıb, evi Kərbəlayı
Qulaməliyə tapşırıb Rüstəmlə bir yerdə yola düşdü Moskva şəhərinə, bəzzaziyyə
malı gətirib təzə mağaza qoymağa. Moskvadan yolları düşdü Peterburqa, oradan
Berlinə, Berlindən Parisə. Bir ay sərasər Rüstəm Əkbəri Parisin işrətxanalarında
gəzdirib öz gününə saldı və bu səyahət Əkbərə yüz min manatdan artığa durdu. Axır
Parisdə bir gözəl (madam San fua adlı) xanıma bənd olub, ildə iyirmi dörd min manata
danışıb və qabaqca neçə min manatlıq libas və cavahirat alıb, özü ilə vətənə gətirib
mehmanxanada mənzil verdi. Və başladı evin övzanını dəyişməyə. Otaqları Yevropa
qaydasına salıb, baha qiymətlərə miz və sandallarla müzəyyən edib və madam San
Fua üçün bir gözəl otaq hazırlayıb köçürtdü evinə və qoca Kərbəlayı Qulaməliyə yüz
manat verib rədd etdi və əvəzinə bir aşpaz, bir lakey və madam üçün bir qız
qulluqçusu baha qiymətə tutdu və sonra bir fayton, bir kareta və dörd dəst Orlovski
at böyük məbləğə alıb madama peşkəş elədi.
Madam San Fua Əkbərin canına bir yaman zəli olub başladı müdam onun qanını
sormağa. Bir gün Əkbər evə peşkəşsiz gələndə axşamadək madam onu dindirmirdi.
Hər gecə Əkbərin evində qumar məclisi qurulub, otuz minlərlə pullar uduzulurdu və
hər gecə də Rüstəm öz yoldaşları ilə Əkbərin evində qonaq idi. Əkbər ticarəti əldən
buraxmışdı və işi ancaq eyş-işrət və qumar idi.
Bir gün Əkbər ayılıb gördü ki, atasından qalan evlərin ikisi də girov qoyulub
və cibində də pul qalmayıb. Hacı Xəlildən qalan dövlətin hamısı Yevropa səyahətinə,
içkiyə qumara, madamın məvacibinə və peşkəşlərinə gedib.
Axır bir gün madam San Fua Əkbərə məlum etdi ki, daha onunla ola bilməyəcək,
9 / 11
Ata və oğul
çünki budur, iki aydır ona pul çatmır və peşkəş gəlmir. Xülasə, Əkbər dövləti itirib,
ona sahiblik etməyə qabil deyildir.
Əkbər nə qədər ağladı, yalvardı, kar görmədi. Madam öz şeylərini yığıb
mehmanxanaya köçdü. Əkbər hirsdən və xiffətdən naxoş oldu.
Rüstəm bir-iki dəfə onun yanına gəlib sonra tərəddüdü kəsdi. Axır Əkbər
ona kağız yazıb təvəqqe etdi ki, bir yanına gəlsin. Cavab gəlmədi. Bir gün Əkbərə
xəbər gətirdilər ki, Rüstəm madam San Fua ilə yaxınlaşıb və madamın xərci ilə,
onunla mehmanxanada olur. Bu xəbər Əkbəri lap mütəğəyyir etdi.
Əkbər bir aydan ziyadə naxoş yatıb durdu ayağa. Bir gün küçə ilə gedərkən
gördü bir gözəl faytonda Rüstəmlə madam San Fua çox mehriban əyləşib ona tərəf
gəlirlər. Əkbər əl elədi, faytonu saxladılar. Yaxına gəlib bir güllə madama, birini də
Rüstəmə vurub hər ikisini öldürdü və oradan gəlib özünü divana təslim etdi.
İki ildən sonra movqiflərin birinə varid olub gördüm qoca Kərbəlayı Qulaməli
movqifin qabağında dalını divara söykəmiş əyləşib. Soruşdum:
- Kərbəlayı, sən hara, bu yerlər hara?
Dedi:
- Qurbanın olum, əlacım nədir. Qırx il atasının çörəyini yemişəm, əgər onun
yaman günündə gözdən qoysam, o çörək mənim gözlərimə durar.
Dedim:
- Kərbəlayı, başa düşə bilmirəm: yaman gün nədir, çörək nədir?
Bu sözün cavabın, əvəzinə, bir ahi-sərd çəkib kənarda durmuş bir dəstə
soldata əli ilə işarə etdi. Soldatlara tərəf gedib, gördüm ortalarında neçə nəfər
dustaq, kimi ayağı zəncirli və kimi zəncirsiz, yerdə əyləşiblər və bir nəfər cavan
oğlan baş və bığı ağarmış, bir çuvala başını söykəyib yatıb. Diqqətlə baxanda
Əkbəri tanıdım, halətim dəyişdi. Üz döndərib Kərbəlayı Qulaməliyə tərəf qayıtdım.
Kərbəlayı soruşdu:
- Gördün?
Dedim:
- Gördüm, Kərbəlayı, bunu haraya aparırlar?
Dedi:
- Kəsiblər İrqut quberniyasına getsin. Mənim də əlacım yoxdur, qarabaqara
dalınca sürünürəm.
Dedim:
- Kərbəlayı, sən qoca adam bir belə yolu gedəmi bilərsən?
Dedi:
- Qurbanın olum, özüm də bilirəm ki, mən heç yana gedib çıxa bilməyəcəyəm,
yolda bir yerdə ölüb qalanam, amma getməsəm qorxuram qiyamət günündə Hacı Xəlilin
yanına üzüqara gələm.
Bir azdan sonra dəmiryol qatarı gəlib movqifin qabağında dayandı. Dustaqları bir
dəmir pəncərəli vaqona doldurublar və Kərbəlayı Qulaməli dal vaqona minib dedi:
- Qurbanın olum, salamat qal, Allah səni pənahında saxlasın.
Qatar yola düşdü və mən də məhbut onun, gözdən itənədək dalınca baxdım
və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü:
“Ba bədan yar gəşt həmsəri-Lut
Xanəndani-nübüvvətəş güm şüd”
6
.
10 / 11
Ata və oğul
1
Bir məclis ki, hər iki dünyanın şahidləri oraya gəlirlər.
2
Eşitmək hara, görmək hara!
3
Borc
4
Biabır olmaq istəməyirsənsə, camaatla həmrəng ol.
5
Bu acı piyaləni şirin əldən al.
6
Lutun arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədani itdi.
11 / 11
Bomba
Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi.
Onun arvadı hərdənbir deyərdi:
- A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu
qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!
Kərbəlayi Zal cavab verərdi:
- Arvad, sən hökümətin ləzzətini anlamırsan. Əgər səni qorodovoy eyləyələr,
min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam.
Bir-iki ildən sonra pensiyam çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.
Belə danışıqdan sonra arvad həmişə sakit olardı.
- Nə deyirəm, kişi, özün bil!
Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi:
- Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünya görmüş qorodovoysan.
Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır,
patron tapır... Həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən indiyədək
bir sınıq balta da tapmayıbsan. Görünür, sən də rüşvət alırsan, yainki qocalıb zay
olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq.
Bu sözlər bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən
çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu:
- Nə var?
Dedi:
- Heç, bir az başım ağrıyır.
Arvad abgüşt bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb, “iştahım
yoxdu” deyib yatmaq istədi. Nə qədər etdisə gözünə yuxu gəlmədi. Axır durub, bir
stəkan çay içib getdi qarovula.
Kərbəlayi Zal “Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın
sözlərini fikir edirdi. Gecə yarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta
Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir
cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın
üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar.
Kərbəlayi Zal bu keyfiyyəti görüb öz-özünə dedi: “Daha baxtımın ulduzu parıldadı.
Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”.
O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi.
- Vot Patap, bomba rabatay!
- Qde?
- Dom Feyzulla bomba pirnesom.
Patap – İvana xəbər elədi, İvan – oqolodoçniyə, oqolodoçin – pristava, pristav –
qalabəyinə, qalabəyi – jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın
evini qazaq, saldat, qorodovoy bürüdü.
Qapını döydülər.
Usta Feyzulla çıxdı, xəbər aldı:
- Kimsən?
Dedilər:
- Aç qapını.
Qapını açan tək binəvanın dili tutuldu. Bir təhər soruşdu ki, “bəs niyə
1 / 2
Bomba
buyurubsunuz?” Dedilər:
- Danışma, gərək sənin evin axtarılsın!
Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin
altını üstünə çevirdilər. Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər
küncə iki çuval qoyulub.
Kərbəlayi Zal çuvalları görən tək qışqırdı:
- Barin, vot, vot bomba!
Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi.
Deyirdilər: “İndi açılar, hamını qırar”.
Yazıq Feyzulla da, qolları bağlı, bir kənarda saxlamışdılar. Feyzulla, evində bir
şey tapılmadığını cürətləndi və birdən səsləndi:
- Ay ağalar, o çuvalların nəyindən qorxursunuz?
İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə
göstərim.
Feyzullanın qolunu açdılar. Gəlib çuvalların ağzını açıb içindən beş dənə
qarpız çıxartdı.
O biri çuvalda da qarpızdan başqa bir şey yox idi.
Səhər Kərbəlayi Zalı qulluqdan xaric etdilər.
2 / 2
Çeşmək
Şəhərimizdə məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq bir vücud idi.
Əhalidən, hər ürəyi darıxan, istəyəndə ki, bir qədər kefi açılsın, gedərdi Mahmud
bəyin söhbətinə və həqiqət onun yanında əyləşənlər iki-üç saat dünyada qeydini
yadından çıxarardı. Mahmud bəyin mənzilində lətifələr danışıb gülməkdən sivay bir
iş olmazdı. Şəhərin cəmi zəriflərinin yığıncağı Mahmud bəyin mənzili idi. Bunu da
qeyd etməliyəm ki, iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işə məşğul olardı.
Şəhərin ən qabil advokatlarından sayılardı.
Mahmud bəy kitaba və qəzetə aşiq bir adam idi. Çox gözəl bir kitabxanası
var idi və Rusiyada çıxan qəzetlərin zübdələrinə həmişəlik abunəçi idi.
Hər vaxt gəlsə idin, masasının üstünü qəzetlərlə dolu görərdin. Dost, aşnalar
çox vaxt onun yanına xüsusən qəzet oxumağa gedərdilər.
Mahmud bəyin əziz dostlarından Mirzə Əhməd, bir gün əyləşib, gözündə
Mahmud bəyin çeşməyi, bir-iki saat qəzet oxuyandan sonra durub xudahafiz edib gedir.
Əhməd bəy gedəndən sonra, Mahmud bəy çeşməyi masanın üstündə
görməyib, güman edir ki, Əhməd bəy çeşməyi səhvən özü ilə aparmış ola. O saat
nökəri, Əhməd bəyin dalınca çeşməyi gətirmək üçün qaçırdır. Lakin nökər gedəndən
sonra, Mahmud bəy qəzetləri aralayıb çeşməyi qəzetlərin altından tapır.
Nökər gəlib Əhməd bəyin qapısını döyür, Əhməd bəy çıxır:
- Qapı döyən, kimsən?
- Mənəm, Abbasqulu. Mahmud bəyin nökəri.
- Nə var, Abbasqulu! Xeyirdirmi?
- Xeyir olmamış nə var. Bəyin çeşməyini götürmüşsünüz. Ağam deyirdi
versin.
- Get ağana deyilən: qabaqca bir masasının üstünü axtarsın, sonra səni
göndərsin. Çıx get. Məndə çeşmək-filan yoxdur.
Nökər qayıdıb əhvalatı ağasına yetirir.
Mahmud bəy hərçənd çeşməyi tapmışdı, bununla belə, təfrih üçün dostu
Əhməd bəyi bir növ dilxor etmək fikrinə düşür.
Pəncərənin qabağında durub küçəyə baxarkən, gördü Əhməd bəyin oğlu
Mehdi gedir. O saat dayandırır:
- Mehdi, sən allah, evə çatan kimi atana deginən mənim çeşməyimi göndərsin.
Mehdinin dalınca Əhməd bəyin qonşusu tarzən Qulunu görür.
- Qulu, mən ölüm, Əhməd bəyin qapısından keçəndə onun darvazasını
taqqıldat. Deginən mənim çeşməyimi səhvən aparıb. Onu göndərsin.
Xülasə, o gün üç-dörd adamdan və sabahı günü yenə də bir dörd-beş
adamdan sifariş edib Əhməd bəydən çeşmək istəyir.
Üçüncü gün Əhməd bəy özü gəlir Mahmud bəyin evinə. Əvvəl bir az çırtıq
çalıb oynayır, sonra deyir:
- Sabah gedirəm vağzala, oradan da o yana gedirəm. Hər nə bilirsən bundan
sonra elə!
Bir-iki stəkan çay içəndən sonra Əhməd bəy durub gedir.
Mahmud bəy əyləşib, Əhməd bəy gedəsi yolda olan cəmi dost-aşnalarına
məktublar yazıb, haman axşam yola düşən faytonlarla göndərir.
1 / 4
Çeşmək
O biri gün Əhməd bəy bir fayton tutub şəhərdən çıxır. Birinci mənzilə çatan
tək baqqal Kosa Baxşalı gəlir:
- Əhməd bəy, salaməleyküm.
- Əleykəssalam, kefin necədir?
- Niyə, sizin dövlətinizdən... Şəhərdən çıxanda Mahmud bəyi görmədiniz ki?
- Bir gün irəli görüşdük. Necə?
- Heç, elə budur, mənə bir kağız yazıbdır ki, guya siz onun çeşməyini
aparıbsınız. Yazır ki, sənin dükanının qabağından ötəcək; əlbəttə, mənim çeşməyimi
ondan alıb göndərəsən!
Əhməd bəy, ovqatı təlx olmuş, cavab verir ki, qardaş, Mahmud bəy mənimlə
zarafat edir. Yazginən ki, çeşməyi masanın üstündə qoyub gəlmişəm.
Kosa Baxşalı inanar-inanmaz gedir.
Faytonçu atlara bir az arpadan, sudan verib qoşub yola düşür.
İki-üç saat yol getmiş, görür ki, bir atlı daldan sürətlə “dayan, dayan!” –
qışqıra-qışqıra gəlir. Faytonçu dayanır, atlı yetişir.
- Faytonda Əhməd bəy deyilmi?
- Bəli!
- Salaməleyküm. Bağışlayın, Əhməd bəy! Sizi yoldan elədim. Sizdə Mahmud
bəyin çeşməyi var. Yazıbdır ki, kor kimi qalmışam. Nə kitab oxuya bilirəm, nə də yazı
yaza bilirəm. Əhməd bəy yəqin sizin evin yanından ötəcək. Mənim çeşməyimi ondan
alıb bir adam ilə göndərəsən.
Əhməd bəy and içib bunu da inandırır ki, bu, zarafatdır. Onda çeşmək
yoxdur.
İkinci mənzildə Əhməd bəy faytondan düşüb bir nəfər aşnasını görmək üçün
bazara gedir.
Nalbənd Paşa at ayağına mıx çaldıqda bunu görüb əlini saxlayır:
- Bağışlayın, siz Əhməd bəy deyilmisiniz?
- Mənəm, necə?
- Mahmud bəy kağız yazıb, onun səndə çeşməyi var, zəhmət olmasa, ver,
gedən adam var, göndərim.
Əhməd bəy qeyzdən daha özünü saxlamayıb deyir:
- Mahmud bəy də qələt eləyir, sən də. Rəhmətlik uşağı, qoymazsınız
yolumuzla gedək cəhənnəmə?
- Bəy, haraya gedəcəksən, get, sözüm yoxdur; daha mənim təqsirim nədir,
üstümə qeyzlənirsən? Vermirsiniz, yazaram ki, vermədi.
- Yazgilən vermədi!
- Baş üstə!
Əhməd bəy nalbənd Paşadan ötüb aşnasının dükanına gəlir. Aşnası əvvəl
bununla görüşdükdə Mahmud bəyin çeşməyini istəyir.
Əhməd bəy çatır vağzala. Karvansaranın qabağında dayanan tək, karvansaraçı
Qurbanov gəlib salam verib “xoş gəldin” deyəndən sonra Mahmud bəyin çeşməyini
istəyir. Əhməd bəy bunu da başa salır ki, bu, Mahmud bəy tərəfindən yoldaşlıqda bir
zarafatdır.
Bir neçə gün Əhməd bəyi dindirən olmur. Bir gecə yatdığı zaman, görür qapını
bərk çırpırlar. Qapını açıb görürlər açıqkəndli Səməd yüzbaşıdır.
- Səməd yüzbaşı, bu gecəyarısı xeyirdirmi?
2 / 4
Çeşmək
- Əhməd bəy buraya düşüb?
- Bəli!
- Ona deyin ki, onda Mahmud bəyin çeşməyi var, versin. Sabah gərək buradan
poçta salıb göndərim.
Əhməd bəy dəli kimi yerindən qalxır.
- A gədə, həpənd uşağı, mən çeşmək oğrusu idim?
Səməd yüzbaşı da hər adamdan söz saxlayan deyil. Cavabında deyir:
- Həpənd oğlu sən özünsən. Mahmud bəy kimi dağdan ağır kişi məgər yalan
yazır; yainki mən uşağam ki, bu gecəyarısı iyirmi verst at sürdürəm? Çox danışmaq lazım
deyil. Dinməz-söyləməz çeşməyi bu saat ver. Yoxsa almamış yaxandan əl
götürmərəm.
Bir qədər də köftgudan sonra, Səməd yüzbaşı çağırırlar evin içinə.
Yorğan-döşək verirlər, yatır. Sübh Əhməd bəy deyir:
- Səməd yüzbaşı, məndə çeşmək-filan yoxdur. Bəlkə səhvən götürüb evdə
qoymuş olam. Oğluma yazaram tapıb aparıb versin.
Beləliklə bir növ onu sakit edib yola salırlar. Xülasə, Əhməd bəy Tiflisə gedir,
çeşmək istəyirlər, Gəncəyə gedir, həmçinin, Bakıya, həmçinin. Axır labüdd qalıb baş
götürüb Türküstana qaçır. Burada iki il qalır. Daha Türküstanda onu dindirən olmur.
İki ildən sonra yenə qayıdır Qafqaza, şəhərə getməyib, Aclar kəndinə gedib Abbas
bəyin evinə düşür.
Qış gecələrinin birində Əhməd bəy və Abbas bəy buxarı kənarında əyləşib
turac kəbabı yedikləri halda, görürlər qapı açıldı. Bir nəfər başı, gözü sarıqlı girdi
içəri. Bu adam başlığını başından açınca tanınmır. Sifəti açılanda görürlər ki, bu,
sövdəgər Məşədi Dadaşın qardaşı Ələkbərdir.
Ələkbər hərçi istəyir salam versin, soyuqdan dili tutulduğundan bacarmır. Ev
sahibi qalxıb tez onun qolundan tutub, gətirib buxarının qırağında əyləşdirir. Bir
azdan sonra Ələkbərin dili açılır. Ev sahibi soruşur:
- Ay Ələkbər, bu qiyamətdə nə düşübdür sənə bir belə yol at sürüb
gəlmisən? Xeyirdirmi?
Ələkbər dili güclə söz tutaraq, ancaq bu cavabı verə bilir:
- Çe... çe... çe... çeşmək!
Bu keyfiyyət Əhməd bəyi bilmərrə halətindən çıxardır. Qalxır, başlayır
otaqda o baş-bu başa getməyə:
- Rəhmətlik oğlu! Zarafat bir gün olar, bir ay olar, bir il olar. Tiflisə qaçdım, olmadı,
Türküstana qaçdım, olmadı... Mən başımı götürüb dünyadan da ki, qaça bilmərəm.
- Ələkbər, qadan alım, Mahmud bəyi tanıyırsan. Budur iki ildən artıqdır,
mənimlə bir çeşmək zarafatını başlayıb, sabah bu soyuğa baxmayaraq birbaşa gedərəm
şəhərə, özü ilə görüşüb bu məsələni qurtararam.
Ələkbər heç vədə inanmazdı ki, Mahmud bəy kimi bir möhtərəm adam, bu
qışın qiyamət günündə ona on-on beş verst yol at çapdırsın; nədir, mənim Əhməd
bəylə zarafatım var. Yəqin etdi ki, həqiqət Əhməd bəy onun çeşməyini götürübdür və
indi də ki, şəhərə gedir. Yəqin hesablaşar.
Səhər Əhməd bəy çay içib şəhərə rəvan oldu.
Mahmud bəy günorta, nahar etdiyi zaman bir də gördü ki, Əhməd bəy qapıdan
girdi. Onun qabağına gedib həmişəki kimi başladı çırtıq vurub, atılıb oynamağa, amma
3 / 4
Çeşmək
gördü ki, Əhməd bəy donmuş adam tək durub, bunun hərəkətinə cavab vermir.
Birdən Əhməd bəyin gözündən yaş cari oldu və dedi:
- Ay canım, belə də zarafat olarmı? Bir-iki dəfə zarafat etdin, kifayətdir. Bütün
dünyanı mənim başıma dəng etmisən. Mən bədbəxtdən nə istəyirsən? Səni and
verirəm balalarının canına, atanın goruna, bir yerdə yediyimiz duz-çörəyə. Daha məndən
əl çək. Qoy rahat gora baş aparım.
Mahmud bəy söz verdi ki, bundan sonra onunla işi olmasın. Ancaq dedi:
- Sən buradan gedəndə dedin: nə bilirsən elə! Mən də bildiyimi elədim. Əlimin
suyunu sənə göstərdim. Bundan sonra and olsun oğlumun canına, çeşmək sözünü
dilimə də gətirmərəm. Gəl öpüşək, barışaq.
Mahmud bəy və Əhməd bəy qucaqlaşıb öpüşdülər və əyləşib bir yerdə
nahar etdilər.
Əhməd bəy getdi.
Mahmud bəy, doğrudur, bu gündən ondan əl çəkdi, daha çeşmək sifarişini
ona etmirdi. Amma bu əhvalat cəmi şəhərə yayılmışdı. Dükanlarda, bazarda,
yığıncaqlarda ancaq Mahmud bəy ilə Əhməd bəyin çeşmək əhvalatından başqa bir
söhbət yox idi.
Əhməd bəy bundan da diltəng olub həmişəlik xanənişin olub altı-yeddi sənə
evindən çıxmadı. Şəhərdə belə danışırdılar ki, Əhməd bəy xəbti-dimağ
1
olub.
Doğrudur, bunu öz ailəsindən sivay görən yox idi, amma hamı bunu doğru bilirdi.
Axır günlər, Əhməd bəy evinin üstündə çəkilən səlat, onun vəfat xəbərini
şəhər əhlinə yetirdi.
Camaat hər yerdən dəstə-dəstə onun təşyii-cənazəsi üçün cəm oldular.
Əhməd bəyin nəşinin üstündə hamıdan çox ağlayan və “qardaş vay” – deyib
başına döyən Mahmud bəy idi. Dostunun dəfni üçün hətta Mahmud bəy yüz manat
da para verdi.
1
Başına hava gəlib.
4 / 4
Diş ağrısı
Hacı Rüstəm Təzəşəhərdə mötəbər və möhtərəm bir tacir idi. Onun həmişə şüarı bu idi: “Fürsət
fövt eyləməz aqil, məgər nadan ola”. Ticarətə yeni qədəm qoyanlara nəsihəti bu idi: “Oğlum,
qazancın azı, çoxu olmaz. Bir yerdə ki, qazanc yeri gördün, özünü at oraya. Deyirlər şərab
alış-verişi haramdır. Boş sözdür. Bu hədisi ermənilər çıxarıblar ki, şərab alış-verişini öz əllərində
saxlasınlar. Vaxta ki, şərab alış-verişində qazanc gördün, al sat! Mən özüm qoca kişi, Məkkəni,
Mədinəni ziyarət etmiş və üzümü həcərüləsvədə sürtmüşəm. Vaxta ki, mən deyirəm, qəbul
edin!” Hacı Rüstəm heç vaxt ömründə fürsəti fövt etməmiş. Odur ki, Təzəşəhərdə üç böyük evi,
iki meyvə bağı və bir topdağıtmaz dükanı var. Bununla belə, heç bir işdə danışıb kəsişməsə,
əlini cibinə salmaz. Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz.
Hacı Rüstəm burada da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir neçə qəpik saldırsın. Görəndə
ki, danışıq yeri yoxdur, kağızı verərdi oğluna:
-Ay bala, çötkəni götür, hesabla gör burada səhv yoxdur ki.
Taks-maks bilməzdi. Bazara gündə yüz taks qoysunlar, danışıb kəsişməsə idi, yarım girvənkə
soğan da almazdı.
Oğluna düşəndə deyərdi:
-Bu əyyamın cavanları hər biri ildə neçə yüz manat “eh neyləyim”ə verir. Məsələn: gedir
bazardan çit ya meyvə alır, gəlir evə, hesablayanda görür iki şahı artıq veribdir. O saat deyir:
“Eh, neyləyim, cəhənnəmə! Durub iki şahıdan ötrü bir də dükançı ilə çənə-boğaza
çıxmayacağam ki?!” Çənə-boğaza da çıxaram, dükançının atasına da od vuraram. Faytona
minirlər. Taksi beş şahıdır. Düşəndə baxır ki, cibində xırda pul ancaq altı şahıdır, görürsən
hamısını atdı faytonçunun üstünə. Soruşsan ki, niyə faytonçudan bir şahını almadın, deyəcək:
“Eh, neyləyim, atasının əti olsun”. Bu, axmaq işdir. Qoyma bir qəpiyin nahaq yerə getsin.
Vaxtından, mövqedən istifadəni həmişə cavanlara məsləhət görürdü.
Burada bir balaca haşiyə çıxıb yenə də mətləb üstə qayıdaq.
Bir nəfər maraldan nağıl edirdilər. Ələhdəhü ələlravi-vəbalı nağıl edənin boynuna,
yalan-doğruluğuna zəmanət etmirəm. Yalan olsa da “əz gil saxtənd, xub saxtənd”
1
. Bəli, bir
nəfər maraldan nağıl edirdilər ki, o da fürsəti fövt eləməzdi. İranda çox bikar gəzəndən sonra
baxır, görür ki, siğəxanalar sahiblərinə çoxlu mənfəət verirlər. Ancaq onu dayandıran bir məsələ
idi. Baxırdı hər siğəxanada bir nəfər müəllim, axund əyləşib, gələnlərə siğə oxuyur. Maral molla
da deyildi. Sonra görür ki, burada mollalıq artıq gərək deyil. Tək bunu bilmək kifayətdir:
“Müttətuhü nəfsi binəfsikə, - qəbiltu!”
2
Vəssalam. Bu sözlər deyiləndən sonra qız olur siğə eləməyə gələnin halal malı. Maral savadlı
idi. Təbi-şeri də vardı.
Çox fikirdən sonra mənzil kirə edib neçə nəfər küçələrdə dolanan arvadlardan oraya doldurub
başına bir karlı əmmamə sarıyıb əyləşdi yuxarı başda və məşğul oldu ticarətə.
“Müttətuhü nəfəsi binəfsikə, - qəbiltu!”
Bunun nəticəsi olaraq, küçələr yetimlərlə dolacaq, Cəhənnəmə dolsun. Yetimə nə var?
Dəyirmanın navından salarsan, donquzluğundan diri çıxar. Yetimin üzü daşdan bərk olar.
Burnunun fırtdığını yeyib böyüyəcək.
Bir neçə müddət maral bu işə məşğul oldu. Axırda İran polis adamlarının dəqiqədə bir yol
gələnlərinin, “müftə” istifadə edənlərinin əllərindən təngə gəlib, siğəxananı bağlayıb, ağ
əmmaməni ala-bəzək əmmaməyə döndərib mərsiyəxan sifəti ilə Qafqaza gəlir. Neçə il
kəmali-müvəffəqiyyətlə rövzəxanlıq eləyir. Axırda doqquz yüz beşinci ilin inqilabı düşür. Hər
1 / 5
Diş ağrısı
yerdə mətbuat işləri başlayır genişlənməyə. Camaatın təvəccöhü yavaş-yavaş mollalardan
dönür. Maral o saat bunun gələcəyini görür. Əmmaməni yerə qoyub ziyalılarla yaxınlaşıb əl
qoyur qəzetlərə, zamanaya müvafiq əşar yazmağa. Bununla hüsnü-rəğbət və şöhrət qazanır.
Bir az keçir. İran inqilabı başlanır. Səttar xan, Bağır xan, Yefrəm xan, nəmənə xan, nəstə xan...
Maral başlayır patron-tüfəng ticarətinə. Söz yox ki, burada da filan qədər para qazanır. Axır
hökumət bunu tutub sürgün edir. Maral sürgündə da bikar durmur. Bir dənə baqqal dükanı açıb
əyləşir.
On yeddinci ilin inqilabında vətənə qayıdıb hamını inandırır ki, o əsla ticarət etmirdi. Onun
çalışmağı ancaq İran inqilabçılarına müavinət göstərmək idi. İrana göndərdiyi əslihə təşkilat malı
idi və bunun üstündə də sürgün edilmişdi. Beləliklə, özünü menşeviklər partiyasına soxur. Sonra
kələyinin üstü açılıb partiyadan qovurlar. Qafqazda qala bilməyib. Biri maralı Xorasanda
görmüşdü. Deyirdi ki, bu saat orada siğə dəllalığı edir. Karvansaraları dolanıb zəvvarlara siğə
təklif edir:
-Məşədi, siğə nə mixabi?
3
Çox təcrübə etdikdən sonra hər yerin adamları nə növ arvad xoşladıqlarını gözəl bilir. Məsələn,
Bakıdan gələnlər... Kifayətdir, təfsil başlasaq, axırda cəncələ düşərik.
Bəli, Hacı Rüstəmdən danışaq.
Hacı Rüstəmin atası baqqal idi. Hər il yay fəslində yaylağa motal, yağ almağa gedərdi. Xırman
zamanı da gedib kənbəkənd gəzib nisyə yığardı. Çox vaxt oğlunu da özü ilə aparardı. Hacı
Rüstəm baxıb atasının pul qazanmaq yolunda çəkdiyi zəhməti görürdü. Bir yandan da baxardı
ki, İrandan keçmiş bir seyid, iki quruş mayası yox, “ya cədda!” deyib xırmanları dolanır,
axşamadək bir at yükü taxıl cəm eləyir, aparır, bazarda satır, yenə düşür kəndlərə. Hacı
Rüstəmin cavanlıqdan gözləri açıq idi. Baxdı ki, baqqalıqdan seyidlik xeyirlidir, nə səriştə,
şecərə istəyən var, nə bir sorğu-sual edən.
Atası öləndən sonra dükanı bağlayıb başına bir yaşıl əmmamə sarıyıb başladı seyid sifəti ilə
gəzməyə. Həqiqətdə pul başladı başından yağmağa.
Bir dəfə yolu, yaylağa gedən elata düşdü. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Hacı
Rüstəm gəlib “cəddinin payını” istədi. Köç əhli etina eləmədi. Atının yedəyindən tutub, alaçıqları
bir-bir gəzdi. Bir şey olmadı. Labüdd qalıb birdən qışqırdı:
-Camaat, mənim cəddimin payını verməsəniz, sizin südünüzü qana döndərəcəyəm!
Bu sözlə dırnağının arası qırmızı cövhərlə dolu barmağını “ya cədda!” deyib bir qazan təzə
sağılmış südün içinə salıb buladı. Fövrən südün rəngi qızardı.
Bu “möcüz”ü ağadan görən köç əhli, onun ayağına düşüb üzr istəyib torba dağarcığını
doldurdular. Atını burnunadək yükləyib gəldi evinə.
Bir az zamanda Hacı Rüstəm atasının iki-üç dövlətincə dövlət qazandı.
Günlərin bir günündə xəbər gəldi ki, hökumət Təzəşəhər binası qoyur. Xahiş edənə pulsuz ev
və bağ yeri verib, on iki il də hər bir xəracatdan azad edirlər.
Bu xəbəri eşidib Hacı Rüstəm evi böyük oğluna tapşırıb birbaş Təzəşəhərə üz qoydu. Yetişib
gördü ki, hər yerdən ev yeri almaq üçün adam gəlib. Ətraf tamam avamstan. Bu yerdə yaxşı
dövlət qayırmaq olar. Ərizə verib həm ev yeri, həm bağ yeri alıb qayıtdı vətənə. Burada
satmalını satıb aparmalını götürüb, köç-külfətini yığışdırıb köçdü, Təzəşəhərə. O vaxtdan orada
sakindir; yaxşı dövlət qazanıb Məkkəyə gedib.
Mən görəndə yaşı həştadı addamışdı. Camaat arasında da böyük etibar sahibi idi.
Onun öz işlərində sərhesab olduğundan bir şey yenə nağıl edim.
Bir gün Hacı Rüstəmin dükan qonşusu, usta Həsən papaqçı gördü: budur hacı, başı-gözü
sarıqlı yaman bir halda gəlir.
2 / 5
Diş ağrısı
-Ay hacı, olmasın azar, sifətini niyə sarımısan?
-Usta Həsən, ölürəm! Bu gecə səhərədək ulamışam.
-Nə olub? De görüm!
-Nə olacaq, dişim məni öldürür.
-Mən də dedim görəsən nə var. Diş ağrısının bircə əlacı var: kəlbətin. Hətta bu xüsusda atalar
da deyiblər:
Qonşun pisdir, köç qurtar.
Dişin pisdir, çək qurtar.
Arvadın pisdir, boşa qurtar.
Canın pisdir, öl qurtar.
-Rəhmətlik oğlu, sənin də içini zarafat almışdır. Mən deyirəm ölürəm, bu da oturub mənə
qurt-quran açır.
-Axır mən nə eləyim?
-Get çəkdir qurtarsın!
-Elə mən də ona gəlmişəm. deyirlər, burada bir yaxşı ləzgi dəlləyi var. Amandır, harada olsa,
gör onu tapdıra bilərsənmi?
-Ay hacı, dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətininin salacaq dişinə, dartıb əngini də
dişinin üstündə çəkəcək. Burada gözəl diş həkimi var. Səni aparım onun yanına. Bir dəqiqədə
dişini çəkib səni rahat eləsin.
-O, mənim bir dişimi çəkməyə məndən neçə alacaq?
-Necə neçə alacaq? Nə istər, verərsən.
-Yox, qardaş, mən tacir adamam, mənim hər bir haqq-hesabım gərək aydın olsun.
-On şahı verərsən, qurtarar gedər.
-On şahı nədir, kişi? On şahıya mən on dənə diş çəkdirərəm. Bircə qulaq as, sənə başıma
gələndən bir keyfiyyət nağıl eləyim. Cavan vaxtımda... Uf!.. uf... uf!.. Aman, aman, öldüm.
Qurbanınız olum. Cavan vaxtımda (hələ buraya köçməmişdim) sağ tərəfdən, üst dişlərimdən biri
bərk ağrıdı. Üstünə sağlıq, usta Həsən! Bir ağrı tutdu ki, dizin-dizin sürünüb əlimlə ot yoldum.
Adam göndərdim, bazardan dəllək Məşədi Teymur vardı, onu çağırtdım. Uf... uf... uf!.. Yenə nə
yaman ağrısı tutdu bu zəhrimarın! Məşədi Teymur gəldi baxdı dedi ki: “Çəkməkdən sivay əlacı
yoxdur”. Dedim: “Nə bilirsən, elə!” Kəlbətini ilişdirdi dişimə, gücü gəldikcə dartdı. Diş çıxmır ki,
çıxmır... Yazıq məşədinin alnından tər tökülür. Hərdənbir deyir: “Ağa Rüstəm, bərk dur!” (O vaxt
hacı deyildim). Deyirəm: “Durmuşam”. Xülasə... Uf... uf... uf!.. Aman allah... Aman allah.. Elə ki
gördü gücü çatmır, dedi: “Dur ayağa”. Qalxdım ayağa. Kəlbətini bir də ilişdirdi. Bir də baxdım
məşədi ayaqlarını yerdən üzüb dişimdən asılıb. Daha dişim davam eləməyib bir köklü ağac kimi
yerindən qopdu. Yazıq Məşədi Teymur yerə dəyib çul kimi sərildi. Yalan olmasın, yarım saat o
halətdə qaldı. Bir belə zəhmətdən sonra ona mən iki şahı qara pul verdim. Hər qəpiyinə bir dəfə
“allah kisənə bərəkət versin!” dedi. İndi mən aparım matışkanın birinə on şahı verim? Nədi-nədi,
bir az “şto-mişto” oxuyub? Bacarmayacağam.
-Ay kişi, bunun əli təmiz, ayağı təmiz, çiçək kimi. Məşədi Teymur hara, bu hara!
3 / 5
Diş ağrısı
-Necə! Məşədi Teymurun əlindən onun əli təmizdir? Məşədi Teymur gündə üç dəfə dəstəmaz
alır, amma sənin matışkan təharət nə olduğunu bilmir... Aman!.. aman... aman... Başım çatladı!
-Danışma, dur düş qabağıma, gedək. Sən dişini çəkdirərsən, mən də bir az şirə çəkərəm. Onu
görəndə deyəcəksən: dişimin otuz ikisini də buna çəkdirim.
Usta Həsən Hacı Rüstəmi apardı diş həkiminin yanına.
Həkim, təmtəraqlı bir xanım, hacını əyləşdirdi kürsünün üstündə.
-Ağrıyan dişinizi göstərin!
Hacı dedi:
-Xanım, mən tacirəm; qabaqca buyur, görək nə alacaqsan?
-Dişçəkmənin taksası on şahıdır.
-Mən heç bir girvəngə kələmi taksa ilə almıram. Taksa ilə diş çəkdirəcəyəm? Sənə bircə abbası
verəcəyəm, dişimi çəkəcəksən, vəssalam!
-Bura sənin dükanın deyil, çənə bazarına çıxasan. Xahiş eləmirsən, gedə bilərsən.
Hacı dayanıb fikrə getdi. Bir azdan sonra dedi:
-Eybi yoxdur, çək! Ağrıyan dişim budur.
Həkim dişi çəkib qoydu yerə.
Hacı üzünü usta Həsənə tutub dedi:
-Usta Həsən! Allah sənin evini bərbad eləsin, məni yaxşı həkim yanına gətirdin. Bu ki,
baytardır. Belə də həkim olar? Allah bunun evini yıxsın!
Həkim soruşdu:
-Nə olub?
-Nə olacaq? Allah sənin bəlanı versin. Ağrıyan dişimi qoyub salamat dişimi çəkdin!
Həkim hərçi inandırdı ki:
-Özün göstərdiyin dişi çəkimişəm.
Hacı söyüb-söylənib dedi:
-Di gəl, evi yıxılmışın qızı, bax ağrıyan dişim budur.
Həkim onu da çəkib yerə qoydu.
Hacı ilan çalmış tək yerindən qalxdı:
-Ay sənin adını həkim qoyub bura göndərənin atası it olsun! Ay sənə dərs verənin atası
görbagör olsun! Gərək dəlləkliyini bizim başımızda öyrənəsən? Səni həkim yazanın qələmi
sınsın. Yenə salamat dişimi çəkdi. Ağrıyan dişim bax budur, bu!
Həkim nə qədər and içdi isə, yenə hacı sakit olmadı.
-Adını diş həkim qoyunca, gedib özün üçün bir yüngül peşə tapa idin. Bax, zalımın qızı, ağrıyan
dişim budur!
Bu dəfə həkim hacının ağrıyan dişini çəkdi. Hacı on şahı verib söylənə-söylənə çıxdı çölə və
çöldə usta Həsənə dedi:
-Usta Həsən! Gördün, analar necə oğul doğub! Bax əsil ticarət buna deyərlər. Dişimi bir
abbasıya çəkməyə razı olmadı, mən dişin birisini ona on yeddi qəpiyə çəkdirdim. Bundan sonra
qiyamətədək Hacı Rüstəm onun yadından çıxmaz.
1
Palçıqdan qayırmışlar, yaxşı qayırmışlar.
4 / 5
Diş ağrısı
2
Ruhanilər kəbin və siğə etdikləri zaman bu duanı oxuyardılar.
3
Məşədi, siğə istəmirsən?
5 / 5
Sarı toyuq
Cavan Əhməd on sənə idi ki, öz arvadı Güləndamla yaşayırdı. Güləndam Əhmədin həm
arvadı, həm əmisi qızı idi. Bunları beşikdə ikən bir-birinə nişanlamışdılar. Əmi qızı və əmi oğlu
xeyli mehriban dolanmaqda idilər. Bu on sənənin müddətində bircə dəfə də olsun aralarında nə
inciklik və nə də bir dürüşt danışıq olmamışdı. Bunların bircə qəmləri var idi: övladları olmurdu.
Bu övladsızlıqları hamıdan artıq onların ata-analarına təsir edirdi.
Anası qızının neçə pirə və ocağa aparmışdı. “Altıbarmaq” seyidə əlli manat verib dua
yazdırmışdı. Amma bunların heç birisi bir nəticə bağışlamamışdı. Axırda oğlanın anası dedi:
- Mən oğlumu sonsuz qoya bilmərəm; gedib ona döşü südlü arvad alacağam. Bəlkə oğlumun
övladı ola.
Qızın anası da pirdən, ocaqlardan əl üzdükdən sonra bu əmrə razı olub dedi:
- Yaxşısı budur ki, Güləndam özü Əhmədi evlənməyə məcbur edə; mən onunla danışaram və
onu razı elərəm. Güləndam ərini özü evləndirdikdən sonra danışmağa haqqı olmayıb dinc və
dinməz oturar və əri ilə də aralarında heç bir köftgu olmaz.
Qızın anası necə ki, demişdi, elə də etdi.
Axşam vaxtı Əhməd qulluqdan evə qayıdanda əmisi qızında başqa halət gördü; gözləri Zöhrə
ulduzutək parıldayırdı. Əmisi oğlu qapıdan daxil olan tək yüyürüb boynunu qucaqlayıb
“marçhamarç” üzündən öpdü. Sonra başladı oynayaraq və gülərək masanın üstünə qab-qacaq
düzməyə. Yemək vaxtı tez-tez ərinin üzünə baxıb, gülüb başını aşağı salırdı. Əhməd indiyədək
arvadında bu haləti görmədiyindən, təəccüb edib mənasını anlamırdı.
Əhməd nahar yeyib yatmaq otağına getdi, amma hərçi çalışdısa da gözünə yuxu getmədi.
Əmisi qızında gördüyü halət bir an onun gözü önündən getmirdi.
Axşam çayında Güləndam Əhmədə dedi:
- Əhməd, sənə bir söz deyəcəyəm, əgər məni sevirsənsə, gərək “yox” deməyəsən.
Əhməd cavabında:
- Sənin bu günkü halətindən ürəyində bir söz olduğu aşkar görünürdü. Söylə görüm.
- Əmioğlu, bizim övladımız yoxdur və mən də açıq görürəm ki, bu halət sənə təsir edir;
pəncərənin qabağında oturub küçə ilə məktəbə gedən uşaqları görəndə, ah çəkirsən...
Əhməd onun sözünü kəsdi:
- Sözün nədir, açıq söylə. Yəni bunu demək istəyirsən ki, mən gedim sənin üstünə evlənim?
- Ay əmioğlu, evlənəndə nə olar? Bir yaxşı balan olar, axşamadək oynadaram. Sən mənim
canım, izin ver gedim sənə bir yaxşı, məndən də gözəl bir gəlin gətirim.
- Əmiqızı, məgər danışmağa başına söhbət qəhətdir? Əvvəla, yüz oğul-qız qurban olsun
sənin bir tükünə. İkincisi, mən ömrüm olanı səndən sivay bir qadına gözümün qulağı ilə də
baxmayacağam, bu barədə sən xatircəm ol. Üçüncüsü, bizim qanunumuz Şura qanunudur; bir
kişi iki arvad ala bilməz. Başqa arvad almaq üçün gərək səni boşayam, bunu da ki, yerlə göy
bir-birinə qovuşsa eləmərəm.
- Mən elə işi görərəm ki, Şura hökumətinin xəbərdarlığı olmaz. Qulluqçu adı ilə gətirərsən evə,
sonra da molla çağırarsan, gələr evdə xəlvətcə kəbinini kəsər, heç kəsin də xəbəri olmaz.
- Bu sözü danışdın, elə qoy burada qalsın.
- Sən özün deyirsən ki, məni canından artıq istəyirsən, amma mən sənə “sən mənim canım”
deyirəm, mənim sözümü yerə salırsan.
- Belə olan surətdə gəl əyri oturaq, düz danışaq. Tutalım ki, mən sənin sözünə baxıb
evləndim, molla da xəlvət gəlib kəbin kəsdi, aya, ondan sonra sən davam gətirə bilərsənmi?
- Niyə davam gətirmərəm? Çox göyçək davam gətirərəm. Aldığın arvadı ana-bacı kimi
1 / 5
Sarı toyuq
istərəm, ondan olan uşaqları öz balalarım kimi atıb-tutaram.
- Əmiqızı, davam gətirə bilməzsən.
- Onda görünür ki, sən mənə hələ dürüst bələd olmayıbsan.
- Bələd olmağa ehtiyac yoxdur, qadınların hamısı bir təbiətdə olarlar.
- Mən sən dediklərindən deyiləm.
- İndi, deyirsən davam gətirərəm?
- Bəli, deyirəm.
- Xub, mən səni imtahan edərəm, görüm necə davam gətirəcəksən.
Güləndamın dili danışırdısa da ürəyi nanə yarpağı kimi əsirdi. O, fikir edirdi: “Tutaq əmioğlum
evləndi. Bəlkə təzə gətirdiyi arvadı məndən çox istədi? Onda mən başımı haraya qoyaram?
Çıxıb atam evinə gedərəmsə, hamı mənə tənə edər”. Deyərlər: “On ilin arvadına nə oldu ki,
birdən evini-eşiyini buraxıb atası evinə getdi?” Zəhər yeyib özümü öldürsəm, daha bədtər. Yenə
deyəcəklər: “Görəsən nə əməli var idi ki, xalqın üzünə baxmaqdan xəcalət çəkib özünü
öldürdü”.
O biri gün səhər Əhməd durub evdən çıxanda Güləndam dedi:
- Əmioğlu, sözümüz sözdür, söz veribsən, möhkəm dur.
- Baş üstə.
Əhməd gedəndən sonra Güləndamın anası gəlib qızından xəbər aldı:
- A bala, ərinlə danışdınmı? Nə dedi?
- Çox danışıqdan sonra razı elədim.
- Çox gözəl. Ancaq, bala, davamın olsun. Bircə il davam gətirsən, adət eləyəcəksən.
- Ana can, niyə davam gətirmirəm; təki onun övladı olsun. Övladsızlıq ona çox əsər edir.
Mənim də ona baxanda ürəyim yanır.
***
Axşam Əhməd evə qayıtdıqda gördü bir kişi əlində neçə toyuq tutub satır. Bunların içindən bir
kök sarı toyuq seçib, alıb evə gətirdi. Güləndam toyuğu görəndə xəbər aldı:
- Ay əmioğlu, bu toyuğu haradan aldın, bu nə yaxşı kök toyuqdur?
Əhməd cavabında:
- Bu toyuq mənim təzə arvadımdır. Kəbininin də kəsdirmişəm. Bu saat mollanın evindən
gəlirəm.
Güləndamın rəngi qaçdı. Əhmədin üzünə kədərli baxıb dedi:
- Mən sənə söz dedim, sən də mənim sözümü lağa qoyursan? Mən səninlə zarafat etmirdim,
ürək sözümü deyirdim.
- Heç mən də zarafat eləmirəm. Doğru söz deyirəm. Bu toyuğu apar, balaca otaqda bağla,
altına da bir həsir sal.
Güləndam üzünü kənara tutaraq:
2 / 5
Sarı toyuq
- Nə borcumdur, gətiribsən, apar, özün necə bilirsən rahat elə.
Əhməd ürəyində gülərək, sarı toyuğu aparıb balaca otaqda altına bir parça həsir salıb
bağladı. Sonra arvadının yanına gəlib xəbər aldı:
- Əmiqızı, düyü torbası haradadır? Yerini de, bir az düyü çıxarıb aparım verim toyuq yesin.
Yazıq acdır.
- Mən nə bilim düyü torbası hansı cəhənnəmdədir. Get dolabı axtar.
Əhməd gülərək dolabdan bir ovuc düyü götürüb, aparıb toyuğun qabağına atdı.
Gecə yatmaq zamanı gələndə, Güləndam Əhməddən xəbər aldı:
- Bu evdə yatacaqsan, yoxsa balaca otaqda?
- Balaca otaqda.
Güləndam rəxti-xab götürüb getdi balaca otağa. Toyuğun yanından ötəndə ona bir təpik
vurdu. Əhməd toyuğun civiltisini eşidib səsləndi:
- O toyuq niyə cığıldadı? Ona nə elədin?
Güləndam cavabında:
- Mən nə bilim niyə cığıldadı. Gəl özün xəbər al. Mən ki, toyuq dili bilmirəm.
- Ona güldən ağır söz deyərsən, ya bir əziyyət edərsən, aramızda inciklik olar.
Güləndam otağa qayıdarkən gözünün yaşını sildiyini Əhməd görüb bir söz demədi. On
sənənin müddətində onların aralarında belə danışıq olmamışdı.
Əhməd gecə balaca otaqda yatdı.
Güləndam isə gecəni sübhədək ağlayaraq keçirdi. Gecə tez-tez durub, balaca otağın
qapısından qulaq verib, Əhmədin bərk yatdığını yəqin edib yenə yerinə qayıdırdı.
Əhməd sübh tezdən gördü Güləndam yoxdur. Ora-buranı arayıb, çıxıb getdiyini bildi. Özü
üçün çay tədarük edib içib getdi qulluğuna. (Əhməd kooperativ dükanında pirkeşik idi).
***
Güləndamın anası öz evində oturub çay içirdi. Birdən qapı açıldı. Güləndam hirsli-hirsli daxil
olub bir söz deməyərək əyləşdi. Anası xəbər aldı:
- Ay qız, bu tezliklə xeyirdirmi? Gözlərin niyə belə qızarıbdır? Yoxsa Əhmədlə dalaşıbsan?
- Nə işim var dalaşam? Əhməd özlüyündə, mən də özlüyümdə.
- Axır yenə bir dürüst danış görüm, nə var? Sən sözsüz deyilsən.
- Nə olacaq? Gecə-gündüz məni dəng eləyib, “ərini evləndir, ərini evləndir” deyirdin. İndi odur,
itin birini gətirib mənim başıma mindiribdir. Mənə də deyir: “Onun yanından ötərsən, vay sənin
halına”, on illik yoldaşını bir sarı itə dəyişibdir. Buna dözmək olar?
- Ay qız, sarı it nədir? Yoxsa sarı saçlı qız alıbdır? Bu əyyamın cavanlarında din yox, məzhəb
yox, onlardan hər nə bəd əməl desən baş verər. Vay mənim başıma daş düşsün! Mən məgər
belə demişdim? Qızcığazımın günü qara olacaq!
Qız dedi:
- Hamısını sən elədin. Dinc-dinməz evimizin içində oturub dolanırdıq. İndi mən gəlmişəm,
daha o evə qayıtmayacağam. Qoy sarı donuzun günü xoş keçsin.
Anası dedi:
- Qızım, yerindən oynama, bir neçə gün səbir elə görək nə olur? Dur get evinə, ərinə nahar
3 / 5
Sarı toyuq
hazırla. Təzə gəlin sənin qab-qazanının yerini bilmir. Axşam mən də gələrəm görüm o kimin
qızıdır? Nəçidir? Ondan sonra nə lazımdır, elə edərik. Əgər ərin evində oturmaq sənə mümkün
olmasa, nə etməli, gəlib ananın evində oturarsan. Hələlik, yaxşı bala, dur get evinə.
- Mən o evə qayıtmayacağam. Bu saat buradan durub birbaş gedəcəyəm “zaqsa”, ərizə verib
boşanacağam. - Mənim sözümə bax, yaxşı qızım, “zaqs” durub, sən durubsan. Lazım olsa mən
də səninlə bir yerdə “zaqs”a gedərəm. Dur get, bu günlük bir təhər davam elə. Sabah hər iş
düzələr.
Güləndam anasının çox təkidindən sonra durub evinə getdi.
Əhməd evə qayıdıb, Güləndamı ağlayan görüb dedi:
- Əmiqızı, nə üçün ağlayırsan? Sən dedin evlən, mən də sənin sözünə baxdım. İndi bu
ağlamağın mənası nədir?
- Heç ağlayıb eləmirəm. Gəl otur naharını elə.
- Nahardan qabaq qoy bir sarı toyuğun qarnını doyurum. Mən bilirəm sən ona bircə dənə düyü
də verməyibsən.
Əhməd dolabdan yenə dən götürüb, aparıb toyuğa verdi. Sonra toyuğun altındakı həsiri
çıxarıb, çöldə təmizləyib, gətirib altına saldı. Ondan sonra əlini yuyub, gəlib nahara əyləşdi,
arvadının səhər onu çaysız qoyub getdiyi haqqında bir söz demədi.
Nahar təzəcə qurtarmışdı. Güləndamın anası daxil oldu. Əhməd həmişəki kimi cəld qalxıb:
“Ana, buyur, buyur” deyərək qayınanasına yer göstərdi.
Güləndamın anası:
- Ananın evi yıxılsın, - dedi. – Mən dedim özüm gəlim sənə bir halal süd əmmişin birini gətirim,
demədim get o küçədə gəzən sarısaçların birini gətir, mənim qızımın başına çıxart.
- Ana can, sarısaç nədir? Necə sarısaç, haradadır sarısaç?
- Sən bilirsən haradadır, mən nə bilim.
- Di gəl o sarısaçı sənə göstərim, gör nə gözəldir. Səni inandırıram ki, sənin ürəyincə olacaq,
onu gördükdən sonra məni məzəmmət etməyəcəksən... Bircə bu balaca otağa gəl.
Bu sözlə qayınanasının qolundan tutub balaca otağa çəkib, küncdə bağlanmış sarı toyuğu
göstərib dedi: - Aldığım, bax, ana can, budur!
Güləndamın anası toyuğu görüb acıqla gileyləndi:
- Məni ağbirçək vaxtımda ələ salıb oynadırsan? Mənim qızım bu toyuğun üstündə səninlə
dava çəkir? Məgər mənim qızım dəli-divanədir?
- Ana can, özüm ölüm ki, alıb gətirdiyim budur. Çağır qızın özündən xəbər al. – Bunu deyib
Güləndamı səslədi.
Güləndam içəri daxil olduqda, anası xəbər aldı:
- Ay qız, dediyin sarısaç haradadır?
- Sarısaç yoxdur, elə bu sarı toyuğu deyirəm. Doğrusu, ana can, bu evdə ya mən oturacağam,
ya sarı toyuq!
Əhməd üzünü arvadına tutaraq dedi:
- Əmiqızı, mən sənə deyəndə ki, evlənib başqa bir arvad gətirsəm, davam eləməyəcəksən,
deyirdin “çox gözəl davam edərəm”. Mən də sənə sübut etmək üçün bu toyuğu gətirdim. İndi bil
ki, sarı toyuğa davam gətirə bilməyən, həqiqi arvada heç davam gətirə bilməz. Dur bir az düyü
yu, axşama plov bişir. Bu sarı toyuğu da onun başına qoyub ləzzətlə yeyək. Anan da bizdə
qonaq qalsın.
Əhməd bunu deyib, sarı toyuğu mətbəxə aparıb başını kəsdi.
Axşam ər, arvad, qayınana şirin söhbət edərək toyuq-plovu ləzzətlə yedilər.
O gündən evlənmək məsələsi həmişəlik aradan qaldırıldı.
4 / 5
Document Outline
Dostları ilə paylaş: |