Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığorta olunana müavinətin verilməsi dövrü və maliyyələşmə mənbələri
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (ТSeK) tərəfindən əlillik müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 təqvim günü üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Əmək qabiliyyətini müvəqqəti itirmə işçinin işdən çıxarılmasının düzgünlüyü barəsində mübahisə getdiyi dövrədə baş vermişdirsə, müavinət işçi işə bərpa olunduqda verilir. Bu zaman, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət müəssisənin vəsaiti hesabına verilir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi işə bərpa olunma barəsində qərar çıxarıldığı gündən sonra da davam edərsə, onda müavinətin xəstəlik vərəqəsində göstərilmiş ilk 14 təqvim gününə düşən məbləği işəgötürənin vəsaiti hesabına, qalan hissəsi isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Misal. İşdən çıxarılmasının düzgünlüyü barəsindəki mübahisə gedən işçi xəstəlik vərəqəsinə əsasən 2005-ci il yanvarın 20-dən fevralın 10-dək əmək qabiliyyətini müvəqqəti itirilmişdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə işçi məhkəmənin müvafiq qətnaməsi ilə 2005-ci ilin 7 fevral tarixində işə bərpa olunmuşdur. Bu halda müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin birinci günündən işçinin işə bərpa olunduğu günədək (ilk 14 təqvim günü + 3 təqvim günü) işəgötürənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. İşçi məhkəmənin müvafiq qətnaməsinə əsasən 2005-ci ilin 25 yanvar tarixində işə bərpa olunduğu halda müavinət bu Əsasnamənin 9-cu bəndinin birinci abzasına uyğun olaraq əmək qabiliyyətinin müvəqqəti itirilməsinin birinci günündən işçinin işə bərpa olunduğu günədək (5 təqvim günü) və ilk 14 təqvim gününün qalan 9 təqvim günü işəgötürənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Əmək qabiliyyətini müvəqqəti itirmə iş yerinə gedən zaman yolda baş verdikdə, müavinət bu şərtlə verilə bilər ki, işçi əmək haqqı, gündəlik və ya yol xərcinin dəyərini almaq hüququna malik olsun (ezamiyyət, müdiriyyətin tapşırığını yerinə yetirilməsi və i.a.) Məişət zədələnməsi zamanı müavinət ümumi qayda üzrə əmək qabiliyyətinin itirilməsinin ilk günündən əmək qabiliyyətinin itirilməsinin bütün müddətinə verilir. Növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən işçinin əmək qabiliyyətini itirdiyi bütün günlər üçün verilir. Əmək haqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir.
Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək haqqı saxlanılmadan məzuniyyətdən və yaxud uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir. Hamiləliyin süni yolla dayandırılması ilə əlaqədar aparılmış əməliyyatdan sonra müavinət ümumi qayda üzrə əmək qabiliyyətinin itirilməsinin bütün müddətinə görə verilir. Mövsümi və müvəqqəti işlərdə çalışan işçilərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ümumi əsaslar üzrə mövsüm müddətində verilir.
İşləyən əlillərə (müharibə əlillərindən başqa) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək şikəstliyi və peşə xəstəliyindən başqa qalan hallarda, ardıcıl və yaxud təkrar xəstələnmə zamanı təqvim ilində altı aydan çox olmamaq şərti ilə verilir. Əgər işləyən əlilin əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək şikəstliyi və ya peşə xəstəliyi nəticəsində baş vermişsə, onda müavinət, xəstə sağalanadək, yaxud da əmək şikəstliyi və ya peşə xəstəliyi ilə bağlı əlillik dərəcəsi yenidən müəyyən edilənədək verilir.
İşləyən əlillərə (vərəm xəstəliyi olan əlillərdən başqa) vərəm xəstəliyi ilə xəstələndikdə əmək qabiliyyətini müvəqqəti itirməyə görə müavinət sağalanadək və ya vərəmlə xəstələnmə nəticəsində əlillik dərəcəsi yenidən baxılanadək, lakin 12 aydın artıq olmamaq şərtilə verilir. İşçinin qanunla müəyyən edilmiş hallarda vaxtaşırı tibbi müayinədən keçirildiyi, o cümlədən stasionarda müayinə edildiyi vaxt üçün müavinət verilmir.
İşçi hərbi xidmətə çağırıldığı zaman xəstəxanaya yerləşdirildikdə müavinət verilmir. Müvəqqəti olaraq işin dayandırıldığı müddət zamanı, hərbi toplanışlar və ya təhsil müəssisələrində istehsalatdan ayrılmamaqla təhsillə əlaqədar verilən əlavə məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi baş verdikdə müavinət işçinin göstərilən müddət qurtardıqdan sonra işə başlamalı olduğu gündən verilir.
Əmək qabiliyyətini müvəqqəti itirməsi işçiyə qanuna əsasən əmək haqqının dayandırılması ilə işdən (vəzifədən) kənar edildiyi dövrdə baş vermişsə müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirməsi işə başlamağa icazə verildikdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən verilir.
Dostları ilə paylaş: |