Hamlet müəllim, hazırda Azərbaycanda tərcümə sahəsindəki vəziyyəti necə qiymətləndirirsiniz?



Yüklə 35.08 Kb.
tarix02.12.2016
ölçüsü35.08 Kb.
Aydın yol”un suallarını Xəzər Universitetinin təsisçisi və rektoru, tanınmış şair-tərcüməçi, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı cavablandırır
 http://aydinyol.az/thumbs/index.php?size=415&src=posts/hamlet-isaxanli_54d47c9a45014.jpg

- Hamlet müəllim, hazırda Azərbaycanda tərcümə sahəsindəki vəziyyəti necə qiymətləndirirsiniz?

- Əlbəttə, on il bundan əvvəllə müqayisə edəndə, xeyli inkişaf var. Amma biz bu sahədə qonşu Türkiyə və İrandan, - hələ mən başqa ölkələri demirəm - çox-çox  geri qalmışıq. Faktiki olaraq, İranda da, Türkiyədə də elmin, fəlsəfənin, bədii ədəbiyyatın gözədəyən, tutarlı əsərlərini öz dillərinə çevirirlər. Hətta elə kitablar var ki, çox oxucusu, bazarı yoxdur, məsələn, monoqrafiyadır, -onu da çevirirlər. Bu vüsət bizdə yoxdur. Düzdür, deyə bilərik ki, onlar böyük ölkələrdir, kitabların, hər halda, satılmaq şansı var. Üstəlik, insan qaynaqları, kadr potensialları çoxdur. Amma mən bunu Hollandiya, Belçika haqqında da deyə bilərəm, baxmayaraq ki, onların əhalisi nisbətən azdır. Bədii, fəlsəfi və elmi ədəbiyyat, populyar elmi yazılar dilimizə çevrilməlidir. Bunun üçün sistemli iş getməlidir. Sistemli işi isə biz, hələ də, sovet dövründəki kimi, dövlətdən gözləyirik. Bu, doğru yanaşma deyil. Özəl təşəbbüslər olmalıdır. Məsələn, bizim 50-dən artıq ali məktəbimiz var. Bu məktəblər elm, mədəniyyət ocağıdır-onların özləri də bu işə töhfə verə bilərlər. Çünki o ocaqlarda alimlər toplaşıb, bəzilərində dil mütəxəssisləri hazırlanır. Amma bəzən o dil mütəxəssisini elə hazırlayırlar ki, tədris müddətində heç 5 səhifəlik bir yazını tərcümə edib ortaya qoymur. Burada nəşriyyatların da üzərinə çox böyük iş düşür. Nəşriyyatlar bacarıqlı tərcüməçiləri işə cəlb etməlidirlər. Düzdür, bu, sərmayə tələb edən bir işdir. Amma, hər halda, bu işləri görmək lazımdır. Yeni dövrün yazıçılarını, şairlərini təqdim etmək gərəkdir. Təəssüf ki, az universitet bu işi görür. Elmi ədəbiyyatın bədii ədəbiyyata nisbətən az tərcümə olunması, yaxşı hal olmasa da, başa düşüləndir. Heç olmasa, dərslik xarakteri daşıyan kitabları tərcümə etmək lazımdır. Təəssüf ki, bu sahədə də iş axsayır. Azərbaycan ədəbiyyatı nümunələrinin dünya dillərinə tərcüməsi də çox aşağı səviyyədədir. Bədii ədəbiyyatın sistemli tərcüməsi işi getmir. Ya hansısa yazıçı özü bunu edir, yəni öz əsərlərini tərcümə etdirir, ya xarici ölkələrdən kimsə özü maraq göstərir. Öz bədii ədəbiyyatımızı, tarixi əsərləri, mədəniyyətimizi əks etdirən əsərləri başqa dillərə çevirməliyik. Fikrimi əsaslandırmaq üçün sizə bir fakt deyim: mən 1993-cü ildə Los-Anceles Kaliforniya Universitetində olanda (o vaxt həmin universitetin kitabxanasında 9 milyon kitab var idi) maraqlandım, görüm, Azərbaycan haqqında hansı kitablar var. Kataloqa baxanda, gördüm ki, cəmi 200-dən bir az artıq kitab var. Onun da çoxu sovet dövründə yazılmış, daha çox sovet təbliğatına həsr olunmuş kitablardır. Əksəriyyəti də rus dilində. Sonra erməni dilində hansı ədəbiyyatın olduğu ilə maraqlandım. Məlum oldu ki, ermənilərin orda 66 minlik kitabxanası var - ingilis, alman, fransız, erməni dillərində yazılmış ədəbiyyatdan ibarət böyük, ayrıca bir kitabxana. Düzdür, Los-Anceles ermənilərin məskunlaşdığı bir yerdir. Onlar 16-cı əsrin sonlarından Avropada, Amerikada  məskunlaşıb, təbliğatlarını aparıblar. Amma biz də işləməliyik, özümüzü təqdim etməliyik.  Bununla belə, son vaxtlar Azərbaycanda tərcüməyə diqqət verilməyə başlayıb. Prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılıb. Hiss olunur ki, iş gedir. Yəni vəziyyət ümidvericidir.

- Bəs, universitetiniz bu istiqamətdə hansı işləri görür?

- Bizim universitetdə tərcümə mərkəzimiz var. Müəyyən sayda kitab tərcümə etmişik. Onlar çox fundamental əsərlərdir. Məsələn, Tadeuş Svyatikovskinin “Rusiya və Azərbaycan” kitabı kimi. Bilirsiniz ki, onun bir kitabı var idi- “Azərbaycan Rusiya dövründə”. Sonra ikinci--adını çəkdiyim kitabı da nəşr olundu. Bu sanballı əsərdə bir fəsil Cənubi Azərbaycandan, bir fəsil Şimali Azərbaycandan bəhs olunur. Biz o kitabı tərcümə etdik. Və kitabın Azərbaycan dilində nəşri üçün müəllif xüsusi əlavələr etdi. Bundan başqa, jurnalistikaya aid sanballı iki dərslik tərcümə etdik - biri, aşağı kurslarda oxuyanlar, biri isə doktorantura və magistraturada oxuyanlar üçün. Düşünürəm ki, bunu da etmək çox vacib idi. Çünki jurnalistika metodları qərbdə və burda xeyli fərqlidir. Onlarda jurnalistika daha çevikdir, daha rəngarəngdir. Bədii kitablar da tərcümə etmişik. Paulo Koelyonun  “Əl-kimyaçı”sını bizdə magistraturada oxuyan bir xanım tərcümə edib. Bunun üçün Paulo Koelyonun özündən icazə aldıq. Gürcü müəllifinin rusca yazdığı “Gürcüstanda gürcü, yoxsa erməni kilsələri?” adlı kitabı ingiliscəyə çevirdik, Xəzər universiteti nəşriyyatında işıq üzü gördü. Eyni zamanda, “Poeziya antologiyası” buraxmışıq. İngilis, fransız və alman dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən həmin dillərə şeirlər tərcümə etmişik. Kitabın içində tərcümə ilə orijinalı yanaşı vermişik. 6 cildlik “İngiliscə-Azərbaycanca lüğət” üzərində işlədik. 3 cildi çıxıb, 4-cü cild çapdadır, 5-ci və 6-cı cildlərin üzərində redaktə işi gedir. Təsəvvür edin ki, heç ingiliscə-rusca o boyda lüğət yoxdur. Cəmi 3 hərflə, yəni A, B, C hərfləri ilə başlayan sözlərin toplandığı birinci cild 800 səhifədir. Özü də kiçik şriftlə yığılıb. Başqa tərcümələrimiz də olub. Digər tərəfdən, tərcüməçilik  sahəsində araşdırmalar aparırıq, özüm irihəcmli məqalələr yazıram. Elə bir ay əvvəl Kanadanın beynəlxalq “Meta“ dərgisində “Şərq-qərb dəhlizi” haqqında bir məqaləm çap olundu. Məsələ burasındadır ki, dəfələrlə bizim kənarda qalmağımızla üzləşirik. Bir misal. Avropada ingiliscə tərcümə ensiklopediyası buraxıblar, orada regionlar üzrə xülasələr və araşdırmalar veriblər. İslam regionu kimi, ərəb dünyasına aid ikitərəfli tərcümələr haqqında yazıblar, Osmanlı-Türkiyə və İrana aid ikitərəfli tərcümələrdən geniş söhbət açıblar. Qalanları haqqında heç nə yoxdur. Mən o ensiklopediyanı gördüm, dedim, bəs keçmiş sovetlər birliyində olan, yəni Rusiyada, Orta Asiyada, Qafqazdakı müsəlman bölgələr niyə unudulub? Qeyd etdim ki, islam dünyasında modernləşmə və islahatların çoxu bu bölgələrdən başlayıb və ya qaynaqlanıb. Azərbaycanda Mirzə Fətəli Axundzadə, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Məhəmmədəmin Rəsulzadə kimi  ziyalılar yetişib. İsmayıl Qasprinski və digərlərini yada saldım.



- Yeri gəlmişkən, fevralda universitetinizdə “İslam mədəniyyətində elm və texnologiya” mövzusunda simpozium keçirəcəksiniz. Bu mövzuya müraciət etməyiniz son dövrlər dünyada baş verən proseslərləmi bağlıdır?

- Bu, çoxdan planlaşdırılmış və ardıcıl aparılan bir işdir. Məsələ burasındadır ki, dünyadakı böyük sivilizasiyaların hamısı biri-digərindən nələrisə götürüb, inkişaf edib. Məsələn, islam sivilizasiyası yunan sivilizasiyasından bəhrələnib. Bütün fəlsəfi, elmi ədəbiyyatı tərcümə ediblər. Onun üzərində islam mədəniyyəti inkişaf edib. Sonra Avropa mədəniyyəti də islam mədəniyyətindən bəhrələnib. Amma Avropada islam dünyasının rolu unudulub. Bəzən isə, hətta kobud tərzdə deyirlər ki, onlar ancaq yunan biliklərini bizə ötürüblər, başqa heç nə etməyiblər. Amma sonralar elə avropalıların özləri bunu təkzib etdilər. Böyük məqalələr yazdılar, yeni anlayışlar gətirdilər, məsələn, “elmdə Marağa inqilabı” kimi... Avropalılar özləri yazdılar ki, NəsirəddinTusi və onun ətrafındakı alimlər astronomiyada əhəmiyyətli kəşflər ediblər və onların da böyük hissəsi Nikolay Kopernikin kitabında var. Adını çəkməsə də, amma NəsirəddinTusinin məşhur lemması (Tusi cütü) və Tusi məktəbinin digər nümayəndələrinin gəldikləri elmi nəticələr Kopernikin əsərlərinə olduğu kimi daxil edilib.



- Deməli, Kopernik plagiat edib...

- Müəyyən mənada elədir. Nə zamandır araşdırmalar gedir - bu, necə olub, hardan götürüb, niyə belə edib? Yəni islam sivilizasiyası, güclü-qüdrətli bir sivilizasiya olub, amma nisbətən az öyrənilib. Avropalılar onu bizdən yaxşı öyrənirlər. Beləliklə, biz islamın elm, fəlsəfə, ədəbiyyat tarixini araşdırırıq. Universitetimizdə bu istiqamətdə çalışanlar var və vaxtaşırı bununla bağlı seminarlar, konfranslar keçiririk.



- “Koroğlunun Amerika səfəri” ilə bağlı tapıntılarınız haqqında eşitdik. Bu barədə nə deyə bilərsiniz?

- Xeyli maraqlı məlumat verə bilərəm. Ancaq hələ ki yazını bitirmədiyim üçün yarımçıq nə isə demək istəmirəm....



- Bir az da tərcümə prosesi barədə. Məsələn, məşhur ingilis şairi, mistiki Uliyam Bleyki tərcümə etməyin  Corc Bayronu tərcümə etməkdən fərqi nədədir?

- Əslində, istənilən poeziyada bir mistika var. Çünki poeziya obrazlarla danışır, əgər adi sözü olduğu kimi deyəcəksənsə, onda poeziyaya ehtiyac qalmır. Obrazlarla danışanda isə, təbii ki, ora bir mistika gəlir. Ona görə də, mən düşünmürəm ki, Bleyki tərcümə edəndə Bayrondan və ya Anna Axmatovadan fərqli bir dünyaya qapılmışam. Anna Axmatova yazır ki,  deyirlər, şair özünə bənzəyən, ruhən özünə yaxın olan adamları tərcümə eləməlidir. Mən 33 şair tərcümə etmişəm, necə ruhən onların hamısına yaxın ola bilərdim? Yazır ki, Viktor Hüqo ilə mən çox fərqli adamlarıq, amma onu böyük məmnuniyyətlə tərcümə etmişəm. Çünki insan özündən fərqli insanların iç dünyasına girməyi bacarmalıdır.



- Riyaziyyatla məşğul olursunuzmu?

- Riyazıyyat möhtəşəm və çox sevdiyim bir elmdir, ondan aralı düşmək mümkün deyil. Ancaq riyaziyyatla, əsasən, cavan yaşlarında əsaslı məşğul olurlar. Məsələn, mən 25 yaşımda elmlər namizədi dərəcəsi almışdım, dünyanın çox yerlərində də məqalələrim çıxırdı, dünyanı gəzirdim. O vaxtlar və sonralar riyaziyyatla bağlı lazım bildiyim xeyli iş gördüm. Sonra hesab elədim ki, mənim içimdə olan tarix, ədəbiyyat, humanitar düşüncə-bunlara da böyük maraq var. Riyaziyyatla məşğul olanda da həmişə o sahənin tarixini araşdırardım. Moskva Dövlət Universitetində oxuyurdum (aspiranturada). Tələbələr də, professorlar da riyaziyyat tarixi ilə bağlı bir şey olanda məndən soruşurdular. Yəni içimdə bir tarix, ədəbiyyat, fəlsəfə sevgisi vardı, necə deyərlər, “özüm üçün” qeydlər edərdim həmişə. Son 20-25 ildə daha çox intellektual tarix haqqında, elm, fəlsəfə, din, ədəbiyyat, mədəniyyət tarixi haqqında məqalələr və kitablar yazıram. Eyni zamanda, tərcümə nəzəriyyəsi, müəyyən dil problemləri, leksikoqrafiya və sairə ilə də maraqlanıram. Amma indi daha intensiv humanitar-sosial sahələr və zəka tarixi ilə məşğul oluram.



- Fizika-riyaziyyat elmləri doktorusunuz, riyazi fizika ilə məşğul olmusunuz. “Böyük partlayış nəzəriyyəsi”ni qəbul edirsinizmi?

- Elmdə bu, belə deyək, təqribən qəbul olunub. Amma şübhə edənlər də var. XX əsrin 20-30-cu illərində Amerikada astronomlar belə bir şey öyrəndilər ki, işığın spektrində dəyişmələr var. Bu, adi dildə o deməkdir ki, bütün obyektlər uzaqlaşırlar. Uzaqlaşmanın sürətini ölçərək iddia edirlər ki, nə vaxtsa bütün bu obyektlər bir nöqtənin ətrafında imişlər və oradan uzaqlaşıblar. Onu da hesablayırlar ki, təqribən 14 milyard yarım il bundan əvvəl, kainat kiçik, qeyri-adi dərəcədə sıx bir şey, nöqtə kimi bir materiya imiş. Partlayış əmələ gəlib, bu partlayışın nəticəsində kainat yaranıb. Sonra ardıcıl nələr baş verib, necə baş verib, həyat necə əmələ gəlib – bu kimi məsələləri də araşdırıb əsaslandırırlar. Yəni bunun müəyyən ciddi bir elmi əsası var. Amma əleyhinə gedənlər də var, çünki orda çoxlu suallar var. Məsələn, sual var ki, o partlayışdan əvvəl nə  olmuşdu? Cavab verirlər ki, əvvəl yoxdur. Zaman anlayışı da o partlayışla başlayıb. Populyar bir nəzəriyyədir. Amma o nəzəriyyələri nə tam isbat, nə də təkzib etmək olur. Elmdə belə bir şey var:  model qurursan, o model tam real olmasa da, həyatdakı hansısa hadisələri müəyyən qədər izah edə bilir. Sonra başqa birisi daha aydın model düzəldir. Necə ki, Nyutonun bir kainat modeli vardı, Eynşteyn onu təkzib etmədi, sadəcə, ondan daha mükəmməlini yaratdı. Nyutonun modeli bizim gözümüzlə gördüyümüz dünyanı izah edir, amma Eynşteynin modeli işıq sürətinə yaxın olan hadisələri, təsəvvür edilməz dərəcədə çox-çox uzaqlarda olanı da izah edə bilir.



- Zamanın haradan başlaması və harada bitəcəyi məsələsi bir çox fiziklərin toxunduğu məsələdir. Belə bir fikir mövcuddur ki, yaşadığımız dünya zamandan ibarətdir və bir gün o bitəcək.  Yeri gəlmişkən, bu, ədəbiyyatda da yer alıb. “Alisa möcüzələr diyarında”, “Zaman maşını” kimi əsərlərdə yerin, vaxtın yalnız bir nöqtədə dayandığı mərkəzindən bəhs edilir... Maraqlıdır ki, Quranda, İncildə də günlərin həddindən artıq qısalacağı və qiyamət günü barədə danışılır...

- Mən Quranda və ya İncildə ciddi bir elm olması fikrinin tərəfdarı deyiləm. Bunlar əxlaq kitabları, düzgün sayılan yaşayış qaydaları kitabı, həyat məcəlləsidir. Əlbəttə, orda müdriklik var. Amma bu, elm deyil. Kim deyirsə ki,  ay nə bilim, Nyutonun yaratdığı cazibə qanunu Quranda da var - belə söhbətlər primitiv yanaşmanın təzahürüdür. Quranın, İncilin məqsədi o deyil. Amma belə bir şey var -uzun zaman İslam dünyasında Qurana ehtiram çox böyük olub və bir zamanlar da elmi səviyyə düşüb aşağı. Yəni orta əsrlərdə Xarəzmi, İbn Sina, Biruni, İbn Heysəm, Nəsirəddin Tusi kimi nəhənglər var idi, amma sonra səviyyə düşdü, İslam dünyasını böhran bürüdü, hərbi uğurlara uyuldu, tənqidi düşüncə, elm unuduldu. Avropa irəli getdi. Onda sanki bu geriqalma kompleksi ilə kefsizləşən islam dünyası başlayır ki, sizin Nyuton var, bizdə də Quranda hər şey var. Belə  şeylər əmələ gəldi və dinlə elm arasında çəkişmə düşdü. Abbasqulu Ağa Bakıxanovun astronomiya tarixinə aid “Əsrar əl-Məlaküt” (“Göylərin sirri”) adlı əsəri var. Ərəbcə yazıb, Türkiyədə sultana bağışlayıb. O dövrdə türkcəyə də çeviriblər. O əsərdə Abbasqulu Ağa Bakıxanov qədim dövrdən öz dövrünə qədər astronomik görüşləri-alimlərin  dediklərini yazıb, qədim yunanlardan başlayıb Kopernik və Keplerə qədər gəlib çıxıb. Bəzi şeyləri dəqiq deyib, riyaziyyatçı, fizik olmadığından bəzi şeylərdə səhvlər edib. Amma yaxşı bir iş görüb, maarifçi kimi Avropada kainat haqqında edilmiş kəşfləri xalqa (yəni oxumaq istəyənlərə və oxudanlara) sadə dildə çatdırıb. Əsərin axırıncı paraqrafı odur ki, müasir elmlə Quran arasında ziddiyyət yoxdur. Çünki o zaman, bir tərəfdən, elmlə məşğul olanlar arasında Qurana küfr edənlər olurdu, bir tərəfdən də din xadimləri elmə qarşı çıxırdılar. Bakıxanov çox geniş düşüncəli, o dövrün ən hərtərəfli ensiklopedik bilik sahibi olan şəxsi olub. Avropaya gedib, gəzib, fəlsəfə, coğrafiya, elm tarixi və siyasi tarixlə tanış və məşğul olub, dilçi və tərcüməçi olub. Başa düşürdü ki, elm gözəldir. Görürdü ki, dünyanın inkişafında elm nə qədər rol oynayıb. Amma, bununla bərabər, çox mömin adam olub. Ona görə də, həmin əsərin bu paraqrafı çox maraqlı və əhəmiyyətlidir. Orada o da həmin fikri deyir ki, bu nəzəriyyələr Quranla uyğun gəlir. Amma bu yazı, o dövr üçün idi. Mən düşünürəm ki, bu dövrdə elm bir şeydir, din tamam başqa bir sahədir. İkisi bir-birinin işinə qarışmamalıdır. Dünya gözümüzün qabağında dəyişir, texnologiya inkişaf edir. Bu gün yaşamağı daha rahat, daha maraqlı edən nə varsa, o cümlədən texnologiya, elmin övladıdır. Elmin də insanların inancına, dinə hücum eləməyə ixtiyarı yoxdur. Çünki elə suallar var ki, elm ona cavab verə bilmir. Məsələn, insan həyatı, insan xarakteri, xeyir nədir, şər nədir, yaxşı-pis nədir,..-bunların elmi nəzəriyyələri yoxdur. Elmdə din axtarsan səhv edəcəksən, dində elm axtarsan səhv edəcəksən- mənim fikrim belədir.

Qaldı ki, zaman haqqında fiziki və mistik fikirlərə, Eynşteynin nisbilik nəzəriyyəsinə görə işıq sürətinə yaxın hərəkət zamanı fəza və zaman müəyyən əyilmələrə məruz qalır. Bir adam işıq sürətinə yaxın kainatın uzaq yerlərinə səfər edirsə, orada zaman Yerdəki zamana nisbətən az keçir. Məsələn, adam o uçuşda kainat baxımdan 3 il zaman sərf edirsə, yerdə həmin vaxt, deyək ki, 30 il olacaq. Və adam Yerə qayıdanda öz uşağından kiçik yaşda ola bilər...

- Axı, bəzi fiziklər qiyamətin necə baş verəcəyi haqqında nəzəriyyə irəli sürürlər...

-  Dünyada populyarlıq qazanmaq üçün elmdən istifadə edən o qədər insanlar var ki. Məsələn, Harun Yəhya var, bütün dünyada onun “elmi-dini kəşfləri”nə  istehza ilə baxırlar...



- Şeirlərinizdən belə görünür ki, Allaha inanırsınız...

- Şeirlərimdəki “Allah” ifadəsi daha çox müraciət formasıdır. Hətta dərin ateist olanlar da “Allah”, “Tanrı” sözlərindən istifadə edirlər, “vallah” deyirlər. Mən Peyğəmbərin varlığına çox rahat inanıram, o olub, böyük işlər görüb – bu gerçək tarixdir, anlaşılan bir şeydir. Amma Allahın varlığını hərə bir cür başa düşür. Onu antropomorfik (insanabənzər) təsəvvür edə bilməzsən, ziddiyyətlər əmələ gəlir. Bəs, necə təsəvvür edəsən? Yəni bu, elə “ilk partlayış” kimi bir şeydir!



 

Qızılgül ABDİN


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə