Havanın üfüqi istiqamətdə hərəkətinə-Külək deyilir. Başqa geoloji amillər kimi küləyin də fəaliyyəti müxtəlif regionlarda müxtəlif səciyyə daşıyır



Yüklə 21,08 Kb.
tarix02.01.2022
ölçüsü21,08 Kb.
#35673
Cavid Babayev-Geologiya imtahan tapşırığı


Havanın üfüqi istiqamətdə hərəkətinə-Külək deyilir. Başqa geoloji amillər kimi küləyin də fəaliyyəti müxtəlif regionlarda müxtəlif səciyyə daşıyır. Küləklə əlaqədar olan geoloji proseslər güclü külək əsən, yağıntısı az, buxarlanması ondan bir neçə dəfə çox olan, gecə-gündüz ərzində temperaturu kəskin surətdə dəyişən, bitki örtüyü zəif inkişaf etmiş, ya heç bitki olmayan sahələrdə xüsusilə güclü olur. Başqa sözlə, küləyin fəaliyyəti planetimizin quru hissəsinin 20 %-nə qədər sahəsini əhatə edən səhra və yarımsəhralarla əlaqədardır. Yer üzərində belə sahələr Afrika, Avstraliya və Asiya qitələrində çox, Avropa və Amerika qitələrində nisbətən azdır.

Küləyin fəaliyyəti deflyasiya(sovurma),korroziya(yonma),daşıma və akkumulyasiyadan (toplanmaqdan) ibarətdir. Küləyin fəaliyyəti ilə baş verən bütün proseslər - eol prosesləri, əmələ gələn relyef formaları isə eol relyef formaları adlanır.

Süxurların aşınıb pozulmuş hissəsini bərk küləklər sovurub aparır, sakit yerlərdə çökdürür. Bu proses deflyasiya adlanır. Eol proseslərin bu növü Yer üzərində geniş yayılmışdır. Deflyasiya daha çox səhralarda və yarımsəhralarda baş verir. Bu, səhra və yarımsəhraların qumla örtülməsi ilə əlaqədardır. Belə ki, müxtəlif ölçülü qum dənələri külək vasitəsilə sovrularaq müəyyən məsafələrə daşınıb çökdürülür. Deflyasiya zamanı böyük tozanaqlar əmələ gəlir, çox vaxt narın süxur hissəcikləri havada asılı vəziyyətdə qalır. Nisbətən böyük hissəciklər isə müəyyən məsafələrdə çökdürülür.

Süxur hissəciklərinin sovrularkən çökdürülməsi küləyin sürətindən də xeyli dərəcədə asılıdır. Küləyin sürəti həddindən artıq çox olduqda səhralarda tez-tez qum fırtınaları baş verir. Belə ki, küləyin sürəti saniyədə 4-5 metrə çatdıqda,ölçüsü-0,2 mm olan hissəciklər, bu sürət saniyədə 10 metrə bərabər olduqda isə ölçüsü 1 mm-ə çatan süxur dənələri çökdürülür. Onun sürəti saniyədə 16 – 18 metrə çatdıqda o, artıq damların kirəmitlərini belə qoparıb aparır. Küləyin sürəti saniyədə 19 - 21 metrə çatarsa, o ağacları kökündən çıxarır. Deflyasiya zamanı yer səthində özünəməxsus relyef formaları yaranır. Daha kövrək süxurlar üfürülüb aparıldıqdan sonra əvvəlki yerlərdə böyük dərələr, qazanvari çuxurlar yaranır.

Küləyin apardığı qum hissəcikləri bəzən böyük və qüvvətli zərbə ilə öz yolunda rast gəldiyi bərk süxurlara dəyir, onların üzərində cizgilər, şırımlar, kəsiklər və yarıqlar əmələ gətirir. Bu prosesə korraziya deyilir. Deflyasiya və korraziyanın qarşılıqlı təsiri nəticəsində möhkəm süxurlar da aşınaraq toza və xırda qırıntılara çevrilir. Belə hallarda relyef girintili – çıxıntılı şəklə düşür. Daha möhkəm süxurlar deflyasiyaya və korraziyaya qarşı yüksək müqavimət göstərdiklərindən, onlar səhra və yanmsəhralarda formalarını nisbətən qoruyub saxlayırlar. Möhkəm süxurlardan olan qumdaşları və əhəngdaşlarından ibarət kütlələrə qalıq şəklində rast gəlinir. Çox vaxt bu «qalıqlar» qədim bir şəhərin uçulub qalan xarabalıqlarını xatırladır.

Deflyasiya prosesi kənd təsərrüfatına böyük ziyanlar vurur. Qüvvətli küləklər istər bitki örtüyü, istərsə də əkin üçün yararlı olan torpağı üfürüb aparır. Ümumiyyətlə küləklərin təsiri nəticəsində müxtəlif kənd təsərrüfat obyektləri, istixanalar, əkin sahələri, bağlar, tarlalar böyük ziyan görür. Sovrulmuş çöküntülərin altında isə çox vaxt özlərinin ilkin formalarını saxlayan möhkəm süxurlar yatır. Bunları isə şumlamaq qeyri-mümkündür. Həmin vəziyyət dağ rayonlarında özünü daha qabarıq göstərir.

Küləyin fəaliyyəti nəticəsində süxurların aşınma məhsulu səhralardan həm uzaqlara aparılır, həm də elə orada toplanıb, müəyyən eol formalarının və kontinent çöküntülərinin аyrıca bir növünün yaranmasına səbəb olur. Belə formalardan barxanları misal göstərmək olar. Qumlu səhralarda barxan adlanan relyef formalarının yaranması relyefin ilkin formasından, ovulmuş quru qumun miqdarından,bitki örtüyünün olub-olmamasından,küləyin geoloji sabitliyindən, gücündən başqa geoloji coğrafi amillərdən asılıdır. Barxanlar çox geniş yayılmış eol relyef formaları sayılır.

Əsasən hakim küləklərin rejimi ilə əlaqədar olaraq B.A.Fedoroviç qum relyefi üçün aşağıdakı tipləri ayırır: 1) barxan qumları; 2) en istiqamətli tirələr (barxan silsiləsi): 3) uzununa istiqamətli barxan silsiləsi; 4) piramidaşəkilli qum yığımı; 5) uzununa istiqamətli qum tirələri; 6) tirə-özək tipli qumlar; 7) tirəçala tipli qumlar.

B.A.Fedoroviç qum relyefi formalarının xeyli zəngin olmasını nəzərə alaraq onları üç əsas zona tipinə bölür: 1) əsasən tropik səhralara xas olan barxan tipli; 2) qeyri-tropik səhralarda yayılmış bitkilərdə yarıörtülü tip; 3) qeyri-səhralara xas olan dyun tipi.

Bu üç əsas zona tiplərinin hər birində küləyin rejimi və qum toplantılarının səciyyəsindən asılı olaraq müxtəlif qum relyef formaları mövcuddur.

Barxanın küləyə tərəf olan yamacı uzun və azmeyilli (10-15°), küləkdən uzaq əks yamac isə qısa və çox meyilli (30-32°) olur. Barxanların hündürlüyü 1-2 m-dən 10-15 m-ə, bəzi yerlərdə (məs. Liviya səhrasında) 20-30 m-ə çatır. Bunların eni 40-70, hətta bəzi yerlərdə 130-140 m-ə qədər və daha artıq olur. Ayrıca tək barxanlara az rast gəlinir. Onların əmələ gəlməsi üçün takırlar (səhraların gilli hissələri) daha əlverişlidir. Səhralarda olan və ara-sıra quruyan göllərə də takır deyilir. Onların suyu buxarlananda dibi açılır, çöküntülər quruyub çatlayır və müxtəlif formalı poliqonlar əmələ gəlir.

En istiqamətli qum yığımları (barxan silsilələri) ayrı-ayrı barxanların birləşməsindən əmələ gəlir. Bunlar da hakim küləklərin istiqamətinə perpendikulyar istiqamətdə uzanır. Barxan silsilələrinin də yamacları asimmetrik, hündürlükləri 60-70 m, bəzi regionlarda 100 m-ə qədər və bundan artıq olur. Uzunluqları bir neçə yüz metrdən 10-20 km-ə çatır. Ayrı-ayrı barxanların və barxan silsilələrinin bir-birinə qovuşmasından mürəkkəb barxan sahələri əmələ gəlir.

Barxanlar hərəkət edərək ayrı-ayrı binaları, bağları, zəmiləri basır. Belə hadisələr Orta Asiya səhralarında, şəhər və kəndlərində müşahidə edilir.

Uzununa istiqamətli qum tirələri bütün səhralarda geniş yayılmış relyef formasıdır. Belə formaların yaranması bir istiqamətdə və ya müəyyən bir istiqamətə yaxın əsən küləklərin fəaliyyəti ilə bağlıdır. Külək müəyyən bir istiqamətdə əsəndə, bu istiqamətdə nisbətən ensiz, uzun simmetrik qum tirələri əmələ gəlir. Belə tirələrin bəziləri bir-birinə yaxın (150-180 m-a qədər), bəziləri isə bir-birindən uzaq (1000 m-dən 2500 m-ə qədər) məsafədə əmələ gəlir. Uzununa qum tirələrinin hündürlüyü Orta Asiya səhralarında-1-3 m-dən 10-12 m-ə qədər, Mərkəzi Qaraqumda-30 m, Qaraqumun bəzi yerlərində 40-60 m qədərdir. Afrikada (Saxara səhrasında) belə tirələrin hündürlüyü yüzlərlə metrə çatır.

Tirə-özək tipli qarışıq relyef formaları da vardır. Belə relyef formaları külək əsən istiqamətdə uzanan hündür tirələrin, eninə istiqamətdə alçaq, 100-200 m uzunluğu olan özəklərə (xanalara) qovuşması nəticəsində yaranır. Tirə-özək relyefinin səthi bütünlüklə kiçik çökəkliklərdən ibarət olur.

Tirə-çala relyef formaları bir-birindən əks istiqamətdə əsən müxtəlif güclü küləklərin fəaliyyəti ilə əlaqədardır. Bunlar barxanları xatırladan, lakin onlardan bir qədər fərqli olan relyef formalarıdır.

Təpəvarı qumlara Qara-Qum və Qızıl-Qum səhralarında rast gəlinir. Hündürlüyü 5 m-ə qədər və artıq (7-8 m) olur. Burada qumu təpə halında saxlayan bitki örtüyüdür. Səhralarda əksər hallarda kolların dibində hündürlüyü 1 m-ə qədər olan qum yığımı əmələ gəlir. Bunlara qum topaları deyilir.

Səhralardan fərqli olaraq dəniz və çay sahillərində eol çöküntülərinin toplanması nəticəsində dyun adlanan relyef formaları əmələ gəlir. Dyun- qum təpəsi olub, küləyin təsiri ilə yaranan müsbət relyef formasıdır. Onun küləkəsən tərəfi 16 dərəcəyə qədər , daha sərt tərəfi isə 35 dərəcəyə qədər olur. Dyunların hündürlüyü 1000-1500 metr olub, uzunluğu isə bir neçə 100 km-ə çatır. O, tək olduğu halda onun kənarı aypara formasında olur, uzun kənarları isə buynuzlar adlanır. Ümumiyyətlə dyun, daimi küləklərin hərəkət istiqamətinə perpendikulyar olur. Qumlu səhralarda tək tərəfli dyunlar birləşərək zəncirvari səhralar əmələ gətirirlər.Dyunlar planetin müxtəlif torpaq və bitki zonalarında, çayların, göllərin və dənizlərin qumlu sahillərində geniş yayılmışlar.

Dyunların əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar küləyin köçürülməsi ilə hərəkət etmək qabiliyyətinə malikdirlər və daimi qüvvətli küləklərin təsiri ilə hərəkət edirlər. Dyunların sürəti ildə 20 metrədək ola bilər. Sahilyanı ərazilərdə onlar torpağa tərəf dərin hərəkət edirlər. Dyunların hərəkəti bir problemdir. Belə ki, onlar yolları, sahələri, otlaqları, kiçik yaşayış məntəqələrini basa bilirlər. Onlara qarşı mübarizə tədbirləri torpaqların bərkidilməsidir. Dyunun barxandan əsas fərqi ondan ibarətdir ki, onun möhkəm tərəfi bitki örtüyü ilə örtülə bilir və bütün gücə baxmayaraq o dəyişmir və küləyin əsməsi istiqamətinə tərəf yönəlir.



Rusiyada ən yüksək dyunlar Dağıstan ərazisində, Mahaçqala yaxınlığında olub Sarıqum adlanır. Hündürlüyünə görə ikinci yerdə Kurş əyaləti durur ki, Rusiyanın Kalininqrad bölgəsindədir. Onlardan ən hündürü Efa dyunudur ki, alman müfəttişi Vilgelim Efanın şərəfinə adlandırılıb, hündürlüyü 6.5 metrə çatır.

Eol çöküntüləri səhralarda, yarımsəhralarda, dəniz, çay və göllərin sahillərində toplanaraq müxtəlif eol qum relyef formaları yaradır. Bu çöküntülərin bir növü lös və lösəbənzər gillicə adlanır. Eol çöküntüləri başqa kontinent çöküntülərindən müəyyən xüsusiyyətləri ilə fərqlənir. Onlar üçün laylanmanın çəp, qeyri-müntəzəm olması səciyyəvidir. Bu xüsusiyyət eol çöküntülərinin toplanmasını şərtləndirən küləyin əsmə istiqamətinin dəfələrlə dəyişməsi üzündəndir. Başqa bir xüsusiyyət eol çöküntülərində qum dənələrinin çox narın olması (0,05-0,25 mm-ə qədər) ilə əlaqədardır. Bu çöküntülərdə toz hissəcikləri, demək olar ki, heç yoxdur. Tozu külək sovurub daha uzaqlara aparır.

Tərkib etibarilə eol çöküntülərində kvars üstünlük təşkil edir, ancaq burada çöl şpatları da az deyil. Səhralarda müasir eol çöküntülərinin qalınlığı 50-60 m və daha artıq olur.

Səhraların kənar hissələrinda, bozqırlarda, düzənliklərdə, dağ yamaclarında küləyin gətirdiyi toz çökərək eol çöküntülərinin yuxarıda adını çəkdiyimiz bir növü olan lös çöküntülərini əmələ gətirir. Ancaq sarı, tünd sarı rəngli olan bu çöküntülər iri məsaməlidir. Tərkibində olan toz hissəciklərinin 50%-dən çoxunun ölçüləri 0,05-0,01 mm-ə qədərdir. Lös çöküntülərində laylanma olmur. Onlar üçün şaquli parçalanma (aralanıb ayrılma) və bitki köklərinin izi olan qısa şaquli kanalların olması səciyyəvidir. Lös çöküntülərinin qalınlığı bir neçə metrdən 100 m-ə qədər, Çində daha artıq (250 m-dan artıq) olur. Əsl lös çöküntüləri Çində, Orta Asiyada, ABŞ-ın qərb ştatlarının yarımsəhra rayonlarında mövcuddur. Lösəbənzər gillicələrə bizim ölkədə, Almaniyada və bəzi başqa yerlərdə rast gəlinir.

Səhralarda uçan qumlar daha geniş sahələr tutur. Uçan qumların inkişaf etdiyi materik Asiyadır. Afrika qitəsində də bu qumlar külli miqdarda yayılmışdır. Bu qitədə olan Böyük Səhrada və Kalaxaridə tamamilə uçan qumlar vardır. Avstraliyanın mərkəzi hissəsinde də uçan qumlar az deyildir. Lakin qitədəki bu qumlar hələlik zəif tədqiq olunub. Belə qum səhraları Şimali Amerikada, xüsusən, Kolorado və Arizona əyalətlərində də vardır. Cənubi Amerikada isə Atakama səhrası məşhurdur.

Eol relyef növlərinin əmələ gəlməsində qum süxurlarının başqa kövrək çöküntülərinin də rolu böyükdür. Deflyasiya nəticəsində bu süxurlar hündür məsafələrə və daha uzaqlara sovrulur. Bunlar özlərinəməxsus eol relyef formalarını yaradırlar. Belə formalara sovrulma çuxurları (çalalar) deyilir. Lakin nadir hallarda bu sovrulan süxurlar elə böyük olurlar ki, onların uzunluğu bir neçə kilometrlərlə hesablanır.

Yuxarıda qeyd etdik ki, barxanların əmələ gəlməsi üçün takırlar daha əlverişlidir. Takırların sahəsi bir neçə kvadrat metrdən bir neçə kvadrat kilometrə qədərdir. Bunların əmələ gəlməsi qum tirələrinin arasında ya daşlı səhrada, ya da bəzi hallarda dəyirmi, bəzi hallarda zolaq kimi uzanan çökək sahələrə efemer (tezkeçən) axınlar vasitəsilə qonşu yüksək ərazilərdən xırdadənəli materialın gətirilməsi ilə əlaqədardır. Çökəkliyin mərkəzi hissəsinə gəlib çatan ən narın dənələr burada toplanaraq gilli qatın əmələ gəlməsinə səbəb olur. Takırın üzərində əmələ gələn gilli qat get-gedə qalınlaşır və quruyub bərkiyir. Səhrada bərk istinin təsirindən takırın üzərindəki gil qatı çatlayıb, ayrı-ayrı lövhələrə (poliqonlara) parçalanır.

Takırların üzərində su keçirməyən gil layının əmələ gəlməsindən istifadə edərək bəzi yerlərdə yağıntını toplayır və şirin su ehtiyatı yaradırlar. Bu üsulla toplanan suyu bir quyuya axıdıb lazım olanda ondan istifadə edirlər. Kopet-Dağ silsiləsinin kənarlarında dağətəyi düzənliklərdə və Amu-Dəryanın aşağı hissəsində takırlar mövcuddur.

Bəzən sular səhralardakı hissələrdən başqa, süxurlardan həll etdikləri duzları da gətirir, buxarlanma nəticəsində duzlar çökür və beləliklə, torpaq şoranlaşır. Əlbəttə, duzlu, şor qrunt suyu yer səthinə yaxın olanda şor suyun təsirindən də torpaq şoranlaşır.

Respublikamızın ərazisində küləklərin cürbəcür növləri fəaliyyət göstərir. Bunların bir çoxu yerli ifadələrlə adlar daşıyır: meh, gilovar, xəzri və s. Bunların arasında ən çox geoloji iş görəni xəzridir. Xəzri dağıdıcılıq, daşıyıcılıq və yaradıcılıq işləri görür. Onun adı Xəzərlə həmahəng səslənir. Xəzərdə qasırğanın qopmasına qədər bu külək hərəkətdə olur.



Küləyin fəaliyyəti ilə əlaqədar proseslərə yekun vuraraq qeyd etmək lazımdır ki, aşınma, efemer axınlar və müvəqqəti dağ axınları ilə birlikdə baş verən proseslər nəticəsində müxtəlif növ: daşlı, qumlu, gilli, şoran və gipsli səhralar əmələ gəlir.

Yeri gəlmişkən deyək ki, məşhur maarifpərvər ziyalı Həsən bəy Zərdabi demişdir ki, «havanın tərpənməsi küləkdir». Odlar diyarı paytaxtının öz adını küləklərlə əlaqədar daşıması barədə də mülahizə yürüdülür. Məhz bununla əlaqədardır ki,paytaxtımız Bakı şəhəri burada güclü küləklərin tez-tez baş verməsi ilə əlaqədar olaraq “Küləklər Şəhəri” adlandırılır.
Yüklə 21,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin