HƏyatin gerçƏK



Yüklə 1,74 Mb.
səhifə62/72
tarix06.02.2017
ölçüsü1,74 Mb.
#7785
1   ...   58   59   60   61   62   63   64   65   ...   72

Qavrayan kimdir?


Buraya qədər başa düşüldüyü kimi, içində yaşadığımızı hesab etdiyimiz və “xarici dünya” adlandırdığımız maddi dünyanın əslində beynimizdə əmələ gəldiyinə şübhə yoxdur. Amma ən mühüm sual burada yaranır: bizə məlum olan bütün maddi varlıqların hər biri əslində hissdirsə, bəs beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya başqa hər hansı cisim kimi maddi dünyanın bir hissəsi olduğuna görə, o da digər maddələr kimi bir hiss olmalıdır.

Yuxu ilə bağlı bir misal bu mövzunu daha yaxşı açıqlayacaqdır. İndiyə qədər izah etdiklərimizə uyğun olaraq beynimizin içində bir yuxu gördüyümüzü düşünək. Yuxuda xəyali bədənimiz olacaq. Xəyali qolumuz, bədənimiz, gözümüz və bir də xəyali beynimiz. Yuxuda bizə “harada görürsən?” sualı verilsə, verəcəyimiz cavab “beynimdə görürəm” olar. Lakin ortada real beyin yoxdur. Sadəcə xəyali bədən, xəyali baş və xəyali beyin var. Yuxunuzdakı görüntünü görən iradə isə yuxudakı xəyali beyin deyil, onun daha da “fövqündə” olan bir varlıqdır.

Yuxudakı mühitlə real həyat adlandırdığımız mühit arasında hər hansı fiziki fərq olmadığını bilirik. Elə isə bizə real həyat adlandırdığımız mühitdə “harada görürsən?” sualı verildikdə yuxarıdakı misaldakı kimi, “beynimdə” cavabını verməyin mənası yoxdur. Hər iki vəziyyətdə görən və hiss edən iradə ət parçasından ibarət olan beyin deyil. Buraya qədər daima xarici dünyanın surətini beynimizdə seyr etdiyimiz haqqında danışdıq. Bunun mühüm nəticəsi budur ki, xarici dünyanın əslini heç vaxt bilməyəcəyik.

Ən az bunun qədər mühüm olan ikinci bir həqiqət isə budur ki, beynimizdə seyr etdiyimiz bu dünyanı izləyən “iradə” beyinin özü deyil. Beyin ona gələn faktları şərh edən və görüntüyə çevrən kompyuter-monitor sistemi kimidir, lakin diqqət edilsə, kompyuterlər öz-özlərini seyr edə bilmirlər. Varlıqlarını heç dərk etmirlər.

Bu şüuru axtarmaq üçün beyini təhlil etdikdə qarşımıza digər canlı orqanlarda da olan zülal və yağ molekulları kimi molekullardan fərqli bir şey çıxmayacaq. Yəni beyin adlandırdığımız ət parçasında görüntüləri seyr edərək şərh edən, şüuru əmələ gətirən, qısaca desək, “mən” dediyimiz şeyi yaradan bir şey yoxdur.

R.L.Qreqori beyinin içində görüntünün hiss edilməsi ilə bağlı insanların düşdükləri xətanı belə ifadə edir:

Gözlərin beyində rəsmlər əmələ gətirdiyini düşünürlər, lakin bu doğru deyil. Beyində rəsm əmələ gəldiyini deyiriksə, bunu görmək üçün beyinin içində də bir göz olmalıdır; lakin bu gözün rəsmini görmək üçün daha bir gözə ehtiyac olacaqdır; ... və bu da sonsuz göz və rəsmin olması deməkdir. Bu, qeyri-mümkündür.403

Maddədən başqa bir varlığı qəbul etməyən materialistlərin həll edə bilmədikləri problemlərdən biri budur: görən, gördüyünü qavrayan və reaksiya verən “daxildəki göz” kimə aiddir?

Karl Pribram da elm və fəlsəfə dünyasında duyğunu hiss edənin kim olduğu ilə bağlı bu mühüm axtarışa diqqət çəkmişdir:

Qədim yunanlardan bəri filosoflar “makinanın içindəki kabus”, “kiçik insanın içindəki kiçik insan” və s. üzərində düşünüblər. Mən – beyindən istifadə edən varlıq haradadır? Əsl görən kimdir? Assisili Müqəddəs Frensisin də dediyi kimi, “axtardığımız şey budur: baxan nədir?”404

İndi bunu düşünün: əlinizdəki kitab, içində oturduğunuz otaq, qısaca desək, qarşınızdakı bütün görüntüləri beyninizin içində görürsünüz. Bəs bu görüntüləri atomlar görür? Həm də kor, kar, şüursuz atomlar... Nə üçün atomların bir hissəsi bu xüsusiyyətləri qazanıb, digərləri isə qazanmayıb? Düşünməyimiz, qavramağımız, xatırlamağımız, sevinməyimiz, kədərlənməyimiz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardan ibarətdir?

Bu sualları diqqətlə düşündükdə atomlarda iradə axtarmağın bir mənasının olmadığını görürük. Aydındır ki, görən, eşidən və hiss edən varlıq maddənin fövqündə olan bir varlıqdır. Bu varlıq “canlıdır” və nə maddə, nə də görüntü deyil. Bu varlıq bədən görüntümüz vasitəsilə qarşısındakı xəyallarla təmasda olur.

Bu varlıq “ruh”dur.

Bu sətirləri yazan və oxuyan ağıllı varlıqlar atom və molekul yığını və onların arasındakı kimyəvi reaksiyalar deyil, ruhdur.



Həqiqi mütləq varlıq


Bütün bu həqiqətlər bizi çox mühüm sualla qarşı-qarşıya qoyur: madam ki, bizim təmasda olduğumuz dünya əslində ruhumuzun gördüyü xəyallardır, elə isə bu xəyalların mənbəyi nədir?..

Bu suala cavab verərkən bu həqiqətə diqqət etmək lazımdır: biz maddəni ancaq xəyalımızda görürük, xarici aləmdəki əsli ilə əsla təmasda ola bilmərik. Maddə bizim üçün bir hiss olduğuna görə, “süni” bir şeydir. Yəni bu hiss başqa güc tərəfindən hazırlanmalı, daha açıq ifadə ilə desək, yaradılmalıdır, həm də müntəzəm surətdə yaradılmalıdır. Əgər müntəzəm yaratma olmasa, bu hisslər də yox olub gedər. Bu, bir televizorun ekranındakı görüntünün davam etməsi üçün yayımın müntəzəm davam etdirilməsinə bənzəyir.

Bəs kim bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi müntəzəm olaraq seyr etdirir?

Məlumdur ki, içində yaşadığımız bütün maddi kainatı yaradan və müntəzəm olaraq yaratmağa davam edən üstün Yaradan var. Bu Yaradan bu qədər görkəmli yaradılış nümayiş etdirdiyinə görə də sonsuz güc və bilik sahibidir.

Belə ki, o Yaradan bizə endirdiyi kitab yolu ilə Özünü, kainatı və bizim nə üçün yaradıldığımızı izah edir.

O Yaradan Allah, kitabının adı isə Qurani-Kərimdir.

Göylərin və yerin, yəni kainatın sabit olmadığı, sadəcə Allahın yaratması ilə var olduqları və Allah yaratmağı dayandırdıqda yox olacaqları bir ayədə belə ifadə edilir:
Həqiqətən, Allah göyləri və yeri zaval tapmasınlar deyə, tutub saxlayır. Əgər öz mehvərindən çıxsalar, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, (Allah) həlimdir, bağışlayandır! (Fatir surəsi, 41)
Əlbəttə, bu ayədə maddi kainatın Allahın qüdrəti ilə saxlanılmasından bəhs olunur. Allah kainatı, Yeri, dağları, canlı-cansız bütün varlıqları yaratmışdır və onları hər an qüdrəti ilə nəzarətdə saxlayır. Allahın Xaliq sifəti bu maddi kainatda təzahür edir. Allah Xaliqdir, yəni hər şeyi yaradan, yoxdan var edəndir. Bu da bizə göstərir ki, beynimizdən kənarda Allahın yaratdığı varlıqlardan ibarət maddi kainat var. Ancaq Allah möcüzə və yaratmasındakı üstünlüyün və sonsuz elminin bir təzahürü kimi, bu maddi dünyanı bizə “xəyal”, “kölgə” və ya “görüntü” kimi seyr etdirir. Allahın yaratmasındakı mükəmməlliyin bir nəticəsi kimi, insan beynindən kənardakı dünya ilə əsla təmasda ola bilməz. Bu həqiqi maddi kainatı görə bilən ancaq Allahdır.

Fatir surəsindəki ayənin başqa izahı da insanların gördükləri maddi kainatın görüntülərini də Allahın hər an nəzarətdə saxlamasıdır. (Ən doğrusunu Allah bilir). Allah zehnimizə dünyanın görüntüsünü göstərməməyi istəsə, bütün kainat bizim üçün yox olar və bir daha əsla onu görə bilmərik.

Bizim maddi kainatın özü ilə əsla təmasda ola bilmədiyimiz insanların bir çoxunu maraqlandıran “Allah haradadır?” sualının cavabını da verir.

Girişdə bildirdiyimiz kimi, insanların əksəriyyəti Allahın gücünü qavraya bilmədiklərinə görə, Onu göydə bir yerdə mövcud olan və dünyanın işlərinə müdaxilə etməyən bir varlıq kimi düşünürlər. (Allahı tənzih edirik). Bu düşüncə tərzinin əsası kainatın maddələr bütünü olduğu, Allahın isə bu maddələrin “xaricində” bir yerdə olduğuna əsaslanır.

Halbuki indiyə qədər təhlil etdiyimiz kimi, maddi kainatla əsla təmasda ola bilmədiyimiz kimi, onun mahiyyətini də tam şəkildə bilmirik. Yeganə bildiyimiz şey bütün bunları Yaradanın, yəni Allahın varlığıdır. İmam Rəbbani kimi böyük İslam alimi bu həqiqəti ifadə etmək üçün: “Var olan tək mütləq varlıq yalnız Allahdır, Ondan başqa hər şey kölgə varlıqlardır”, -demişdir.

Çünki gördüyümüz dünya zehnimizdədir və bunun xarici dünyadakı əsli ilə təmasda olmağımız əsla mümkün deyil.

Bu təqdirdə Allahın əsla təmasda ola bilmədiyimiz maddi kainatın “xaricində” olduğunu düşünmək səhv olar.

Allah əslində “hər yerdədir” və hər yeri əhatə edir. Bu həqiqət Quranda belə açıqlanır:


... Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)
Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, O hər şeyi ehtiva edəndir! (Fussilət surəsi, 54)
Allahın məkana tabe olmadığı və hər yeri əhatə etdiyi həqiqəti başqa bir ayədə də belə bildirilir:
Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, (O, hər şeyi) biləndir! (Bəqərə surəsi, 115)
Maddi varlıqlar Allahı görə bilməzlər, amma Allah Öz yaratdığı maddəni görür. Quranda “Gözlər Onu dərk etməz. O, gözləri dərk edər...” (Ənam surəsi, 103) şəklində bu həqiqət xəbər verilir.

Yəni biz Allahın varlığını gözlərimizlə görə bilmərik, amma Allah bizim daxilimizi, zahirimizi, baxışlarımızı, düşüncələrimizi tamamilə əhatə etmişdir. O bilmədən biz bircə söz belə deyə bilməz, hətta nəfəs belə ala bilmərik.

“Xarici dünya” hesab etdiyimiz xəyalları seyr edərkən, yəni həyatımızı yaşayarkən də bizə ən yaxın olan varlıq Allahın Özüdür. Qurandakı “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (Qaf surəsi, 16)” ayəsinin sirri də bu həqiqətdə gizlənmişdir. Bir insan öz bədəninin “maddədən” ibarət olduğunu zənn etdikdə bu mühüm həqiqəti qavraya bilməz. Məsələn, “özü” zənn etdiyi yer beynidirsə, xarici aləm kimi qəbul etdiyi yer ondan 20-30 sm qədər müəyyən məsafədə olur. Amma maddə kimi qəbul etdiyi hər şeyin zehnindəki hisslər olduğunu qavradıqda artıq xarici aləm, daxili, uzaq, yaxın kimi anlayışlar mənasını itirir. Allah onu tamamilə əhatə etmişdir və ona “sonsuz dərəcədə yaxındır”.

Allah insanlara “sonsuz dərəcədə yaxın olduğunu” “Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) çox yaxınam...” (Bəqərə surəsi, 186) ayəsi ilə də bildirir. Başqa bir ayədəki “Rəbbin insanları ehtiva etmişdir” (İsra surəsi, 60) ifadəsi də eyni həqiqəti xəbər verir.

İnsan özünə ən yaxın olan varlığın özü olduğunu hesab edərək yanılır. Halbuki Allah bizə özümüzdən belə daha yaxındır. “(Can) boğaza yetişdiyi zaman, Siz (ona) baxıb durursunuz, Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz! (Vaqiə surəsi, 83-85)” ayələri ilə də Allah bu həqiqətə diqqət çəkmişdir. Ancaq ayədə də bildirildiyi kimi, insanlar gözləri ilə görə bilmədikləri üçün bu qeyri-adi həqiqətdən xəbərsiz yaşayırlar.

Digər tərəfdən, İmam Rəbbaninin ifadəsi ilə kölgə varlıqdan başqa bir şey olmayan insanın Allahdan asılı olmaması, ayrıca, gücə malik olması da mümkün deyil. Belə ki, “Halbuki siz də, sizin etdiklərinizi də Allah yaratmışdır! (Saffat surəsi, 96)” ayəsi yaşadığımız bütün hadisələrin Allahın nəzarəti altında baş verdiyini göstərir. Quranda bu həqiqət bildirilir və “...atdığın zaman sən atmadın, Allah atdı...” (Ənfal surəsi, 17) ayəsi ilə heç bir hərəkətin Allahın nəzarəti xaricində olmadığı vurğulanır. İnsan kölgə varlıq olduğu üçün, “atmaq” hərəkətini özü həyata keçirə bilməz. Ancaq Allah bu kölgə varlığa özünün atdığı hissini verir. Əslində isə bütün hərəkətləri həyata keçirən Allahdır.

Həqiqət budur. Bir insan bunu qəbul etmək istəməyə bilər, özünü Allahdan asılı olmayan varlıq hesab edə bilər, amma bu, heç nəyi dəyişdirmir.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin