“Həyat ağacı” məhv olur
1990-cı illərdə canlıların genetik şifrələri haqqında aparılan tədqiqatlar təkamül nəzəriyyəsinin bu sahədə düşdüyü çıxılmaz vəziyyəti bir az da dərinləşdirdi. Bu tədqiqatlarda daha əvvəl təkcə zülal düzülüşləri üzərində aparılan müqayisələr əvəzinə “ribosomal rRNT (RNT)” düzülüşləri müqayisə edilmiş və buna əsaslanaraq “təkamül ağacı” qurmaq istəmişdilər. Amma təkamülçülər nəticələr qarşısında ümidsizliyə düşmüşdülər.
Fransız bioloqlar Herve Filip və Patrik Forterin 1999-cu il tarixli məqalələrində yazdıqlarına əsasən: “Sekanslar (DNT düzülüşləri) əldə edildikcə bir çox zülalın bir çox zülal filogeniyasının bir-biri ilə və eyni zamanda rRNT ağacı ilə ziddiyyət təşkil etdiyi üzə çıxmışdır”.302
“rRNT” müqayisələri ilə bərabər canlıların genlərindəki DNT şifrələri də müqayisə edilmiş, amma yenə təkamül nəzəriyyəsinin irəli sürdüyü “həyat ağacı”na zidd olan nəticələr ortaya çıxmışdır. Molekulyar bioloqlar olan Ceyms Leyk, Reyvi Ceyn və Mariya Rivera 1999-cu ildəki məqalələrində bunu belə açıqlayırlar:
Elm adamları müxtəlif canlıların müxtəlif genlərini təhlil etməyə başladılar və onların bir-biri ilə olan əlaqələrinin rRNT təhlilinə əsasən qurulmuş təkamül həyat ağacı ilə ziddiyyət təşkil etdiyi məlum oldu.303
Nəticədə nə zülallar, nə rRNT, nə də genlər üzərində aparılan müqayisələr təkamül nəzəriyyəsinin fərziyyələrini təsdiqləyir. İllinoys Universitetindən məşhur bioloq Karl Vus “filogeniya” (təkamül qohumluğu) anlayışının molekulyar kəşflər nəticəsində əhəmiyyətini itirdiyini belə qəbul edir:
İndiyə qədər qurulan bir çox fərdi zülal filogeniyalarından heç bir əhəmiyyətli canlı filogeniyası meydana gəlməmişdir. Filogenetik uyğunsuzluqlar təkamül nəsil ağacının hər yerində var, köklərindən əsas budaqlarına və əsas qrupların əmələ gətirən qrupların öz aralarında belə.304
Molekulyar müqayisələrin təkamül nəzəriyyəsi lehinə deyil, əleyhinə nəticələr verməsi 1999-cu ildə “Elm” (Science) jurnalında dərc olunan “Həyat ağacını kökündən qoparmağın vaxtıdırmı?” (İs it time to uproot the tree of life?) başlıqlı məqalədə də qəbul edilmişdir. Elizabet Pennisi tərəfindən yazılmış məqalədə darvinist bioloqların “təkamül ağacını” əsaslandırmaq üçün həyata keçirdikləri genetik təhlil və müqayisələrin tam əksi yöndə nəticə verdiyi bildirilmiş, “yeni faktların təkamül mənzərəsini qaraltdığı” ifadə edilmişdir:
Bir il əvvəl bir düjindən çox mikroorqanizmin yeni düzülmüş genomlarını təhlil edən bioloqlar bu məlumatların həyatın erkən dövrlərinin tarixi haqqında qəbul edilmiş fikirləri dəstəkləyəcəyini ümid etmişdilər. Amma gördükləri şey onları heyrətə saldı. O an mövcud olan genomların müqayisə edilməsi canlıların böyük qruplarının necə ortaya çıxdığına dair mənzərəni işıqlandırmadığı kimi onu bir az da qarışdırdı. İndi əldə olan 8 yeni mikrobial düzülüşlə birlikdə vəziyyət daha da qarışıqdır...
Bir çox təkamülçü bioloq həyatın başlanğıcını üç əsas aləmdə tapa biləcəklərini düşünürdülər... Bütöv DNT düzülüşləri başqa cür genlərin müqayisə edilməsinin yolunu açdıqda tədqiqatçılar asanlıqla bu ağaca daha çox detal əlavə edəcəklərinə ümid edirdilər. Amma “heç nə həqiqətən bu qədər qeyri-mümkün ola bilməzdi” Rokvil Merilenddəki Genom Tədqiqatı İnstitutunun rəhbəri Kler Freyzer deyir. Əksinə, (genetik) müqayisələr həm rRNT ağacı ilə, həm də bir-birləri ilə ziddiyyət təşkil edən bir çox müxtəif həyat ağacı versiyasını ortaya çıxardı.305
Qısaca desək, molekulyar biologiya inkişaf etdikcə homologiya məfhumu da daha çox mənasını itirir. Zülallar rRNT və ya genlər arasındakı müqayisələr təkamül nəzəriyyəsinə əsasən bir-birinin yaxın qohumu hesab edilən canlıları bir-birindən çox uzaqlaşdırır. 1996-cı ildə 88 zülalın düzülüşü üzərində aparılan müqayisələr dovşanları gəmiricilər əvəzinə primatlara yaxınlaşdırmışdır. 1998-ci ildə 19 müxtəlif heyvan növünün 13 geni üzərində aparılan təhlillər dəniz kirpilərini (heç bir təkamül əlaqələri iddia edilməyən) xordalılar şöbəsinə yaxın göstərmişdir. 1998-ci ildə 12 müxtəlif zülal əsasında aparılan müqayisələr inəkləri balinalara atlardan daha yaxın çıxarmışdır.
Canlılar molekulyar səviyyədə təhlil edildikcə təkamül nəzəriyyəsinin homologiya fərziyyələri bir-bir məhv olur. Amerikalı molekulyar bioloq Conatan Uelz 2000-ci ildəki vəziyyəti belə xülasə edir:
Müxtəlif molekullara əsasən qurulmuş ağaclardakı uyğunsuzluqlar və molekulyar təhlillər nəticəsində üzə çıxan qəribə nəticələr artıq molekulyar filogeniyanı böhrana sürükləmişdir.306
Bəs bu halda, canlılardakı bənzər formaların elmi açıqlaması necədir? Bu sualın cavabı Darvinin təkamül nəzəriyyəsi elm dünyasına hakim olmadan əvvəl verilmişdir. Canlılardakı oxşar orqanları ilk dəfə gündəmə gətirən Karl Linney və ya Riçard Ouen kimi elm adamları bu orqanları “ortaq yaradılış” nümunəsi hesab etmişlər. Yəni oxşar orqanlar və ya bənzər genlər ortaq əcdaddan təsadüfən təkamüllə törədikləri üçün deyil, müəyyən bir funksiyanı yerinə yetirmək üçün yaradıldıqları üçün bənzərdir.
Müasir elmi kəşflər isə oxşar orqanlarla bağlı irəli sürülən “ortaq əcdad” iddiasının əsassız olduğunu və yeganə açıqlamanın sözügedən “ortaq yaradılış” olduğunu göstərir.
İMMUNİTET, “RUDİMENT ORQANLAR” VƏ EMBRİOLOGİYA
Əvvəlki bölmələrdə təkamül nəzəriyyəsinin paleontologiya və molekulyar biologiya sahələrində qarşılaşdığı ziddiyyətləri və düşdüyü çıxılmaz vəziyyətləri elmi dəlillər və kəşflər əsasında təhlil etdik. Bu bölmədə isə təkamülçü mənbələrdə nəzəriyyəyə dəlil kimi göstərilən bəzi bioloji faktlardan bəhs edəcəyik. Bu faktlar əslində təkamül nəzəriyyəsini dəstəkləyən heç bir elmi kəşfin olmadığını göstərir.
Bakteriyaların antibiotiklərə qarşı müqaviməti Təkamülçülərin nəzəriyyələrinə dəlil kimi göstərməyə çalışdıqları bioloji faktlardan biri bakteriyaların antibiotiklərə qarşı müqavimətidir. Təkamül nəzəriyyəsini dəstəkləyən bir çox mənbə antibiotiklərə qarşı müqaviməti “faydalı mutasiyaların canlıları təkmilləşdirdiyinə nümunə” kimi göstərir. Buna bənzər bir iddia DDT kimi dərman vasitələrinə qarşı immunitet qazanan həşəratlar haqqında da irəli sürülür.
Dostları ilə paylaş: |