Azərbaycan Dövlət İqtisad Universiteti
“Humanitar fənlər” kafedrasının
baş müəllimi t.ü.f.d. Xədicə Abbaslı
xdicabbasli@gmail.com
Fənn: Azərbaycan tarixi
MÖVZU: AZƏRBAYCAN XANLIQLARI
PLAN
1.Şəki xanlığı
2.Qarabağ xanlığı
3 .Quba xanlığı
5. Xanlıqlar dövründə Azərbaycan mədəniyyəti.
Mühazirə mətnində XVIII əsrin ortalarında Azərbaycanda siyasi vəziyyət, feodal dağınaqlığı, müstəqil dövlətlərin - xanlıqların yaradılması prosesi işıqlandırılır. Xüsusilə Şəki, Qarabağ, Quba xanlıqlarının Azərbaycanı vahid mərkəzdə birləşdirmə siyasəti şərh olunur.
XVIII əsrin ortalarında Nadir şah Əfşarın yaratdığı imperatorluğun dağılması Azərbaycanda siyasi parçalanmaya gətirib çıxartdı. Siyasi parçalanma şəraitində ayrı-ayrı bölgələri arasında iqtisadi əlaqələrin zəifləməsi və bəzi hallarda pozulması nəticəsində Azərbaycanda müstəqil və yarımmüstəqil dövlətlər olan xanlıqlar meydana çıxmağa başladı. Xanlıqların əmələ gəlməsinin ilkin şərtləri Səfəvilər dövründən mövcud idi. 200 ildən artıq yaşamış Səfəvilər dövlətinin möhkəm və sabit mərkəzi dövlət idarəçiliyi olmamışdır. Səfəvilər dövlətinin ərazisi 4 vilayətə, 13 bəylərbəyliyə bölünmüşdür. Azərbaycan ərazisində 4 bəylərbəyliyi, Gəncə (Qarabağ) Şirvan, mərkəzi Təbriz olan cənubi Azərbaycan və mərkəzi İrəvan olan Çuxur- Səəd. Həmin inzibati ərazilər ayrı-ayrı nüfuzlu tayfaların başçıları tərəfındən idarə edilirlər. Onların hakimiyyəti irsi xarakter daşıyırdı. Bu isə əyalət başçılarının nüfuzunun möhkəmləndirilməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmasına gətirib çıxarırdı. Siyasi və iqtisadi müstəqilliyə malik olan vilayət başçıları şah fərmanlarını formal həyata keçirir, hətta onun mənafeyinə uyğun olmayanlara etinasız yanaşırdılar. Onlar bir növ dövlət içərisində dövləti xatırladırdı. A.Volınski, S.Qmelin və başqaları Səfəvi dövlətində şahın formal hakimiyyətə malik olduğunu qeyd edirlər. XVII əsrin sonu XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən ayrı-ayrı vilayət hakimlərinin müstəqilliyi daha da gücləndi.
Xanlıqların əmələ gəlməsinin başlıca amillərindən biri Səfəvi dövlətinin süqutu və dövlətin iqtisadiyyatının tənəzzülü və ucqarlarla iqtisadi əlaqələrin zəifliyi idi. Bu isə natural təsərrüfatın hökm sürdüyü feodalizm cəmiyyətinin təbiətindən doğurdu. Böyük coğrafı kəşflərdən sonra dünya ticarət yolları öz istiqamətini dəyişdi, vaxtı ilə ticarət yollarının düyün nöqtəsi olan İran və Zaqafqaziya indi kənarda qalmışdır. Şəhərlərdə xarici ticarətin tənəzzülə uğraması feodalları və şah xəzinəsinin gəlirinin azalmasına səbəb olmuşdur. Xanlıqların meydana çıxmasının iqtisadi amillərindən danışarkən Azərbaycan şəhərləri ilə Rusiya arasında ticarət əlaqələrinin genişləndiyini qeyd etməliyik. Bunun nəticəsində Azərbaycan şəhərləri - Bakı, Dərbənd, Şamaxı, Təbriz və s. müstəqillik qazanmış və İranla əlaqələri zəifləmişdir. Şəhərlərin iqtisadi cəhətdən zəif olmalarına baxmayaraq ayrı-ayrı xanlıqların mərkəzlərinə çevrilirlər.
Xanlıqların meydana gəlməsində beynəlxalq şərait də müəyyən rol oynamışdır. XVII əsrin sonu XVIII əsrin əvvəllərində İran və ona daxil olan ölkələrdə iqtisadi və siyasi böhran dərinləşdiyi halda, Qərbi Avropa dövlətləri, həmçinin Rusiya yeni-yeni müstəmləkələr ələ keçirməyə çalışırdılar. Bu və ya digər dövlətlər Azərbaycanı ələ keçirmək üçün müxtəlif vasitələrə əl atır və onlar arasında kəskin mübarizə gedirdi. Azərbaycanın Rusiya ilə əlaqələri daha geniş hal almışdır. Rusiya öz planlarını həyata keçirmək üçün ayrı-ayrı Azərbaycan xanlarına müstəqillik verməyi vəd edirdi. Ona görə də bir sıra xanlar rus çarına məktublarla müraciət edirdilər. Belə bir vəziyyət xanlıqların müstəqil yaşamalarına şərait yaradırdı.
XVIII əsrin ortalarında Azərbaycan İran əsarətindən azad olduqdan sonra onun ərazisində 19 xanlıq yarandı. onların 11-i Azərbaycanın şimalında; -Şəki, Bakı, Şirvan, Qarabağ, Quba, Gəncə, Dərbənd, Naxçıvan, Salyan, Talış, Cavad; 8-i isə Azərbaycanın cənubunda - Təbriz, Urmiyə, Xoy, Qaradağ, Marağa, Ərdəbil, Sərab, Maku yaranmışdır. Qarabağ xanlığına tabe olan 5 malik: Vərəndə, Gülüstan, Dizaq, Çarabord (Çiləvörd), Xaçın və Car- Balakən Camaatı, 5 sultanlıq; - Şəki xanlığına tabe olan İlisu, Qəbələ, Ərəş və müəyyən dövrlərdə Şəki xanlığına, yaxud da Kartli-Kaxetiya çarlığına tabe olan Qazax, Şəmsəddil əmələ gəldi.
1743-1744-cü illər üsyanı nəticəsində Şəki ərazisi İran əsarətindən xilas oldu. Burada müstəqil Azərbaycan dövləti olan Şəki xanlığı yaradıldı. Xanlığın əsasını qoyan Hacı Çələbi olmuşdur. Müstəqil Şəki xanlığının yaradılması əslində Azərbaycanın böyük bir hissəsində dövlətçiliyin bərpası demək idi.
Şəki xanlığı öz banisi Hacı Çələbiııin dövründə xeyli qüvvətlənmiş, fəal siyasət yeridərək ətraf torpaqları özünə birləşdirmişdir. Hacı Çələbi əlverişli şəraitdən istifadə edərək Təbrizə qədər irəliləmiş, lakin Əmir Aslan xan onu geri çəkilməyə məcbur etmiş və əks hücuma keçərək Şəkiyə hücum edir. H.Çələbinin oğlu Həsənağa isə döyüşdə öldürülür. H.Çələbi Şirvan xanı ilə birləşərək Qarabağa soxulur. Lakin Boyat qalasını bir ay mühasirədə saxladıqdan sonra məğlub olub geri çəkilir. H.Çələbi Kürdən keçərkən məyus halda demişdir: «Pənahəli xan özünü xan elan etmişdir, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq etdim». H.Çələbi yenə öz planlarından əl çəkmir, Qarabağ məliklərindən öz məqsədi üçün istifadə etməyə çalışır. O, Qazı Qumuxlu Məhəmməd Həsən xanın qızı ilə evlənməklə onu öz tərəfinə çəkir. Bir qədər sonra Ərəş və İlisu sultanlıqlarını özündən asılı vəziyyətə salır. Beləliklə, Şəki xanlığı bu dövrdə Azərbaycan xanlıqları içərisində ən güclü feodal dövləti olur. H.Çələbi Şəkidə abadlıq işləri aparmış - məscidlər, hamamlar, mədrəsələr və s. ictimai binalar tikdirmişdir. Vergiləri nizama salmaq məqsədi ilə Qanunnamə hazırlatmışdır.
Şəki xanlığının güclənməsi, onun Car-Balakən və Gəncə torpaqlarına göz dikməsi bir sıra Azərbaycan xanları və Kartlı - Kaxet çarlığını ciddi narahat edirdi. Gürcü hakimləri Carı ələ keçirməyə çalışırdılar. Lakin 1751-ci ildə onların qoşunları Carda H.Çələbi tərəfindən məğlub edildi. 1752-ci ildə Temuraz) Kartli çarı» və İrakli (Kaxet çarı) Gəncəyə hücum etməyi qərara aldılar. Onlar bu məqsədlə Qarabağ xanı Pənahəlini öz tərəflərinə çəkərək onunla ittifaqa girdilər. Bu ittifaq əslində H.Çələbiyə qarşı çevrilmişdi. İttifaqa Naxçıvanlı Heydərqulu xan, Qaradağlı Qasım xan, Gəncəli Şahverdi xan, İrəvanlı Hüseyn xan da cəlb edildi. 1752-ci ilin martında müttəfiqlər Gəncə altında Qızılqaya adlanan yerdə görüşdülər. Lakin İrakli xəyanət edərək xanları əsir aldı və onları özündən asılı vəziyyətə salmağa çalışdı.
Kürün sol sahilində düşərgə salmış Hacı Çələbi xanların əsir alınması xəbərini aldıqda hücum edərək gürcüləri təqib etməyə başladı. Ağstafa çayı yaxınlığında gürcüləri məğlub etdi və xanları əsirlikdən azad etdi. Borçalı və Qazax sultanlıqlarını ələ keçirdi, oğlu Ağakişini ora hakim təyin etdi. Tariximizə «Qızılqaya xəyanəti» kimi daxil olmuş bu hadisə bir daha göstərdi ki, Azərbaycan xanları birləşməli və ümumi düşmənə qarşı vahid cəbhədə mübarizə aparmalıdırlar. 1752-ci ilin yazında H.Çələbi dostluq münasibətləri yaratmaq üçün Temurazın sarayına elçi göndərdi. Lakin Temuraz Kabardin hakimindən 2 min qüvvə alaraq Ağakişini Borçalı və Qazaxdan çəkilməyə məcbur etdi. Sonrakı il H.Çələbi Cara hücum etsə də, məğlub oldu. Şirvan torpaqlarını ələ keçirmək üçün 1755-ci ildə H.Çələbi ora hücum etdi. Ağsuyu mühasirə etsə də, məğlub olub geri çəkildi. H.Çələbi 12 il xanlıq etdikdən sonra 1755-ci ildə vəfat etmişdir.
Onun ölümündən sonra Şəki xanlığında hakimiyyət uğrunda mübarizə güclənmiş, Şəki xanlığı öz əvvəlki qüdrətini itirmiş, Azərbaycanın siyasi həyatında elə bir rol oynaya bilməmişdir.
Hakimiyyətə Hacı Çələbinin oğlu Ağakişi keçmişdir. O, qaymatası qazıqumuxlu Məhəmməd Həsən xan tərəfindən Ərəşdə öldürülmüşdür. Məhəmməd xan 40 gün Şəkidə hakimiyyətdə olmuşdur. H.Çələbinin nəvəsi Hüseyn xan Qubalı Fətəli xanın köməkliyi ilə xanlığı ələ keçirmişdir. 1762-ci ildən Fətəli xan Əfşər Azərbaycana soxulur. Bundan istifadə edən Ərəş sultanı Əli Hüseyn xanlıqdan kənar etmək istədi, lakin bu baş tutmadı. 1767-ci ildə Qubalı Fətəli xan Hüseyn xan ilə birlikdə Şirvanı ələ keçirdilər. Şirvanın bir hissəsinin Şəkiyə qatılması Fətəli xanı narahat etdi. Hüseyn xan bunu hiss etdikdə Şirvan xanı Ağası ilə yaxınlaşdı. 1768-ci ildə Fətəli xan Hüseyn xanı məğlub etdi və 1769-cu ildə onlar arasında bağlanılan müqaviləyə görə Hüseyn xan fətəli xandan asılı vəziyyətə düşdü. O, Şamaxı hadisələrinə qayıtmayacağına və Fətəli xana qoşunla kömək edəyəciyini üzərinə götürmüşdü. 1779-cu ildə Hüseyn xan 22 il hakimiyyətdən sonra əmisi Əbdülqadir tərəfindən öldürülmüşdür. Onun oğlu Məhəmməd Həsənağa Cardan qoşun toplayaraq hakimiyyəti ələ keçirmişdi. Məhəmməd Həsən Şəki qalasını tikdirmiş, xanlıq üçün «Dəstur-əl Əməl» qanunnaməsi hazırlamışda. O, Fətəli xanın siyasətinə qarşı çıxmış, 1785-ci ildə məğlub edilmişdir. Fətəli xan onu özündən asılı vəziyyətə salmışdı. Onlar «Nigah diplomatiyasına» əl ataraq bir-birinin bacısı ilə evlənmişdilər. Məhəmməd Həsən Fətəli xanın asılılığından qurtarmağa çalışmış, hətta Ərəş sultanı ilə birlikdə Ağsuya hücum etmişdi. Məğlub olduqdan sonra bacısı vasitəsi ilə Fətəli xandan Aman istəmişdir. 1795-ci ildə Ağa Məhəmmədin hücumu zamanı onun tərəfınə keçmişdi. O, qardaşı Fətəlini kor etmiş, Səlim isə Cara qaçmışdı. Səlim xan xanlığı ələ keçirmişdi. 1796-cı ildə o, Zubovun yanına elçi göndərmişdi. Qacarın 2-ci hücumu zamanı Şirvanlı Mustafa xan Şəkini tutub ora öz naibini təyin etmişdir. 1804-cü ildə Səlim xan Şəkidə hakimiyyəti yenidən ələ keçirdi. 1805-ci ildə Rusiyanın himayəsini qəbul etdi. Qarabağlı İbrahim xan və ailəsi ruslar tərəfındən öldürüldükdən sonra Səlim xan tərəddüdə başladı və İrana qaçmışdır. Şəkinin xanı Cəfərqulu xan Xoyski təyin olunmuşdur. Onun oğlu İsmayıl bəy öldükdən sonra (1819) Şəkidə xanlıq üsuli-idarəsi ləğv edildi.
Azərbaycanda ən zəngin vilayətlərdən biri olan Qubanın ərazisində Dağıstan, Şimali Qafqaz və Rusiyanı birləşdirən mühüm ticarət yolu keçirdi. Bu əlverişli vəziyyət Quba xanlığının yüksəlişində mühüm rol oynamışdır.
Quba xanlığı Azərbaycanın ərazisində erkən yaranmış xanlıqlardan biri idi. Xanlığın əsası XVII əsrin sonuncu rübündə qoyulmuşdur. Tarixi mənbələrdə Qubanın ilk xanı Hüseynin 1689-cu ildə öldüyü qeyd olunur. Xanlığın mərkəzi əvvəl Xudat qalası, sonra isə, 1735-ci ildən Quba olmuşdur. 1724-cü ildə Quba Rusiyaya birləşdirilmiş və onun xanı Hüseynəli xan təyin olunmuşdur. O, çar xəzinəsinə xərac verməmiş, ancaq yeri gəldikdə öz qoşunları ilə Rusiyaya kömək etmişdir. Sonra Quba xanlıgı Nadir şahdan asılı vəziyyətə düşmüşdür. Onun ölümündən (1758) sonra isə müstəqillik qazanmışdır. XVIII əsrin 50-ci illərindən başlayaraq Quba xanlığı öz ərazisini genişləndirmək üçün mübarizəyə başlamışdır. Hüseynəli xan 1722-1757-ci illərdə Səlyanı Qubaya birləşdirmişdir. Siyasi cəhətdən zəif, ərazisinin az olmasına baxmayaraq Səlyan böyük strateji və iqtisadi potensiala malik idi mənbələrdə qeyd olunur ki, balıq ovundan 50 min gümüş pul gəlir götürülmüşdür.
Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının nüfuzu daha da artmışdı. O, 22 yaşında Qubanın xanı olmuş, yeni-yeni torpaqları bu xanlığa birləşdirmişdir. Quba xanı öz ərazisini genişləndirmək üçün müxtəlif vasitələrə əl atmışdır. O, bəzi feodal hakimlərini zorla, bəzilərini qohumluq əlaqəsi ilə özündən asılı vəziyyətə salmışdı. Əhalinin aşağı təbəqəsi də Fətəli xanın birləşdirmək siyasətinə tərəfdar idilər. Xüsusilə Fətəli xan 1736-cı ildə anadan olmuşdu. Salyanın alınmasına özü rəhbərlik etdi. 22 yaşında Qubanın xanı oldu. Tacir və sənətkarlar ticarətin inkişafına müsbət təsir edən mərkəzləşdirilmiş dövlətin yaranmasından razı idilər. Fətəli xan dövrünün görkəmli dövlət xadimi idi. O, ilk növbədə qoşunlarını artırdı. Vergi islahatları keçirdi. Dövlətin sərhədlərini möhkəmlətmək üçün Muğandan döyüşkən Şahverən tayfasının bir hissəsini xanlığa köçürdü. A.Bakıxanov yazır: «Fətəli xan tədbirli, əzmində sabit qədəm, məmləkətin idarəetmə işlərində mahir bir adam idi». P.T.Butkov onu geniş ağla malik, igid, bacarıqlı, düşüncəli və yorulmaq bilməyən bir şəxs kimi təsvir edir. O, mahal naiblərinin hüquqlarını məhdudlaşdırmış, vergiləri nizama salmış, xəzinənin gəlirin artırmışdır. O, muzdlu qoşun saxlayırdı. Digər xanlıqlardan fərqli olaraq, onun Azərbaycan torpaqlarını birləşdirmək siyasəti mütərəqqi hadisə idi.
Mühüm qala və ticarət limam olan Dərbəndin Qubaya birləşdirilməsi böyük əhəmiyyət kəsb edirdi. Əhali Məhəmməd Hüseyn xandan narazı olub, Fətəli xana meyil edirdi. Fətəli xan Dağıstan hakimləri - Tarku Şamxalı Murtuzəli, Qaraqaytaq Ysmisi Əıııir Həmzəni və Tabasaran hakimi ilə əlaqəyə girib Samurun sağ sahilində olan torpaqları ələ keçirdi, sonra isə Dərbəndi mühasirə edib, 1759-cu ildə ələ keçirdi. Məhəmməd Hüseyni tutub gözlərini çıxartdı və Bakıya göndərdi. Dərbəndin xəzinəsi və xanın əmlakı ələ keçirildi. Fətəli xan Dərbəndin və Qubanın bir sıra kəndlərindən vergi toplamaq hüququnu müttəfiqlərinə verdi. Əmir Həmzənin bacısı Tuti Bikə ilə evləndi. Dərbənddən sonra 1767-ci ildə Bakı xanlığı Qubaya birləşdirildi. Bakı həm dəniz limanı, həm də Xəzər dənizində mühüm ticarət mərkəzi idi. Buradan çıxarılan neft böyük gəlirə malik idi. Fətəli xan bacısı Xədicə Bikəni nisbətən zəif iradəli Məlik Məhəmməd xana verməklə onu özündən asılı vəziyyətə saldı. 1781-ci ildə onun ölümündən sonra Bakınm hakimi oğlu Mirzə Məhəmməd oldu.
Fətəli xan öz müvəffəqiyyətlərini genişləndirərək Şirvan xanlığını ələ keçirmək uğrunda mübarizəyə başladı. XVIII əsrin ortalarında Şirvanın bir hissəsi Nadirin vergi toplayanı Hacı Məhəmmədəli xan, bir hissəsi isə Çoban tayfasının sərkərdə nəslindən Məhəmməd Seyid xan idarə edirlər. Bir qədər sonra bütün Şirvan ərazisi Məhəmməd Seyid xan və Ağasi xan qardaşlarının əlinə keçdi.
Fətəli xan Şirvanı dağlıların basqınlarından qorumaq üçün bac alırdı. Lakin Ağası xan bu bacı verməkdən boyun qaçırdı. Bundan istifadə edərək Fətəli xan Şəki xanı Hüseynəli ilə oraya hücum etdi (1754). Ağasi xan bac verməyə hazır olsa da qoşun toplamağa başladı. 1768-ci ildə Şəki və Quba qoşunları Şamaxıya hücum etdi. Ağasi xan məğlub edildi, gözləri çıxarılıb Kür sahilində Ketavana göndərildi. Şirvan torpaqları Şəki və Quba arasında bölüşdürüldü. 1768-ci ildə Cavad xanlığı Quba xanlığından asılı vəziyyətə düşdü.
XVIII əsrin 60-cı illərində Quba xanlığı Azərbaycanın şimal-şərq torpaqlarını öz hakimiyyəti altında birləşdirdi. Təbriz, Ərdəbil və Gəncə əhalisi Fətəli xanın himayəsinə sığınmaq arzusunda olduqlarını bildirdilər. O zaman Azərbaycanda olan rus məmurlarından biri yazırdı: «... Mən Gilan vilayətindən, Ərdəbil, Təbriz, Gəncə və İrəvan şəhərlərində hədiyyələrlə Dərbəndə Fətəli xanın yanına gəlmiş üç nəfər adlı-sanlı tacir gördüm: onlar öz xanlarından gizli, yerli əhali adından xahiş edirdilər ki, Fətəli xan həmin yerləri öz hakimiyyətinə tabe etsin: onlar vəd edirdilər ki, yürüş zamanı ona heç bir müqavimət göstərilməyəcəkdir».
Öz hakimiyyətlərini itirən feodallar Fətəli xanın bü siyasətindən narazı idilər. Onlar Fətəli xana qarşı ittifaqa girdilər. Şamaxıda Fətəli xana qarşı qəsd təşkil edildi, bu qəsddə Şəki xanı Hüseynəli də iştirak etmək üçün 10 min qüvvə ilə Şamaxıya yaxınlaşdı. Fətəli xan Məhəmməd Seyid xan başda olmaqla qəsdçiləri həbs etdi. Hüseynəli döyüşə girmədən Fətəli xana tabe oldu.
Quba xanlığının güclənməsi digər xanlıqları narahat edirdi. Qarabağ, Şəki xanlığı və Kartli-Kaxet çarlığı Fətəli xana qarşı ittifaq yaratdılar, lakin bu ittifaq ən çox Fətəli xanı geri çəkilməyə tələb etmişdir. Fətəli xan geri çəkilməyə məcbur olmuşdur.Ərazi genişləndikcə, şöhrət artdıqca Fətəli xana qarşı əks qüvvələr birləşirdi. Qarabağ, Şəki və Dağıstan hakimləri 1774-cü ildə Kavduşan çölündə (Quba ilə Dərbənd arasında) Fətəli xanı məğlub etdilər. Fətəli xan Salyana çəkildi. Əmir Həmzə Qubanı tutdu. Dərbəndi mühasirəyə aldı. Şəhərin müdafıəsinə Tuti Bikə rəhbərlik edirdi. Əmir Həmzə onu aldadıb şəhərə girmək üçün şayiə yaydı ki, Fətəli xan ölüb. Hətta bacısını tam inandırmaq üçün ölmüş bir Dağıstan hakiminin meyidini müşayiət edən matəm mərasimi təşkil etdi. Lakin hiylə baş tutmadı.
1775-ci ildə Fətəli xanın xahişi ilə rus hökuməti general İ.F.de Medelin başçılığı ilə Dərbəndə qoşun göndərdi. Ə.Həmzə Qubadan və Dərbənd ətrafından çəkildi.1784-cü ildə Fətəli xan Cənubi Azərbaycana yürüş edərək Ərdəbil Quba xanlığından asılı düşdü.1785-ci ildə Fətəli xan Şəki xanlığını özündən asılı vəziyyətə saldı. O, İrakli ilə ittifaq yaratdı. 1788-ci ildə onların qoşunları Gəncəyə daxil oldu. 1789-cu ilin martında Fətəli xan Cənubi Azərbaycana yürüşə hazırlaşarkən Bakıda qəflətən vəfat etdi.
Fətəli xanın 32 illik hakimiyyəti dövründə Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsi uğrunda mübarizə aparmışdır. Lakin natural təsərrüfatın hökm sürməsi feodal pərakəndəliyi, xarici şəraitin əlverişli olmaması, yerli feodal hakimlərinin müqaviməti buna inıkan vermədi. Onun yaratdığı birlik isə tezliklə dağıldı. Oğlu Əhməd xan atasının nailiyyətlərini möhkəmləndirə bilmədi. Onu əvəz etmiş Şeyx Əli xanm dövründə Şirvan, Bakı, Şəki və digər xanlıqlar Quba xanlığmdan ayrıldılar.
XVIII əsrin ortalarında Azərbaycanda yaranan xanlıqlar arasında əsası Pənahəli xan tərəfindən qoyulmuş Qarabağ xanlığı böyük nüfuza malik idi. Xanlığın əhalisini Cavanşir, iyirmi dörd, otuz ikilər, Kəbirli, Ziyadoğlu, Baharlı türk tayfaları təşkil edirdi. Pənahəli xan Qarabağda yaşayan cavanşirlər tayfasına məxsus Sarcallar kəndindən çıxmışdır. Tarixçilərin verdiyi məlumata görə ata-babaları adlı-sanlı, dövlətli şəxslər idi. Pənahəli gəncliyində qardaşı Behbudəli ilə birlikdə Nadir şahın yanında xidmət etmişdir. Lakin qardaşının Nadirin qəzəbinə düçar olmasından sonra Pənahəli Muğana qaçmış və burada ətrafına dəstələr toplayaraq ətraf ərazilərə basqınlar təşkil etmişdir.
Muğanda Nadir şaha tacqoyma mərasimində Qarabağın bu tayfaları onun əleyhinə çıxdılar. Ona görə də Nadir şah qarabağlıları cəzalandıraraq onları Xorasan vilayətinə və Əfqanıstan sərhədlərinə sürgün etdi. Pənahəli bəy və onun qardaşı Fərzəli bəy də onların arasında idi. Fərzəli bu siyasətə qarşı çıxdığı üçün edam edildi. 1738-ci ildə Pənahəli bəy yaxın adamları ilə Qarabağa gedir və bir müddət Zəngəzurda yaşayır, 1743-cü ildə özünü xan elan edib, xanlığın əsasını qoyur.
Nadirin ölümündən sonra Pənahəli (1703-1763) 1748-ci ildə Qarabağda öz hakimiyyətini möhkəmlətmək üçün cavanşirlər, otuzikilər və başqa tayfaların qüvvələrindən istifadə etmişdir. Nadirin Qarabağdan Xorasana köçürdüyü tayfalar XVIII əsrin ortalarında yenidən öz yerlərinə qayıdaraq, dinc əməklə məşğul olmağa başladılar. Pənahəli onları öz tərəfinə çəkmək üçün Şirvan, Şəki, Gəncə və s. yerlərə basqınları zamanı ələ keçirdiyi mal-qara, at və müxtəlif əmlakı onlara paylayırdı. Qarabağ xanlığının mərkəzi Şuşa şəhəri idi. Əhalisi əkinçilik, maldarlıq, arıçılıq və toxuculuqla məşğul olurdu. Şuşada «Panabad» adlı pul kəsirdilər. Pənahəli hakimiyyətini möhkəmləndirmək üçün qohum olduğu Car icmalarının hakimi və Vərəndə məliyi Şahnəzərin köməyindən istifadə edirdi. Pənahəli İran və digər xanlardan qorunmaq üçün Kəbirli mahalında 1748-ci ildə Boyat qalasını tikdirdi. Xanın ailəsi və qohumları buraya köçürüldü. Qarabağ xanlığının qüvvətlənməsi digər xanları narahat etməyə başladı. Şəki xanı Hacı Çələbi Şirvan xanı ilə birləşərək Qarabağa soxulsa da müvəvəqiyyət qazana bilmədi. Pənahəli xanın bu qələbəsi oııun nüfuzunu daha da artırmış, Qarabağın bütün əhalisi onun hakimiyyətini qəbul etmişdir. Pənahəli gələcəkdə öz düşmənləri ilə daha müvəffəqiyyətli mübarizə aparmaq məqsədi ilə Ağdam yaxınlığında 1751-ci ildə Şahbulaq qalasını tikdirdi.Pənahəli 1744-cü ildə İrandan qayıdır. Nadir şah isə 1747-ci ildə öldürülür və Qarabağ xanlığı yaranır.
Qarabağın qədim adı Arsax adlanır. Onun Аrsax adlanması Savir-Xəzər türkdilli tayfalarla bağlıdır. Erməni mənbələrinə də onlardan keçmişdir. V-VII əsrlərdəki erməni qaynaqları Savir- Xəzərlərdəki fonetik variantı yazıya almışdır. Arsaq qəbiləsi Azərbaycan xanlığının soykökündə duran başqa qəbilələrlə qaynayıb-qarışdıqca qəbilə birləşməsi müstəqilliyini itirmiş və yer, ərazi adı kimi arxa plana çəkilmiş, «Qarabağ» sözü ön plana çıxmışdır. «Qara» və «bağ» tərkiblərindən yaranmış «Qarabağ»ın I hissəsinin «rəng», «pis», «qayğılı», «bədbəxt», «şimal», eləcə də başçı, böyük, güclü anlamı vardır. Azərbaycanın bir sıra yerlərində böyük qardaşa da qara deyirlər. «Qarabağ» adının ikinci tərkibi «bağ»ın «bağ(ip)», «düyün», «bağ (bağ-bağat», «soybirləşməsi silsiləsi», «xalqın bir hissəsi» və b. anlamları daha çox yayılmışdır. Qarabağ - güclü, böyük saybirləşməsinin, xalqın başçısı, bölgüsü deməkdir. Görünür ki, burada azərbaycanlıların güclü, böyük bölgüsü məskən salmışdır. Doğrudan da, bu torpaqlarda vaxtilə Orta Asiyadan Qafqaza qədər böyük, güclü qəbiləbirləşməsi nıəskən salmışdır (M.Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı: 1989, səh. 36-37).
Qarabağa Kiçik Qafqaz dağları daxil olmaqla Kür-Araz çayları arasındakı ərazi daxildir. Oııun sərhədləri cənub-şərqdən Kür-Araz çayları qovşağı, cənubdan Araz çayı, qərbdən Qarabağ dağları adlanan Kəşkəb, Salvarlı və Ərikli dağları ilə Göyçəgölünə qədər uzanmış, şərqdən Goran-Kür çayı ilə sərhədlənmişdir. Qarabağ 17 mahala bölünmüşdür: Sisyan, Kəbirli, Talış, Cavanşir (Qarabağ düzü və ona bitişik olan Bərdədən cənubdakı torpaqlar). Otuziki, İyirmidörd, Xaçın, Çiləbird (Çarabörd), Vərəndə, Dizax vəs. Talış bəzən Gülüstan adlanırdı. On iki mahal bütünlüklə azərbaycanlılardan ibarət idi. Dizax, Vərəndə, Xaçm və Talış (Gülüstan) mahalları Azərbaycan və erməni kəndlərini təşkil edirdi. Bəzən azərbaycanlılar ermənilərlə eyni kənddə yaşayırdılar Erməni məliklikləri XVII-XVIII əsrlərdə formalaşmışlar və XVIII əsrin əvvəllərində onların irsi mülklər kimi statusu hələ tam tanınmırdı. Həm də məliklər əksər hallarda Qarabağa digər vilayət və ölkələrdən gəlmə idilər.
Nadirin ölümündən sonra hakimiyyətə keçən oğlu Əliqulu (Adil şah) Azərbaycanın idarə edilməsini Əmir Aslan xana tapşırdı. Hacı Çələbi üzərindəki qələbədən sonra özünə yeni düşmən qazanmamaq üçün Əmir Aslan xanın yanına elçi göndərərək Adil şahın hakimiyyətini qəbul etdiyini bildirdi.
Pənahəli xan Qarabağın beş erməni məliyini asılı vəziyyətə saldı. Vərəndə maliyi özü Pənahəli xanın hakimiyyətini qəbul etdi. Dörd məliklik (Xaçın, Dizaq, Ciləbörd, Gülüstan) zorla tutulmuşdur. Pənahəli xan öz ərazisini cənubi-qərbə doğru genişləndirərək Sisiyan, Qapan, Mehrini xanlığa birləşdirdi. Xanlığın sərhədləri şimaldan Gəncə xanlığına, şərqdən Kür-Arazın birləşdiyi yerə, cənubdan Araz çayına, qərbdən isə Mehri, Sisiyana qədər çatırdı. Pənahəli xan yeni qalanı möhkəmlətməklə məşğul olarkən Cənubi Azərbaycan və İran hakimləri dəfələrlə buraya hücum etmişlər. 1757-ci ildə Məhəmməd Həsən xan Qacarın qoşunları Qarabağa soxuldu. O, Pənahabadı mühasirə etməyə cürət etmədi. Şuşanın 30 verstliyində «Xatın arxı» yanında baş verən döyüşdə məğlub oldu. Pənahəli xan iki ağır top qənimət götürdü. İranda Kərim xan Zəndin ona qarşı çıxış etdiyini eşidən Məhəmməd Həsən xan İrana qayıtdı. 1759-cu ildə Qarabağa Urmiya xanı Fətələi xan Əfşarın 30 minlik qoşunu hücum etdi. 6 ay davam edən mübarizə Pənahəli xanın asılılığı qəbul etməsi və oğlu İbrahimxəlili girov verməsi ilə nəticələndi. Yaranmış vəziyyətlə əlaqədar olaraq Pənahəli xan zahirən olsa da, onunla sazişə girməyə məcbur oldu. Oğlu İbrahimxəlili girov kimi onun yanına gətirdi.
XVIII əsri 50-ci illərində İranda hakimiyyəti ələ keçirən Kərim xan Zənd Fətəli şah Əfşarı məğlub edərək Azərbaycanın cənub torpaqlarını tutdu və Qarabağ xanlığını hədələməyə başladı. Kərim xan Zənd Fətəli şah Əfşarla Pənahəli xanın qüvvələrindən istifadə etdi. Lakin Kərim xan Zənd Urmiyanı aldıqdan sonra orada dustaq olan İbrahimxəlil ağanı hakimiyyət fərmanı ilə Qarabağa yola saldı. Beləliklə Qarabağ xanlığına ciddi zərbə vurmuş oldu. O, Pənahəli xanı özü ilə Quma «Şiraz qonaqlığına» aparmış, bəhanələrlə onu geri qayıtmağa qoymamışdır. Xanlığın idarəsini oğlu İbrahimxəlil xana (1763-1806) həvalə etmişdir. Qarabağın idarə edilməsini isə Pənahəli xan kiçik oğlu Mehralıya tapşırmışdı. Bundan sonra Mehralı bəylə İbrahimxəlil qardaşları arasında çəkişmə başlamış, 1763-cü ildə İbrahimxəlil qalib gəlmişdi. Mehrəli Qubaya qaçmış, hücumlarda iştirak etmiş və 1785-ci ildə öldürülməsi ilə nəticələnmişdi. İbrahimxəlilin dövründə Qarabağ xanlığı daha da möhkəmlənmişdir. O, mərkəzi hakimiyyətdən uzaqlaşmağa çalışan məlikləri özünə tabe etmiş, fəal xarici siyasət yeritmişdir. A, Avar hakimi Ümmə xanın qızı ilə evlənmiş və onun qüvvələrindən istifadə etmişdir. İbrahimxəlil xan hakimiyyətini müəyyən vaxtlarda Naxçıvan, Gəncə və Təbriz xanlıqlarına da yaya bilmişdi.
Pənahəli xanın ölümündən sonra Dizaq məliyi Yesay, Cipəörd məliyi Məclum, Gülüstan məliyi Bəyləryan asılılıqdan qurtarmağa çalışmışlar. Vərəndə məliyi Şahnəzər və Xaçın məliyi Mirzəxan İbrahim xana sədaqətlərini bildirmişlər. Şahnəzər qızı Hüzadı İbrahimxəlil xana verdi. 1781-ci ildə İbrahimxəlil xan ona sadiq olan məliklərin köməyi ilə Tuğu mühasirə etdi. Yesayı tutub həbsə saldı. Hakimiyyətə oğlu Bəhmən keçdi. Lakin məliklər mübarizəni davam etdirdi. Onlar İbrahimxəlilə qəsd təşkil etməyə çalışır. Qəsdin üstü açılır. Məclum və Abov həbs edilir, sonra onlar qaçaraq II İrakliyə sığmırlar. İbrahimxəlil onları tələb etmiş, ələ keçməklərindən qorxaraq Cavad xanın yanına qaçmışlır. Sonra Qacarın Tiflisə hücumunda bələdçi olmuşlar.İbrahimxəlil gürcü çarı II Irakli ilə ittifaqa girmiş, danışıqlar aparmaq üçün vəziri Vaqifi oraya göndərmişdir.
XVIII əsrin ikinci yarısında Rusiyanın Qafqaza marağı daha da artmışdır. Rusiya mütləqiyyətinin Cənubi Qafqaz, Xəzər hövzəsini ələ keçirmək üçün xüsusi planı var idi. Rus çarizminin müstəmləkəçilik siyasətinə baxmayaraq Azərbaycanın Rusiyaya birləşdirilməsi meyli onun İran əsarətindən qurtarmağa, feodal müharibələrinin aradan qaldırılmasına imkan verirdi.
XVIII əsrin 80-ci illərinin əvvəllərində rus sərkərdəsi A.V.Suvorov Zaqafqaziya ilə yaxmından maraqlanmışdır. 1780-ci ilin yanvarında Kaspi sahilinə yürüşə başçılıq etmək üçün Həştərxana gəlmişdir. 1782-ci ildə Krım və Kuban qoşunlarına komandan təyin olunmuşudr. O, Zaqafqaziyanın bir sıra siyasi xadimləri ilə yazışırdı.
Fətəli xan Rusiya ilə münasibətlərini daim genişləndirirdi. 1768-74-cü il müharibəsinin Rusiyanın qələbəsi ilə başa çatması, onun Qafqazdakı mövqeyini möhkəmləndirdi. 1783-cü ildə Gürcüstanın Rusiya tərkibinə daxil olması haqqında Georgiyevskdə müqavilə bağlandı. Bunu Fətəli xan rəğbətlə qarşıladı. 1784-cü ildə Tarku şamxalı Rusiyadan asılılığı qəbul etdi. Beləliklə, bütün Zaqafqaziyanın və Dağıstanın Rusiyaya birləşdirilməsi üçün əlverişli şərait yarandı. Lakin 1787-ci ildə Rusiya ilə Türkiyə arasında başlanan müharibə rus qoşunlarının Gürcüstandan çıxarılması ilə nəticələndi. Türkiyə yenə də müxtəlif vasitə ilə Azərbaycan və Dağıstan əhalisinin öz tərəfinə çəkməyə və onları Rusiyaya qarşı müharibəyə sövq etməyə çalışırdı. 1787-ci ildə Qubaya gələn türk nümayəndəsi Fətəli xanın Rusiyaya qarşı müharibəyə təhrik etdi. Lakin bu təklif rədd edildi. O zaman Rusiyanın xarici siyasətinə başçılıq edən Potyomkin II Yekaterinaya xəbər verirdi ki, Fətəli xan «Onu Rusiyaya qarşı silahlandırmağa qızışdıran sultan fərmanını və vəzirin məktubunu göndərmişdir... Bunun əleyhinə qarşı olaraq o (Fətəli xan), öz düşmənlərinə qarşı birgə çıxış etmək haqqında çar İrakliyə kömək təklif etmişdir. Mən onun bu hünərini tərifsiz qoymadım.
1787-ci ildə Quba xanlığının 17 nəfərdən ibarət elçi heyəti Peterburqa gəldi. Ona görkəmli diplomat Sadıq Məhəmməd Vəliyev başçılıq edirdi. Fətəli xanın II Yekaterinaya göndərdiyi məktubda deyilir: «İmperator həzrətlərindən xahiş edirəm ki, mənim ixtiyarımda olan bütün xalq və vilayətləri birlikdə ali həkimiyyətimizə qəbul edəsiniz. Xan bütün dövrlərdə Rusiyanın dostu olacağını bildirirdi. Onun məktublarının birində deyilir: «Əmin edə bilərəm ki, bütün ömrüm boyu Rusiyaya qarşı sədaqətimlə zərrə qədər olsun qüsur olmayacaqdır. Mən daim Rusiyanın dostlarına dost, düşmənlərinə düşmən olacağam».
Onu da qeyd etməliyik ki, Fətəli xan Rusiyanın köməyinə arxalanaraq Azərbaycan torpaqlarını birləşdirməyə çalışırdı. Ona görə də Rustya hökuməti onun qüvvətlənməsi ilə razılaşmırdı. Hətta II Yekaterina 1775-ci ildə Fətəli xanın köməyinə göndərilmiş rus ordusunun geri çəkilməsini tələb etmişdir. 1784-cü ildə Fətəli xanın Ərdəbili tutması rus çarını narahat etmişdir. Lakin buna baxmayaraq Fətəli xan Rusiyaya meylində ardıcıl siyasət yeritmişdir.
Yadellilərə qarşı mübarizədə və öz mövqeyini möhkəmlətməkdə Qarabağlı İbrahim xan da Rusiya ilə yaxınlaşmağa çalışırdı. 1783-cü üdə İbrahim xan məktubla II Yekaterinaya müraciət etdi və Peterburqa nümayəndə heyəti göndərərək Qarabağ xanlığının Rusiya təbəəliyinə qəbul edilməsini xahiş etdi. 1783-cü ilin yayında Qafqaz qoşunlarının komandiri Patyomkinə II Yekaterinanın fərmanında deyilir: «İbrahim xana gəlincə, onun Rusiya təbəəliyinə qəbul olunmasında heç bir çətinlik və şübhə yoxdursa, görünür, çar İrakliyə qarşı yetirdiyimiz siyasəti rəhbər tutmaq olar; belə olduqda onun Rusiya imperatoru taxtına tabe olması, mənim və xələflərimiz üzərində ali həkimiyyətin tanınması haqqında müqavilə bağlamaq barədə general Patyomkinə tapşırıq verməyi yaddan çıxarmayın».Lakin İbrahim xan Rusiya ilə münasibətdə ardıcıl olmamışdır.
Kərim xan Zəndin (1759-1779) ölümündən sonra İranda kəskinləşməkdə olan ara müharibələrində Qacarlar daha fəal olmuşdular. 1791-ci ildə Ağa Məhəmməd Qacar (1780-1797) İran və Cənubi Azərbaycanı öz hakimiyyəti altında birləşdirdi. O, Azərbaycanın şimal hissəsini ələ keçirməyə hazırlaşdı. Azərbaycan xanlarına məktublar göndərərək onun hakimiyyətini qəbul etməyi tələb etdi. Rusiyanın şərqdəki siyasətinə mane olmaq üçün İngiltərə və Fransa İrana kömək edirdi. Orduları yenidən qurmaq üçün İrana təlimatçılar göndərirdilər.Qacar Qarabağa və Gürcüstana hücuma hazırlaşır. O, İbrahim xandan oğlunun girov göndərməyi tələb etmiş və rədd cavabı almışdır. O, Qarabağa 8 min qoşun göndərmiş, lakin Əsgəran yaxınlığında Qarabağ və Gürcü qoşunları tərəfindən məğlub edilmişdir. Onun digər qoşun hissələri Talış xanlığına soxulmuş, Mir Mustafa xan Xəzər dənizindəki rus donanmasında sığınacaq tapmışdır.1795-ci ilin yayında Qacar 85 minlik qoşunla Qarabağa hücum etdi. Onun hücumu bütün Zaqafqaziya üçün təhlükə törətdi. II İrakli Qarabağ xanlığı ilə ittifaqa girdi. Bu ittifaqa Talış və İrəvan xanları da qoşuldular. İttifaqın yaradılmasında xanlığın vəziri Vaqif böyük rol oynamışdır.Qacar Şuşa şəhərini mühasirəyə aldı. Qarabağın bütün əhalisi düşmənə qarşı mübarizəyə qalxdı. Azərbaycanlılardan ibarət dəstələr tez-tez düşmənə arxadan zərbə vurur, onların ərzaqla təmin edilməsini çətinləşdirirdilər. Mirzə Camal yazır ki, o vaxtın hesabı ilə qatır 4 manat, dəvə 6, yaxşı at 10 manat idi. Şuşa şəhəri qəhrəmanlıqla müdafıə olunurdu... Qalada 15 min xalq qoşunu yaradılmışdı. Onun müdafıəsində qadmlar da iştirak edirdi. Mirzə Camal yazır ki, ermənilər və azərbaycanlılar vahid qoşun təşkil edir, işğalçılara qarşı çiyin-çiyinə vuruşurdular. Fransız zabitlərinin başçılıq etdiyi toplar 3 gün Şuşanı atəşə tutdu, lakin qala divarlarını dağıda bilmədi.
Qarabağlılar tez-tez İran qoşunlarının düşərgələrinə gecə hücumları təşkil edir və onlara böyük tələfat verirdilər. Əsgəran qalasının naibi Həsən bəyin dəstəsi gecə düşmən düşərgəsinə gücum etmiş, düşmənə ciddi tələfat verdikdən sonra geri qayıtmışdır. Sərbazlar onların düşərgədə olduğunu güman edərək bütün gecəni bir-birini qırmışlar. Vərəndə məliyinin dəstəsi düşmənin gözətçi məntəqəsini ələ keçirmiş, onları qırmış və əsir almışdır.
Şuşanın müdafıəsi 33 gün davam etmişdir. İran qoşunlarının sayı azalmış, bütün topları sıradan çıxarılmışdır. Mirzə Adıgözəlbəy bəyin yazdığına görə Ağa Məhəmməd xan Şuşada qoşunlarının tamamilə darmadağın ediləcəyindən ehtiyat edərək deyirdi: «Zərərin yarısından da qayıtmaq mənfəətdir. Müsibətlə dolu olan bu təhlükəli yerdə at başı qaytarmaq nicat xəzinəsinin açarıdır. Yoxsa çox çəkməz, bütün qoşunumuz və heyvanlarımız dərin xunxarlıq dəryasında məhv olub gedər. Bizlərdən bir nəfər olsun İrana salamat qayıtmaz».
Gəncə xanı Cavad xan Ağa Məhəmməd xanın düşərgəsinə gəlmiş və onun himayəsini qəbul etmişdir. O, Gəncədə hakimiyyətini möhkəmlətməkdə Qacardan istifadə etməyə çahşırdı. Cavad xan Şuşanın mühasirəsindən əl çəkməyi və Tiflisə hücum etməyi Ağa Məhəmməd xana təklif etdi. Onlara Səki hakimi Məhəmməd Həsən xan və İbrahim xanın düşmənləri erməni məlikləri Abov və Məclum da qoşuldular.Ağa Məhənıməd xan 20 minlik qoşunla Ağdamdan Gəncəyə doğru hərəkət etdi. Onun qoşunlarının ön cərgəsinə Abov və Məclum bələdçilik edirdi (Leviatov). 1795-ci ilin sentyabrın 12-də İran qoşunları şiddətli vuruşmadan sonra Tiflisə daxil oldular. Şəhərə od vurulub yandırıldı. II İrakli qırğının dayandırılmasını xahiş etdi. Ağa Məhəmməd xan bildirdi ki, bu o zaman dayandırılar ki, köməyə gəlmiş qarabağlılar ona təqdim edilsin. İrakli isə bunu rədd etdi. Tiflisdən xeyli adam qırıldı. XVIII əsr Azərbaycan şairi Şikəstə Şirin öz şeirlərində Tiflisin faciəsini ürək ağrısı ilə təsvir etmişdir. İran ordusu Gürcüstanı taladıqdan sonra 1795-ci ilin payızında Azərbaycana qayıtdı və Muğan düzündə düşərgə saldı. İşğalçılar tez-tez hücumlar təşkil edərək şəhər və kəndləri yandırır, əhalini qarət edir, mal-qaranı sürüb aparır. Təkcə Qarabağdan 100 min baş mal-qara aparılmışdır.Ağa Məhəmməd xan Muğanda qışladıqdan sonra yazda yenidən Şuşaya hücum etməyi planlaşdırmışdır. Lakin rus qoşunlarının Azərbaycana gəlməsi və İranda baş verən üsyan onu geri çəkilməyə məcbur etdi. 1796-cı ilin yazında Ağa Məhəmməd xan İrana qayıtdı və özünü İran şahı elan etdi.
Ağa Məhəmməd şahın Zaqafqaziyaya hücümü Rusiyanı narahat edir və burada onun mənafeyinə toxunurdu. İran təcavüzü Azərbaycan xanlarının Rusiyaya meylini gücləndirirdi. II Yekaterina hökuməti Rusiya təbəəliyini qəbul etmək istəyən xanların səylərini rəğbətlə qarşılayır. İkinci rus-türk müharibəsinin Rusiyanın xeyrinə qurtarması onun Qafqazda mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərdi və burada fəal siyasət yeritməyə imkan verdi. II Yekaterina Qafqaz qoşunlarının baş komandanı İ.V.Qudoviçin adına göndərdiyi 1792-ci il 8 fevral tarixli sərəncamında yazırdı: «Əmr edirik ki, bizə dost olan xanları ali himayə göstərəcəyinizə əmin edin». Qudoviç isə 1795-ci ilin sentyabrında II Yekaterinaya yazırdı: «İranın cənub əyalətlərinin vəziyyətinə laqeyd baxmaqla biz Azərbaycan ölkəsi və Kaspi dənizi sahili boyunca uzanan vilayətlərə diqqət verməyə bilmərik».
1796-cı ilin aprelində Zubovun komandanlığı ilə 30 min rus qoşunu Dərbəndə yaxınlaşdı. Qafqazm geniş tədqiqi üçün təbiətşünas və səyyah Marşal fon Biberşteyn Zubovu müşayiət edirdi. Qubalı Şeyxəli xan müqavimət göstərməyə cəhd etsə də, nail olmadı və rus qoşunları Dərbəndi tutdu. Dərbəndin idarə edilməsi Fətəli xanm qızı Pəricahana tapşırıldı. Bakı və Şirvan rus qoşunları tərəfindən tutuldu. Qarabağlı İbrahim xan Vaqif və oğlu Əbülfət ağa başda olmaqla Zubovun yanma elçi göndərdi. Zubov elçiləri yaxşı qarşıladı. Zubov xana çoxlu hədiyyələr göndərdi və Rusiya ilə Qarabağ xanlığının yaxınlaşmasında xüsusi xidməti olan Vaqifə II Yekaterina adından qiymətli əsa bağışlandı.
Qarabağın nümayəndələrinin rus komandanlığı ilə mehriban danışığı başqa xanlara da təsir etdi. Talış xanı Mir Mustafa, Şirvan xanı Mustafa, Gəncə xanı Cavad, İrəvan, Naxçıvan, Xoy və Qaradağ xanları elçilərinin İbrahim xanın yanına göndərərək onlan məsləhət istədilər. Onlar deyirdi: «O Rusiya dövlətinə itaət etməyi lazım bildiyi üçün biz də dostluq yolu ilə gedərək, mərhəmətli Rusiya İmperatriçəsinə itaət edərik».İbrahim xan bunu general Zubova çatdırdı. Rus qoşunları Şamaxı, Səlyan və Cavadı tutdu. Azərbaycanın şimal xanlarının çoxu Rusiyanın himayəsinə keçdi. Zubov Kürün sahilində Cavad yaxınlığında Yekaterina qalasını tikdirməyi planlaşdırdı. Ticarət və hərbi strateji əhəmiyyətə malik Bakı limanının müdafiəsinin möhkəmləndirilməsi nəzərdə tutulurdu. Qafqazın təbii zənginliklərindən istifadə edilməsinə də maraq göstərilirdi. Biberşteynin məlumatları və onun sələflərinin materiallarını tamamladı. Terekdən Kür çayına qədər ərazinin etnoqrafiyası, bu yerlərin tarixi və coğrafiyası, iqlimi, heyvanat və bitki aləmi haqqında xeyli material toplandı.
Lakin 1796-cı ildə (6 noyabr) II Yekaterinanın ölümündən sonra hakimiyyətə keçən I Pavel Qafqazda olan rus qoşunlarını geri çağırdı. Ağa Məhəmməd şah rus qoşunlarının Azərbaycandan getməsindən istifadə edərək Azərbaycan və Dağıstan hakimlərinə fərman göndərərək ona tabe olmağı tələb etdi... Lakin bu tələb rədd edildi.
1797-ci ilin yazında İran qoşunları yenidən Qarabağa soxuldu. O zaman Qarabağda baş vermiş quraqlıq vəziyyəti ağırlaşdırmışdı. Bir çərək buğda 45 manat idi. Mirzə Camal göstərir ki, İbrahim xan yaxın adamları ilə Car və Tala tərəfə gedirdi. Burada Gürcüstan və Dağıstandan qüvvə toplamaq istəyirdi. Şuşanın müdafıəsi özbaşına buraxıldığından İran qoşunları şəhəri tutdu. Şəhərdə qırğın başlandı. Vaqif həbs edildi. Lakin şah öz xidmətçiləri Səfərəli və Abbas bəy tərəfindən öldürüldü. 1797-ci il iyulun 4-də öz yatağında sui-qəsd nəticəsində ölümcül yaralanmış Ağa Məhəmməd Qacar yatağından bir qədər qalxıb, axırıncı dəfə «Bədbəxt sən İranı viran etdin!» demişdir. İran qoşunları çəkilib getdi. İranın Zaqafqaziyanı tutmaq planı boşa çıxdı.
XVIII əsrin ikinci yarısında kəndlilərin feodallara qarşı mübarizəsi bəzən passiv, bəzən isə açıq qiyam halını alırdı. Şəkidə yaşamış şair Nəbi Küngüt kəndində Hüseyn xana qarşı baş verən üsyandan bəhs edir quba və Dərbənddə də kəndli çıxışları baş vermişdir.
Natural təsərrüfatın hökm sürdüyü şəraitdə Azərbaycanın iqtisadiyyatında sənətkarlıq mühüm yer tutmuşdur. Şəhər və kəndlərdə əmək alətləri, dəri məmulatı, ev əşyaları hazırlayan sənətkarlıq emalatxanaları vardır. Şamaxı özünə ipək parçaları ilə şöhrət tapmışdır. Şirvanda mis qab-qacaq və silah hazırlanan mərkəz Lahıc idi. Burada kiçik həcmli toplar da tökülürdü. Quba, Qarabağ, Naxçıvanda xalça istehsalı geniş şəkil almışdır.
XVIII əsrin ikinci yarısında Azərbaycanda ümumilikdə şəhər həyatı durğunluq keçirirdi. Ancaq bu və ya digər xanlıqların mərkəzinə çevrilən Şamaxı, Quba, Şuşa, Təbriz, şəki və s. şəhərlər inkişaf edirdi. Şəhərlərin görünüşündə elə bir dəyişiklik olmamışdır. Şəhər əhalisinin bir hissəsi sənətkarlıq və ticarətlə məşğul olsa da, kənd təsərrüfatında tam ayrılmamışdır. Xəzər dənizində mühüm liman olan Bakının 3 min əhalisi var idi. Onun iqtisadiyyatının əsasını neft və duz təşkil edirdi. Qmelin yazır ki, neft və duzdan 40 min manat gəlir əldə edilirdi. Şamaxıda 5 min əhali yaşayırdı. A.V.Suvorovun məlumatlarında Şuşa, Dərbənd, Lənkəran haqqında maraqlı faktlar vardır.
Azərbaycanın xarici ticarətində əsas yeri Rusiya tuturdu. Bakıda tez-tez rus ticarət gəmiləri görünürdü. 1785-ci ildə Həştərxandan Bakıya 22 gəmi gəlmişdi. Onlar metal şeylər, parça və başqa mallar gətirmişlər. 1793-cü ildə Həştərxandan Bakıya 310 min manatlıq, Bakıdan oraya isə 240 min manatlıq mal aparılmışdır.
Rusiya ilə ticarətdə Quba xanlığı böyük yer tuturdu. 1782-ci ildə bağlanmış saziş bu sahədə mühüm rol oynadı. Niyazabad limanı abadlaşdırıldı, rus tacirlərinin mallarını qorumaq üçün dəstələr ayrıldı. Xanlıqlar arasında gömrük haqqı daxili ticarətə maneçilik törədirdi. Bakıdan Tiflisə aparılan eyni mal üçün 5 dəfə gömrük haqqı vermək lazım gəlirdi. Azərbaycanda vahid pul sistemi yox idi, hər bir xanlığın özünün pul vahidi var idi. Qarabağda 15 qəp., Pənahabad, Qubada gümüş abbası, Bakıda mis pul, Şirvanda adsız abbası kəsilirdi.
Azərbaycanın xeyli hissəsi İran əsarətindən qurtardıqdan sonra bir sıra xanlıqlar müstəqil dövlət qurumlarına çevrildilər. Xanlıqların dövlət quruluşu İranın dövlət quruluşuna nisbətən xeyli sadələşmişdir. Xanlığın adi hakimi xan idi, hər bir xanlığın özünəməxsus dövlət quruluşu və məhkəmə sistemi var idi. Bəzən xanlıqlarda (məs., Qarabağ) dövlət - dövlət şurası (divan), inzibati, vergi və hərbi idarələrdən ibarət idi. Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü. Onları xanın təyin etdiyi naib idarə edirdi. Naibin ixtiyarında darğa, yüzbaşı, kəndxuda vardır. Məhkəmə işləri ruhanilərin əlində idi. Ölüm hökmünü xan çıxarırdı. Xanın qoşun hissələrinin əsasını piyada və süvarilər təşkil edirdi. Onlar maaf və tyuldarlar tərəfindən göndərilən dəstələrdən ibarət idi.
Xanlıqların mərkəzi olan şəhərlər sənətkarlıq və ticarət mərkəzləri olmaqla yanaşı mədəni mərkəzlər idilər. Şəhərlərdə olan mədrəsələrdə ərəb və fars dillərində dərslər aparılırdı, əsas yeri dini fənlər tuturdu. Mədrəsələrdə təhsil alan Azərbaycan ziyalıları içərisində şeirə maraq daha güclü idi.
Elm sahəsində elə bir irəliləyiş nəzərə çarpmır. Görkəmli coğrafiyaşünas - səyyah Zeynalabdin Şirvani və tarixçi Əbdülrəzzaq bəy bu dövrdə yaşayıb-yaratmışlar.
Azərbaycan ədəbiyyatında iki cərəyan - xalq və saray ədəbi cərəyanları mövcud idi. Birinci cərəyanın nümayəndələri xalqın istək və arzularını əks etdirdiyi halda, ikinci cərəyan hakim sinfin həyatını mədh edirdi. Şifahi xalq yaradıcılığı və aşıq şeri inkişaf edirdi.Azərbaycan ədəbiyyatı və dili tədricən xarici sözlərdən təmizlənirdi. Füzuli ənənələrini davam etdinə, aşıq yaradıcılığından bəhrələnən bir sıra şairlər yetişirdi.
Azərbaycan ədəbiyyatında Nişat Şirvani, Şakir Şirvani və s. əsərlərində xalqın etiraz səsi ucalırdı. Nişat Şirvani Şirvanda anadan olub, türk istilası zamanı Rusiyanın himayəsində olan Səlyana köçmüşdür. Onun yaradıcılığında əsas yeri məhəbbət mövzusu tutmuşdur. Onun şeirlərində dövrünün haqsıqlıqlarına qarşı etirazlar da vardır. Şakir Şirvaninin «Şirvanın əhvalı» şerində Nadirin burada törətdiyi hadisələrdən bəhs edilir.
XVIII əsrin II yarısında görkəmli şairlər - Arif Təbrizi, Arif Şirvani, Ağa Məkih Şirvani, Nəbi, Baba Şirvani, Xəstə Qasım və başqaları olmuşlar. Arif Təbrizi Təbrizdə və Şuşada yaşamış lirik bir şair idi. Arif Şirvani Lahıcda yaşamış, çoxlu qəzəl və həcvlərin müəllifıdir. Ağaməsiy Fətəli xanın həyatına həsr etdiyi irihəcmli «Şahnamə» əsərinin müəllifidir. Nəbi Şəkidə baş verən kəndli çıxışlarına şeirlərində geniş yer vermişdir. Xəstə Qasım qoşma və gəraylı formasında yazmışdır. Şikəstə Şirin Qacarın Tiflisdə törətdiyi fəlakətlərdən bəhs etmişdir. XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Vidadi və Vaqif olmuşdur. Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. O, Poylu və Şıxlı kəndlərində müəllimlik etmiş, Qarabağ xanının və II İraklinin saraylarında yaşamışdır. Şair 1807-ci ildə vəfat etmiş, Qaz Gəmiqaya adlı yerdə basdırılmışdır. Vidadinin yaradıcılığında şifahi xalq yaradıcılığı və aşıq poeziyası birləşmiş, onun əsasən lirik şeirləri vardır. Dövrünün acınacaqlı vəziyyəti şairin şeirlərinə çökmüş və onu bədbinləşdirmişdir. 1780-ci ildə Şəki xanı Hüseynin öldürülməsinə həsr etdiyi şeirində feodal ara müharibələrini kəskin tənqid etmişdir. Onun «Vaqif», «Çoxdandır», «Durnalar», «Ağlarsan» və s. şeirləri böyük əhəmiyyətə malikdir.
M.P.Vaqif 1717-ci ildə Qazax mahalında anadan olmuş, ilk təhsilini Şərif Əfəndidən almışdır. O, əvvəl Gəncəyə, sonra isə Şuşaya gəlmiş, burada məktəbdarlıqla məşğul olmuşdur. O, İbrahim xan tərəfındən saraya dəvət edilmiş, burada eşikağası və vəzirliyə qədər yüksəlmişdir. Qarabağ xanlığının möhkəmlənməsinə böyük əmək sərf etmişdir. 1797-ci ildə Məhəmməd bəy Cavanşir tərəfındən öldürülmüşdür.
XVIII əsrdə Azərbaycanda incəsənətin musiqi, rəssamlıq, memarlıq sahələri inkişaf etmişdir. Aşıq yaradıcılığı yüksək mərhələyə qalxmışdır. Bu dövrdə ən çox istifadə edilən musiqi aləti saz, tar, balaban, zurna, tütək, nağara, dəf olmuşdur. Azərbaycanda bir sıra memarlıq abidələri yaranmışdır. 1762-ci ildə Şəki xan sarayı tikilmişdir. Şuşada, bir sıra maraqlı memarlıq abidələri tikilmişdir.
Qarabağ tarixçisi Mirzə Camal Cavanşirin yazdığına görə, İbrahimxəlil xan qalanı möhkəmləndirmək üçün 1783-1784-cü illərdə onun ətrafına 3,7 km uzunluğunda müdafıə hasarı çəkdirmişdir. Üç tərəf təbii sərhəd olduğuna görə həmin yerlərdə müdafıə divarları tikmək lazım gəlməmişdir. Qala divarlarının eni 2 metr 20 sm, hündürlüyü isə 8 metr olmuşdur. Hər 50 metrdən bir iri və əzəmətli bürclər ucaldılmışdı. Qalanın girəcəyində - şimal tərəfə «Gəncə qapısı», qərb tərəfə isə «İrəvan qapısı» adlanırdı.
İstifadə edilmiş ədəbiyyat
A.Bakıxanov. Gülüstani-İrəm. Bakı: 1951, s. 159-195
Mirzə Adıgözəlbəy. Qarabağnamə. Bakı, 1950
Mirzə Camal. Qarabağ tarixi. Bakı, 1959
H.Dəlili. Azərbaycanın cənub xalqları. Bakı, 1979
Nailə Bayramova. Şamaxı xanlığı. Bakı, 2009.
Tofiq Mustafazadə. Qarabağ xanlığı. Bakı, 2010.
Camal Mustafayev. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı, 2002.
N.Mustafayeva. Cənubi Azərbaycan xanlıqları. Bakı: Azərnəşr, 1955.
В.Левиатов. Очерки из истории Азербайджана XIII в. Баку, 1949
Г.Абдуллаев. Азербайджан XVIII в.и. взаимоотношения с Россией. Баку, 1965
Jan Kyure. Xace-ye tacedar. («Tac qoymuş xadim»). Tehran: 1971
Arif Babayev. Rusiyaya qovuşmaq ərəfəsində. Bakı: 1991
Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: 1994
Azərbaycan tarixi. I c. Bakı: 1958, s.356-418
Y.Yusifov. Azərbaycan tarixi. Bakı: 1994
Историческая география Азербайджана. Baку: 1987
Seminar üçün ədəbiyyat
A.Bakıxanov. Gülüstani-İrəm. Bakı: 1951, s. 159-195
Mirzə Adıgözəlbəy. Qarabağnamə. Bakı, 1950
Mirzə Camal. Qarabağ tarixi. Bakı, 1959
H.Dəlili. Azərbaycanın cənub xalqları. Bakı, 1979
Nailə Bayramova. Şamaxı xanlığı. Bakı, 2009.
Dostları ilə paylaş: |