Atropatena dövləti
Atropatena e.ə. IV əsrin son rübündə Cənubi Azərbaycan, İran Kürdüstanı və Şimali Azərbaycanın müəyyən hissəsində meydana gəlmiş çarlığın yunança adıdır. Atropatena zəngin və qüdrətli bir dövlət olmuşdur. Atropatena yüksək mədəniyyəti, inkişaf etmiş əkinçilik və maldarlıq, sənətkarlıq və ticarəti, iri şəhərləriolan zəngin ölkə idi. E.ə. IV əsrin 50-cı illərinin əvvəllərində Əhəmənilərin İran dövləti tənəzzülə doğru gedirdi. E.ə. 334-cu ilin yazında Makedonyalı İsgəndər Kiçik Asiyaya soxulur. E.ə. 334-cu ilin mayında Qranik çayı sahilində birinci döyüş olur. İsgəndərin İran ordusu ilə ikinci döyüşü e.ə. 333-cu ildə İss şəhəri yaxınlığında olur. Farslar məğlub olurlar və III Dara döyüş meydanından qaçır. Kiçik Asiya İskəndərin hakimyyəti altına keçir. 3-cü vuruşma e.ə. 331- ci il oktyabrın I-də Qavqamel kəndi yaxınlığında baş verir. III Daranın ordusu darmadağın edilir. Ancaq III Dara məğlub olmaq istəmirdi. O, Midiyaya qaçır və orada ordu toplamağa başlayır. Midiyanın satratı Atropat idi və o, Qavqamel döyüşündə iştirak etmişdi. İskəndər Atropatı satraplıqdan azad edir (III Daranı müdafiə etdiyinə görə) və Midiyaya yeni satrap təyin edir. Ancaq tezliklə vəziyyət dəyişir. Aydın olur ki, Atropatın müttəfiqləri olan kadusilər və skiflər III Daranı müdafiə etmirlər. Belə şəraitdə Atropat da III Daranı müdafiə etmir. Buna görə də III Dara Həmədana qaçır və orada ölur. Atropat da öz siyasətini dəyişir və İskəndərin tərəfinə keçir. Buna görə də o, e.ə. 328-ci ildə öz əvvəlki (Midiya satrapı) vəzifəsinə bərpa edilir.
III Daranın ölümündən sonra İskəndər Asiyanın çarı olur. Əhəmənilər imperiyası süquta uğrayır. Əhəmənilər imperiyası Zaqafqaziya xalqlarının həyatında mühüm rol oynadı. Atropatın adı tarixi mənbələrdə ilk dəfə e.ə. 331-ci ildə baş verən Qavqamel döyüşündə çəkilir. O, bu döyüşdə atlı kəşfiyyat dəstəsinə rəhbərlik etmişdir. Əhəmənilər imperiyasının zəiflədiyi dövrdə Atropat bütün Cənubi Azərbaycan ərazisinin, həmçinin Şimali Azərbaycan torpaqlarının xeyli hissəsini özünə tabə etmişdi. İskəndər başqa torpaqları ışğal etməklə məşğul olan zaman Atropat öz hakimıyyətini möhkəmləndirir. Ümumiyyətlə, İskəndər Atropatın idarə etdiyi əraziyə daxil olmamışdır. Atropat makedoniyalılarla qohum olur. O öz qizini İskəndərin yaxın sərkərdələrdən birinə - Perdikkiyə verir. Umumiyyətlə İskəndər yerli İran aristokratiyası ilə qohumluğa əhəmiyyət verirdi. İskəndər özü 2 Iran şahzadə qızına evlənmiş, onun ənənəsini özünün 80 dostu davam etdirmişdi. Həmçinin Suz təntənələrində 10 min döyüşçü Asiyalı qadınlarla evlənmişdi. Er.əv. 324-cu il yayın sonunda Midiyada vəziyyət kəskinləşir. Bariaks adlı bir nəfər özünü İran və Midiyanın çarı elan edərək Makedoniya işğalçılarına qarşı mübarizəyə qalxır. Atropat öz qüvvəsi ilə üsyanı yatırır və Bariaksı tutaraq makedoniyalılara verir və onlar da onu edam edirlər. Bundan sonra Atropatın makedoniyalılarla münasibəti daha da yaxşılaşır. E.ə. 323-cü ilin iyununda İskəndər ölür. İskəndərdən sonra onun varisi Atropatın yeznəsi Perdikki olur. E.ə. 321-ci ildə Perdikkinin ölümündən sonra satraplıqlar ikinçi dəfə bölüşdürülür. Atropatın satraplığı bu bölğüyə daxil olmur. Görünür, bu dövrdən Kiçik Mıdiya müstəqil dövlət olur. Kiçik Midiya Şərqdə Makedoniya əsarətindən azad olan ilk müstəqil dövlət oldu. Strabon özünün “Coğrafiya” əsərində yazırdı - Midiya 2 hissəyə bölünür bir hissə Böyük Midiya adlanır. İkinci Atropat Midiyasıdır. Öz adını o, hərbi rəis Atropatdan ğötürmüşdür. O, bu ölkənin Böyük Midiya kimi makedoniyalılara tabe olmasına imkan vermədi.
Strabonun məlumatına görə Atropatena 10 min süvari və 40 min piyada qoşun çıxara bilərdi. Manna dövlətinin süqutundan sonra Azərbaycanda ilk müstəqil dövlət meydana gəldi. Bu dövlətin yaranmasının bir neçə şərtləri var idi. Ən mühüm şərtlərdən biri dövlətin meydana gəldiyi regionun yüksək iqtisadi – sosial, mədəni və siyasi inkişaf yüksəlişinə malik olması idi. İkinci mühüm cəhət o dövrün siyasi şəraiti idi. İskəndərin ölümündən sonra onun sərkərdələrinin başının hakimyyət uğrunda mübarizəyə qarışması yeni dövlətin yaranmasına şərait yaratdı. Həmçinin burada Atropatın şəxsi keyfiyyətləri və onun qohumluq əlaqələri mühüm rol oynadı. Azərbaycan ərazisində döyüşən kadusi və skif tayfalarının olması da Atropata öz dövlətinin müstəqilliyini qorumağa imkan verdi. İskəndərin ölümündən sonra taxta onun ögey qardaşı Arridey III Filipp adı ilə çıxdı. İskəndərin oğlu İskəndər həddi-buluğa çatandan sonra taxta sahib olmalı idi. Əslində dövlətə qoşun başçısı xəzinədar Perdikki başçılıq edirdi. E.ə. IV əsrin sonunda Selevkilər dövlətinin yaranmasının əsası qoyuldu. Selevk (e.ə.305-280) və onun oğlu Antioxun (e.ə.280-261) səylərinə baxmayaraq e.ə. III əsrin ortalarına yaxın Selevkilər dövləti tənəzzül qarşısında idi. Baktriya, Soqdiana və Parfiya ondan ayrılır. Tezliklə Parfiya müstəqil dövlətə çevrilir.
Atropatena dövlətinin adına biz e.ə. III əsrin 20-ci illərində rast gəlirik. Polibinin verdiyi məlumata görə Artabazanın çarlığı Xəzər dənizindən Rion çayının yuxarılarına kimi davam edirdi və Armeniya və İberiya və onun tərkibinə daxil idi.
Selevki çarı III Antioxun dövründə (e.ə.223-187) Selevkilər Atropatena dövlətinin daxili işlərinə qarışmağa cəhd edir. III Antioxun Artabazanla müharibəsi sülh yolu ilə başa çatır. Atropatena bir müddət Selevkilərin ali hakimyyətini tanımağa məcbur olur. E.ə. III əsrin sonu Selevkilər dövlətinin qüdrətli dövrü idi. Ancaq e.ə.190-cı ildə III Antiox romalılarla müharibədə məğlub olandan sonra selevkilər dövlətinin tənəzülü dövrü başlayır. Artıq e.ə. II əsrin 60-cı illərində Atropatena tam müstəqil dövlət olur. Selevkilərin tərkibinə daxil olan bir sıra ərazilər ondan ayrılır və müstəqil dövlətə çevrilir.
E.ə. II əsrin 50-ci illərində parfiyalılar həllediçi siyasi qüvvəyə çevrilir. Təqribən e.ə.148-147-ci ildə Parfiya çarı I Mitridat Midiyanı tutur. Selevkilərin İranda hakimyyətinə son qoyulur. E.ə. 130-cu ildə Selevkilərin öz hakimyyətlərini bərpa etmək çəhdləri məğlubiyyətə uğrayır. E. ə II əsrin sonu I əsrin əvvəllərində Parfiya dövləti ən qüdrətli dövlətə çevrilir. Parfiya dövlətinin Atropatenaya da təsiri güclənir. Ancaq Parfiyanın Atropatenanı işğal etməsi barədə fakt yoxdur.
E.ə. I əsrdə Atropatena Roma işğalçılarına qarşı müharibədə iştirak etmişdir. E.ə I əsrin ortalarında dünya xəritəsi Parfiya və Roma arasında bölünmüşdür. E.ə. 53-cü ildə Parfiya romalıları ciddi məğlubiyyətə uğradır. Bu döyüşdə Atropatena Parfiyalıların müttəfiqi olmuşdur. E. ə. 36-cı ildə Roma dövlətinin başçısı Antoninin də Atropatena və Parfiyaya qarşı yürüşü məğlubiyyətlə başa çatır. Ancaq tezliklə Atropatena ilə Parfiya arasında narazılıq başlayır. Atropatenanın köməyinə arxalanan Antoni e.ə. 34-cu ildə Armeniyaya hücüm üdərək onu özünə tabe edir. Ancaq onun Parfiyaya qarşı hücümü təxirə salınır. Belə ki, Antoni ilə 2-ci Triumviratın üzvü Oktavian arasında başlanan hakimyyət uğrunda mübarizə buna mane olur. Romalılar tərəfə keçmiş Atropatena tezliklə Roma qoşunlarının ölkədən çıxıb getməsi ilə əlaqədar olaraq Parfiya tərəfindən tutulur. Ancaq bu üzün çəkmir. Eramızın təqribən 20-ci ilində Atropatilər sülaləsinin Atropatenada hakimyyətinə son qoyulur. Atropatenada hakimiyyəti Parfiyalıların kiçik qolu olan Arşakilərin əlinə keçir. Atropatenanın tarixində Roma təmayülünə son qoyulur və beləliklə Atropatena yenidən Parfiyanın təsiri altına kecir.
Dostları ilə paylaş: |