Humanitar fənlər



Yüklə 377 Kb.
səhifə2/4
tarix29.12.2021
ölçüsü377 Kb.
#48935
1   2   3   4
UNEC 1638951003

DÖVLƏT QURULUŞU. Şah İsmayılın idarə qurumları Qaraqoyunlular və Ağqoyunluların dövlətçilik ənənələri özülündə yaradılmışdı. I Şah Abbasın islahatları ilə Səfəvi dövlətinin siyasi quruluşu və idarəçiliyi daha da möhkəmləndi. Səfəvi dövlətinin başçısı «şah» adlanırdı. Şah hakimiyyəti irsi idi. Səfəvi şahları Ərdəbil ordeninin irsi başçıları olmaqla dini hakimiyyəti də özlərində saxlayırdılar.

Şah qeyri-məhdud hökmdar idi. Dövlətin Ali məclisi yalnız məşvərətçi rol oynayırdı. I Təhmasib dövründə Ali məclisin 12 üzvü vardı. Şah mühüm məsələlərin həllində Ali məclisi çağırır, yüksək dövlət xadimlərinin təkliflərini dinləyir, ancaq son qərarı özü verirdi.

Dövlət quruluşunda şahdan sonra baş vəzir (vəziri-əzəm) əsas yer tuturdu. Baş vəzir və digər dövlət məmurlarına bəzən əlavə mənsəb kimi vəkillik verilirdi. Vəkil olan məmur dövlətdə daha böyuk nüfuz qazanmış olurdu. Şah Təhmasib dövründə bu mənsəb uğrunda güclü çəkişmə başlandı. Buna görə vəkil mənsəbi sonralar aradan götürüldü. Rəsmi sənədləri baş vəzir təsdiq edirdi. Yüksək vəzifələrə məmurlar təyin edilməsinə,tiyul və soyurqalların verilməsinə dair sənədlər onun möhürü olmadıqda etibarsız sayılırdı. O, dövlətin mədaxil və məxaricinə, bütün maliyyə işlərinə, xarici əlaqələr məsələlərinə baxırdı. Baş vəzir həm də dövlətin xarici siyasət xəttini müəyyənləşdirir, əcnəbi qonaq və diplomatları qəbul edirdi.

Şahın saray münşisi (katibi) vaqiənəvis adlanırdı. O, şah məktublarını, əmrlərini və buna bənzər fərmanları yazır, dövlət mədaxili və borclarının hesabını aparırdı. Vaqiənəvisin əli altında 40 nəfər katib işləyirdi. Vaqiənəvis dövlət dəftərxanasının rəisi idi. Həm də baş verən gündəlik hadisələri qələmə alaraq sonralar tarix yazırdı.

Səfəvi dövlətinin idarə olunmasında ruhanilərin rolu böyük idi. Ali dini idarəyə sədr başçılıq edirdi. Divan əs-sədarədə iki sədr fəaliyyət göstərirdi. Biri sədri-xassə, digəri isə sədri-ammə (və ya sədr əl-moqufat) adlanırdı. Adam Oleari sədr haqqında yazmış ki, katolik kilsəsinə Papa rəhbərlik etdiyi kimi, Səfəvi dövlətində ruhani idarəsinə sədr başçılıq edir, onu şah özü seçir.

İnzibati-ərazi bölgüsü əsasında dövlətin geniş ərazisi təbii sərhədləri ilə bir-birindən ayrılan 4 valilik və 13 vilayətə (bəylərbəyiliyə) bölünmüşdü. Vilayətləri Şah tərəfindən təyin olunan hakimlər idarə edirdi. Vilayətə hakim xan, soltan titulu əmir əl-üməra, yaxud bəylərbəyi rütbəsi ilə təyin olunurdu. I Şah Təhmasibin hakimiyyətinin ilk illərinə qədər bəylərbəyinə nisbətən, daha çox əmir əl-üməra termini işlənirdi. Əmir əl-üməra I Şah Ismayılın dövründə fərdi qaydada sırf hərbi rütbə kimi də verilirdi. Ancaq əsilzadə hər hansı bir vilayətə əmir əl-üməra rütbəsi ilə hakim təyin edildikdə, burada əmir əl-üməra rütbəsi bəylərbəyi ünvanına sinonim olub, mülki-inzibati və hərbi mahiyyət kəsb edirdi. Vilayətlərdə bəylərbəyidən sonra əsas yeri əyalət vəziri tuturdu. O, vilayətdə maliyyə məsələləri ilə məşğul olur, vergilərin toplanılması və qaydaya salınmasına nəzarət edirdi. Vəzir və ya onun nümayəndəsi yerli məhkəmə işlərində də iştirak edirdi.

Vilayət vəzirləri bəylərbəyinin təqdimatı və şahın fərmanı ilə işə qəbul olunur və işdən götürülürdü. Şah tərəfindən təyin olunmasına baxmayaraq, vilayət vəziri öz işində bütünlüklə bəylərbəyinə tabe idi. Bəylərbəyiliklər mahallara bölünürdü. Mahalları şah tərəfindən təyin olunan mahal hakimləri (sultan və məliklər) idarə edirdilər. Bu hakimlərə hərbi-inzibati və polis funksiyası verilirdi. Mahal hakimi daxili sakitliyi təmin etməli, kiçik qoşun dəstəsi saxlamalı, vergi və mükəlləfiyyətləri vaxtında toplamalı, müharibə olduqda öhdəsində olan qoşunla tabe olduğu bəylərbəyinin xidmətinə gəlməli, Şahın illik Peşkəş və hədiyyələrini vaxtında göndərməli idi. Mahal hakimi müstəqil və geniş ixtiyarata sahib olsa da, mühüm məsələlər barədə bəylərbəyi ilə məsləhətləşməklə birbaşa ona tabe idi.

Vilayətlərin idarə olunmasında bəylərbəyi müavini (canişin), eşikağasıbaşı, divanbəyi, mehmandar da mühüm rola malik idilər. Bəylərbəyi müavininin vilayət daxilində çox geniş hüququ var idi. Bəylərbəyi vilayətdə olmadıqda bütün işlər onun öhdəsində qalırdı. O, sarayla da müntəzəm əlaqə saxlayırdı. Lakin əslində, vəzirlərin timsalında olduğu kimi, o da çox vaxt bəylərbəyinin yaxın qohumlarından biri kimi vəzifə tuturdu: birbaşa bəylərbəyiyə tabe idi. Səfəvilər dövründə canişin və naib əl-hökumə sinonim kimi işlənmişdir. Bu adı daşıyan məmuru bir qayda olaraq bəylərbəyi özü təyin edirdi. Vilayət canişinlərinə şah tərəfindən heç bir rəsmi titul verilmirdi. Yalnız vilayət hakimi (bəylərbəyi) kiçik yaşlı şahzadə olduqda, canişini şah təyin edirdi.

Səfəvi dövləti sistemində başlıca idarəçilik qurumları iki inzibati bölmədən ibarət idi: bəylərbəylik (vilayət) və sultan-məliklik (mahal). Lakin başlıca siyasi-hərbi və inzibati vahid olmaqla bəylərbəylik idarəçiliyi bu dövlətin tarixində müstəsna rol oynamışdır. Bəylərbəylik mərkəzi şah hökumətini təmsil etməklə yanaşı, yerlərdəki idarəçilik sisteminin özülü idi, bir növ şah hökumətinin idarəsini soltan və məliklər vasitəsilə yerlərdə (şəhər və kəndlərdə), əslində bütün əhali üzərində bərqərar etmişdi. Bəylərbəyliklərdə mövcud olan vilayət vəziri türbəsi ayrıca yer tuturdu: vilayət vəziri bir tərəfdən şah hökuməti adından bəylərbəylik fəaliyyətinə nəzarət edir, o biri tərəfdən isə bəylərbəyi nəslini təmsil edən yüksək sosial zümrənin nümayəndəsi kimi, şah hökumətinin bəylərbəyi ilə «yaxşı» münasibətdə olmasına təminat verirdi.

Azərbaycan dövlətinin XV əsrdəki əsgəri təşkilatı XVI-XVII yüzillərdə də az dəyişikliklə qalırdı. Səfəvilər dövründə ordu dövlət (vilayət hakimlərinin qoşunu, qorçu) və Şah (tüfəngçi, qullar, topçu) qoşununa bölünür, yəni iki kateqoriyadan ibarət idi.

Hər bir vilayət hakiminə tabe nizami alay vardı və onların sayı bir qayda olaraq 2-3 min nəfərdən çox olmurdu. Ancaq müharibə zamanı Şahın buyruğu olduqda hər bir vilayət hakimi idarə etdiyi vilayətin ərazisində məskun olan və xüsusi imtiyazla yaşayan türk tayfalarından 8-10 min sayında qeyri-nizami qoşun səfərbər edirdi. Ancaq «Təzkirət əl-müluk»da göstərildiyi kimi vilayətlər üzrə daimi qoşunun sayı 59. 496 min nəfərdən çox deyildi. Dövlət qoşunun digər növü türk tayfa süvarilərindən ibarət qorçu adlı olay olub, dövləti içəridən və dişarıdan onlar qoruy urdular. Qorçuların sayı bir qayda olaraq 20-30 min nəfər olurdu.

I Şah Abbas fundamental hərbi islahatları ilə tayfalar üzrə səfərbər olunan qeyri-nizami qoşunun sayını azaldıb, 44 min nəfərdən ibarət tüfəngçi, qulam, topçu adlı nizami Şah qoşununu yaratdı. Qeyd olunan bu ikinci qoşun növünə daxil olan 3 hərbi hissədən əlavə, 200 nəfər sufi cangüdən və 600 nəfərdən ibarət cəzair adlı xüsusi qarovul dəstəsi də Şah qoşunu tərkibinə daxil idi.Qeyd olunan iki qoşun növü üzrə xidmət heyətləri, saray gözətçiləri istisna olmaqla, I Şah Abbas dövründə nizami qoşunun ümumi sayı 120000 və XVII əsrin ortalarında isə 144 000 nəfərdən ibarət olmuşdur.

Orduda qoşun növləri üzrə başçılar əmiri-əzəm rütbəsi daşıyır və qorçubaşı qorçuların, qullarağası qulamların, tüfəngçibaşı tüfəngçilərin, topçubaşı topçuların, bəylərbəyi isə vilayətdəki qoşunun komandiri idi. Ordunun baş komandanı isə sipahsalar hərbi rütbəsinə malik olub, bu hərbi vəzifəyə Azərbaycan bəylərbəyi, ya da qorçubaşı təyin olunurdu. Ancaq bu hərbi vəzifə müharibə dövrü üçün nəzərdə tutulur və müharibə qurtardıqda o, vəzifədən dərhal istefa verirdi.

Azərbaycanın ipək və pambıq parçaları dünya şöhrəti qazanmışdı. Xam ipəyin «Şirvani» («Ardeş» - Ərəş), «Xərvari» («Lejiya»), «Xodpəsənd», «Şərbaf» adlı dörd çeşidi vardı ki, onlardan axırıncı ikisindən daha yüksək keyfiyyətli ipək Parçalar toxunurdu. Toxuculuqda pambıq, qoyun və dəvə yunundan da geniş şəkildə istifadə olunurdu.

Azərbaycanda xalça toxuculuğu da öz təkamül dövrünü keçirirdi. Bu dövrdə Azərbaycan xalı-xalçaları Avropada öz ünvanı, yəni «türk xalçaları» adı ilə şöhrət qazanmışdı. Ərdəbildə Şeyx Səfi məscidi üçün 1539-cu ildi toxunmuş «Şeyx Səfi» xalısının 32 milyon ilməsi olub, ölçüsü 56, 12 kvadrat metr idi.

XVI-XVII yüzillərdə Avropa ilə Şərq arasındakı ticarətdə Azərbaycandan keçən karvan yollarının əhəmiyyəti böyük idi. Hindistan və Çindən başlanan beynəlxalq karvan yolları Azərbaycandan keçir, Aralıq dənizi və Qara dəniz sahillərinə, oradan isə Avropaya doğru uzanırdı. Azərbaycan və Iranı Avropa ilə Volqa-Xəzər su yolu da bağlayırdı. Avropadan Hindistana dəniz yollarının açılması Azərbaycandan keçən karvan yollarının əhəmiyyətini azaltdı. Portogəz və Ispan dövlətləri Hind okeanında ağalıq edərək Iran körfəzindəki mühüm ticarət məntəqələrini də tutmuşdular. Azərbaycandan keçən yollarla Avropaya daşınan Hindistan ədviyyatı Portuqaliya dənizçilərinin əlinə keçmişdi.

Təbriz bu dövrdə Azərbaycanın ən böyük ticarət şəhəri idi. Oruc bəy Bayat Təbrizi «Şərqin paytaxtı» adlandırmışdı. Evliya Çələbi Təbrizdə 700 dükan, 200-ə qədər karvansara, 70-ə qədər qonaq evi olduğunu göstərir. Şarden isə Təbrizdə 15 min dükan olduğunu, Şərqdə ən məşhur bazarın da Təbrizdə yerləşdiyini yazmışdır. Şamaxı ətrafında xam ipəyin bolluğu şəhərin iqtisadi əhəmiyyətini artırmışdı. Təbriz kimi Şamaxının da zəngin bazarı vardı. Şirvanın mühüm ticarət şəhərlərindən biri də Ərəş idi.

Hələ XV əsrdən Genuya, Venesiya, Rusiya və başqa ölkələr ilə Azərbaycan arasında möhkəm ticarət əlaqəsi vardı. XVI yüzildən isə Qərb ölkələrində yeni kapitalist münasibətlərinin yaranması ilə onların Şərqdəki xammala və satış bazarlarına ehtiyacları daha da artmışdı. Bu zaman Hind okeanından keçən yollara Portuqaliya, Aralıq və Qara dəniz yollarına isə Osmanlı dövləti nəzarət edirdi. Ingiltərə, başqa Qərb dövlətləri Şərqə çıxmaq üçün yeni yollar axtarışına başladılar. İngilis tacirləri dolayı yollarla Azərbaycana çıxmaq, buradan Hindistana doğru hərəkət edib ədviyyat ticarətini ələ keçirmək fikrində idilər. Onlar üçün Azərbaycanın xam ipəyi, qazanclı satış bazarları ayrıca bir maraq mövzusu yaradırdı. 1561-1563-cü illərdə ingilislərin «Moskva» ticarət şirkətinin təmsilçisi Entoni Cenkinsonun Azərbaycana gəlişi bununla bağlı idi. Ancaq o, kraliça Yelizaveta hökumətinin rəsmi ticarət əlaqəsi yaratmaq tapşırığını uğurla həyata keçirə bilmədi. Soltan Süleyman Qanuni ilə münasibətləri pozmağın əleyhinə olan I Təhmasib ingilislərlə ticarət müqaviləsi bağlamadı. Geriyə dönərkən Cenkinsonun Şirvan bəylərbəyi Abdulla xan Ustaclu ilə danışıqları uğurlu oldu.

Entoni Cenkinson Şirvanda qazanclı alış-veriş aparıb, buradan aldığı ipək, daş-qaş və sairə ilə vətəninə yola düşdü. Onun ardınca Azərbaycana Volqa-Xəzər yolu ilə bir çox ingilis tacirləri gəldi. Tomas Olkok, Corc Reni və Riçard Çenin ticarət birliyi 1563-1565-ci ildə Azərbaycanda oldu. Onlar Azərbaycandan aldıqları xam ipəyi Rusiya vasitəsi ilə Ingiltərəyə göndərdilər. 1565-1567-ci illərdə Azərbaycanda olmuş Artur Edvards I Təhmasiblə uğurlu danışıqlardan sonra şahın özündən ingilis tacirləri üçün toxunulmazlıq məktubu aldı. O, Şirvandan vətəninə göndərdiyi birinci məktubunda yazırdı: «Hazırda buradan Ingiltərəyə göndərmək üçün 11 tay xam ipək almışıq. Buranın ipəyi zərif və yüksək keyfiyyətlidir».

Osmanlı dövləti ilə Azərbaycan arasında möhkəm ticarət əlaqəsi yaranmışdı. XVII yüzilin 30-cu illərindən Azərbaycan tacirləri Qərb ölkələrinə Osmanlı torpağından keçib gedir, Osmanlı dövlətinin özü ilə də ticarət aparırdılar. Osmanlı dövlətinə daha çox cins at, dəvə, xam ipək, rəng, Parça satılırdı. Şarden orada satılan cins atın hər birinin qiymətinin 1000 frank olduğunu bildirmişdir.

Rusiya ilə Azərbaycan arasında alış-veriş Volqa-Xəzər su yolu və Dərbənddən keçən qədim quru karvan yolu ilə aparılırdı. Dərbənd-Şabran-Muğan çölü, Cavad-Ərdəbil-Xalxal-Zəncan-Sultaniyyə-Əhər başlıca ticarət yolu idi. Şamaxı, Ərəş, Təbriz, Marağa şəhərləri də bu karvan yolu ilə bağlı idilər. Volqa çayı ilə gələn gəmilər isə Xəzərin Dərbənd, Niyazabad, Bakı limanlarına yan alırdılar. Tacirlər bu limanlardan yenə də quru karvan yoluna çıxıb mallarını istədikləri şəhərlərə aparırdılar.

1680-cı ildə Hollandiya elçisi öz ölkəsinin tacirlərinə Rusiyadan Azərbaycana gedən karvan yollarından istifadə etməyə icazə verilməsi barədə Rusiya dövləti qarşısında məsələ qaldırmışdı, Hollandiya tacirlərindən gömrük alınmamalı idi. Bunun müqabilində onlar Rusiya xəzinəsinə hər il 15 min manat verməyi öhdələrinə götürdülər. Ancaq rus tacirlərinin təzyiqi ilə çar Fyodor Alekseyeviç (1676-1682) bu təklifi rədd etdi.Buna baxmayaraq, Hollandiya tacirləri Səfəvi dövlətində xam ipəyin əsas alıcıları idilər. Hələ I Şah Abbas 1623-cü ildə Hollandiya Ost-Hind şirkətinə Bəndər-Abbasda ticarət faktoriyası açmağa icazə vermişdi. Daxili və xarici ticarəti inkişaf etdirərək dövlət büdcəsini başlıca gəlir qaynağına çevirməyə çalışan I Şah Abbasın Ingilis Ost-Hind şirkəti ilə yanaşı Holland Ost-Hind şirkətinə də Səfəvi dövləti ticarətində böyük imtiyazlar verməkdə əsas məqsədi onları qarşı-qarşıya qoyaraq siyasi məqsədlərindən yayındırıb, diqqətlərini daha çox Səfəvi dövləti ilə iqtisadi əlaqə uğrunda mübarizəyə yönəldib, bundan daha çox fayda götürməkdən ibarət idi. I Şah Abbasın daxili siyasətinə sadiq olan I Şah Səfi də 1645-ci ildə Holland şirkətinə bütün Səfəvi dövləti ərazisindən ipək almaq və ona gömrük ödəmədən ixrac etmək hüququ vermişdi. Nəticədə XVII yüzilin ortalarında Səfəvi dövlətinin ipək ticarətində birinci yeri tutdular. Onlar okeanlardan keçən karvan yolları ilə ticarət aparırdılar. Şardenə görə Hollandiya tacirləri hər il şahın adamlarından 600 tay ipək alırdılar. Səfəvi imperatorluğu bazarlarından hollandları sıxışdırmağa çalışan ingilislər XVII yüzilin ortalarında hollandlardan sonra Azərbaycan ipəyinin əsas alıcıları idi.

XVII yüzilin ikinci yarısında Qərbi Avropa ticarət kapitalı Rusiya kapıtalının rəqabəti ilə də qarşılaşdı. 1667-ci ildə Rusiya hökuməti Culfa ticarət şirkəti ilə müqavilə bağladı. Müqaviləyə görə şirkət xam ipəyi Rusiyaya satmalı, yaxud Avropaya Rusiya vasitəsi ilə ixrac etməli idi. 1672-ci ildə Şah Süleyman (1666-1694) çar Aleksey Mixayloviçə (1645-1676) yazdığı məktubda Culfa şirkətinin bağla­dığı müqavilə ilə razılaşdığını bildirirdi.

XVII yüzilin sonlarında ölkə miqyasında xam ipəyin keyfiyyətinin aşağı düşməsi, xam ipək və ipək Parça istehsalının azalması Azərbaycan Səfəvi dövlətinin iqtisadi inkişafına mənfi təsirlər göstərmiş, dövlətin xarici ticarət əlaqələrini də zəiflətmişdi. XVII yüzilliyin 70-80-ci illərində zərli ipək Parçaların Osmanlı dövləti və Hindistanda istifadə edilməsi qadağan edilmişdi. Ölkədə gümüş böhranı ilə yanaşı, tədavülə qəlP sikkələrin daxil olması Pulun alıcılıq qabiliyyətini aşağı düşürmüşdü. Bu zaman sərhəd gömrük məntəqələrində qanunlara əməl edilmir və tacirlərdən əlavə rüsumlar tələb olunurdu. Iqtisadi böhran dərinləşdikcə ölkə miqyasında iqtisadi çətinliklərdən istifadə edən hindli tacirlər yerli bazarlarını tutmağa başlamışdılar. Və bu tacirlər bazarlara gətirdikləri mallarla üstünlüyü ələ alaraq artıq 4-5 min manat və ondan bir qədər çox ticarət əməliyyatı icra edirdilər. Səfəvi-Hindistan ticarətində balans Passivləşməklə Səfəvi dövlətinin gümüş və qızıl sikkələri, habelə qızıl, gümüş məmulatları Hindistana axıb gedirdi.

TORPAQ SAHIBLIYI. Səfəvilərin hakimiyyətə gəlişi torpaq münasibətlə­rinə də dəyişiklik gətirdi. Torpaq münasibətlərinin məzmunu başlıca olaraq iri torpaq sahibliyi ilə yanaşı xırda kəndli təsərrüfatlarının varlığı ilə bağlı idi.

Dövlət torpaqları əraziyi-divani, şah və onun ailə üzvlərinin torpaqları isə xassə ərazisi (əraziyi-xasseyi-şərifə) adlanırdı. Bu ikisi geniş torpaq sahələrini özündə birləşdirirdi. I Şah Ismayıldan başlayaraq, xüsusilə I Şah Abbas zamanı Səfəvi şahları tutduqları yerlərdə torpaqları əvvəlki sahiblərinin əlindən alaraq divan, yaxud xassə əmlakına qatırdılar. Azərbaycanla yanaşı, Fars, Gilan, Xorasan, Isfahan və Heratda münbit torpaqların çoxu əraziyi-xassə idi. Hər iki əmlakın idarə olunmasına Şah özü başçılıq edirdi. Əraziyi-divaninin maliyyə işləri ilə sərkari-divan, xassəninki ilə sərkari-xassə məşğul olurdu. Divan torpaqlarından yığılan vergilər dövlət aparatı və qoşunun saxlanmasına xərclənirdi. Xassənin gəliri isə saray və şah ailəsinə sərf olunurdu.

Mülki və hərbi qulluqçulara xidmətlərinə görə, dövlət torpaqlarından soyurqal, tiyul (çox nadir hallarda iqta) adı ilə ömürlük, yaxud irsi mülklər verilirdi. Soyurqal əslində iqtanın davamı idi. O da iqta kimi irsi olub nəsildən-nəslə keçirdi. Ancaq hakimiyyətə gələn hər bir yeni şah soyurqal sahibinin torpaq üzərində sahibkarlıq hüququnu fərmanla təsdiq etməli idi. Soyurqal sahibi inzibati-hərbi xidmətdə olmaqla, istənilən anda şah ordusuna müəyyən sayda atlı və Piyada döyüşçü verməli idi. Soyurqal sahiblərinə maafi, yəni vergi imtiyazı verilirdi. Bu imtiyaz soyurqal sahibini dövlət vergisindən azad etmirdi. Ancaq soyurqal ərazisində bütün vergilərin toplanmasını onun ixtiyarına verir, soyurqalın maliyyə işlərinə dövlətin qarışması üzərinə yasaq qoyurdu.Soyurqal ərazisi iqtadan geniş olurdu. Soyurqal sahibinə məhkmə-inzibati hüquqlar da verilirdi. Soyurqal sahibi ona verilən ərazinin mülki, məhkəmə-inzibati, hərbi idarələrinə başçılıq edirdi.

XV əsrdən fərqli olaraq XVI əsrdə I Şah Ismayıl, xüsusilə I Şah Təhmasib dövründə soyurqal hərbi əsilzadələrə deyil, seyidlərə, ruhanilərə, alimlərə, şairlərə verilirdi. Şah Ismayıl hakimiyyətə gəldikdən sonra Qaracadağ sufilərinə başçılıq edən Ənsarilərin Qaradağdakı soyurqal hüquqlarının saxlanması barədə fərman verdi. Bununla yanaşı, Səfəvi şahları dövlət hakimiyyətinin mərkəzləşdirilməsinə uyğun gələn yeni torpaq siyasəti yeritməyə çalışırdılar. Soyurqalı xidmətə görə verilən şərti mülklərlə əvəz etməyə başladılar. Başlıca məram xidmət müqabilində şərti torpaqlar alan əsilzadələrdən dövlət üçün yeni dayaq yaradılması idi.

Yeni sahibkarların torpaq üzərində irsi mülkiyyətçilik hüquqları azaldılıb kəsilir, bununla da əyanların mərkəzdənqaçma meyllərinin qarşısı alınırdı. XVI-XVII yüzillərdə soyurqal torpaq sahibliyi sıxışdırılır, onun əvəzinə tiyullar Paylanırdı.Tiyul şərti mülk idi, dövlət qulluqçularına müvəqqəti, yaxud ömürlük verilirdi. Şahın fərmanı əsasında tiyul ərazisindən toplanılan verginin bir hissəsi yaxud hamısı tiyuldara çatırdı. Tiyul ərazisində tiyuldarın idarə hüququ yox idi. XVI yüzildə divan və xassədən bütöv bir mahal, yaxud yalnız bir kənd də tiyul kimi verilə bilirdi. Bəzən bir yer eyni vaxtda iki əsilzadəyə tiyul verilirdi. Təbii, tiyuldarlar belə tiyulda yaşamırdılar. Tiyuldan sonra çatası vəsaiti dövlətin maliyyə məmurları toplayıb verirdilər. Tiyuldara tiyulu idarə etmək hüququ çox nadir halda nəsib olurdu.

XVII yüzilin əvvəllərində dövlətin ixtiyarında olan torpaqlardan mərkəzi idarədəki dövlət məmurlarına, hərbçilərə yeksale və həmesale adlı tiyullar verilirdi. Həmesale tiyulları ilə onun sahiblərinin əlaqəsi olmurdu. Onlar tiyuldan onlara çatası Pulu dövlət xəzinəsindən alırdılar. Otlaqları, əkin yerləri, oturaq kəndliləri olan mahallar köçəri və yarımköçəri tayfalara irsi dolanışıq üçün də verilirdi. Tayfalar üçün verilən torpaqlar həmin tayfanın başçısına (əmirinə) verilən tiyuldan fərqlənirdi.Ənənəvi vəqf əmlakı xeyli genişlənmişdi. Vəqf əmlakına geniş torpaq sahələri ilə yanaşı kəhrizlər, dükanlar, rastabazarlar, sənətkar karxanaları, karvansaralar, dəyirmanlar, hamamlar və s. daxil idi. Vəqflər iki yerə bölünürdü. Bunlardan vəqfi-xeyriyyə dini idarələrin, vəqfi-əhliyyə isə din xadimlərinin mülkləri idi. Vəqflərin xüsusi vergi və məhkəmə imtiyazları vardı. Vəqflər xüsusi qaydalarla idarə olunur, onlardan dövlət vergiləri yığılmırdı. Onların toxunulmazlıq hüququ var idi. Vəqf əmlakı satıla və bağışlanıla bilməzdi. Vəsiyyətlərlə verilən əmlaklar hesabına məscid, mədrəsə, xanəgahların vəqfləri genişlənirdi.

Feodalların şəxsi torpaq sahibliyi mülk idi. Mülk sahibinin islam qanunları əsasında dövlətdən torpaq almaq hüququ vardı. Eyni zamanda dövlət də öz növbəsində xidmətlərinə görə ayrı-ayrı adamlara torpaq sahəsini mülk kimi bəxşiş edə bilərdi. Mülk sahiblərinin torpaqlarını sərbəst bağışlamaq, satmaq, varisinə vermək hüquqları var idi. Mülk sahibi torpağını vəsiyyətlə istədiyi dini idarəyə də bəxş edə, yaxud varisinin mülki hüququ saxlanılmaqla hər hansı vəqf əmlakının himayəsinə keçirə bilərdi. Axırıncı halda varis həmin torpağı alıb-satmaq hüququnu itirmiş olurdu. Yalnız bu halda varisin ata mülkünün gəlirindən Pay almaq hüququ qalırdı.

İcma torpaq sahibliyinə camaat da deyilirdi. Bu torpaqlar kənd icmaçılarının - camaatın istifadəsində idi. İcmanın başçısı ağsaqqal adlanırdı. O, icmaçılar arasında vergiləri bölür və yığırdı. Əvəzində verginin müəyyən hissəsi ona çatırdı. Icma başçısı vəzifəsi çox vaxt irsən keçirdi. Hər bir icmanın sənətkarları var idi. Onlar xırda vergilər ödəyirdilər. Sənətkarları icma öz hesabına saxlayırdı.




Yüklə 377 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin