Azərbaycan Dövlət İqtisad Universiteti
“Humanitar fənlər” kafedrasının
baş müəllimi s.e.ü.f.d.Həmidova Leyli Ə.
Leyli.Hemidova@mail.ru
Fənn: Azərbaycan tarixi
Mövzu: Azərbaycan XVII – XVIII əsrin birinci yarısında
PLAN
1. XVI əsrin sonunda Səfəvi – Osmanlı müharibələri
2.Səfəvilər dövləti Şah Abbasın hakimiyyəti illərində
3.Azərbaycan XVIII əsrin əvvəllərində . Rusların Azərbaycana işğalçılıq yürüşləri
4. Səfəvilər dövlətinin zəifləməsi və süqutu
Mühazirədə Səfəvilərin XVI əsrin sonlarında dövlətin daxili və xarici siyasi vəziyyəti, həmçinin uzun sürən Səfəvi – Osmanlı müharibələri izah edilir. Mətndə Səfəvilərin Şah Abbas dövründə yenidən qüvvətlənməsi və imperiya sərhədlərinin bərpa edilməsi, Səfəvi dövlətinin süqutu və Nadir şahın hakimiyətinin başlanması məsələləri işıqlandırılır. Ayrıca bu illərdə Səfəvi dövlətinin Avropa dövlətləri, Rusiya və Türkiyə tərəfindən maraq dairəsində saxlanması və həmçinin İran körfəzində baş verən tarixi rəqabətin izahı da tələbələrin dünyagörüşünün formalaşmasında faydalı ola bilər.
I Şah Təhmasibin ölümündən sonra başlayan hakimiyyət uğrunda siyasi mübarizə dövlətin hərbi – siyasi və iqtisadi qüdrətini xeyli zəiflətdi. 1576 – cı ildə II İsmayılın sui – qəsd nəticəsində öldürməsindən sonra hakimiyyətə Məhəmməd Xudəbəndə gəldi. Məhəmməd Xudabəndə dövründə (1578-1587) mərkəzi hakimiyyətlə hesablaşmayan qızılbaş əmirlərinin özbaşınalığı gücləndi və dövlət xəzinəsi tamamilə boşaldı. 1578- ci ildə III Murad Səfəvilərə qarşı müharibəyə başladı.1578- ci il avqustun 9-da Qars vilayətində Çıldır gölü sahilində baş vermiş ilk döyüşdə Səfəvi qoşunu məğlubiyyətə uğradı. Səfəvilər 1578- ci ilin sentyabrında Alazan çayı sahilindəki döyüşdə Osmanlılar , həmin ilin noyabr ayında Ağsu çayı sahilindəki Mollahəsənli döyüşündə Osmanlıların vassalı olan Krım tatarları üzərində parlaq qələbə çaldılar. 1583- cü ildə Səfəvilər Şirvan ərazisində Niyazabad adlı yerdə osmanlılara qalib gəlsələr də, həmin il Samur çayı sahilində tarixə ”Məşəl savaşı” kimi daxil olan gecə döyüşündə məğlub oldular. 1585- ci il Sufiyan məğlubiyyətindən sonra Təbriz şəhəri itirildi.
1587 - ci ildə hakimiyyətə gələn Şah Abbas Osmanlı dövləti ilə ağır şərtli İstanbul sülh müqaviləsini bağlamağa məcbur oldu. Bu müqaviləyə görə Ərdəbil , Qaracadağ, Xalxal və Lənkəranı çıxmaqla , qalan bütün Azərbaycan ərazisi , indiki Gürcüstanın şərqi və İranın qərb vilayətləri Osmanlı imperiyasına güzəştə gedildi.
Şah Abbas Səfəvi imperatorluğunu möhkəmləndirməklə osmanlılar tərəfindən tutulan torpaqları geri qaytarmaq fikrində idi. O, eyni zamanda Bəsrə körfəzindən yavaş-yavaş ölkənin içərilərinə doğru irəliləyən Qərb dövlətlərinin işğalçılıq siyasətinin mahiyyətini başa düşür, Səfəvi imperatorluğunu onlara qarşı dura biləcək bir duruma gətirməyə çalışırdı. Dövləti möhkəmləndirmək üçün imperiya ərazisindəki mərkəzdənqaçma hərəkatlarının qarşısını almaqla, əmirlər arasında davam edən çəkişmələr də aradan qaldırılmalı idi. I Şah Abbas hakimiyyətə gəldiyi gündən idarəçiliyə yeni əmirlər gətirdi. Ancaq onlar da özlərindən əvvəlkilərin yolu ilə getməyə başladılar. Elə buna görə də, onların da çoxu hakimiyyətdən uzaqlaşdırıldı. I Şah Abbas hakimiyyətə keçməsində Mürşüdqulu xana borclu idi. Ancaq 1589-cu idlə yorulmaz, qeyrətli şəxsiyyət olan Mürşüdqulu xan öldürüldü. I Şah Abbas nüfuzlu əmirləri aradan götürməklə həm ara çəkişmələrini azaltdı və həm də hakimiyyətini möhkəmləndirdi.
I Şah Abbas əhalisinin çoxu türk olmayan bu vilayətlərdə məhəlli sülalələri və bir çox senyor mülklərində hakimlərin irsi hüquqlarını ləğv etdi. Hakimiyyətə imperatorluğun tərkibindəki başqa xalqların əsilzadələri, eyni zamanda kiçik yaşından saraya gətirilib burada böyüdülən çərkəz, gürcü qulları da cəlb olundu. Onların idarəçiliyə gətirilməsi qızılbaşların hakimiyyətdəki mövqeyini azaltmaq məqsədini güdmürdü. Şah Abbas bununla imperatorluğun tərkibindəki başqa xalqların mərkəzdənqaçma meyllərinin qarşısını aldırdı. Yeni əsilzadələrin hakimiyyətə gətirilməsi dövlətin milli mahiyyətini dəyişə bilməzdi. Belə ki, 1628-ci ildə dövlət quruluşunda müxtəlif vəzifələrdə olan 92 əmirdən 54 nəfəri türk, 15 nəfəri türklüyü qəbul etmiş və türk dilindən savayı ayrı dil bilməyən qulam və qalanı isə qeyri-türklərdən ibarət olmuşdur.
I Şah Abbas hərbi islahatında Osmanlı dövlətinin yeniçəri hərbi institutunu örnək olaraq qəbul edərək, qulam, tüfəngçi nizami alaylarını yaratmış və bir qədər sonra isə topçu takımını da təşkil edib, əsgəri təşkilatı təkmilləşdirərək, dövləti hərbi-siyasi baxımdan gücləndirməyə müvəffəq olmuşdur.
Beləliklə, I Şah Abbas islahatları və daxili siyasətindəki uğurları sayəsində bir tərəfdən bürokratik dövlət aparatını genişləndirmiş, digər tərəfdən mərkəzi hakimiyyəti möhkəmləndirməyə müvəffəq olmuş və onun türk əmirlərindən ibarət olan mərkəzi və yerli idarələrə qeyri-türk elementlərini də qismən cəlb etməsi dövlətin cənub, cənub-şərq bölgələrindəki mərkəzdənqaçma hərəkatlarının qarşısının alınması işinə xidmət etmişdir. Ölkə miqyasında mərkəzdənqaçma hallarının, əmirlər arasındakı çəkişmələrin qismən aradan qaldırılması iqtisadiyyatın təkamülünə, məhsuldar qüvvələrin inkişafına müsbət təsirlər göstərmişdir. Daxili və xarici ticarətin inkişafında Şahın karvan yollarını abadlaşdırması, yolboyu karvansaralar inşa etdirməsi, yollardakı təhlükəsizlik tədbirləri də az rol oynamamışdır.
I Şah Abbasın vergi islahatı, yəni ayrı-ayrı bölgələr, şəhərlər üzrə vergilərin azaldılması, yaxud müəyyən müddət ərzində ləğvi ölkənin iqtisadi həyatındakı geriliyin aradan qaldırılması və dövlət büdcəsinin gəlir qaynaqlarının bərpası ilə bağlı olub, itirilmiş torpaqların geri qaytarılması, mərkəzləşdirmə siyasətinin uğurla həyata keçirilməsi, dövlətin hərbi-siyasi qüdrətinin artırılması işinə xidmət edirdi. Ölkənin şimal-qərb torpaqları osmanlılardan geri alındıqdan sonra vergi imunitetləri bu bölgələrə də aid edilir. Belə ki, Ordubad, Dərbənd və 1615-ci ildə Təbriz şəhər əhalisi mal-xərac vergisindən azad olundular. Bu, zaman Təbrizdə garuğəgi və ehdas vergisi də ləğv edilir. Dövriyyədə I Şah Abbasın sikkə islahatı və fərmanı əsasında abbası adı ilə gümüşdən zərb edilən sikkələr üstünlük təşkil edirdi. Abbasinin rəsmi çəkisi bir misqal, yəni 4,64 qram idi. Sikkələrin dinarla dəyərinə gəldikdə isə 1 abbasi 200, I şahı 50, I bisti 20, I kasbeki 5 dinar olub, I tümən isə 100000 dinara, yaxud 50 abbasiyə bərabər idi.
I Şah Abbas daxili çəkişmələrə son qoyub dövlət hakimiyyətini möhkəmləndirdikdən sonra, əvvəlcə Xorasanın özbək xanlarından geri qaytarılmasını qərara aldı. Ona görə ki, Xorasanda Abdullah xan tərəfindən tutulan torpaqların geri qaytarılması və burada dövlətin sərhədlərinin qəti möhkəmləndirilməsi üçün əlverişli vəziyyət yaranmışdı. Belə ki, Xorasanda, Mavərəünnəhrdə, Xarəzmdə özbək tayfa başçıları arasında çəkişmələrin genişlənməsi, bu zaman Abdullah xanın və onun vəlihədi Əbdülmömin xanın ölümündən bacarıqla istifadə edən I Şah Abbas 1598-ci ildə Herat savaşında Din Məhəmməd xanı məğlub etdi. Bu savaşda 4000 nəfərdən çox özbək döyüşçüsü və Din Məhəmməd xan da öldürüldü. Nəticədə Nişapur, Məşhəd, Herat, Mərv daxil olmaqla, bütün Xorasan özbəklərdən geri alındı. Səfəvi imperatorluğunun sərhədləri yenə Ceyhun çayına çatdı. Beləliklə, I Şah Abbas dövlətin şərq sərhədlərinin təhlükəsizliyini gücləndirib, Osmanlı dövlətinə qarşı müharibədə itirilmiş torpaqları geri almaq üçün ciddi şəkildə hazırlaşmaq imkanı əldə edir.
I Şah Abbas ciddi hərbi hazırlıqdan sonra Osmanlılar tərəfindən tutulmuş torpaqları geri qaytarmaq üçün 14 sentyabr 1603-cü ildə Təbrizə doğru hərəkət etdi. Yolda Əmirgünə xan Qacarın Qəzvin və Zülfüqar xan Qaramanlının Ərdəbil alayları da onunla birləşdilər. Onlar on dörd günə Təbriz qala qapılarına çatdılar. Qızılbaş ordusunun yaxınlaşdığını görən Təbriz və onun ətraf əhalisi osmanlılara qarşı çıxışlara başladılar. 21 oktyabr 1603-cü ildə I Şah Abbas Təbrizi tutdu. Təbriz tutulduqdan sonra Qərbə doğru hərəkət edən I Şah Abbas Əli Paşanın başçılıq etdiyi Təbriz qarnizonunu dağıtdı. Əli Paşa əsir götürüldü. Bu qələbədən sonra Şah Zülfüqar xan Qaramanlını Azərbaycana bəylərbəyi təyin etdi. Amma bir qədər sonra Şah Abbas Azərbaycanın qorunmasını türkmənlərə tapşırdı. Onların başçısı Pirbudaq xan Pornaq da Zülfüqar xanı əvəz etdi.
Culfa və Naxçıvan asanlıqla tutuldu. Şəhərdəki osmanlı qarnizonu döyüşsüz təslim oldular. Maku hakimi Mustafa bəy şahın düşərgəsinə gəlib ona sədaqətlə xidmət edəcəyini bildirdi. Qızılbaş ordusunun gəlişini gözləyən Ordubad əhalisi də osmanlılara qarşı çıxdılar. Elə buna görə də şəhər dağıdıldı. Ordubad şəhərinin əhalisinə və iqtisadi həyatına çox ciddi zərər dəydiyi üçün baş vəzir Hatəm bəy Ordubadinin təklifi ilə şah orbudlıların bütün dövlət vergilərindən azad olunmaları barədə fərman verdi.
Qızılbaşlar Irəvanda çox böyük müqavimətlə qarşılandılar.Irəvanda toplu, tüfəngli 10 min nəfər osmanlı qüvvəsi vardı. 1603-cü ilin sonunda başlanan savaş 8 iyun 1604-cü ilə qədər getdi. Çox çətinliklə Irəvan da tutuldu.
I Şah Abbas Qarabağı tutmamışdan ora Ziyadoğlulardan Hüseyn xan Qacarı bəylərbəyi təyin etmişdi. Hüseyn xanın qoşunu Araz çayına tökülən Qozluçay üzərində düşərgə salmışdılar. Davud Paşanın osmanlı dəstəsi Hüseyn xanı məğlub edib düşərgəsini dağıtdı. Bunu eşidən şah qorçubaşı Allahqulu bəyin başçılığı altında Gəncəyə beş minlik dəstə göndərdi. Cığaloğlu Sinan Paşanın başçılığı altında osmanlı ordusunun yaxınlaşdığını (1604) eşidən Şah ənənəvi döyüş taktikasına əl atdı. Osmanlı sərhədlərində tutduğu qalaları dağıtdırdı. Əmirgünə xan Çuxur-Səddən yerli əhalini ölkənin içəri bölgələrinə köçürdü. O bilirdi ki, qış vaxtı ağır silahlı Osmanlı ordusu yürüşlər edə bilməyəcəkdir. Yaz, yay hücumlarını Pozmaq üçün isə Osmanlı ordusunun keçəcəyi yollar kənarındakı otlaqları, tarlaları dağıtdırdı. Nəticədə, Təbrizə doğru hərəkət edən iki Osmanlı ordusundan heç biri uğur əldə edə bilmədi. Əksinə, itki də verərək geri çəkildilər. I Şah Abbas dağıtdığı qalaları bərpa etdirib buraya tüfəngçi və topçular yerləşdirdi. Şah Abbas 1604-1605-ci ilin qışını Təbrizdə keçirdi. Qoşun toplanması üçün yeni fərmanlar verdi. Bu vaxt Şirvanda savaş davam edirdi. Şamaxı, Bakı və Dərbənddən başqa, Şirvanın qalan yerləri ger alınmışdı.
I Şah Abbas Vandan Cığaloğlunun yeni yürürşlərinin qarşısını almaq üçün Təbrizi möhkəmləndirirdi. Yeni tikdirdiyi qalada iki-üç illik taxıl, sursat yerləşdirdi. Sonra Allahverdi xanın başçılığı altında Vana qoşun (30 min) göndərildi. Vanda 1605-ci ildə savaşda Cığal oğlunun qüvvəsi məğlub oldu. O, özü çox çətinliklə qaça bildi. Çox keçmədi ki, güclü hərbi qüvvə ilə Cığal oğlu Azərbaycana daxil olub Urmiyaya doğru hərəkət etdi. Yenə də Şah Abbas yolboyu bütün ərzağı başqa yerlərdə daşıtdırıb, əhalini isə başqa yerlərə köçürdükdən sonra Mərəndə çəkilmişdi. Şah Abbas çox ustalıqla döyüşə hazırlıq gördü. Həlledici savaş 7 noyabr 1605-ci ildə Ərdəbillə Sərab arasında oldu. Şah Abbas qələbə çaldı. Cığal oğlunun xeyli döyüş texnikası, ərzaq, sursatı ələ keçirildi. Şah geri çəkilən osmanlıları izləmədi. Bu qələbədən sonra 1605-1606-cı ilin sərt qışına baxmayaraq, Şah Abbas Qarabağa keçdi və Gəncə mühasirə olundu. Kömək gələcəyini gözləyən osmanlılar Gəncənin verilməsi təklifinə razı olmadılar. Gəncənin mühasirəsi dörd ay davam etdi. Gəncə 5 iyul 1606-cı ildə geri alındı, Qarabağa Məhəmməd xan Ziyadoğlu Qacar bəylərbəyi təyin olundu.
Şah Abbas Dərbəndi tezliklə tutub Qafqazda müharibənin taleyini həll etmək istəyirdi. Bu zaman Şamaxıdakı osmanlı qarnizonu Dərbəndə çəkilməyə hazırlaşırdı. Onlar Krım xanından yardım alıb burada möhkəmlənmək istəyirdilər. Elə bu vaxt Kəffədən Şəmsəddin Paşanın başçılığı ilə Şirvandakı osmalılara kömək göndərildi. Şəmsəddin Paşa bildirdi ki, 1607-ci ilin yayında Qafqaza da yeni Osmanlı qoşunu yeridiləcək. Eyni zamanda Krım xanın da qoşunu şimaldan Şirvana daxil olacaqdır. Elə buna görə də, Osmanlı qarnizonu Şamaxıdan çıxmadı. Şirvana daxil olan şah ordusu 1607-ci ilin yanvarında Şamaxıya çatdılar. Bu vaxt Bakı və Dərbənddə osmanlılara qarşı çıxışlar oldu. Bu çıxışlar Şirvanın geri qaytarılmasını asanlaşdırdı. Şamaxıda 1607-ci il döyüşləri hər iki tərəf üçün ağır oldu. Şah ordusu 27 iyun 1607-ci ildə Şamaxını tutdu. Şahın fərmanı ilə Zülfüqar xan Qaramnalı Şirvan bəylərbəyi oldu. Şamaxı döyüşü ilə savaşın taleyi həll olundu. Bütün Qafqaz yenə də Səfəvilərin hakimiyyəti altına düşdü. Şah Osmanlı dövləti ilə danışıqlara başlamaq üçün Təbrizə qayıtdı. Şah Osmanlı dövləti ilə sülh danışıqlarında Krım xanı Qazi Gərayın köməyinə çox ümid bağlayırdı. Şah Qazi Gərayın yaxın dostu, Osmanlı sərdarlarından olan Xəndan ağanı həbsdən azad etdi. Onunla birlikdə elçisi Əbülqasım bəy Evoğlunu Qazi Gərayın yanına göndərdi. Ancaq Xəndan ağa yolda öldürüldü və Əbülqasım bəy Evoğlunu isə çərkəzlər əsir götürdülər. Bu vaxt Qazi Gəray da vəfat etdi. Şah Sultanla danışıqlara başlaya bilmədi.
Osmanlı dövləti 1607-1611-ci illərdə Azərbaycana yenə də qoşun yeritdi. Osmanlı ordusuna baş vəzir Murad Paşa başçılıq edirdi. Murad Paşanın ordusu Təbriz şəhərini tutub beş gün burada qala bildi. Amma o, I Şah Abbasın yürüşündən ehtiyat edib Vana döndü. Şah Abbas yenə də köhnə ənənəvi savaş qaydalarından istifadə etməyə başladı. Murad Paşa isə Azərbaycana bu uğursuz səfərindən sonra Səfəvilərlə danışıqlara başlamağa razılıq verdi. Ancaq Murad Paşa 6 avqust 1611-ci ildə öldü. Iki imperiya arasında sərhəddin danışıqlarla müəyyən olunması ləngidi.
1612-ci ilin yazında I Şah Abbasın əsas qüvvəsi yerləşdiyi Ucana danışıqlar üçün Osmanlı dövlətindən elçi gəldi. Səfəvilər tərəfindən İstanbula ali ruhani idarəsinin başçısı Qazi xan Sədr əl-Həsən göndərildi. I sultan Əhməd (1603-1617) Səfəvi elçisini 17 oktyabr 1612-ci ildə çox hörmətlə qarşıladı.
Sultan I Şah Abbasın 1555-ci il Amasiya barışığı əsasında müqavilə bağlamaq təklifini bəyəndi. 1612-ci ildə İstanbulda müqavilə imzalandı. Müqavilə əsasında sultanın irəli sürdüyü yeni şərtləri şah qəbul etdi. Sultanın irəli sürdüyü əsas şərtində göstərilirdi ki, onun rusların tikdiyi Terek qalasının dağıdılması haqqındakı fərmanına Səfəvi qoşunu mane olmamalıdır. Bu şərt Osmanlı dövlətinin Xəzərə doğru Qafqazdan keçən yürüşləri və bu zaman Səfəvilərlə də baş verən savaşların əsil mahiyyətini aydınlaşdırır. Eyni zamanda Səfəvi dövləti Osmanlı dövlətinə müharibədə dəymiş zərərin qarşılığını ödəmək üçün hər il 200 xarvar (xarvar-300 kq) xam ipək verməyi öhdəsinə götürmüşdü.
Fəal xarici siyasət yürüdən I Şah Abbasın qarşısında duran əsas vəzifələrdən biri Iran körfəzində Portuqaliya ağalığına son qoyub Hind okeanına çıxmaq idi. Avropa monarxları ilə əlaqələrini gücləndirən I Şah Abbas onların aralarındakı dəyintilərdən faydalanaraq Iran körfəzi məsələsini həll etməyə çalışırdı. Avropa dövlətləri isə şahdan daha çox Osmanlı dövlətinə qarşı istifadə etmək istəyirdilər. Roma Papası VIII Klement 30 sentyabr 1592-ci ildə I Şah Abbasa yazdığı məktubda Osmanlı dövlətini ümumi düşmən adlandırırdı və şahla müqavilə bağlayıb onu Osmanlı dövlətinə qarşı savaşa qaldırmaq istəyirdi. Eyni zamanda Səfəvilərə odlu silahlar göndərəcəyini də vəd edirdi. Əslində Qafqaz, Xorasan və Iran körfəzinin geri alınması üçün savaşa hazırlaşan I Şah Abbasın həm müttəfiqə və həm də odlu silaha böyük ehtiyacı vardı.
XVI yüzilin sonlarında İngiltərədən Səfəvi ölkəsinə Antoni və Robert Şerli qardaşlarının başçılıq etdikləri bir dəstə gəldi. I Şah Abbas 1599-cu ildə Antoni ilə birlikdə Oruc bəy Bayat və Hüseynəli bəy Bayatın başçılıq etdiyi elçilərini Almaniya, Ingiltərə, Fransa, Ispaniya, Şotlandiya, Polşa, Italiya monarxları ilə danışıqlar aparmaları üçün Avropaya göndərdi. I Şah Abbas xristian tacirlərinə Səfəvi ölkəsində gömrük ödəmədən ticarət aparmaq hüquqları verib, Avropa dövlətləri ilə Osmanlı dövlətinə qarşı müqavilə bağlamaq fikrində olsa da, qərb dövlətləri arasındakı münasibətləri də aydınlaşdırmaq istəyirdi. Ona görə ki, Şah Ispaniyaya qarşı da savaşa hazırlaşırdı. O, bu savaşda Qərb dövlətlərinin aralarındakı çəkişmələrdən İspaniya və Portuqaliyaya qarşı istifadə etmək fikrində idi. Ancaq Avropa ölkələri ilə Səfəvi elçilərinin diplomatik danışıqları uğursuz oldu. Səfəvi elçisi Iffət bəyin 1600-cü ildə Venesiyada apardığı danışıqlar da baş tutmadı.
Avropa Kralları Səfəvi və Osmanlı dövlətlərini savaşdırıb gücdən salmaqla Şərqdə asanlıqla yeni torpaqlar tuta bilərdilər. Bu işdə onlar xristianlığı yayan missionerlərinə daha çox ümid bağlayırdılar. 1603-cü ildə İsfahana ispan missionerlərindən Ceranimo de Kruz, Kristefor de Spiritu, Antonio de Qovea gəldilər. Missionerlər I Şah Abbasa bildirdilər ki, katolik məzhəbinin yayılmasına imkan versə, ispan kralı Osmanlı dövlətinə qarşı müharibədə ona kömək edəcəkdir. Şah həmin ildə Allahverdi bəy Türkmanı kömək almaq üçün İspaniyaya göndərdi.
1603-cü ildə Səfəvi dövlətinə Almaniyadan II Rudolfun elçisi Georq Tektandr göndərilmişdi. Ancaq o, yolda Lənkəranda öldü və onun səlahiyyətini elçiliyin başqa bir üzvü Stefan Kakaş öz üzərinə götürdü. O, 1603-cü ildə I Şah Abbasla Təbrizdə görüşdü. Şah 1604-cü ildə onlarla birlikdə öz elçisi Mehdiqulu bəyi Almaniyaya göndərdi. 1603-cü ildə şahın Fəthi bəy adlı elçisi Venesiyada idi. O, Venetsiya doju ilə danışıqlardan sonra xeyli silah aldı. Ancaq Səfəvi ölkəsinə göndərilən silahları Suriyada Osmanlı dövləti ələ keçirdi. Səfəvi elçisi 1609-cu ildə isə Venesiya, Florensiya və Romada danışıqlar apardı. Ancaq dönük xarici siyasət aparan Qərb dövlətləri ilə danışıqlar Səfəvi dövlətinə uğur gətirmirdi. İspan-Portakəz siyasətçiləri Şərqin iki imperatorluğu arasında gedən savaşı qızışdırmaqla Bəhreyni tutmaq, özləri bitərəf qalmaqla Osmanlı dövlətinə qarşı hərbi blok yaratmaq istəyirdilər.
1612-ci ildə Osmanlı Səfəvi barışığından sonra I Şah Abbas Hörmüz məsələsini həll etməyi qəti qərara aldı. Bu Səfəvilərlə İspaniya arasındakı münasibətləri korladı. Hələ 1601-ci ildə ispanlar Bəhreyndən qovulmuşdular. 1614-cü ildə isə fars bəylərbəyi Imamqulu xan ispanları Hambrundan çıxardı. I Şah Abbas Fars körfəzi limanlarını başqa ölkələrin üzünə qapayır, onların Səfəvilərlə iqtisadi-diplomatik əlaqələrini nəzarət altında saxlayan Portoqallarla artıq hesablaşmırdı. I Şah Abbas Avropa dövlətləri arasındakı çəkişmələrdən də bacarıqla istifadə edirdi. Onların Səfəvilərə qarşı birləşməsinin mümkün qədər qarşısını alırdı. İspaniya Portuqaliya ilə İngiltərə arasındakı rəqabətI Şah Abbasın diplomatik uğurları ilə daha da dərinləşmişdi. Şah İran körfəzini tutmağa tələsmirdi. Çünki onun hərbi donanması yox idi. İspaniya Səfəvilərə qarşı başqa Avropa dövlətləri ilə birləşə bilərdi. Əksinə, I Şah Abbas İspaniyaya 1615-ci ildə Robert Şerlinin başçılığı ilə elçi göndərdi. Şah III Filippi arxayın edib Fars körfəzini geri qaytarmaq üçün müharibəyə hazırlaşırdı. Robert Şerli Londonda da oldu. O, İngiltərə ilə Səfəvilər arasında diplomatik-iqtisadi əlaqə yaratmalı idi. Amma o, bu məsələlərdə çox iş görə bilmədi.
1621-ci ildə İngiltərə ilə Səfəvi dövləti arasında müqavilə bağlandı. 1622-ci ildə ingilis Ost-Hind kompaniyasının nümayəndələri Hörmüz və Kişin geri alınmasında I Şah Abbasa kömək edəcəklərinə söz verdilər. Bunun müqabilində ingilis tacirləri gömrükdən azad olunmalı və körfəzdə gömrükdən götürülən gəlirin yarısı da Ost-Hind kompaniyasına verilməli idi. 1622-ci ildə İngiltərə donanmasının köməyi ilə İmamqulu xan Portoqal qarnizonlarını məğlub edib Kiş və Hörmüzü geri aldı. İran körfəzindəki bu qələbələr I Şah Abbasın diplomatik fəaliyyətinin uğurlu nəticəsi idi. I Şah Abbas xarici siyasəti sahəsindəki uğurları ilə Azərbaycan Səfəvi dövlətini beynəlxalq əlaqələr sisteminə qovuşdurub onun dünyanın fəal dövlətləri sırasında nüfuzunu xeyli gücləndirmişdi.
I Şah Abbas 1613-cü ildə Gürcüstana qoşun yeritdi. Azərbaycan bəylərbəyi Pirbudaq xan Türkman, Qarabağ əmirlərindən Dəli Məhəmməd Şəmsəddinli, Şirvan bəylərbəyi Yusif xanın alayları Gürcüstanda sakitlik yaratmalı idilər. I Şah Abbasın ordusu Gürcüstanı asanlıqla tutdular. Gürcüstanın xeyli xristian əhalisinə islam dini qəbul etdirildi. I Şah Abbasın Quzey Qafqazdakı bu uğurları Osmanlı I sultanı Əhmədin narazılığına səbəb oldu. O, 1612-ci il müqaviləsini pozub Qafqazı yenidən tutmağı qərara aldı. Osmanlı ordusu 1616-cı ildə Ərzurumdan Təbrizə doğru hərəkət edir. Quzeyə dönüb Çuxur-Sədə daxil olan yüz minlik Osmanlı qüvvələri İrəvanı mühasirəyə aldılar. İrəvana qorçular və tüfəngçilərdən ibarət könüllü dəstələr göndərildi. Şah 1616-1617-ci ilin qışında Ərzuruma dönən Osmanlı ordusunun qabağını kəsmək üçün bura əlavə qoşun da yeritdi. O, osmanlılara ərzaq, sursat gətirilməsinin qarşısını alıb onları mühasirədə saxlamaqla məğlub etmək istəyirdi. Qırx minə yaxın döyüşçü itirən Osmanlı ordusu dərhal geri çəkilməyə başladı.
Şah Abbas osmanlıların gələcək yürüşlərini pozmaq üçün yenə də köhnə tədbirlərinə əl atdı. Səfəvi ordusu Qarçıqay xanın başçılığı altında Ərzurum və Vana keçib bu bölgələri boşatdı. Azərbaycana yürüşə hazırlaşan Xəlil Paşanın Osmanlı qüvvəsi qışlamaq üçün Diyarbəkirə çəkilməyə məcbur oldu. Bu vaxt, yəni 1617-ci ildə Osmanlı dövlətində hakimiyyətə gələn sultan Mustafa həbsxanada olan Səfəvi elçisi Qasım bəyi azad edib Azərbaycana göndərdi. Sultan Mustafanın Qasım bəyə verdiyi tapşırığa görə savaş dayandırılmalı və iki ölkə arasında 1612-ci il müqaviləsinə əməl edilməli idi. Ancaq sultan Mustafa hakimiyyətdən kənar edildi, yerinə şahzadə Osman (1617-1622) gətirildi. Danışıqlar baş tutmadı. Baş vəzir Xəlil Paşanın ordusu 1618-ci ildə yenidən Təbrizə doğru yola düşdü. Qarçıqay xan Təbrizi, I Şah Abbas özü isə Ərdəbili boşaltdı. Osmanlı ordusu boşaldılmış Təbriz şəhərinə döyüşsüz daxil oldu.
I Şah Abbasın dəfələrlə barış barədə təklifləri cavabsız qaldı. Xəlil Paşa I Şah Abbasın əsas qüvvəsi ilə həlledici savaşa girmək istəyirdi. Ancaq savaş qaydalarını gözəl bilən I Şah Abbas Osmanlı ordusunu boşaldılmış bölgələrdəki çətin yollarla arxasınca aparıb yorurdu. Xəlil Paşanın yollarda yorğun düşmüş 50 minlik qüvvəsi Ərəşdabanla Saqamsaray arasındakı Sınıq körpüdə I Şah Abbasın qoşunu ilə qarşılaşdılar. Savaşda Həsən Paşa öldürüldü, Krım xanı Canıbəy Gəray qaça bildi və onun vəziri Mirzə bəy, Van bəylərbəyi Məhəmməd Paşa əsir alındı. Osmanlı ordusu 15 min nəfərə yaxın itki verdi. Bu uğursuz savaşdan sonra Xəlil Paşanın I Şah Abbasa barışıq təklifi ilə onlar arasında Mərənddə 1618-ci ildə 1612-ci il Istanbul müqaviləsinin şərtləri əsasında müqavilə bağlandı. Ancaq bu müqavilədə Səfəvi dövlətinin Osmanlı dövlətinə 1612-ci il müqaviləsinə görə ildə ödəməli olduğu 200 xarvar xanı ipək yarıbayarı azaldıldı. Müqaviləni Osmanlı hökuməti 1619-cu ildə təsdiq etdi. Barışıqdan xeyli sonra Osmanlı ölkəsində daxili çəkişmələr başlandı. Bundan istifadə edən I Şah Abbas 1622-1623-cü illərdə Ərəb İraqına qoşun yeridib Bağdad, Kərbəla, Nəcəfi tutdu. Eyni zamanda Çuxur-Səd bəylərbəyi Əmirgünə xan Qacar Osmanlı tabeliyində olan Axiskanı ələ keçirdi.
I Şah Abbas 1629-cu ildə vəfat etdi. Səfi Mirzənin (I Şah Abbasın oğlu) oğlu Sam Mirzə I Səfi (1629-42) adı ilə şah oldu.
Osmanlı dövləti Anadoludan İran körfəzinə çıxan karvan yolu üzərindəki Bağdadın itirilməsi ilə heç cür hesablaşmaq istəmirdi. I Şah Abbas vəfat etdikdən sonra Bağdadın geri qaytarılması yenə də ön plana çəkildi. Xosrov Paşanın ordusu Bağdada doğru yan aldı. Azərbaycan və Çuxur-Səd bəylərbəyiliklərinin bir çox mahallarına Osmanlı qüvvələri zərbə endirdilər. Bu vaxt Çuxur-Səd bəylərbəyi Əmirgünə xan Qacarın oğlu Təhmasibqulu xan 10 minlik qoşunla İhlat və Adilcivaza qədər hərəkət edib çoxlu əsir, hərbi sursat ələ keçirdi.
Osmanlı sultanı IV Murad (1623-1640) 1634-cü ildə yeni səfərbərlik keçirib güclü ordu yaratmışdı. Bu xəbəri eşidən Şah əsas qüvvəni Təbriz şəhərinə topladı. IV Murad 1634-cü ildə Çuxur-Səd sərhəddini keçib Irəvanı mühasirəyə aldı. Şəhər 10 günlük mühasirədən sonra tutuldu. IV Murad Irəvanı tutduqdan sonra Təbrizə doğru yola düşdü. Bu vaxt Təbrizin yeni bəylərbəyi Rüstəm xan şəhəri tamamilə boşaltdırdı. IV Murad Təbrizə savaşsız daxil oldu. Ancaq boşaldılmış şəhərdə ərzaq, sursat yox idi, qış yaxınlaşırdı, Səfəvilər hücum edə bilərdilər. Elə buna görə, 26 sentyabr 1635-ci ildə osmanlılar şəhərdən çıxıb geri döndülər. Səfəvi ordusu 11 aprel 1635-ci ildə Irəvan şəhərini də geri aldı. Bağdad şəhərini isə osmanlılar yenidən tutdular. Tərəflər arasında yenidən danışıqlar başlandı və 1639-cu il mayın 17-də Qəsri-şirində iyirmi yeddi maddədən ibarət sülh müqaviləsi bağlandı. Müqaviləyə görə dövlət sərhədləri dəyişdirilmədi. Maku, Van, Axiska Osmanlı dövlətinə qaldı. Səfəvilər Arazın sağ sahilindəki Maku, Qotur, Mağazburd qala divarını dağıtmalı idilər.
Şah Səfidən sonra hakimiyyətə onun kiçik oğlu II Şah Abbas (1642-1666) keçir. Yeni Şahın yaşı az olduğuna görə dövləti təxminən 1648-ci ilə qədər baş vəzir Mirzə Tağı idarə etmişdi. II Şah Abbasın dövründə Səfəvi dövlətinin iqtisadiyyatı inkişaf edərək beynəlxalq aləmdə nüfuzu güclənmiş, Avropa və Şərq dövlətləri ilə qarşılıqlı diplomatik əlaqələri də genişlənmişdi.
Səfəvi dövlətinin quzeydə Rusiya ilə «dostluq münasibətləri» tərəflərin ticarət maraqlarına əsaslansa da, onların arasında siyasi münaqişələr də vardı. Belə ki, Rusiya Kazan (1552) və Həştərxanı (1556) işğal etdikdən sonra Volqa-Xəzər karvan yolunun böyük bir hissəsi üzərində nəzarəti ələ keçirməklə kifayətlənməyib XVII yüzilliyin ortalarında Səfəvi-Rusiya sərhəddi boyunca qalalar, istehkamlar tikdirirdi. Digər tərəfdən isə Yaik Don kazaklarının Xəzəryanı yaşayış məntəqələrinə qarətçi yürüşlərinin ardı-arası kəsilmirdi. Yaik kazakları 1632-ci ildə Bakıya hücum etmiş, Don kazakları isə 1647-ci ildə Bakı yaxınlığında dənizdə Fərəhabad tacirini yağmalamışdı.
Səfəvi dövlətinin quzey sərhədlərinə yaxın məsafələrdə Rusiyanın qalalar inşa etməsindən və Rusiya təbəələri olan kazakların Xəzəryanı vilayətlərə qarətçi yürüşlərindən ehtiyat edən II Şah Abbas Astrabaddan Dərbəndə qədər bütün vilayətlərin hakimlərinə hərbi istehkamların möhkəmləndirilməsini, yeni qarovul məntəqələrinin qurulmasını, onlarda tüfəngçilərin yerləşdirilməsini əmr edir. 1650-ci ildə Rusiyanın sərhəd məntəqəsində yenə bir qrup Səfəvi taciri qarət edilir və bu hadisədə Kuban kazaklarını günahlandıran Şah Şirvan bəylərbəyi Xosrov xana Sunжen qalasına hücum etmək barədə göstəriş verir. 1653-cü ildə Şirvan, Qarabağ, Çuxur-Səd bəylərbəylərinin qoşunları Sunjen qalasını tutub yandırdılar. Şirvan bəylərbəyi Xosrov xan Şaha müracət edib, Terek qalasına hücum etmək üçün ondan icazə istəsə də, Şah buna razılıq vermədi və Səfəvi qoşunu geri döndü. Ancaq Rusiya ilə Səfəvi dövləti arasında münaqişə 1662-ci ilə qədər davam etmiş və nəhayət qarşılıqlı diplomatik danışıqlarla aradan qaldırılmışdı.II Şah Abbas 1649-cu ildə Qəndəharı tutub, buradakı hindliləri öz vətənlərinə yola salıb, Şah Cahana (1627-1658) dostluq məktubu yazdı və onunla əlaqələri nizama salaraq dövlətin doğu sərhədlərini möhkəmləndirdi.
1666-cı ildə II Şah Abbas vəfat etdikdən sonra onun böyük oğlu Səfi Mirzə Şah Süleyman (1666-1694) adı ilə hakimiyyətə gəldi. Onun dövründə ölkənin Şərq sərhədləri zəifləmiş, özbək xanları isə Xorasana tez-tez hücumlar edir və heç bir ciddi müqavimətlə qarşılaşmışdılar. XVII yüzilin 70-ci illərində Xəzəryanı vilayətlər də kazak hücumlarına məruz qalmışdı. Belə ki, Stepan Razinin başçılıq etdiyi kazaklar 1668-ci ildə Xəzər dənizi ilə Gilana yan aldığı zaman Şah hökuməti onlara qarşı güclü qoşun çıxardıqda, taktiki məqsədlə bildirdilər ki, Səfəvi dövlətinin təbəəliyinə keçmək üçün bura üz tutmuşlar. Hətta onlar danışıqlar üçün şahın nümayəndəsini gözləyərək Rəştdə xeyli dayandılar. Ancaq 1669-cu ildə Şahın onlara qarşı göndərdiyi qoşunu məğlub edib Xəzəryanı vilayətləri qarət edərək geri döndülər.
XVIII əsrin əvvəllərində Səfəvi hökmdarı Şah Hüseynin (1694-1722) apardığı daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti özünün ən ağır və tənəzzül dövrünü yaşayırdı. Dövlət gəlirlərinin azalması nəticəsində 1698-1701 – ci illərdə keçirilən vergi islahatı ilə bütün əhali üzərinə qoyulmuş vergilər 3 qat artırılmışdı. İdarəçilikdə özbaşınalıq ele bir həddə çatmışdı ki, vəzifəli şəxslər tez-tez dəyişdirilirdi. Səfəvi imperiyasının bütün bölgələrini üsyanlar bürümüşdü.1707-1709 – cu illərdə Təbriz, Şirvan və Carda silahlı çıxışlar baş verdi. Hətta Şirvandakı üsyandan istifadə edən şimal – şərqi Azərbaycan torpaqlarının dini başçısı Hacı Davud Şamaxını ələ keçirərək burada güclənməyə başladı.
Bu illərdə I Pyotrun rəhbərlik etdiyi Rusiya dövləti Qafqazın və Xəzər hövzəsinin ələ keçirilməsi ilə bağlı hərbi planlar hazırlayırdı. Rusyanın Azərbaycana hücumu 1723-cü ilə planlanmışdı, lakin 1722- ci ildə İsfahanın əfqanlar tərəfindən tutulması və Səfəvi hökmdarı Hüseynin əsir götürülməsi rusların hücumunun sürətlənməsinə səbəb oldu.1722- cil iyunun 18- də I Pyotr 274 gəmidən ibarət donanma və quru qoşunla Xəzərboyu vilayətlərə hücuma başladı. I Pyotr yürüşünün məqsədini gizli saxlayaraq hücumun Hacı Davudun cəzalandırılması və öldürülmüş rus tacirlərinin qisasının alnması olduğunu bildirmişdi . 1722- ci ildə Dərbəndin ruslar tərəfindən işğal edilməsindən sonra Bakıya hücum 1723- cü il iyulun 6- da həyata keçirildi. Matyuşkinin rəhbərliyi altında ruslar Bakını işğal etdilər.Bakı şəhərinin hakimi Məhəmmədhüseyn bəy Həştərxana göndərildi. 11723- cü ildə sentyabrın 2- də Peterburqda Rusiya və Səfəvilər arasında müqavilə imzalandı. Müqaviləyə əsasən Dərbənddən Gilana qədər Xəzərsahili vilayətlərin əbədi olaraq Rusiyaya keçməsi və əvəzində Səfəvi şahına əfqan qiyamçılarına qarşı mübarizədə köməklik göstərilməsi nəzərdə tutulmuşdu. Səfəvi hökmdarı II Təhmasib ( atasının əfqanlar tərəfindən qaçırılmasından sonra hakimiyyətə gəlmişdi) Peterburq müqaviləsini qəbul etməkdən imtina etdi. Qafqazda baş verən hadisələri Osmanlı dövləti də diqqətlə izləyirdi. 1723- cü ildə Cənubi Qafqaza İbrahim paşanın başçılığı altında qoşun da göndərdi.lakin türklər rusların Bakını işğal etməsinə mane ola bilmədilər.
1724- cü ildə Rusiya və Osmanlı dövləti arasında İstanbul sülhü imzalandı. Müqaviləyə əsasən İrəvan da daxil olmaqla bütün Azərbaycan və bütün Azərbaycan Osmanlı dövlətinin , Xəzərboyu vilayətlər isə Rusiyanın təsir dairəsi elan edildi. Müqavilədən sonra osmanlılar İrəvanı, Təbrizi, Gəncə və Ərdəbili ələ keçirdilər.
Səfəvilər dövlətinin düşdüyü çətin vəziyyətdən çıxartmağa çalışan II Təhmasib Nadir xan Əfşarı səfəvi qoşunlarının başçısı təyin etdi. Nadir 1729- cu ildə İsfahanı əfqanlardan geri aldı və uğurlu qələbələri nəticəsində Təbriz, Ərdəbil şəhərləri də səfəvi qoşunu tərəfindən ələ keçirildi. Nadirin hərbi əməliyyatları az bir müddət üçün dayandırması və II Təhmasibin türklərlə savaşlara davam etməsi Səfəvilərə yeni məğlubiyyətlər gətirdi. 1732 – ci il yanvarın 16- da tərəflər arasında bağlanmış Kirmanşah sülhünə əsasən Şamaxı,Gəncə ,Kartli- Kaxetiya və İrəvan Osmanlılarda qalırdı,Araz çayı sərhəd olmaqla, Həmədan, Kirmanşah, Ərdəbil və Təbriz Səfəvilərdə qaytarılırdı.
XVIII əsrin 30- cu illərində Rusiyanın Qafqazda qoşun saxlamaqda çətinlik çəkməsi Səfəvilərlə Rəşt müqaviləsinin (1732-ci ilin yanvarın 21-də) bağlanmasına səbəb oldu. Müqaviləyə əsasən Kür çayından cənubdakı Xəzərsahili vilayətlər Səfəvilərə qaytarılırdı.
Nadir xan Kirmanşahdan narazı olduğunu bəhanə edərək 1732- ci ilin avqustun 22- də Şah Təhmasibi taxtdan saldı və onun 3 aylıq bələkdə olan oğlunu III Abbas adı ilə şah elan etdi. Nadir xan da şahın vəkili kimi dövləti təkbaşına idarə etməyə başladı. 1733- cü ildə Bağdad müqaviləsinə görə osmanlılar son on ildə Səfəvilərdən qopardıqları bütün torpaqları geri qaytarmalı və dövlətin sərhədləri 1639- cu il müqaviləsinin şərtləri daxilində bərpa edilməli idi. 1735- ci il martın 21- də Rusiya ilə Gəncə sazişi imzalandı.Müqaviləyə əsasən rus qoşunları Bakını iki həftəyə, Dərbəndi 2 aya tərk etməli idilər. 1735 - ci ildə Eçmiəzdin yaxınlığında osmanlılarla baş vermiş döyüşdə Nadir böyük qələbə qazandı. Beləliklə , 1736- cı ildə Osmanlı dövləti ilə bağlanmış saziş Səfəvilərin əvvəlki sərhədlərini bərpa edirdi.
1736- cı il fevralın 26-da Muğanda keçirilən qurultayda III şah Abbasın taxtdan salınması və Nadirin şah elan olunması qərarı verildi və Əfşarlar dövləti fəaliyyətə başladı.Nadir taxta çıxdıqdan sonra Səfəvilərin dövründə mövcud olan Şirvan, Qarabağ, Təbriz və Çuxur- Səəd bəylərbəylikləri bir inzibati vahiddə birləşdirildi.
Dostları ilə paylaş: |