Qanunvericilikdə işçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığorta olunması nəzərdə tutulubmu?
Qanunvericilikdə müəyyən edilmiş qaydada və şərtlə həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari sığorta edilməlidirlər. Bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta edilməli olan işçilərin siyahısı, sığorta haqqının məbləği kollektiv müqavilələrdə, əmək müqavilələrində sığorta təşkilatları ilə bağlanmış müqavilələr əsasında müəyyən edilir.
Peşə xəstəliyi deyiləndə nə nəzərdə tutulur?
İstehsalat prosesi zamanı hər hansı zərərli istehsalat amillərinin təsiri nəticəsində qazanılmış xəstəliyə peşə xəstəliyi deyilir.
İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı işəgötürən hansı tədbir görməlidir?
İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir.
İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqi və uçota alınması necə aparılır ?
AR NK 28 fevral 2000-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş (AR NK-nin 31 iyul 2015-ci il tarixli 270 saylı qərarı ilə dəyişiklik edilmişdir.) “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” qaydalarına əsasən ağırlıq dərəcəsindən asılı olmayaraq istehsalatda baş vermiş bədbəxt hadisə barədə müəssisə rəhbərliyi dərhal Dövlət Əmək Müfəttişliyi Xidmətinə və yuxarı təşkilata məlumat verməlidir. Bədbəxt hadisənin təhqiqatı Dövlət Əmək Müfəttişliyinin yaratdığı komissiya tərəfindən aparılır. İki-dörd işçinin ölümü və əlahiddə ağır nəticəli (beş və daha artıq işçinin həlak olduğu) bədbəxt hadisələrin təhqiqatı AR Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmri ilə yaradılan komissiya tərəfindən aparılır.
İşçinin əmək qabiliyyətinin bir gündən artıq müddətə itirilməsinə və ya tibbi rəy əsasında gündən artıq müddətə başqa işə keçirilməsinə səbəb olmuş bədbəxt hadisə İZ formalı aktla rəsmiləşdirilir.
Təhqiqat başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq İZ formalı akt tərtib edilməlidir və aktın bir nüsxəsi zərərçəkmiş işçiyə təqdim olunmalıdır. İstehsalatda baş vermiş bədbəxt hadisə müəssisə tərəfindən müvafiq qaydada uçota alınmalıdır.