Icharishahar



Yüklə 16,17 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü16,17 Kb.
#47980
1   2
İçərişəhər

"İçərişəhər", xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.

Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII-IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır.

İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahndan Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.

İçərişəhər tarix-memarlıq qoruğu Bakı şəhərinin Səbail rayonu ərazisində, Xəzər dənizi sahilindəki kiçik təpə üzərində yerləşir. Qoruq hündürlüyü 8-10 metr, eni 3,5 metr olan qala divarları ilə əhatə olunmuşdur. İçərişəhərin cənub-şərqindən İstiqlaliyyət küçəsi, şimal-qərbindən isə Neftçilər prospekti keçir, şərqində eyniadlı metro stansiyası yerləşir. İçərişəhərin şərqindən Əziz Əliyev küçəsi keçir, cənub-qərbində isə Vahid parkı yerləşir.

Bakı, qala divarları və xəndəklərlə əhatə olunmuş qədim tarixi mərkəz ətrafında formalaşmış şəhərlərdəndir. Arxeoloji baxımdan zəif öyrənildiyinə görə, Bakının yaşayış məntəqəsi və şəhər kimi formalaşma tarixi dəqiq bilinmir. Belə hesab edilir ki, insanları bu əraziyə təbii neft və duz ehtiyatı, həmçinin ərazinin dəniz sahilində əlverişli mövqedə yerləşməsi cəlb etmişdir. Arxeoloji qazıntılar zamanı Şirvanşahlar sarayının həyətindən tapılmış e.ə. III-I əsrlərə aid küpə, e.ə. IV-I əsrlərə aid saxsı qab qırıqları, Məhəmməd məscidi ərazisində arxeoloji qazıntılar zamanı tapılmış dəmir ox ucluqları, Dəmir dövrünə aid gil qadın fiquru və antik dövrə aid sütun altlıqları İçərişəhərin şəhər kimi formalaşma dövrünü ən geci antik dövrlə eyniləşdirməyə imkan verir. B.e. I əsrində Bakı artıq kiçik liman şəhəri kimi mövcud idi.

Sasanilər sülaləsinin hakimiyyəti dövründə mərkəzi Bakı şəhəri olan Abşeron ərazisi Şirvan vilayətinin tərkibində imperiyanın xüsusi vilayətini təşkil edirdi. Ərazinin ərəblər tərəfindən işğal edilməsindən sonra Bakıdan başqa tərkibinə Şamaxı, Dərbənd və başqa şəhərlərin də daxil olduğu Şirvan vilayətinin hakimləri Şirvanşahlar adlandırılmağa başlayırlar. Əl-Bəlazuri, Əl-Məsudi və bir neçə başqa ərəb tarixçiləri məlumat verirlər ki, Xosrov Ənuşirəvan hakimiyyəti dövründə ərazi hakimlərini çağıraraq onlara titullar verdi, titul almış hökmdarlar arasında Şirvanşah adlandırılan Şirvan hakimləri də vardı. Bakının VII-X əsrlər tarixi haqqında yalnız qısa məlumatlar vardır. Məlumdur ki, şəhər şimaldan hücum edən türklərin və rusların hücumlarına məruz qalmışdır. 914-cü ildə Bakı limanına rusların hücumu baş tutmuşdur. Məsudinin verdiyi məlumatda bildirilir ki, ruslar Şirvanşahlar ərazisində neftlə zəngin Bakı ərazisinə gəlmişdilər. Xəzərdə hərbi donanmaya malik olmayan Şirvanşah Əli ibn Heysam ticari və yükdaşıma gəmilərində əsgərləri mübarizəyə göndərməyə məcbur olmuşdu. Məsudinin məlumatına görə rusların bu hücumu nəticəsində minlərlə müsəlman ölmüş və dənizdə batırılmışdır. Bakı və Abşeron sahillərinə yürüşlər sonrakı dövrlərdə də bir neçə dəfə təkrarlanmışdı.



X əsrdə Əl-Müqəddəsi Bakını "bölgənin yeganə limanı" kimi təsvir etsə də, məlumdur ki, VIII-IX əsrlərdə Bakı məşhur dəniz limanı olmamış və ölkənin böyük ticarət mərkəzləri arasında bu şəhərin adı çəkilməmişdir. Bakının digər şəhərlərlə ticarət əlaqələri haqında arxeoloji tədqiqatlar zamanı şəhər ərazisindən aşkarlanmış Sasanilər (V-VII əsrlər), Abbasilər və Şirvanşahlar dövrlərinə aid çoxsaylı sikkələr xəbər verir. X əsrin sonlarında yaşamış müəlliflər şəhəri artıq məşhur liman kimi qeyd edirlər. Çox da hündür olmayan təpə üzərində yerləşmiş şəhər qala divarları ilə əhatə olunmuşdu. Şirvanşahlar sarayının cənub-şərq fasadı tərəfdə aşkarlanmış orta əsrlər təbəqəsi VIII əsrə aid edilir. İçərişəhərin müxtəlif ərazilərində aşkarlanmış küp qablarda dəfn adəti isə ərazinin hələ VII əsrdən əvvəl artıq yaşayış məntəqəsi olduğunu göstərir. Lakin şəhərin erkən dövrlərinə aid memarlıq abidələri dövrümüzə çatmamışdır.

Ədəbiyyat

https://en.wikipedia.org/wiki/Old_City_(Baku)
Yüklə 16,17 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin