Havanın mikroblarla çirklənməsi. Hava mikrobların inkişafı üçün əlverişsiz mühitdir. Lakin bir müddət havada qalan mikroblar sağlam və həssas orqanizmə düşdükdə xəstəlik törədə bilir. Hava vasitəsilə yayılan xəstəliklər hava-damcı infeksiyası adlanır. Bu cür xəstəliklərdən qripi, qızılcanı, ağciyər vərəmini və s. göstərmək olar.
Mikroblar havaya xəstənin ifrazından düşür. Havada mikrobların miqdarı çox dəyişkən olur. Yaşayış yerlərinin atmosfer havasında mikrobların miqdarı şəhərkənarı zonanın havasındakına nisbətən daha çox olur. Havada mikrobların sayının dəyişməsinə meteoroloji amillərin təsiri böyükdür. Hündürlüyə qalxdıqca havada mikrobların miqdarı sürətlə azalır.