İdman təbabəTİ VƏ GİGİyena



Yüklə 1,93 Mb.
səhifə102/208
tarix27.04.2022
ölçüsü1,93 Mb.
#56439
növüDərslik
1   ...   98   99   100   101   102   103   104   105   ...   208
İdman təb.və gig.dərslik. 311 (1)

XV F Ə S İ L

SU VƏ SU TƏCHİZATININ GİGİYENASI.

TORPAĞIN GİGİYENASI

15.1. SUYUN GİGİYENİK ƏHƏMİYYƏTİ, ONUN İNSAN HƏYATI

VƏ SAĞLAMLIĞINDA ROLU

Əhalinin sağlamlığının qorunmasında, şəhər və kəndlərin abadlaşdırılmasında, onların lazımi miqdarda keyfiyyətli su ilə təchiz edilməsinin böyük əhəmiyyəti vardır.

Son illər təbii sərvətləri qorumaq haqqında respublikanın ali orqanları tərəfindən xüsusi qanunlar verilmişdir. Bu qanunlarda xarici mühitin, o cümlədən su mənbələrinin və torpağın sanitariya mühafizəsinə əsas diqqət yetirilir.

Təsdiq olunmuş gigiyenik normaya əsasən içməli su aşağıdakı tələbata cavab verməlidir:

- Əhali kifayət qədər su ilə təchiz edilməlidir;

- Su şəffaf, rəngsiz, iysiz, özünə məxsus dadı və sərin olmalı, müəyyən dərəcədə nisbətən sabit kimyəvi tərkibə malik olmaqla tərkibində zəhərləyici maddələr və radioaktiv birləşmələr olmamalıdır;

- Tərkibində patogen (xəstəlik törədən) mikroblar, helmint yumurtaları və süfrələri olmamalıdır.

Su insan orqanizmi, heyvanlar və eləcə də, bitkilər üçün çox zəruridir, onlar uzun müddət susuz yaşaya bilməz. Su qida maddələrinin mənimsənilməsində və maddələr mübadiləsinin gedişində iştirak edir. Orqanizmin yaşaması üçün zəruri olan mineral maddələr yalnız suyun köməkliyi ilə məhlul halına salınır və toxumalara daşınır. Su orqanizmdən böyrəklər, dəri və ağciyərlər vasitəsilə xaric olunaraq bədənin hərarətinin tənzim olunmasında böyük rol oynayır.

Orqanizmdə maddələr mübadiləsi ilə əlaqədar olan elə bir proses tapılmaz ki, orada suyun iştirakı olmasın. Bu proseslərin sürətindən asılı olaraq, orqanizmin suya olan ehtiyacı da müxtəlifdir. İnsan orqanizminin kütləsinin orta hesabla 65%-ə qədərini maye təşkil edir. Məsələn, yeni doğulmuş uşaqda suyun miqdarı bədən kütləsinin 71-74%-i qədərdir. Orqanizmdə suyun miqdarı sabit olur (azca artıb-azalır). Toxuma və orqanlarda suyun miqdarı faizlə müxtəlifdir: diş emalında-0,2, sümükdə-20, piy toxumasında-30, beynin zülal maddəsində-70, qaraciyərdə-70, skelet əzələsində-76, ürək əzələsində-79, böyrəklərdə -83. Su oksidləşmə, hidroliz və mübadilənin digər reaksiyalarında, həzm prosesində, eləcə də və qidanın tərkib hissələrinin, mübadilə məhsullarının orqanizmdə paylanmasında iştirak edir.

İçilmiş su mədədən sorulmağa başlayır, lakin onun əsas hissəsi bağırsaqlarda sorulur. Su maddələr mübadiləsində iştirak edib böyrəklər, ağciyər, bağırsaq və dəri vasitəsilə orqanizmdən fasiləsiz xaric edilir. Bədəndən gün ərzində sidik və nəcislə 1-1,5 l, ağciyərlər vasitəsilə su buxarları şəklində 0,5 l-ə qədər, meteoroloji şəraitdən və görülən işdən asılı olaraq tər vəziləri vasitəsilə isə 0,5 litrdən-10 litrə qədər su xaric edilir.

Otaq hərarəti şəraitində, adi fiziki işlə məşğul olan yaşlı adamın orqanizmi gün ərzində 2,5-3 litrə qədər su sərf edir. İsti iqlim şəraitində, isti sexlərdə, ağır fiziki iş görüldükdə adam çox tərlədiyi üçün onun orqanizmi 8-10 litrə qədər su itirə bilir.

İnsan orqanizmi susuzluğa pis dözür. Tədqiqatlar göstərmişdir ki, insan qida qəbul etmədən su içməklə 40-45 gün yaşaya bilər. Susuz isə insan bir neçə günə ölür. Bədən 1-1,5 l su itirdikdə, su balansını bərpa etmək üçün orqanizm su tələb edir. Əgər su itkisi bərpa edilməzsə, o zaman insanın əhvalı pozulur, əmək qabiliyyəti aşağı düşür. Havanın hərarəti yüksəldikcə istilik tənzimi pozulur və orqanizmin həddindən artıq qızmasına səbəb olur.

Bədən 10% miqdarında su itirdikdə maddələr mübadiləsi hiss olunacaq dərəcədə pozulur, 20% itirdikdə isə insan tələf olur.

İnsan orqanizminin suya olan tələbatı aşağıdakı yollarla ödənilir: maye şəklində (içməli su, çay və başqa içkilər, duru xörəklər)-1,5 l, yeyinti məhsulların tərkibindəki su ilə – 1,0-1,2 l, yeyinti məhsulları oksidləşdikdə əmələ gələn su ilə- 0,3-0,4 l.

Lakin su insanın təkcə fizioloji tələbatını ödəmək üçün deyil, xörək hazırlamaq, şəxsi gigiyenik qaydalarına əməl etmək, yaşayış və ictimai binaları təmiz saxlamaq, yaşıllıqlar salmaq və s. üçün də zəruridir. Bunlardan əlavə, su texniki məqsədlər üçün – suvarma işlərində, mal-qaranın suvarılması və s. üçün də lazımdır. Ona görə də yaşayış məntəqələrinin su ilə təchizi məsələsinin həll edilməsində suya olan ümumi tələbat mütləq nəzərə alınmalıdır.

Əhaliyə verilən içməli suyun miqdarı kifayət qədər olmaqla bərabər, onun keyfiyyəti də gigiyenik tələbata cavab verməlidir. Keyfiyyətli su insanın fizioloji ehtiyacını ödəyir və epidemioloji cəhətdən təhlükəsiz olur. Suyun kifayət qədər olması əhali arasında şəxsi və ictimai gigiyenik qaydaların yüksək səviyyədə keçirilməsinə, yaşayış məntəqələrinin abadlaşdırılmasına və sanitariya vəziyyətinin yaxşılaşmasına imkan yaradır.

Su heç də həmişə gigiyenik tələblərə cavab vermir. Onun bulanıq olması həll olmuş üzvi və mineral maddələrin miqdarından asılıdır. Üzvi bulantının tərkibində çoxlu miqdarda mikroblar, orqanizm üçün zərərli maddələr (ammiak, nitrat duzları) olur.

Suyun dadının da böyük əhəmiyyəti vardır. Əgər suyun dadı pisdirsə, onu içmək üçün istifadə edilməsinə icazə verilməməlidir. Suyun hərarəti aşağı olduqda xoşagəlməz dad daha tez nəzərə çarpır. Suyun dadını onun tərkibində həll olmuş oksigen və karbon qazı yaxşılaşdırır.

Suyun kimyəvi tərkibi haqqındakı məlumatlar əhəmiyyətli dərəcədə dəyişdirilməlidir. Suda bir çox yad maddələr müəyyən edilmişdir ki, onların miqdarının artıb-azalması orqanizmin sağlamlığına müəyyən təsir göstərir və əhali arasında xəstəliklərin baş verməsinə səbəb olur. Məs: endemik zob xəstəliyi. Bu xəstəliyin xarici mühitdə və suda yodun çatmamazlığından əmələ gəlməsi sübut edilmişdir.


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin