15.3. SU TƏCHİZATI MƏNBƏLƏRİ
Su təchizatı mənbələri dedikdə əhalinin işlətdiyi içməli və təsərrüfatda istifadə etdiyi təbii sular nəzərdə tutulur.
Su təchizatı mənbələri 3 qrupa bölünür: atmosfer suları, yeraltı sular, yerüstü və ya səth suları.
15.3.1. Atmosfer suları
Su çatışmayan zonalarda təsərrüfat ehtiyacları, bəzən də içmək üçün yağış və qar sularından istifadə edilir. Atmosfer sularında duzların miqdarı az olur. Belə sular tərkibində üzvi maddələr və patogen mikrobların olmaması ilə xarakterizə edilir, lakin suyun keyfiyyətinə onun toplanması və saxlama qaydası müəyyən təsir göstərir.
Quraqlıq və suyu az olan yaşayış məntəqələrində atmosfer suları su təchizatında əlavə su mənbəyini təşkil edir. Evlərin qarşısında müxtəlif ölçüdə və formada yeraltı hovuzlar tikilir, burada damlardan axan atmosfer suları yığılıb saxlanılır. Bəzi rayonlarda əhalini su ilə təchiz etmək üçün qarı yığıb döyəcləyir və üzərini istilik keçirməyən materiallarla örtürlər. Qar tədarük ediləcək yer yaşayış binalarından, zibilliklərdən, ayaqyollarından, ümumi yollardan ən azı 200 m aralıda olmalı, ətrafı hasarlanmalıdır. Bu suyu içməzdən qabaq onu qaynatmaq və ya xlorlaşdırmaq lazımdır. Hazırda atmosferin həddindən artıq çirklənməsini nəzərə alaraq bu sulardan istifadə etmək müəyyən təhlükə yaradır.
Dostları ilə paylaş: |