Suyun xlorlaşdırılması. Keçmişdə su kəmərlərində suyun xlorlaşdırılması ancaq su epidemiyaları zamanı tətbiq olunurdu. İlk dəfə su kəmərlərində suyun xlorlaşdırılması metodu 1910-cu ildə Rusiyada tətbiq edilmişdir. Hazırda suyun xlorlaşdırılması su ilə yayılan epidemiyaların qarşısını almaqda çox böyük rol oynayan, geniş yayılmış profilaktik tədbirlərdən biri sayılır. Xlorlaşdırmanın bu qədər geniş yayılmasına səbəb zərərsizləşdirmənin etibarlı olması, asan və ucuz başa gəlməsidir. Xlorlaşdırma prinsipi suyun xlorla və ya tərkibində oksidləşdirici və bakteriosid xassəyə malik, aktiv xlorlu birləşmələrlə işlənməsinə əsaslanır. Suya xlor vurduqda o, hidrolizə uğrayır, yəni xlorid və hipoxlorid turşuları əmələ gəlir. Xlorun bakteriosid təsir mexanizmini izah etmək üçün irəli sürülən bütün hipotezlərdə hipoxlorid turşusuna əsas yer verilir.
İri su kəmərlərində suyu xlorlaşdırmaq üçün qaz halında xlor işlədilir. Xlor polad balonlarda gətirilir. Su stansiyalarında balona xlorator adlanan xüsusi cihazlar birləşdirilir. Bu da zərərsizləşdiriləcək suya vurulan xloru dozalayır.
Suyun yaxşı zərərsizləşdirilməsi üçün xlorun dozasını düzgün seçməkdən əlavə, onun su ilə yaxşıca qarışdırılmasını təmin etmək lazımdır. Su xlorla yayda azı 30 dəqiqə, qışda isə 60 dəqiqə təmasda olmalıdır.
Dostları ilə paylaş: |