İKİNCİ Cİld on iKİNCİ FӘSİL



Yüklə 1,43 Mb.
səhifə2/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
#16977
1   2   3   4   5   6   7   8   9   ...   30

İSLAMDA NӘSX


Müsәlmanlar arasında nәsx barәsindә heç bir ixtilaf nәzәrә çarpmır. Çünki keçmiş din vә ehkamlar mәhz islam dini tәrәfindәn nәsx olub aradan getmişdir. Hәtta onun özündә belә bә᾽zi hökmlәr nәsx olaraq yeni qanunlarla əvəz olunmuşdur.

Məsələn: Qur᾽an, müsəlmanların üzlərini ona tərəf tutub namaz qıldıqları ilk qiblənin nəsx olunduğunu bəyan edir. Və bu hökm hər bir müsəlman tərəfindən arada heç bir ixtilaf olmadan qəbul olunur və sual doğuran məsələlərdən biri də budur ki, görəsən Qur᾽anda nəsx olunan bə᾽zi ayələr (hökm və qanunlar) Qur᾽anın öz ayələri ilə, ya Peyğəmbər (s) buyurduqları, ya müsəlman icması tərəfindən və ya əql və təfəkkür yolu ilə nəsx olunmuşdur. Bu olduqca geniş və çox şaxəli məsələ olduğu üçün müqəddimə olaraq nəsxin neçə hissədən ibarət oluduğu haqda müxtəsər mə᾽lumat vermək yerinə düşərdi.



1. Tilavətlərdəki nəsx:

Deyilir: Ayələrdən bə᾽ziləri hal-hazırki Qur᾽an nüsxələrində mövcud olmasa və oxunmasa da şər᾽i hökm olaraq müsəlmanlar tərəfindən icra olunur. Onlardan biri də «Rəcm» (daşqalaq) ayəsidir.



Cavab: Nəsxin bu növünə «Tilavətdəki nəsx deyilir». Burada hökmün özü deyil, ayənin oxunuşu nəsx olunmuşdur. Lakin təhrif haqda söhbət açarkən bu mətləbə işarə etdik ki, tilavətlərin (oxunuşun) nəsx olunduğunu qəbul etmək, onun təhrif olunduğunu qəbul etmək deməkdir. və bunu isə sübuta yetirəcək heç bir dəlil yoxdur. Bu barədə nəql olunmuş rəvayətlərə gəldikdə isə, onlar «vahid xəbər» formasında nəql olunmuşdur. Bu kimi mühüm mətləblər isə «vahid xəbər» formasında nəql olunmuş rəvayətlərlə isbat olunmayır. Çünki, müsəlman icması bu barədə eyni nəzər və əqidəyə malikdirlər. Qur᾽anın özü vahid xəbərlə sabit olmadığı kimi, onun nəsx olunmasını da vahid xəbərlə sübuta yetirmək qeyri-mümkündür.

Onu da qeyd edək ki, böyük əhəmiyyət kəsb edən hər bir mətləb tez bir zamanda cəmiyyətdə yayılıb bir çoxlarını özünə cəlb edir. Belə bir xəbər bir çoxları tərəfindən nəql olunur və zaman keçdikcə mütəvatirlik mərhələsinə çatır. Demək, mühüm bir hadisənin vahid xəbər formasında nəql olunması onun əsla baş vermədiyinə dəlalət edir. Və bu barədə mə᾽lumat verən şəxs nəql etdiyi rəvayətdə ya səhvə və ya yalan və iftiraya yol vermiş olur. Çünki, əgər həqiqətən əhəmiyyət kəsb etmiş olsaydı, bir çoxları tərəfindən nəql olunar və mütəvatirlik mərhələsinə çatardı.

Belə bir halda vahid xəbər halında nəql olunmuş rəcm ayəsini Qur᾽an ayələrindən biri kimi qəbul edib tilavətinin nəsx, lakin icra olunduğunu necə iddia etmək olar?

Bəli, bir qədər əvvəl qeyd etdik ki, Ömər yazılı nüsxə gətirib onun Qur᾽anın rəcm ayələrindən biri olduğunu iddia etmiş, lakin özündən başqa heç bir şahidi olmadığı üçün onu yığılmaqda olan Qur᾽anın orжinal nüsxəsinə əlavə etməmişlər. Sonralar rəcmi tilavəti nəsx, lakin hökmü icra olunan ayə kimi qələmə verilmişdir.

2. Hökm və tilavətlərin nəsxi:

Bə᾽ziləri belə bir iddia irəli sürürlər ki, Qur᾽an ayələrindən bir neçəsi müxtəlif səbəblər üzündən bə᾽zi ayələrlə nəsx olunmuş və hal-hazırda nə onların oxunuşu, nə də digər şər᾽i hökmlər kimi icrasına əməl olunur. Yə᾽ni onların həm tilavəti, həm də icrası nəsx olunmuşdur.

Bu nəzəriyyənin tərəfdarları «təhrif»ə dair haqqında söhbət açdığımız ayrıca fəsildə Aişədən nəql olunmuş 10-cu rəvayətə istinad edirlər.

Lakin nəsxin birinci fəslinə tutulan irad və nöqsanlar sözsüz ki, belə bir əsassız nəzəriyyəyə də şamil olunur. Belə ki, Aişədən nəql olunmuş rəvayət bizlərə vahid xəbər halında gəlib çatmışdır. Bir halda ki, Qur᾽anın mö᾽təbərliyinə və ona dair olan hər hansı bir mətləb vahid xəbər halında nəql olunmuş rəvayətlərlə sübuta yetirilmir.

3. Hökmlərdəki nəsx:

Mübahisə doğuran məsələlərdən biri də ayələrdən bə᾽zilərinin nəsx olunaraq digər şər᾽i hökmlər kimi icra olunmaması (və ya icrasının qadağan olunduğu) lakin tilavət zamanı digər ayələr kimi oxunmasıdır. Alim və müfəssirlərin əksəriyyəti nəsxin bu növünü qəbul etmiş və Əbu Cə᾽fər Nəhas, Hafis Müzəffər Farsi kimi bə᾽zi görkəmli alimlər bu barədə ayrıca kitablar tə᾽lif etmişlər. Və eyni zamanda təhqiqatçıların və Qur᾽an mütəxəssislərinin bir çoxu bu nəzəriyyəni qətiyyətlə rədd edərək Qur᾽an ayələrindən birinin də olsun nəsx olunmadığını isbat etməyə cəhd etmişlər.

Lakin diqqət yetirmək lazımdır ki, alim və təhqiqatçılar arasında ayələrin bə᾽zilərinin nəsx olunub-olunmaması haqda fikir ayrılığı olsa da, keçmiş dinlərin hətta islam dininin zühur etdiyi dövrlərdə qüvvədə olan qanun və hökmlərin nəsx olunduqları haqda bir-birləri ilə əsla müxalif deyillər.

NƏSX


Daha dəqiq nəzəriyyə əldə etmək üçün müəyyən izahatlar verməyi özümüzə zəruri hesab edirik:

Hər-hansı bir hökmün Qur᾽andkı daimi hökmlər aşağıdakı hallarda nəsx oluna bilər.

1. Qur᾽anın daimi hökmlər Peyğəmbər (s) və mə᾽sum İmamlar (ə) tərəfindən nəql olunmuş mütəvatir hədis və rəvayətlərlə nəsx olunmuş olsun. Belə bir nəsxin əql və nəql olunmuş rəvayətlər baxımından heç bir nöqsanı yoxdur. Və əgər sabit olunarsa təxirə salınmadan icra olunmalıdır, yox əgər sünnə və nəql olunmuş mütəvatir rəvayətlərdə həmçinin icmada öz əksini tapmazsa nəsx hesab olunmayır, çünki nəsx vahid xəbər halında nəql olunmuş rəvaytlərlə sabit olunmur.

2. Mövzu baxımından tamamilə eyni olan ayələr:

3. Zahiri baxımdan deyil, bəlkə daşıdığı mə᾽na baxımından nəsx olunmuş ayələrlə ziddiyyət təşkil edən ayələr:

Araşdırmalar göstərir ki, Qur᾽anda bu kimi nəsx hallarına rast gəlmək olmur. Ona görə ki, Qur᾽an bu kimi ixtilaf və ziddiyyətləri özündən dəf edir. Belə ki, Nisa surəsinin 82-ci ayəsində buyurulur:

«Onlar Qur᾽an barəsində [onun Allah kəlamı olması haqqında] düşünməzlərmi? Əgər o Allahdan qeyri tərəfindən olsaydı, əlbəttə onda çoxlu ziddiyyət, ixtilaf, uyğunsuzluq tapılardı.»

Alim və müfəssirlərin bir çoxu ayələrin həqiqi (batini) mə᾽nalarına lazımı diqqət yetirmədikləri üçün belə bir qənaətə gəlmişlər ki, Qur᾽anın bə᾽zi ayələrində müəyyən ixtilaf və ziddiyyət mövcuddur. Bu qənaətə gəlməklə sonradan nazil olunmuş ayələri ilk dövrlərdə nazil olmuş ayələri nəsx etdiyini təsəvvür etmişlər. Belə bir yanlış qənaətə gəlməklə alimlərin bə᾽ziləri, hətta ümumiyyət və xüsusi, məhdud və qeyri-məhdud xarakteri daşıyan və bir-birlərini təfsir edən iki ayə arasında ixtilaf və ziddiyyətin mövcud olduğuna dair müxtəlif fikir və mülahizələr irəli sürmüşlər.

Əlbəttə belə bir qənaətə gəlməyin əsas səbəbi nəsx sözünün lüğəvi mə᾽nasını lazımınca araşdırmamaq və səhlənkarlıq üzündən baş verir.

Belə isə nəsx nəzəriyyəsinin tərəfdarlarının irəli sürdükləri fərziyyələrə son qoymaq üçün bu kimi ayələri diqqətlə araşdırmalı və şəriət hökmlərinin sübuta yetirilməsində istifadə olunmalıdır.


NƏSX EDƏN VƏ NƏSX OLUNMUŞ AYƏLƏRİN ARAŞDIRILMASI


Nəsxin mahiyyəti və nədən ibarət olduğu bizə mə᾽lum olduqdan sonra nəsx olunduğu iddia olunan ayələr haqda söhbət açmaq və onları ayrı-ayrılıqda araşdırmağı özümüzə lazım bilib, bu haqda yeni fəsil ayırdıq. Biz burada nəsx olunmadığı bəlli olan ayələr deyil, mə᾽na və məfhum baxımından sual doğuran və nəsx olunduğu ehtimal olunan ayələr haqda söhbət açacağıq.

1. KİTAB ƏHLİNİN ƏFV OLUNDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ


«[Ey mö᾽minlər!] Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərində həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın [onlardan üz çevirməyin]. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.» (Bəqərə-190).

İbni Abbas, Qətadə və Sudeydən nəql olunmuş rəvayətə görə bu ayə Tövbə surəsinin 29-cu ayəsinə nəsx olunmuşdur. Orada deyilir:



«Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarını haram bilməyən və haqq dini [islamı] qəbul etməyənlərə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.»

Müəllif: Qeyd olunan ayənin nəsx olunduğunu qəbul edəriksə, iki əsassız fərziyyənin qəbul etməliyik.

1. İlk növbədə müvəqqəti hökmün vaxtı sona çatdıqdan sonra onu nəsx adlandırmalıyıq (yə᾽ni nəsx olunuş ayələr sırasına daxil etməliyik). Bir halda ki, nəsx yalnız daimi hökmlərin əvəz olunmasına deyilir. Çünki əgər hökm e᾽lan olunduğu zaman onun [qüvvədə olunduğu] müddətdə işarə olunarsa, artıq o daimi deyil (müvəqqəti və qeyri-sabit olaraq qəbul ediləcəkdir). Tə᾽yin olunmuş müddət başa çatdıqdan sonra isə öz qüvvəsini itirir.

Hər hansı bir sabit və müvəqqəti hökmün müddətinin bəlli olmasının isə nəsx ilə heç bir əlaqəsi yoxdur. Çünki nəsx deyildikdə biz müvəqqəti hökmün qüvvədə olduğu müddətin sona çatdığını bəyan etmək deyil, daimi hökmlərin [zaman və şərait tələb etdiyi təqdirdə] başqa hökmlərlə əvəz olunmasını nəzərdə tutmalıyıq.

Fəxri Razinin fikrincə müvəqqəti hökmün qüvvədə qaldığı müddətin ayə və rəvayətlə bəyan olunması nəsx olunmuş ayələr qəbilindəndir. Lakin bu tamamilə yanlış və heç bir elmi əsası olmayan nəzəriyyədir. Verilmiş ilk hökmün daimi olduğu bəyan edildikdə belə nəsx heç bir mə᾽na və məfhum kəsb etməyəcəkdir. Nəsx yalnız daimi və müvəqqəti hökmün müddəti bəyan və müəyyən olunduqda öz tə᾽sirini göstərə bilər. Yə᾽ni yeni hökm sadir olmaqla verilmiş ilk və müvəqqəti hökmün müddəti başa çatdığı bildirilir. Digər tərəfdən isə sonradan nazil olmuş ayələrin [ilk ayələri] nəsx edici xarakter daşıdığını qəbul ediriksə, cihad hökmünün kitab əhlinə də şamil olduğunu qəbul etməliyik. Belə ki, ilk növbədə onlar islama və təkallahlığa də᾽vət olunmalı, qəbul etmədikdə isə cihad hökmü verilməlidir. Lakin cihad hökmü yalnız üç halda verilə bilər:

1. Müsəlmanlara qarşı müharibə e᾽lan etmiş olsunlar; Qur᾽ani-kərimdə bu haqda buyurulur:

«[Ey mö᾽minlər!] Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən aşmayın. Allah həddi aşanları sevməz!» (Bəqərə-190).

2. Müsəlmanlar arasında fitnə, ictimai və fərdi qarşıdurma yaratmış olsunlar;

«Müşriklərin fitnəsi qətildən daha şiddətlidir.» (Bəqərə-191).

3. Cizyə verməkdən boyun qaçırmış olsunlar.

«Öz əlləri ilə cizyə verməyincəyə qədər vuruşun.» (Tövbə-29).

Cihad hökmü kitab əhlinə qarşı yalnız bu üç halda verilə bilər. Göründüyü kimi sonradan nəsx olunsun deyə onların küfr etmələrinə görə cihad hökmü verilməmişdir.

Demək qeyd olunan ayələrdə nəsx hökmü verilməmişdir. Hər iki ayənin hökmü sabit və dəyişilməzdir və onlar bir-birlərini nəinki nəsx etməyir, bəlkə əksinə olaraq təfsir və izah edir. Hər iki ayənin məfhumu bundan ibarətdir ki, kitab əhli ilə sülh və əmin-amanlıq şəraitində yaşamalı (birinci ayədə deyildiyi kimi) və yalnız yuxarıda qeyd olunan zəruri hallarda cihad hökmü verilməlidir (necə ki, ikinci ayədə buna dair qəti hökm verilir).

Bunu da qeyd etmək lazımdır ki, «Həttatiyəllahu bi əmrihi – yəni Allahın əmri gəlməyənə qədər...» nəsx olunmuş əfv ayəsindəki (əmr) kəlməsi ki, göstəriş və fərman kimi mə᾽nalandırmaqla ayədən belə bir mə᾽na əldə etmişlər ki, cihad hökmü verilməyincə kitab əhli əfv olunmalı və onlarla sülh və əmin-amanlıqda yaşanmalıdır. Bu səbəbdən də nəsx nəzəriyyəsinin tərəfdarları belə bir qənaətə gəlmişlər ki, cihad hökmü verilməklə Bəqərə surəsinin 109-cu «əfv» ayəsi nəsx olunmuş və öz qüvvəsini itirmişdir.

Lakin belə bir nəzəriyyənin həqiqət olduğunu fərz etsək də belə, onu heç də nəsx ilə əlaqələndirməməliyik. Çünki hökmün müvəqqəti olduğu elə ilk ayədən bəlli olur.

Ayədəki «əmr» kəlməsi isə heç də «göstəriş» və «fərman» mə᾽nasını daşımır. Buradan əsas məqsəd «təqdir» və «aqibət»dir. Belə olduqda ayədən belə bir mə᾽na əldə edəcəyik. «Kitab əhli ilə sülh və əmin-amanlıq şəraitində yaşayın və onlarla xoş rəftar edin. İslam zəfər çalacağı günə qədər (ilahi təqdir həyata keçənədək). Sizinlə düşmənçilik etdikləri zaman bütün pisliklərinə qarşı dözümlü olub əfv edin. O gün artıq onlar sizə qarşı düşmənçilik edə bilməzlər. Nəhayət siz onların qərəzli niyyətlərindən asudə xatir olaraq əmin-amanlıqda qalacaqsınız.

Demək «əmr» ayədə «fərman» və «göstəriş» mə᾽nalarında deyil, «təqdir» və «aqibət» mə᾽nasını daşıyır. Ona görə ki, əvvəla bu kəlmə «göstəriş» və «fərmandan» daha çox ayədə istifadə olunan «ityan – gətirmək, yerinə yetirmək» ifadəsi ilə münasibdir.

Digər tərəfdən isə ayənin sonunda «İnnəllahə əla kulli şəyin qədir – həqiqətən Allah hər şeyə qadirdir!» Allah-taala bu kimi ifadələrlə vəsf olunur. Və mə᾽lum məsələdir ki, «bacarığı» (qadir olmağı), əmr edib, hökm sadir etməkdən daha çox müsəlmanları qalib, düşmənlərini məğlub etməklə əlaqələndirmək olar.

Bütün bu dəlillərə istinad edərək deyə bilərik ki, ayədəki «əmr» kəlməsi «fərman» və «göstəriş» mə᾽nasında deyil, əvəz olunmaz ilahi təqdir və aqibət mə᾽nasında işlənmişdir. Beləliklə ayənin nəsx olunma nəzəriyyəsi öz e᾽tibarını itirir.



Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin