9.3.Monqoların Azərbaycana üçüncü yürüşü və Azərbaycan Elxanilər (Hülakilər) dövlətinin tərkibində.
Monqolların Azərbaycana üçüncü yürüşü. Cənubi Qafqaz və Ön Asiyanı idarə edən monqol canişini Böyük Monqol xaqanına vergi ödəyirdi. Lakin XIII əsrin ortalarına mərkəzə daxil olan vergilər xeyli azalmışdı və onun ödənilməsində yubanmalar artmışdı. İran və Azərbaycanda hələ bir çox yerli feodallar mülklərini öz əllərində saxlaya bilmişdilər və monqol ağalarına müqavimət göstərirdilər. Bu monqolları Azərbaycana və ümumiyyətlə, Ön Asiyaya yeni bir yürüşə sövq etdi.
Monqolları yeni yürüşə təhrik edən tərəflərdən biri də Avropanın xristian dairələri idi. 1253-cü ildə Fransa kralı IX Lüdovik monax Vilhelm de Rubçuku, Anadoluda türklərə qarşı mübarizədə ittifaq bağlamaq məqsədi ilə, Qaraqoruma, Boyük Monqol xaqanı Münke xanın sarayına göndərmişdi. Monqolların anti-islam siyasəti Avropanın xristian ölkələrinin də marağına cavab verirdi və onlar monqollarla daha sıx əlaqələr qurmağa can atırdılar.
1253-cü ildə ali monqol xaqanı Münke xaqan qurultay çağırdı və İrana yürüş təşkil etməyi qərara aldı. Yürüşə başçılıq Çingiz xanın nəvəsi, Tulay xanın oğlu Hülaki xana tapşırıldı. 120 min nəfərlik monqol qoşunu 1256-cı ildə İranın şimalına daxil oldu və İsmaillilərin Əlamut qalasını tutdu. 1256-cı ildə bütün Azərbaycan işğal edildi. 1258-ci ildə monqollar Bağdadı ələ keçirdilər və Abbasilər xilafətinin 508 illik hakimiyyətinə son qoydular. Şəhər 40 gün talan edildi. Kiçik Asiyaya, Suriyaya yürüşlər təşkil olundu. Yeni tutulmuş ərazilərdə yeni ulus yaradıldı. Tarixdə bu dövlət Hülakilər və yaxud Hülaki xan 1265-ci ildə “el xan” titulu qəbul etdiyindən Elxanilər dövləti adlanır. Dövlətin ilk başçısı Hülaki xan (1256-1265) oldu. Beləliklə, monqollar 1220-ci ildən 1256-cı ilə qədərki dövrdə Azərbaycana qarşı 3 yürüş təşkil etdilər və III yürüşün nəticəsi kimi Hülakilər (Elxanilər) dövləti yaradıldı.
Hülakilər dövləti 1256-1357-ci illərdə, yəni 101 il mövcud olmuşdur. Bu dövlət geniş əraziləri birləşdirsə də, onun mərkəzi Azərbaycan torpaqları idi və ölkə Azərbaycandan idarə olunurdu. Bu baxımdan Hülakilər dövlətinin tarixi coğrafiyası əhəmiyyət kəsb edir. Hülakilər dövlətinin hüdudları şimalda Dərbəndə, cənubda İran körfəzinə, Misirdən Amu-Dərya çayına kimi uzanırdı. Onun tərkibinə bütün tarixi Azərbaycan əraziləri - Ərəb İraqı, Kirman, Gürcüstan, Kiçik Asiya (Rum ), Əcəm İraqı, Fars, Xuzistan, Xorasan, Kərkük və s. vilayətlər daxil idi. İlk paytaxtı Marağa şəhəri olmuş, sonralar paytaxt Təbrizə, Sultaniyəyə köçmüş, son paytaxt yenə Təbriz olmuşdur.
Beləliklə, türk-monqol qəbilələrinin idarə etdiyi Hülakilər dövlətinin mərkəzi ərazisi Azərbaycan olmuş, Marağa, Sultaniyyə və Təbriz kimi Azərbaycan şəhərləri onun paytaxt şəhərləri olmuşdur. Bütün dövlət Azərbaycan torpaqlarından idarə olunmuşdur. Elxani əyanları, əsasən, Azərbaycanda yaşayırdılar. Qarabağ Elxanilərin yay iqamətgahı, Muğan isə qışlağı idi.
Yüzillik tarixi boyu Hülakilər dövlətində daxili sabitlik olmamışdır. Hülaki xanın dövründə müəyyən iqtisadi və siyasi uğurlar əldə edilsə də, 1265-ci ildə onun ölümündən sonra dövlətdə daxili çəkişmələr başladı. Monqol əyanlarından ibarət müxtəlif qruplaşmalar yarandı və hər qruplaşma çalışırdı ki, hakimiyyətə öz namizədini gətirsin. Abaqa xanın (1265-1282) dövründə başlayan daxili çəkişmələr Əhməd xanın da dövründə (1282-1284) davam etdi. Əhməd xanı taxtdan salan Arqun xan da (1284-1291) əyanların özbaşınalığının qarşısını ala bilmədi. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən Əmir Novruz üsyan qaldırdı və Arqun xan bu üsyanı çox çətinliklə yatırdı.
Hülakilər dövlətində başlayan daxili çəkişmələr əcnəbi qüvvələrin və ilk növbədə Qızıl Ordu dövlətinin Hülakilərə qarşı hərbi əməliyyatlara başlamasına imkan verdi. XIII əsrin ortalarından iki monqol ulusu – Qızıl Ordu ilə Hülakilər dövləti arasında ciddi ixtilaflar yaranmışdı və mübahisə obyekti məhz Azərbaycan, o cümlədən Cənubi Qafqaz ərazisi idi.
Qızıl Ordu dövləti Dərbənddən şimala Volqa çayı ətrafı əraziləri, Krım, Yenisey çayına qədər bütün Sibir ərazisini əhatə edirdi. Paytaxtı Saray-Batı olan bu dövlətin əsasını Çingiz xanın nəvəsi, Cuçinin oğlu Batı xan qoymuşdu. Qızıl Ordu xanları belə hesab edirdilər ki, Cuçi xanın vəsiyyətinə görə, Cənubi Qafqaz Batı xana verilmişdir, ona görə də onlar bu əraziləri Hülakilərə güzəştə getmək istəmirdilər. 1263-cü ildə Noqay xanın başçılığı ilə 30 min Qızıl Ordu qoşunu Azərbaycana soxuldu. Hülaki xan məğlub oldu. Dərbənd ələ keçirildi. Lakin 1265-ci ildə onlar məğlub olub geri çəkildilər. Qızıl Ordunın 1288 və 1290-cı illərdə olan hücumları da müvəffəqiyyət qazanmadı.
Arqun xanın ölümündən sonra hakimiyyətə gələn Abaqa xanın oğlu Keyxatu xan (1291-1295) iqtisadi tənəzzülün qarşısını almaq üçün pul islahatı keçirdi, dövriyyəyə “çao” adlı kağız Çin pulu buraxdı. Lakin bu islahat əməli nəticə vermədi, kağız pullar dövriyyədən çıxdı. 1295-ci ildə hakimiyyətə Arqun xanın oğlu Baydu xan gəldi. O, monqol əsilli feodallara qarşı sərt mübarizəyə başladı və 6 aydan sonra taxtdan salındı. Onun əvəzinə hakimiyyətə gələn qardaşı Qazan xan (1295-1304) daxili siyasəti yenidən qurmağa başladı. Qazan xan mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün bir sıra tədbirlər gördü. Köçəri monqol əyanlarının müqavimətini qırmaq, yerli Azərbaycan əhalisini öz tərəfinə çəkmək məqsədi ilə yerli əyanlarla yaxınlaşdı, islam dinini dövlət dini elan etdi. Özü də islam dinini qəbul edib, Mahmud adını götürdü. Qazan xanın yerli feodallara arxalanmaq siyasətinə qarşı çıxan monqol əyanları ona qarşı sui-qəsd hazırladılar. Bu işdə Xorasanda qərarlaşan monqol əyanları daha fəal idi və sui-qəsdçilər Təbrizə hücum edib Qazan xanı taxtdan salmağı planlaşdırmışdılar. Lakin qəsd baş tutmadı,qəsdi planlaşdıranlar tutulub edam olundular. Mərkəzi hakimiyyətdəki daxili ixtilaflardan istifadə edərək Gürcüstan üsyana qalxdı və Hülakilərə tabe olmaqdan boyun qaçırdı. Lakin 1297-1298-ci illərdə Qazan xan gürcü feodallarına da divan tutdu.
Beləliklə, Qazan xanın qətiyyəti, ən əsası isə yerli azərbaycanlı əhaliyə arxalanması daxili siyasətdə ona uğurlar gətirdi.Köçəri monqol əyanlarının özbaşınalığına son qoyuldu, onlar mərkəzi hakimiyyətə tam tabe oldular. Hülakilər dövlətinin qüdrəti artmağa başladı.
Qazan xandan sonra hakimiyyətə onun qardaşı Məhəmməd Ulcayut (1304-1316) gəldi. Ulcayut qardaşının siyasətini davam etdirirdi. O, Gilan və Heratı işğal edərək Hülakilər dövlətinin ərazilərini bir qədər də genişləndirdi. Lakin onun ölümündən sonra yenə dövlətdə daxili çəkişmələr başladı. Ulcayutu əvəz edən Əbu Səidin (1316-1335) cəmi 12 yaşı var idi. Atası hələ sağlığında Sulduz tayfasının nümayəndəsi, tanınmış sərkərdə Əmir Çobanı Əbu Səidin qəyyumu təyin etmişdi. Beləliklə, Əbu Səidin azyaşlı olmasından istifadə edərək Əmir Coban bütün hakimiyyəti öz əlində cəmləşdirdi və faktiki olaraq Hülakilər dövlətini idarə etməyə başladı.Mərkəzi hakimiyyəti qəbul etməyən daxili qüvvələr ona qarşı mübarizəyə başladılar.İlk üsyan Xorasanda baş verdi.Bundan sonra Gürcüstan və Diyarbəkirdə köçəri əyanların üsyanı başladı. Daxildə vəziyyətin mürəkkəbləşdiyi bir vaxtda xarici qüvvələrin - cənubdan Misir sultanının, şimaldan isə Qızıl Ordu xanlarının hücumları gücləndi. 1318-ci ildə Qızıl Ordu qoşunları Dərbənddən Kür çayına qədər əraziləri ələ keçirsələr də, Əmir Çoban tərəfindən məğlub edildilər və geri çəkildilər. Gürcüstan üsyançıları Naxçıvanı tutub Təbrizə doğru irəliləməyə başladılar. Əbu Səidin üsyançılarla danışıqları bir nəticə vermədi. Döyüş baş verdi və Əbu Səid Gürcüstan üsyançılarını darmadağın etdi və bu döyüşdə göstərdiyi igidliyə görə “Bahadır” ləqəbi aldı.
Əmir Çoban, onun oğulları və qohum-əqrabası hakimiyyəti tamamilə ələ keçirmişdilər. Üsyançılarla mübarizə aparan Əbu Səidin əsas vəzifələrindən biri də Çobanilərdən yaxa qurtarmaq və dövləti təkbaşına idarə etmək idi.Çobanilərin özbaşınalığı o həddə çatdı ki, Rum diyarına (Kiçik Asiya) hakim təyin olunan Əmir Çobanın oğlu Temurtaş dini pərdə altında mərkəzi hakimiyyətə qarşı üsyan qaldırdı. Əbu Səidin qoşunları onu məğlub etdi, Temurtaş əsir götürüldü.Lakin Çobanilərin xan sarayında artan nüfuzundan çəkinən Əbu Səid Temurtaşı edam etdirmədi,bağışladı və yenə öz vəzifəsinə qaytardı. Çobanilər hörümçək kimi tor quraraq dövlətin əsas vəzifələrini ələ keçirmişdilər. Əbu Səid ölkə daxilində Çobanilərdən narazı feodallarla yaxınlaşdı və çobanilərə qarşı sərt tədbirlər görməyə başladı. Əmir Çoban və iki oğlu öldürüldü,qalanları qaçıb gizlənməli oldular. Beləliklə, 20 yaşlı Əbu Səid dövləti təkbaşına idarə etməyə başladı.Ancaq təcrübəsiz Əbu Səid tezliklə Qiyasəddin Rəşidin təsirinə düşdü.Müəyyən dövr hücumlara ara verən Qızıl Ordu dövləti 1335-ci ildə yenidən Hülakilərlə müharibəyə başladı. Əbu Səid Azərbaycana soxulmuş Özbək xanın qoşunlarını əzib Dərbənddən şimala çəkilməyə məcbur etdi.Əbu Səidin düşmənləri onun ailəsinə yol tapa bildilər və onun arvadı Bağdad xatunla ittifaqa girdilər. 1335-ci ildə Bağdad xatun Əbu Səidi zəhərləyib öldürdü. Hakimiyyət Bağdad xatunun əlinə keçdi. Elə bu zaman Qızıl Ordu xanı Özbək yenə Azərbaycana hücum etdi və hakimiyyəti ələ alan Arpa xan (1335-1336) onu məğlub edib Azərbaycandan qovdu. Əbu Səidin öldürülməsindən sonra Hülakilər dövlətində dalbadal hakimiyyət dəyişiklikləri baş verdi. Belə ki, 3 il ərzində üç nəfər Arpa xan (1335-1336), Musa xan (1336) və Məhəmməd xan (1336-1338) bir-birilərini əvəz etdilər. Məhəmməd xanın dövründə daxili mübarizə dövlət üçün təhlükəli forma aldı. Əgər, əvvəllər əyanlar mərkəzi hakimiyyəti ələ almaq uğrunda mübarizə aparırdısa, indi artıq əyalətlərdə mərkəzdən qaçma əhval-ruhiyyəsi güclənmişdi, mübarizə edən tərəflər Hülakilər dövlətini parçalamağa çalışırdılar. Bu mübarizədə əsas rol oynayan tərəflər Monqol işğalları zamanı Azərbaycanda məskunlaşan, mənşəcə oğuz dil qrupuna aid olan Sulduz və Cəlairi tayfaları idi. Cəlairilərin rəhbəri Şeyx Həsən Cəlairi (Böyük Həsən) Bağdadı və ətrafdakı əraziləri tutaraq 1340-cı ildə Cəlairi dövlətinin yarandığını elan etdi.
Beləliklə, Bagdad və ətrafdakı əyalətlər Hülakilərin nəzarətindən çıxdı. Hülakilər sülaləsinin zəifləməsi əsasən Urmiya gölü ətrafında məskunlaşan Sulduz tayfasından olan Çobanilərin yenidən fəallaşmasına gətirib çıxardı. 1338-ci ildə Əmir Çobanın nəvəsi Şeyx Həsən Çobani (Kiçik Həsən) Şeyx Həsən Cəlairiyə qalib gəldi. Öz hakimiyyətini qanuni çərçivəyə salmaq üçün Əbu Səidin bacısı Satıbəy xatunla (1338-1340) evlənərək onu dövlətin başçısı elan etdi və onun adından istifadə edərək dövləti idarə etməyə başladı. Hülaki şəhzadələri Həsən Çobanın əlində oyuncağa çevrilmişdilər. 1340-cı ildə o, Satıbəy xatunu taxtdan salıb əvəzinə Süleyman xanı gətirdi (1340-1344). Lakin 1344-cü ildə Həsən Çoban öldürüldükdən sonra Hülakilər nəsli hakimiyyətdən tam uzaqlaşdırıldı və bütün hakimiyyət Həsən Çobanın qardaşı Məlik Əşrəfin əlinə keçdi. Azərbaycan əhalisi Hülaki nəslindən olmayan eyni zamanda acgöz, zülmkar və amansız Məlik Əşrəfin hakimiyyətə gəlişinə qarşı üsyan qaldırdı. 1344-cü ildə Təbrizdə başlanan bu üsyan amansızlıqla yatırıldı. Eyni zamanda Hülakilərdən vassal vəziyyətində olan Şirvan və Şəki də Məlik Əşrəfin hakimiyyətini tanımaqdan boyun qaçırdı. Şəkidə 1330-cu illərdən müstəqillik mübarizəsi başlamışdı və bu mübarizəyə yerli Oyrat sülaləsi başçılıq edirdi. Şirvanşah Kavus Məlik Əşrəfin 1347, 1348-ci illərdə Şirvana talanedici yürüşlərindən sonra onun hakimiyyətini tanımağa məcbur oldu.
Vəziyyətdən çıxış yolu kimi Azərbaycan feodalları Hülakilərin əbədi düşməni Qızıl Ordu xanı Canı bəyə müraciət etdilər. 1357-ci ildə Canı bəy yerli feodalların dəstəyi ilə Təbrizi tutdu, Çobani Məlik Əşrəfi edam etdirdi. Bundan sonra Hülakilərin taxt-tacında öz oğlu Bərdi bəyi oturtdurub Volqa sahillərinə, Qızıl Orduya qayıtdı. Beləliklə, 101 il mövcud olan Hülakilər dövləti ləğv edildi, onun əraziləri Qızıl Ordunın nəzarətinə keçdi.
Dostları ilə paylaş: |