Şirvanşah I İbrahimin Azərbaycan torpaqlarını birləşdirmək cəhdi. Şirvanşah I İbrahim isə yaranmış vəziyyətdən istifadə edərək teymurilərə qarşı yeni siyasi xətt yeritdi və Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizəyə başladı. Gəncə, Şəki, Qarabağ, Təbriz, Ərdəbil, Marağa və başqa yerlərdə teymurilərə qarşı başlanmış xalq hərakatından istifadə edən Şirvanşah I İbrahim Kür çayını keçdi, Gəncə və Qarabağı tutdu.
Şirvanşah I İbrahim Teymurilərə qarşı mübarizə aparan qüvvələri birləşdirməyə çalışaraq, gürcü çarı Konstantin, Şəki hakimi Seydi Əhməd, Ərdəbil hakimi Bəstam Cəyir, Qaraman tayfasından Yarəli ilə ittifaq bağladı. Şirvanşah I İbrahim öz qüvvələrini Kür sahilinə toplayıb Təbrizə hücuma hazırlaşırdı. Bunu eşidən teymuri Mirzə Ömər Qarabağa hücum etdi, lakin Kür sahilində baş verən döyüşdə birləşmiş qoşun Ömər Mirzənin qoşunlarına qalib gəldi.
1405-ci ilin yayında Ömər Mirzə cənuba doğru çəkildi və Təbrizə gələrək əhalidən xərac toplamağa başladı.Qəzəblənmiş xalq ayağa qalxaraq üsyan etdi və Ömərin qoşununu şəhərə buraxmadılar. 1406-cı ilin yazında Ömərin böyük qardaşı Əbu Bəkr Təbrizə hücum edərək əhalidən 100 min qızıl tələb etdi. Narazı olan xalq yenidən üsyan edərək I İbrahimi köməyə çağırdılar. 1406-cı ilin mayında I İbrahim Arazı keçərək Təbrizə daxil oldu. Əhali I İbrahimi mehribanlıqla qarşıladı və onu öz hakimi kimi tanıdı. Şirvanşah I İbrahim əhalidən alınan vergiləri ədalətli qaydaya saldı.
Beləliklə, qısa müddətə də olsa, Şirbvanşah I İbrahim Azərbaycanın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirə bildi. Lakin O,Təbrizdə möhkəmlənə bilmədi. Çünki cəlairli Sultan Əhməd və onunla ittifaqda olan qaraqoyunlu hərbi birləşmələrinin başçısı Qara Yusif vaxt itirmədən Misirdən Azərbaycana, Təbrizə doğru hərəkət edirdilər.Onların yaxınlaşdığını eşidən Şirvanşah I İbrahim məcburiyyət qarşısında qalaraq Təbrizi tərk edib Şirvana qayıtdı və onun Azərbaycan torpaqlarını birləşdirmək cəhdi baş tutmadı.
Hələ Misirdə olarkən Sultan Əhməd və Qara Yusif razılığa gəlmişdilər ki, Bağdad Sultan Əhmədə, Təbriz isə Qara Yusifə çatacaq. Lakin bu razılaşmanı pozan Sultan Əhməd 1406-cı ildə Təbrizi ələ keçirdi. Təbrizdə möhkəmlənən Sultan Əhməd ilk olaraq Əlincə qalasının bərpası və vergiləri azaltmaq haqqında fərman verdi.
Qara Yusif və Sultan Əhməd arasında Misir razılaşmasının məzmunundan xəbərsiz olan I İbrahim Sultan Əhmədi Təbrizdə hökmdar kimi tanıdığını bildirdi. Tezliklə, I İbrahimə rəğbət bəsləyən Cənubi Azərbaycan feodalları Sultan Əhmədin tərəfinə keçdilər. Qara Yusif sözünə dönük çıxan Sultan Əhmədə düşmən kəsildi. I İbrahimlə də münasibətləri pozulan Qara Yusif yarımköçəri kurd tayfaları ilə ittifaqa girdi, hətta onlarla qohumluq münasibətləri qurdu.
Sultan Əhməd Təbriz camaatının güzəranının yaxşılaşması üçün heç bir tədbirlər görmədi. Ona görə də teymuri Əbu Bəkrin qoşunu Təbrizə hücum edərkən xalq Sultan Əhmədi müdafiə etmədi və Əbu Bəkr Təbrizi tutdu, Sultan Əhməd Bağdada qaçdı. Bu zaman Qara Yusif böyük qoşunla Təbriz üzərinə yeridi. 1406-cı ildə Qara Yusif I Şənbi Qazan döyüşündə Əbu Bəkri məğlub etdi və öldürdü. Bundan sonra Təbrizdə Qara Yusifin nüfuzu artmağa başladı. Miranşah Qara Yusifə qarşı yeni qoşun göndərdi. 1408-ci ilin aprelin 21-də Təbriz yaxınlığında Acıçay (Sərdrud) döyüşündə oğlu Əbu Bəkrin qisasını almağa gələn Miranşah Qara Yusif tərəfindən darmadağın edildi və öldürüldü. Teymuri qoşununun qalıqları Azərbaycanı tərk etdilər.
Dostları ilə paylaş: |