1622-1639-cu illərin hərbi əməliyyatları. Mərənd sülhünü Səfəvi tərəfi pozdu, belə ki, 1622-1623-cü illərdə Osmanlıda yanıçarların özbaşınalığından daxili vəziyyət mürəkkəbləşdi və Səfəvilər İraqa hücum etdilər. Bağdad daxil olmaqla bütün İraq Səfəvilərə qatıldı. Axalsıx da Səfəvilər tərəfindən tutulub idarəçiliyi Səlim xan Şəmsəddinliyə tapşırıldı.1625-ci ildə Şərqi Gürcüstanda Səfəvilərə qarşı üsyan yatırıldı və ərazi Qarabağ bəylərbəyliyinə qatıldı. 1624-1626-cı illərin İraq uğrunda Səfəvi –Osmanlı qarşıdurması Səfəvilərin qələbəsi ilə başa çatdı.
1629-cu ildə I Şah Abbas vəfat etdi və müharibə şah I Səfi Mirzə (1629-1642-ci illər) tərəfindən davam etdirildi. Osmanlı sultanı IV Murad (1623-1640) 1634-cü ilin yayında böyük qoşunla hücum edərək İrəvanı və Təbrizi ələ keçirdi. Lakin ərzağın və yemin çatışmaması, qışın yaxınlaşması, Səfəvi qoşununun hücum təhlükəsi Osmanlıları Təbrizdən çıxmağa məcbur etdi. Şah 1635-ci ilin aprelində İrəvan qalasını azad etdi. 1637-1638-ci illərdə Səfəvi-Osmanlı müharibəsi İraqda davam etdi. 1638-ci ildə Osmanlılar Bağdadı yenidən ələ keçirdilər.Səfəvi və Osmanlı dövlərləri arasında sülh danışıqları başladı.
1639-cü ilin mayın 17-də Səfəvi – Osmanlı arasında Qəsri-Şirin sülhü bağlandı. Qəsri –Şirin sülhünün şərtlərinə görə Ərəb İraqı Osmanlıya, Zəncir qalasından şərq ərazilər Səfəvilərə verildi. Səfəvilər Qars, Van və Axalsıxa hücum etməməyi öhdələrinə götürdülər. 1555-ci il Amasya sülhünün və 1612-ci ilin Sərab sülhünün şərtləri təsdiqləndi və XVIII əsrin I rübünə kimi qüvvədə qaldı. Bununla Səfəvi – Osmanlı müharibələrinin III mərhələsi başa çatdı.
Dostları ilə paylaş: |