12.2. I Pyotrun Azərbaycana işğalçılıq yürüşü və onun ağır nəticələri.
Rusiya yetərincə hərbi-siyasi gücə malik olmadığına görə XVIII əsrə qədər Azərbaycana qarşı ancaq iqtisadi siyasət həyata keçirmişdir. XVIII əsrin əvvəllərində Rusiya iqtisadi və siyasi cəhətdən qüvvətləndi və Azərbaycanı hərbi yolla tutmağa üstünlük verdi. Çar I Pyotr və ətrafındakılar hesab edirdilər ki, Azərbaycan Rusiyanın inkişaf etməkdə olan manufakturası üçün xammal bazası və satış bazarı ola bilər. Rusiya eyni zamanda Xəzər dənizi hövzəsindən keçən ticarət yolunu ələ keçirib, Avropa ölkələri ilə ticarətdə vasitəçi olmağa çalışırdı. Rus çarı I Pyotr (1689-1725) Səfəvi dövlətinin ağır vəziyyətindən istifadə edərək öz niyyətini həyata keçirməyə çalışırdı.I Pyotr Səfəvi dövlətindəki vəziyyəti öyrənmək üçün A.Volınskinin başçılığı ilə 1715-ci ildə oraya elçilik göndərmiş və ona bir sıra gizli tapşırıqlar da vermişdi. Elçilik karvan yolları, otlaqlar və müdafiə qüvvələrinin vəziyyətini öyrənməli idi.
Azərbaycan və Xəzər dənizi hövzəsinə dair Osmanlı dövlətinin də öz planları var idi. Rusiya hər vasitə ilə Osmanlı dövlətinin Xəzər dənizinə yolunu kəsmək istəyirdi. Cənubu Qafqazın xristian əhlisi, xüsusən də ermənilər Rusiyanını bu işğalçılıq planının həyata keçməsinə kömək edirdilər. Onlar Rusiya dövlətinə özlərinin himayədarı kimi baxırdılar.
Dostları ilə paylaş: |