Şəki üsyanı. 1743-cü ildə Şirvan, Şəki, Təbriz, Xoy və Səlmasda yeni üsyanlar baş verdi. Bu dövrdə azadlıq mübarizəsinin mərkəzlərindən biri Şəki idi. Şəkinin hakimi Məlik Nəcəf əhali ilə pis rəftar edir, artıq vergilər toplayırdı. Onun zülmündən cana gəlmiş Şəki əhalisi Nadir şaha şikayət etdi. Şah isə Şəki əhalisinin sakitliyi üçün Şəki əyanlarından bir nəfərin vəkil seçilməsini tapşırdı. Hacı Qurban oğlu Çələbi Məlik Nəcəfin üzərində nəzarətçi və vəkil seçildi. Məlik Nəcəflə Hacı Çələbi arasında münaqişə başlandı. Məlik Nəcəf Hacı Çələbidən şaha şikayət etdi. Şah onu öz hüzuruna çağırdı və edam edilməsini əmr etdi. Hacı Çələbi edama aparılarkən Məlik Nəcəfin bütün pis əməllərini şaha bildirdi. Şah onu azad etdi. 1743-cü ildə Hacı Çələbi öz adamları ilə Məlik Nəcəfi öldürdü və Şəkidə hakimiyyəti ələ keçirdi, “Gələrsən-görərsən” qalasında möhkəmləndi. Nadir böyük qoşunla Şəkiyə hücum etdi. Lakin 4 aylıq mühasirə bir nəticə vermədi. Nadir şahın qoşunları geri çəkildi. 1746-cı ildə qala müdafiəçilərinin ərzaq ehtiyatı tükəndi. Hacı Çələbi vəkil vəzifəsində qalmaq şərti ilə Nadir şaha təslim oldu.