Azərbaycan ərazisində rusların məskunlaşdırılması. Birinci Rusiya-İran müharibəsindən (1804-1813) sonra işğal edilmiş Şimali Azərbaycan ərazilərində rusların da məskunlaşdırılması başlandı. 1821-ci il 03 yanvar fərmanı ilə ordu qərərgahı yanında təsərrüfatlar və hərbi məskənlər yaratmaq qərara alındı. Bu işlə hərbi xidməti başa vurmuş hərbi qulluqçular məşğul olmalı idi. Hərbi xidmətlərini başa vurmuş əsgərləri gərargahlar ətrafında təsərrüfat yaratmağa cəlb etdilər. Lakin qraf Arakçeyev tərəfindən hazırlanan bu plan baş tutmadı, çünki ordudan təxris olunanlar Qafqazda qalmaq istəmədilər. Ona görə də, 1830-cu il oktyabrın 20-də Rusiyadan Cənubi Qafqaza təriqətçi və bidətçi əhalinin köçürülməsi haqqında fərman verildi. XIX əsrin 30-40-cı illərində Cənubi Qafqaza köçürülən rusların sayı 12 minə çatırdı və salınmış 34 rus kəndinin 30-u Azərbaycanda idi. Rus kəndləri əsasən Qarabağ və qərb bölgələrində salınmışdı. Rusiya hökuməti onları çarizmin yerlərdə etno-mədəni, dini dayağı sayırdı.