Üçüncü Hökumət 1918-ci il 26 dekabrdan –1919-cu ilin martına qədər fəaliyyət göstərdi. Parlament seçkilərindən sonra Müvəqqəti Hökumət istefaya getməli, yeni hökumət formalaşdırılmalı idi. Parlamentdə hökumətin təşkili məsələsi yenə F.X.Xoyskiyə tapşırıldı. Lakin o, səhhətinin pis olması ilə əlaqədar bundan imtina etdi. Dekabrın 18-də parlament Xoyskidən belə bir ağır günlərdə kabinetin təşkilini öhdəsinə almağı israr etdi. F.X.Xoyski 10 nəfərdən ibarət kabinetin tərkibini və iş proqramını hazırlayıb parlamentin müzakirəsinə verdi. Yalnız “İttihad” partiyası Hökumətdə iştirak etməkdən boyun qacırdı. 26 dekabr 1918-ci il tarixdə - Azərbaycan Müvəqqəti Hökuməti, yəni İkinci Hökumət istefaya getdi və ingilislərin nəzarəti altında və F.X.Xoyskinin sədrliyi ilə Üçüncü hökumət təşkil olundu. General Tomson həmin kabinəni dekabrın 28-də tanıdığını və Azərbaycanda yeganə qanuni hökumət hesab etdiyini bildirdi.
Parlamentin ilk tədbirlərindən biri Paris sülh konfransına nümayəndə heyətinin secilməsi idi. Nümayəndə heyətinə Ə.Topçubaşov, M.H.Hacinski, Ə.Ağaoğlu, Ə.Şeyxülislamzadə, müşavirlər M.Məhərrəmov, M.Y.Mehdiyev, C.Hacıbəyli, əməkdaşlar Ə.Hüseynzadə, V.Marçevski daxil idi. Nümayəndə heyətinin sədri Ə.Topçubaşov təyin olundu.
Çoxpartiyalı quruluşa malik parlamentdə fraksiyalar öz bəyannamələri ilə cıxış etdilər. Bu bəyanatlarda müəyyən məsələlərdə fikir ayrılıqları olsa da, ümumi bir məqsəd var idi: gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli-siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının, hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə əlaqələrini möhkəmləndirmək, Respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclu ordu yaratmaq. Parlamentin 1919-cu il 3 yanvar tarixli iclasının qərarı ilə qanunverici və icraedici hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq parlament üzvünün dövlət orqanlarında işləməsi məqbul sayılmadı. Yalnız nazirlərin eyni zamanda parlament üzvü olmasına icazə verilirdi. Dövlət qulluğunda işləyən parlament üzvü bir necə gün ərzində iki vəzifədən birini seçib, parlamentin rəyasət heyətinə bildirməli idi. Azərbaycan türkcəsi parlamentin istifadə etdiyi dövlət dili statusuna malik idi. Bakıda Azərbaycan (türk) dilində ilk böyük kitabxana açıldı.
Dostları ilə paylaş: |