Azərbaycan 1960-cı illərin sonu-1980-cı illərin başlanğıcında. Respublikada idarəçiliyin qüvvətlənməsi. 1960-cı illərin ikinci yarısında inkişaf etmiş sosialist müddəası irəli sürüldü. Belə bir şəraitdə 1969-cu ildə Azərbaycan SSR-ə rəhbərlik Heydər Əliyevə tapşırıldı.
H.Əliyev 1923-cü ilin mayın 10-da Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdu. 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər və Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində çalışmış, 1944-cü ildən Dövlət Təhlükəsizlik Komitəsində işləməyə başlamışdı. 1964-cü ildə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini,1967-ci ildən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir.
H.Əliyev idarəçiliyin təkmiliəşdirilməsi, kadrların seçilməsi sahəsində bir sıra tədbirlər gördü, Sovet rəhbərliyinin yuxarı dairələrində Azərbaycanın nüfuzunu qaldırdı və bundan xalqın xeyrinə istifadə etdi. Yeni texnologiyaya əsaslanan sənaye sahələrinin inkişafına xüsusi diqqət verildi.
Heydər Əliyevin rəhbərliyi dövründə, XX əsrin 60-cı illərinin sonu - 70-ci illərində, Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə də maraq artdı, bu sahədə də oyanış başlandı. Xalqımızın milli-mənəvi həyatında da dirçəliş başlandı. O zaman ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi. Ensiklopediyanın Baş redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. 1972-ci ildə Ensiklopediyanın Baş redaksiyası Rəsul Rzanın redaktorluğu ilə Azərbaycan SSR xəritələri (Azərbaycan və rus dillərində) adlı atlas nəşr etdi. Göstərilən tarix xəritələr həmin atlasa daxil edildi.
1970-ci illərdə Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə azərbaycanlıların sayı artdı. Bu dövrdə erməni separatçıları açıq çıxış etməkdən çəkinirdilər. DQMV-nin iqtisadi və mədəni inkişafı diqqət mərkəzində idi. 1973-cü ildə Xankəndində Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında müstəqil pedaqoji institut açıldı. 1979-cu ildə Ağdam-Xankəndi dəmir yol xətti çəkildi, vilayətdə daha yeni bir inzibati vahid - Əsgəran rayonu yaradıldı. 1977-ci ildə Dağlıq Qarabağ məsələsini yenidən qaldırmaq cəhdinin qarşısı alındı. 1970-ci illərdə mərkəz, ermənilərin təhriki ilə Kəlbəcər rayonunun perspektivsizliyi bəhanəsi ilə oradan əhalinin köçürülməsi və rayon ərazisinin yaylaq kimi respublikalar arasında bölüşdürülməsi haqqında məsələ qaldırdı. Lakin H.Əliyev bölgənin iqtisadiyyatını qısa müddətdə canlandırmaqla mərkəzin və erməni millətçilərinin niyyətlərini puça çıxardı. Kəlbəcərə “Muğan yolu” çəkildi.
1978-ci ilin aprelində Azərbaycan SSR-nin yeni Konstitusiyası, mayında Naxçıvan MSSR-nin yeni Konstitusiyası qəbul edildi. Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması haqqında maddə öz əksini tapdı. Azərbaycan dilinin tədqiqi genişləndi. Bu dövrdə ölkədə siyasi laqeyidlik hökm sürürdü. Xalqın güzəranı yaxşı olduğuna görə müxalifətin sosial bazası zəif idi.
Bu illərdə Azərbaycan ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, teatrımızın 100 illiyi təntənəli şəkildə qeyd edildi. Görkəmli yazıçı, şair və bəstəkarlara heykəl qoyuldu. 1982-ci ildə H.Cavidin cəsədinin qalıqları İrkutsk vilayətindən cətirilib doğma vətəni Naxçıvanda dəfn edildi.
H.Əliyev 1976-cı ildə Sov. İKP MK Siyasi büro üzvülüyünə namizəd, 1982-ci ildə isə Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini təyin edildi. Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov seçildı.
Dostları ilə paylaş: |