Cənubi Azərbaycanda babilər hərəkatı. 1848-ci ildə İranda Babilər hərəkatı başlandı və 1852-ci ilə kimi davam etdi. Babizm təriqətinin və hərəkatının rəhbəri şirazlı Seyid Əli Məhəmməd idi. Onun əsas ideyaları “Bəyan” adlı kitabında toplanmışdır. Onun fikrincə, ülamə və hakimlərin zülmü nəticəsində İran əziyyət və bədbəxtlər diyarına çevrilmiş, artıq imam Mehdinin zühür etməsi vaxtı çatmışdır. Ona görə də o, özünü əvvəlcə imam Mehdi ilə xalq arasında vasitəçi - Qapı (Bab), sonra isə yeni peyğəmbər elan etmişdi. Babın ideyalarında sənətkar, tacir və kəndlilərin arzuları ifadə edilmişdir. Babın qadın azadlığı ideyası hərəkata çoxlu qadınların qoşulmasına səbəb oldu. Onlardan biri qəzvinli müctəhidin qızı Zərrintac idi. Onun üsyançılar arasında böyük nüfuzu var idi.
Babın təliminin bəzi davamçıları onun demokratik ideyalarını inkişaf etdirərək hələ müəllimlərinin sağlığında şah hakimiyyətinə qarşı bir sıra üsyanlar qaldırmışdılar. Onlar hüquq bərabərliyi, mövcud qanunların, xüsusi mülkiyyətin ləğv edilməsi şüarlarını da irəli sürürdülər. Babilər hərəkatının Azərbaycanda əsas mərkəzi Zəncan idi. 1850-ci ildə Zəncan babiləri şəhərin bir hissəsini tutdular. Üsyana Molla Məhəmməd başçılıq edirdi. Üsyançıların əksəriyyətini sənətkarlar, kəndlilər təşkil edirdi, din xadimlərinin aşağı təbəqəsi də üsyana qoşulmuşdu. 1850-ci ilin dekabrında Zəncan üsyanı amansızlıqla yatırıldı. Zərrintac 1852-ci ildə Tehranda gizli şəkildə öldürüldü, bir çox babilər İranı tərk etdilər. Babilər hərəkatı İranda feodalizmdən kapitalizmə keçid dövründə ən böyük üsyan idi.
Dostları ilə paylaş: |