XIX əsrin 40-cı illərində aqrar islahatlar. Komendant idarə üsulunun ləğv edilməsi. XIX əsrin 30-cu illərində komendant idarə üsulu tamamilə iflas etmişdi və çarizmin Azərbaycanda siyasi mövqeyini möhkəmlətmək tələbinə cavab vermirdi. 1830-cu illərin əvvəllərində general Paskeviç “Cənubi Qafqaz ölkəsinin quruluşu haqqında təkliflər“ irəli sürdü. 1837-ci ildə senator P. Qan və İ. Vasilçikovun rəhbərliyi ilə hazırlanmış “Cənubi Qafqaz ölkəsinin idarə olunması üçün təsisatlar “ adlı layihə Rusiya Dövlət Şurasına təqdim edildi. Layihədə Rusiyada mövcud olduğu kimi, Cənubi Qafqazda da inzibati idarələrin yaradılması nəzərdə tutulurdu. Uzun müzakirələrdən sonra çar I Nikolay 1840-cı il aprelin 10-da Cənubi Qafqazda inzibati və məhkəmə islahatı haqqında qanun verdi. Qanun 1841-ci il yanvarın 1-dən qüvvəyə mindi.
Qanuna görə, komendant idarə üsulu ləğv edildi və Ümumrusiya inzibati sistemi təşkil olundu. Cənubi Qafqazda mərkəzi Tiflis olan Gürcüstan-İmeretiya quberniyası, mərkəzi Şamaxı olan Xəzər(Kaspi) vilayəti yaradıldı. Vilayət qəzalara, qəzalar nahiyələrə bölündü. Mahallar və mahal naibliyi ləğv edildi. Dərbənd, Quba, Bakı, Şamaxı, Şəki və Şuşa qəzaları Xəzər vilayətinə daxil idi. Qazax, Şəmşəddil distansiyaları, Yelizavetpol, Balakən, İrəvan, Naxçıvan qəzaları Gürcüstan-İmeretiyanın tərkibinə verildi. Azərbaycanlı məmurlar inzibati və məhkəmə aparatının bütün pillələrində ruslarla əvəz edildi.
Qanuna əsasən məhkəmə sistemi yenidən quruldu. Ümumrusiya qanunları əsasında fəaliyyət göstərən quberniya, vilayət və qəza məhkəmələri yaradıldı. Şəriət məhkəmələri saxlanıldı, lakin onlar ancaq nigah məsələlərinə baxırdılar.
Qanun Cənubi Qafqazda rus zadəganlarının mövqelərini möhkəmləndirməyə yönəldilmişdi. Ona görə də rus zadəganlarını burada yerləşdirmək üçün çoxlu torpaq sahələri lazım idi. Bu məqsədlə bəy və ağaların tiyul torpaqlarının onların əlindən alınması nəzərdə tutulurdu. 1844-cü ildə Qafqaz canişinliyi yaradıldı. Onun ilk canişini qraf S. Vorontsov oldu. O, Tiflisə getdikdən sonra 40-cı illərin insibati-ərazi bölgüsündə dəyişiklik etdi. 1846-cı il dekabrın 14-də çarın verdiyi fərmana görə, Cənubi Qafqazda 4 quberniya - Tiflis, Kutais, Dərbənd və Şamaxı quberniyaları yaradıldı. 1849-cu ildə isə İrəvan quberniyası təşkil edildi. Naxçıvan, İrəvan, Ordubad qəzaları İrəvan quberniyasına qatıldı. Quba Dərbənd quberniyasına, Yelizavetpol Tiflis quberniyasına verildi. Bu cür inzibati bölgüdə məqsəd azərbaycanlıların milli-etnik birliyini pozmaq idi.
Dostları ilə paylaş: |