İkram agasiyev şİrxan səLİmov azərbaycan tariXİ baki-2017 Elmi redaktor


Azərbaycan millətinin təşəkkül tapması



Yüklə 0,94 Mb.
səhifə271/383
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#38990
1   ...   267   268   269   270   271   272   273   274   ...   383
AZ TARİXİ - QRİFLİ-SON-22 MART (2) (1)

16.4. Azərbaycan millətinin təşəkkül tapması.

Azərbaycan millətinin təşəkkülü XIX əsrin 60-70-ci illərində Şimali Azərbaycanda həyata keçirilən buryua isla­hatlarının nəticəsi kimi dəyərləndirilməlidir. Belə ki, bu isla­hat­ların həyata keçirilməsi sənayedə və kənd təsərrüfatında kapi­talizm münasibətlərinin formalaşmasına gətirdi ki, o da öz növbəsində iqtisadi, mədəni mərkəzlərin yaranmasına və yük­səlişinə, ümumi bazarın və vahid iqtisadi orqanizmin yaran­masına, cəmiyyətin sosial tərkibinin əsaslı dəyişməsinə, Azər­baycan əhalisinin vahid ərazi, dil, dini-mədəni dəyərlər, şüur və psixologiya ətrafında birləşməsinə imkan verdi. Bütün bu sadalanan proseslər Azərbaycan millətinin təşəkkülünün ilkin obyektiv şərtləri oldu.

Azərbycan millətinin təşəkkülü prosesi özünəməxsus şəraitdə gedirdi və bu özünə­məxsusluq Azərbaycan ərazilərinin iki dövlət – Ru­siya imperiyası və İran Qacarlar dövləti arasında bölüşdürülməsində idi.

Rusiyanın Şimali Azərbaycanı işğal etməsi burada feodal ara müharibələrinə son qoydu, Şimali Azərbaycan Rusiya iqtisadi, mədəni və siyasi sisteminə cəlb edildi. Şimali Azərbaycanda müxtəlif təsərrüfat sahələri inkişaf etsə də, təsərrüfat, inzibati, siyasi baxımdan ölkə Rusiya imperiyası tərkibində dağınıq hala salınmışdı və vahid sistem kimi çıxış edə bilmirdi ki, bu da Azərbaycan millətinin formalaşmasına əngəl yaradan amillər­dən biri idi.

XIX əsrin ikinci yarısında Şimali Azərbaycanda qapalı natural təsərrüfat sistemi dağılır, ictimai islahatların sferası və həcmi artırdı. Kapitalizmin inkişafı, Şimali Azərbay­canın qismən dünya bazarına cəlb edilməsi onun iqtisadi birliyinin təşəkkülünə təkan verdi.

Şimali Azərbaycan iqtisadiyyatında ən aparıcı sahə - neft sənayesi sürətlə inkişaf edir və bu inkişaf özü ilə bərabər başqa sahələrin də inkişafına şərait yaradırdı. Bakı şəhəri kiçik bir yaşayış məntəqəsindən Rusiya imperiyasının böyük sənaye və mədəniyyət mərkəzinə çevrildi. Şəhərin əhalisinin sayı sürətlə artdı, əhalinin tərkibi dəyişdi, şəhərin mədəni görkəmində də əsaslı dəyişikliklər baş verdi. XIX əsrin ikinci yarısında Bakı Azərbaycan millətinin təşəkkülünün mərkəzinə çevrildi.

Neft sənayesinin inkişafı nəqliyyatın, rabitənin inkişafını sürət­ləndirdi. Dəmir yolları çəkildi, dəniz nəqliyyatının inkişafı, boru-kəmər nəqliyyatından istifadə, teleqraf və telefon xətlərinin çəkilişi, kənd təsər­rüfatının ixtisaslaşması, onun bazara yönəldilməsi – bütün bunlar elmin, maarifin, mədəniyyətin inki­şa­fını tələb edirdi.

Kapitalist münasibətlərinin inkişafı milli burjuaziyanın – azər­baycanlı olan iri kapital sahiblərinin formalaşmasına gətirdi. Məhz H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov və sair kimi azərbaycanlı kapital sahibləri, ticarətçilər, sənayeçilər forma­laşmaqda olan Azərbaycan millətinin aparıcı qüvvəsinə çevril­dilər.

Şimali Azərbaycanın kənd təsərrüfatında da keyfiyyətcə yeni münasibətlər forma­laşırdı. Kəndli təbəqəsi əsrlik ətalətdən çıxır, kənd əhalisində struktur dəyişiklikləri baş verirdi. Kapitalist münasibətləri kəndin natural təsərrüfatını dağıdıb yeni, daha mütərəqqi burjua münasibətlərinin inkişafına təkan verdi, kənddə yeni təbəqələr – kənd burjuaziyası (qolçomaqlar) və kənd fəhlələri formalaşdı.

Azərbaycan kəndində əmtəə - pul münasibətlərinin inkişafı köhnə dayaqları dağıdır, quberniyalar, qəzalar, mahallar və kəndlər arasınnda əlaqələri möhkəmlədir, kəndi daimi iqtisadi əlaqələrə cəlb edirdi ki, bu da Azərbaycan millətinin təşəkkülü prosesinin ümumi xarakter daşıdığını göstərirdi.

İqtisadi birliklə yanaşı, Azərbaycan millətinin təşəkkülünü xarakterizə edən əlamətlərdən biri – Azərbaycan dilinin xalqın ümumi ünsiyyət dili olaraq qalması idi. Çar Rusiyasının apardığı ruslaşdırma siyasətinə baxmayaraq, Azərbaycan xalqı assimilya­siyaya uğramadı, öz ana dilini qoruyub saxladı.

Milli dilin inkişafında ədəbi dillə xalq danışıq dilinin bir-birinə yaxınlaşmasında 1875-ci ildən nəşr olunan “Əkinçi” qəzetinin və dahi mütəfəkkir M.F.Axundovun əsər­lərinin böyük rolu olmuşdur. İqtisadi birlik, milli bazarın tələbatından irəli gələrək Azərbaycan dilinin lüğət tərkibi getdikcə zənginləşir, onun istifadə dairəsi genişlənir, o ümum­milli və vahid dilə cevrilirdi.

Millətin mühüm əlamətlərindən biri milli mədəniyyətin, milli şüurun və mentalitetin (milli psixologiyanın) özünəməxsus ümumili­yidir. Milli mədəniyyətin spesfikliyi özünü Azərbaycan xalqının vərdiş­lərində, adət və ənənələrində, məişətində özünü göstərirdi. Xalqı­mızdan miras qalan milli keyfiyyətlər - əmək­sevərlik, azadlıqsevərlik, mərdlik, qonaqpərvərlik, böyük­lərə hörmət, xeyirxahlıq, yoldaşlıqda və dostluqda sədaqət ümum­milli xarakter daşıyırdı.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin ədəbi və elmi publisistik fəaliyyəti, Azərbaycan teatrının, mədəni-maarif müəs­sisə­lərinin yaranması, maarifdə, incə­sənətdə, musi­qidə, xalq yaradı­cılığında yeni əlamətlərin meydana gəlməsi digər xalqların mədə­niy­yətinə geniş maraq Azərbaycan xalqının oyanmaqda olan milli şüurunu xarak­terizə edən əlamətlər idi.

Azərbaycanın liberal-burjua baxışlı nümayəndələri – Əli bəy Hüseyzadə, Əhməd bəy Ağayev,Əlimərdan bəy Topçu­başov və sair Azər­baycan xalqını elmə və maarifə çağırırdılar.

1828-ci ildə Azərbaycan xalqının parçalanması ilə Azərbaycan ideyasına güclü zərbə dəydi. Çar Rusiyasının işğal etdiyi ərazilərdə yaşa­yan Azərbaycan əhalisi “tatar”, “müsəlman” kimi adlandırıldılar. “Azərbaycan” termini Arazdan şimala aid edilmədi. An­caq “Azər­baycan” məfkurəsi xalqın yaddaşından silinmədi və milli ziyalılarımız Azər­baycan ideyasını yaşatdılar. İlk dəfə olaraq, M.F.Axundov öz əsərlərində “millət” anlayışını işlətmiş, 1880-ci illərdə nəşr olunan “Kəş­kül” qəzetinin 115-ci sayında isə onun ilk dəfə “Azərbaycan mil­ləti” anlayışını işlətdiyi yazısı dərc edilmişdir.

1891-ci ildə tanınmış publisist Məhəmməd ağa Şaxtaxtlı “Kaspi” qəzetində “Zaqaf­aziya müsəlmanlarını necə adlan­dırmalı?” adlı məqalə dərc edərək Cənubi Qafqaz müsəl­manlarının Azərbaycan türk milləti olduğunu yazmışdır.

Xalqın milli şüurunu oyatmaq məqsədilə 1891-ci ildə Kamal Ünsüzadə “Azər­baycan” adlı qəzet təsis etmək istəsə də, çar hökumət dairələri buna icazə vermədilər.

Beləliklə, XIX əsrin ikinci yarısında azərbaycanlıların bir millət kimi formalaşması prosesi gedirdi. XX əsrin əvvəllərində azərbay­cançılıq ideyasını siyasi doktrina kimi siyasi müstəviyə çıxaran gənc M.Ə.Rəsulzadə oldu.

Ancaq millətin formalaşmasını ləngidən əngəllər də mövcud idi. Bunlar bəzi qəzaların kapitalist inkişafı axınından kənarda qalması və ucqarlarda hələ də köhnə ictimai-siyasi münasibətlərin hegemonluğu, milli burjuaziyanın formalaş­masında çarizmin apardığı mürtəce siyasət – daha çox qeyri-azərbaycanlı kapital sahiblərinə qəyyumluq etməsi, ana dilində təhsilin yayılmasına yaradılan əngəllər, Şimali Azərbaycanla Cənubi Azərbaycan arasında iqtisadi-mədəni əlaqələrin mini­muma endirilməsi və ciddi nəzarətdə saxlanılması, eyni məzmunlu siyasətin İran şahı tərəfindən Cənubi Azərbaycana qarşı aparılması – bütün bunlar Azərbaycan millətinin təşəkkülü yolun­da mövcud olan maneələr idi.




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   267   268   269   270   271   272   273   274   ...   383




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin