Atropatenanın xarici siyasəti. Qonşu dövlətlərlə münasibətləri. E.ə. 223-cü ildə Selevki dövlətinin çarı III Antiox Atropatenanı işğal etdi . Lakin Roma imperiyası e.ə. 190-cı ildə Maqneziya döyüşündə Selevkiləri məğlub etdi və Atropatena yenə müstəqil oldu.
Roma dövləti Aralıq dənizinin şərq sahillərində işğallarını genişləndirirdi. E.ə. II əsrdə Parfiya və Roma arasında Ön Asiyada hegemonluq uğrunda mübarizə başlandı. Roma həm Parfiya, həm də Atropatena üçün təhlükə yaradırdı. Bu səbəbdən, e.ə. II əsrin ikinci yarısında Atropatena və Parfiya ümumi düşmənə qarşı birgə mübarizə aparırdılar. Bu iki dövləti həm də maddi və mənəvi mədəniyyətdə olan yaxınlıq və ilk növbədə zərdüştlük birləşdirirdi.
E.ə. I əsrin birinci yarısında Roma sərkərdələri Lukull və Pompeyin yürüşləri nəticəsində romalılar Cənubi Qafqazı və bir sıra qonşu ölkələri özlərindən asılı vəziyyətə saldılar. E.ə. 53-cü ildə Parfiya və Roma arasında döyüş baş verdi. Parfiya tərəfində vuruşan Atropatena Roma ilə döyüşə 40 min piyad, 10 min süvari çıxartdı.Döyüş romalıların məğlubiyyəti ilə başa çatdı.
E.ə. 38-ci ildə Roma sərkərdəsi Antoni erməni padşahı ilə ittifaqa girdi, Parfiya və Atropatenaya qarşı 100 min qoşun yeritdi. Fraaspa qalasında Roma qoşunu məğlub edildi və çoxlu qənimət ələ keçirildi. Qənimətin bölüşdürülməsi üstündə Atropatena və Parfiya arasında mübahisə yarandı və Atropatena Parfiyadan uzaqlaşmağa, Roma ilə yaxınlaşmağa başladı. Atropatena hökmdarı Artabazın qızı Yutbanın Roma sərkərdəsi Antoninin oğlu ilə nişanlanması bu iki dövləti bir - birinə daha da yaxınlaşdırdı. Artobazdan sonra 10 il Romada yaşamış II Ariobazan (e.ə. 20 - e.2) hakimiyyətə gəldi.Mənbələrdə Ermənistanın da II Ariobazan tərəfindən idarə olunması haqqında məlumatlar əks olunmuşdur. II Ariobazanın ölümündən sonra Ariovast (eramızın 2-20-ci illəri) hakimiyyətə keçdi.O, Atropatenanın atropatlar sülaləsindən sonuncu hökmdarı oldu.
Roma imperatoru Oktavian Avqustun dövründə də Roma ilə Atropatena arasında dostluq əlaqələri davam etdirilmişdi. Oktavian öləndən sonra atropatlar sülaləsinin nüfuzu zəiflədi. Nəticədə I əsrin 20 –ci illərində Parfiyada hakimiyyətdə olan Arşakilər sülaləsi Atropatenanın müstəqilliyinə son qoydu və onu özünə tabe etdi. Atropatena Parfiya dövlətinin süqutunə qədər, yəni 226-cı ilədək Parfiyanın tərkibində qalmışdır.
Dostları ilə paylaş: |