İlahi ziyafət


Dünya - yaranışın əsas məqsədinə çatmaq üçün əməl düşərgəsi



Yüklə 1,36 Mb.
səhifə8/23
tarix22.04.2017
ölçüsü1,36 Mb.
#15235
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

Dünya - yaranışın əsas məqsədinə çatmaq üçün əməl düşərgəsi

Əziz qardaş və bacılar! Qısaca deyim ki, bu dünyada insanlar bir mərhələdən o birinə keçmək üçün düşərgəyə aparılanlar kimidirlər. Bir qrup şagirdi, hərbçini və ya idarə işçisini bir mərhələdən keçmək, səviyyəsini yüksəltmək və bəzi məlumatlar toplamaq üçün bir düşərgəyə aparırlar. Onlar üçün müxtəlif proqramlar təşkil edir, düşərgədə yaşayış imkanları hazırlayır və bu mərhələni keçirəndən, bilməli olduqlarını biləndən sonra düşərgədən çıxarırlar ki, daha yüksək bir mərhələyə keçsinlər.

Bura həmin böyük düşərgədir. Hər gün milyonlarla insan bu düşərgəyə qoşulur və milyonlarla insan bu düşərgədən çıxıb özlərini yaranışın əsas məqsədinə və həqiqi mənzil başına yaxınlaşdırırlar.

Bu düşərgədə bizim üçün bəzi proqramlar nəzərdə tutulmuşdur. Biz onlarla özümüzü yüksəldə, islah edə, insan yaranışının son və həqiqi mənzilinə - Allaha qovuşmağa hazırlaya bilərik. Dinlər insanların bütün həyatı üçün belə proqramlar təqdim etmişlər. Onlar bir neçə növdür:

Bu proqramların bəzisi mənəvi və ruhi baxımdan insanın Allah-Taala ilə əlaqəsini bərqərar edir. Namaz, Allahı yada salmaq, münacat, dua və digər ibadətlər bu növdəndir.

Bəzi proqramlar insanın xarakterlərini və təbiətini düzəldir, onun psixoloji nöqsanlarını aradan qaldırır. Məsələn, əxlaqi tövsiyələr bizdən təkəbbürlülüyü, paxıllığı, pisliyi, rəzilliyi, yalançılığı və xəyanəti uzaqlaşdırır, insanı səxavətli, məhəbbətli, bağışlayan və gözəl insani xislətlərə sahib edir.

Bəzi proqramlar bizim fərdi və ictimai əlaqələrimizi, bu dünyada - bu böyük düşərgədə yaşayan digər insanlarla ictimai münasibətlərimizi tənzim edir. Hətta əşya və heyvanlarla münasibətləri də bizə öyrətmişlər. Bəzi təlim və proqramlar bu əlaqələri tənzimləyir. Bu proqramların bəzisi mühiti yaşamağa qabiliyyətli edir. Məsələn, hökumət qurmaq, yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirmək, zalımlara düşmən olmaq, mömin insanlara yaxşılıq etmək, dünyanın və cəmiyyətin islahına və yoxsulluğu aradan qaldırmağa kömək etmək, dünyaya, mühitə və cəmiyyətlərə aid olan digər proqramlar bu qəbildəndir. Bu böyük düşərgənin və bu həyat dövrünün proqramları bizim üçün hazırlanmışdır.

Bunlardan əlavə, adı dünya olan bu böyük təlim və tərbiyə düşərgəsində bəşərin rahatlığı üçün də şərait yaradılmış, onun fiziki və cinsi ləzzətlərinə də diqqət yetirilmişdir. Bu ləzzətlər onun gözünü, qulağını, ruhunu və ağlını oxşayır, onu razı salır. Əgər bu ləzzətlərdən düzgün istifadə olunsa, bu düşərgədə yaşamaq həm də ləzzətli olacaq. Yəni həm inkişaf və tərəqqi olacaq, həm özümüzü kamilliyə yaxınlaşdırmış, həm yaranışın son mənzilinə hazırlaşmış, həm də bu dünyada Allahın bəxş etdiyi halal ləzzətlərdən istifadə etmiş olacağıq: "(Ey Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram etmişdir?"1

Siz ramazan ayında və böyük ibadət imkanlarında əslində bu proqramları düzgün yerinə yetirmək üçün özünüzü hazırlayırsınız. Bu proqramlara düzgün əməl edən, lazım olanları yerinə yetirən, öz həyatını və rəftarını düzəldən şəxs düşərgədən çıxan zaman qorxmur; çünki əli doludur.

Ramazan ayında hər bir namazdan sonra oxunması müstəhəb olan duada Allaha belə deyilir: "İlahi, müsəlmanların işlərindəki bütün fəsadları düzəlt! İlahi, Öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır! İlahi, Öz gözəl halınla bizim pis halımızı dəyişdir!"1 Allahdan bunu istəmişik. Bu bizim öz əlimizdədir.

Gərək ehtiyatlı olaq və ramazan ayından qabaqkı on bir ay boyu özümüzü hazırlayaq. Əgər ramazan ayı çatanda lazımi hazırlıqları əldə etmiş olsaq, ilahi ziyafətdən daha çox istifadə edəcək və növbəti il üçün bir dərəcə, bir səviyyə və bir sinif yüksələcəyik. O zaman həm öz nəfsinizdə və qəlbinizdə, həm də ictimai mühitdə sizi razı salacaq halları müşahidə edəcəksiniz.

İslamın tərbiyə sisteminin və bütün həyat proqramlarının əsası bunlardır. Hər kəs özünə nəsihətçi olmalı, özündən muğayat olmalı, səhvə düşməsinin qarşısını almalı, yaxşı işlərə dəvət etməli və pis işlərdən çəkindirməlidir. Özünü yaxşı işlərə dəvət etmək, pis işlərdən çəkindirmək və özünə nəsihət vermək digərini dəvət etməkdən, çəkindirməkdən və digərinə nəsihət verməkdən birinci olmaldır. Bu, bizdən istənilən ilahi təqvadır. Təqvanı saxlayaq, bunu bir-birimizə tövsiyə edək. Mən də siz qardaş və bacılara tövsiyə edirəm ki, ilahi təqvanı unutmayın. Ramazan ayının ən böyük səmərəsi təqvadır. Əldə etdiklərinizi qoruyun, onu növbəti illərdə və inşallah ömrünüzün sonuna qədər artırın.

Fitr bayramı namazının xütbələrindən: 1996.

Ramazan - tövbə, yalvarış, dua və dilək ayı

Allah ayı, tövbə, yalvarış, dua və dilək ayı olan mübarək ramazan ayı münasibəti ilə siz əzizlərin hamısını və bütün dünya müsəlmanlarını təbrik edirəm. Bu ayın bəzi xüsusiyyətləri haqda söhbət edəcəyim birinci xütbənin əvvəlində namazda iştirak edən siz əzizlərin hamısını ilahi təqvaya çağırıram. Bu ay təqva ayıdır və oruc təqvanı yaradan amildir. Təqva isə həm mömin şəxsin, həm də mömin cəmiyyətin dünya və axirət azuqəsidir. Ümidvarıq ki, Allah bu ayda bizim hər birimizə, əzəmətli və müsəlman İran cəmiyyətinə bu dəyərli ehtiyatı bəxş etsin.

Mübarək ramazan ayının gündüzlərində oxunması müstəhəb olan bir duada belə deyilir: "Bu, Allaha qayıdış, tövbə və cəhənnəmdən qurtuluş ayıdır"1. Bu gün məhz buna görə birinci xütbədə Allahdan bağışlanma diləmək haqda bir qədər danışacağam.
Bağışlanma diləyinin tərifi, əhəmiyyəti, şərtləri və təsirləri

Bağışlanmaq istəyi - günahlar üçün ilahi əfvi diləməkdir. Əgər bu düzgün baş versə, ilahi bərəkətlərin qapısını açar. Bir fərdin və bir cəmiyyətin ilahi lütflərdən ehtiyacı olan hər bir şey - ilahi lütf, ilahi rəhmət, ilahi nurluluq, ilahi hidayət, Rəbb tərəfindən uğur, işlərdə kömək, müxtəlif sahələrdə yardım qapısı bizim günahlarımızın vasitəsi ilə bağlanır, günah bizimlə ilahi mərhəmət və lütf arasında pərdə olur. Bağışlanmaq istəyi bu pərdəni götürür, Allahın rəhmət yolunu açır. Bağışlanmaq istəyinin faydası budur. Buna görə, siz Quranın bir neçə yerində bağışlanmaq istəyi üçün dünya və bəzən də axirət faydalarının nəzərdə tutulduğunu görürsünüz. Məsələn, buyurur: "Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu yağış göndərsin".2 Bunların hamısının izahı belədir ki, bağışlanmaq istəyi sayəsində insanın və cəmiyyətin qəlbinin və cisminin Allahın bu nemətlərinə yolu açılır. Odur ki, bağışlanmaq istəyi çox mühüm məsələdir.

Bağışlanmaq istəyi əslində tövbənin bir hissəsidir. Tövbə də Allaha sarı qayıdışdır. Buna əsasən, tövbənin şərtlərindən biri bağışlanmaq istəyi, yəni Allah-Taaladan əfv diləməkdir. Bu, Allahın böyük nemətlərindən biridir. Yəni Allah-Taala bəndələr üçün tövbə qapısı açmışdır ki, kamal yolunda irəliləyə bilsinlər və günah onları iflic etməsin. Çünki günah insanı uca zirvədən endirir. Günahların hər biri insanın ruhuna, saflığına, mənəviyyatına və ruhi yüksəlişinə bir zərbə vurur, insan ruhunun şəffaflığını yox edir və onu qaraldır. Günah insanda olan və onu bu maddi dünyanın digər məxluqlarından ayıran mənəvi cəhətini öldürür, heyvanlara və cəmadata yaxınlaşdırır.
İnsanın həyat və fəaliyyətlərində günahın təsiri

Günahlar insanın həyatında mənəvi cəhətdən əlavə, bəzi uğursuzluqlara da səbəb olur. Bəşər fəaliyyətinin bir çox sahələrində etdiyi günahlarına görə uğursuzluğa düçar olur. Əlbəttə, bunların elmi, fəlsəfi və psixoloji izahı da var, gözüyumulu qəbul etmir, yaxud danışmırıq. Necə olur ki, günah insanı iflic edir? Misal üçün, Ühüd döyüşündə bəzi müsəlmanların səhlənkarlığı və təqsiri üzündən ilk qələbə məğlubiyyətə çevrildi. Yəni müsəlmanlar əvvəl qalib oldular, amma sonra dağın yarıq hissəsində oturub cəbhənin arxasını mühafizə etməli olan oxçular qənimət tamahından səngərlərini buraxıb meydana gəldilər və düşmən də onları mühasirəyə alıb qəfil hücumla müsəlmanları tar-mar etdi. Ühüd məğlubiyyəti bundan yarandı.

Ali-İmran surəsində bu məğlubiyyət barədə bəlkə də 10-12, yaxud daha çox ayə vardır. Müsəlmanlar psixoloji cəhətdən çox gərgin durumda olduqlarına və bu məğlubiyyət onlar üçün çox ağır tamamlandığına görə, Quran ayələri onları həm sakitləşdirir, həm hidayət edir, həm də başa salırdı ki, sizin bu məğlub olmanıza nə bais oldu və bu hadisə haradan qaynaqlandı. Nəhayət bu şərafətli ayəyə çatır: "İki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan, məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi". Yəni gördünüz ki, Ühüd döyüşündə sizin bir qrupunuz düşmənə arxa çevirdi və məğlubiyyətə uğradı; bunun amili qabaqcadan mövcud idi. Onların daxili qüsurları vardı. Şeytan bunları qabaqca gördükləri işlərin köməyi ilə səhvə vadar etdi. Yəni qabaqkı günahlar təsirini cəbhədə göstərir; hərbi cəbhədə, siyasi cəbhədə, düşmənlə mübarizədə, quruculuq işində, təlim və tərbiyə işində, müqavimətin lazım olduğu yerdə, dəqiq dərkin lazım olduğu yerdə, insanın polad kimi kəsib irəliləməli və maneələri dəf etməli olduğu yerdə. Sözsüz ki, Nəsuh tövbəsinin edilmədiyi və həqiqi bağışlanmağın istənmədiyi günahlar belədir.

Həmin surədə başqa bir formada eyni məzmunu çatdıran bir ayə də var.1 Quran demək istəyir ki, sizin məğlub olmanız və döyüşdə sizin üçün problemin yaranması təəccüblü deyil. Bu hadisələrdən indi də baş verir, öncə də baş vermişdir. Buyurur: "Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər". Yəni sizə nə olub? Ühüd döyüşündə məğlub olduğunuza və bəzilərinizin öldürüldüyünə görə hamınız gərgin və narahat, bəziləriniz isə ümidsizsiniz. Xeyr! Öncəki peyğəmbərlər üçün də döyüş meydanında bəzi hadisələr baş verirdi. Onlar baş verənlərə görə zəiflik və ümidsizlik hiss etmirdilər. Sonra buyurur: "Onların: “Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır". Yəni keçmişdə peyğəmbərlərin səhabə və həvariləri döyüşlərdə və müxtəlif hadisələrdə çətinliyə düşəndə Allaha dua edib deyirdilər: "Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla!" İlahi! Bizim günahlarımızı, israfçılıqlarımızı və işlərimizdə etdiyimiz diqqətsizlikləri bağışla! Bu əslində onu göstərir ki, hadisə və müsibət sizin günahlarla hazırladığınız vəziyyətdən irəli gəlir.


Mənəviyyatın zəifləməsində, iradə və müqavimətin azalmasında günahın rolu

İnsanın etdiyi günahlar, bu müxtəlif yayınmalar, ehtirasdan, günyagirlikdən, tamahkarlıqdan, dünya malına hərislikdən, dünya məqamından yapışmaqdan, insanın əlində olan sərvətlərə qarşı xəsislikdən, həmçinin paxıllıqdan, tamahkarlıqdan və qəzəbdən irəli gələn bu işlər insanın vücudunda iki qəti təsirini buraxır. Biri mənəvi təsirdir; ruhu ruhanilikdən salır, nuranilikdən çıxarır, insanda mənəviyyatı zəiflədir, ilahi rəhmət yolunu bağlayır. Digər təsir budur ki, ictimai mübarizələrdə, əzmkarlığa, müqavimətə, insan iradəsinin iqtidar göstərməsinə ehtiyac duyulan yerdə bu günahlar insanın yaxasını tutur; əgər bu zəifliyi düzəldə bilən başqa bir amil olmasa, insanı çökürdür. Əlbəttə, bəzən digər amillər, məsələn, insanda yaxşı bir xüsusiyyəti və yaxud iş olub onu düzəldə bilər. İndi o yerlərdən söhbət getmir. Lakin öz-özlüyündə günahın təsiri budur.


Allahın bəxş etdiyi bağışlanma və tövbə neməti

Allah-Taala insana bağışlanmaqdan ibarət olan böyük bir nemət vermiş və buyurmuşdur ki, siz təsirinin qaldığı bu işə görə peşman olmusunuzsa, tövbə və bağışlanmaq qapısı açıqdır. Siz etdiyiniz günahla sanki öz bədəninizə bir yara vurmuş, yaxud mikrob daxil etmisiniz. Bu zaman xəstəlik qaçılmaz olur. Əgər bu yaranın, xəstəliyin və bu zərbənin sizin bədəninizdəki təsirinin məhv olmasını istəyirsinizsə, bilin ki, Allah-Taala məhz bu məqsədlə bir qapı açmışdır və o, tövbə, bağışlanmaq istəyi, Allaha qayıdış qapısıdır. Əgər qayıtsanız, Allah-Taala bunu düzəldəcək. Bu, Allah-Taalanın bizə verdiyi böyük nemətdir.

Səhifeyi-Səccadiyyə kitabının 45-ci duası olan mübarək ramazan ayı ilə vidalaşma duasında İmam Səccad (ə) Müqəddəs Rəbbin dərgahına deyir: "Sən bəndələrinin əfvi üçün bir qapı açmış və onun adını Tövbə qoymusan. Qurandan və vəhydən bu qapın üçün bir bələdçi təyin etmisən ki, bəndələrin orada azmasınlar".1 Bir neçə cümlədən sonra yenə deyir ki, bu açıq qapıdan və ilahi bağışdan istifadə etməmək üçün heç bir bəhanə yoxdur. İlahi bağışın yolu da bağışlanmaq istəmək və tövbə etməkdir. Allahdan bağışlanmaq istəməlisiniz.

Əziz İslam Peyğəmbərindən (ə) nəql olunan bir rəvayətə əsasən, o həzrət bir gün səhabələrinə buyurdu ki, Allah-Taala bağışlamaq istəmədiyi şəxsdən başqa bütün günahkarları bağışlayar. Səhabələr soruşdular ki, ey Allahın rəsulu, Allah-Taalanın bağışlamaq istəmədəyi şəxs kimdir? Buyurdu ki, o şəxs tövbə etməyən şəxsdir. Deməli, bağışlanmaq istəmək tövbə və bağış qapısının açarıdır. Bağışlanmaq istəyi ilə ilahi əfvi qazanmaq olar. Bağışlanmaq istəyi bu qədər əhəmiyyətlidir. Allahdan bağışlanma diləmək budur.

Bu barədə iki-üç qısa məqama toxunmaq istəyirəm. Bəlkə bu ramazan ayında bunlardan istifadə edib Allah-Taalaya bir qədər yaxınlaşaq və Allahın bu açıq rəhmət qapısından bəhrələnək. Bu, bizim xalqımızın və cəmiyyətimizin dünya və axirəti və bizim qarşımızda olan müxtəlif sahələrdə inkişaf üçün olduqca lazım və faydalıdır.
Qafillik və qürurdan uzaqlaşmaq - bağışlanma diləyinin mühüm şərti

Bir məsələ budur ki, əgər bağışlanmaq və bu ilahi neməti əldə etmək istəsək, iki xisləti özümüzdən uzaqlaşdırmalıyıq: qafilliyi və qüruru. Qafillik odur ki, insan ondan günahın baş verdiyini ümumiyyətlə bilməsin və buna diqqət yetirməsin. Bəzi insanlar belədirlər. İndi sayları ilə, az, ya çox olmaları ilə işim yoxdur. Hər halda, dünyada və insanlar arasında belə adamlar var. Onlar qafildirlər, günah edirlər, lakin onun baş verməsinə diqqət yetirmirlər. Yalan danışırlar, təxribat aparırlar, qeybət edirlər, zərər vururlar, dağıntı yaradırlar, qətl törədirlər, müxtəlif günahsız insanlara torba tikirlər, uzaq yerlərdə və geniş miqyasda xalqlar üçün qorxulu yuxular görürlər, xalqı azdırırlar və bu səhv işləri gördüklərinə əsla diqqət də yetirmirlər. Əgər kimsə ona "günah edirsən" - desə, laqeydliklə qəhqəhə çəkib ələ salması da mümkündür: "Günah?! Nə günahı?!"

Bu qafil insanların bəzilərinin ümumiyyətlə savaba və əzaba etiqadları yoxdur. Bəzilərinin isə etiqadları da var, lakin qəflət içərisindədirlər və ümumiyyətlə nə iş gördüklərini bilmirlər. Əgər bunu öz gündəlik həyatımızda bir qədər kiçiltsək, görəcəyik ki, həyatımızın bəzi hissələri qafillərin həyatına bənzəyir. Qafillik çox qəribə bir iş və böyük təhlükədir. Bəlkə də insan üçün heç bir təhlükə qafillikdən ciddi, heç bir düşmən qafillikdən böyük deyil. Bəziləri belədirlər.

Qafil insan heç zaman bağışlanmaq barədə düşünmür, ümumiyyətlə günah etdiyini xatırlamır. Günaha qərq olub, məst və yuxuludur, yuxuda hərəkət edən adam kimidir. Buna görə əxlaq və irfan alimləri əxlaqda və nəfsi paklamada yolçuların mənzillərini bəyan edərkən insanın qafilikdən çıxdığı bu mənzilin adını Oyanış mənzili qoyurlar.

Quran terminlərində bu qafilliyin qarşı tərəfi təqvadır. Təqva - sayıq olmaq və daim özünə nəzarət etməkdir. Əgər qafil insan onlarla günah edir və günah etdiyini əsla hiss etmirsə, təqvalı insan onun tam qarşı tərəfidir. Azca günah da etsə, tez başa düşür və onu düzəltmək fikrinə düşür: "Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu (pis işlərə təhrik edildiyi) zaman onlar xatırlayıb düşünərlər". Şeytan onun yanından keçən kimi, şeytanın küləyi ona dəyən kimi tez şeytanın toxunduğunu, səhvə və diqqətsizliyə uğradığını hiss edir və xatırlayır. Belə adamın gözü açıqdır.

Mənim əzizlərim! Qardaşlar və bacılar! Kim olsanız, diqqətli olun. Bu müraciət xalqın xüsusi bir qrupuna aid deyil ki, məsələn, az məlumatlı insanlar, savadsız insanlar, yaxud gənc və azyaşlı insanlar ona diqqət yetirsinlər. Xeyr! Hamı diqqətli olmalıdır. Alimlər, görkəmli şəxsiyyətlər, böyüklər, kiçiklər, pullular, yoxsullar - hamı diqqətli olmalıdır; çünki ən azı bəzən qafillik onların da yaxasını tutur və diqqətsizlik edirlər; günah edirlər, lakin günah etdiklərinin fərqinə varmırlar. Bu çox böyük təhlükədir.

Mən və siz etdiyimiz günaha diqqət yetirmirik. Günah etdiyimizi bilmədiyimizdən ona görə tövbə də etmir və bağışlanmaq istəmirik. Qiyamət günü gözlərimiz açıldıqda görəcəyik ki, əməl dəftərimizdə qəribə şeylər var. İnsan təəccüb edəcək ki, mən bu işləri nə vaxt görmüşəm; ümumiyyətlə xatırlamayacaq. Bu, qafilliyin günahı və onun eybidir. Deməli, bağışlanmaq istəyinin bir maneəsi qafillikdən ibarətdir.

İkinci maneə qürurdur. İnsan kiçik bir iş görən kimi məğrur olur. Dua və rəvayətlərimizdə "Allah qarşısında məğrurluq" ifadəsi işlənib. Səhifeyi-Səccadiyyənin cümə günləri oxunan 46-cı duasında çox təsirli ifadələr mövcuddur. Deyir: "Bədbəxtlərin ən böyüyü Sənin qarşında məğrur olandır". Ən böyük bədbəxtlik Sənə məğrur olan şəxsə məxsusdur. Qürur belədir. Məğrur insan çox bədbəxtdir. Nə üçün? Çünki kiçik bir iş görən kimi, iki rükət namaz qılan kimi, məsələn, xalqa bir xidmət göstərən kimi, hansısa qutuya pul salan kimi, yaxud Allah yolunda bir iş görən kimi tez məğrur olur ki, biz Allah-Taala yanında işimizi düzəltmiş, borcumuzu ödəmişik və heç bir şeyə ehtiyacımız yoxdur. Bunu dillə söyləmir, lakin qəlbində belə düşünür.

Ehtiyatlı olun! Allah-Taalanın tövbə qapısını açıb "Mən günahları bağışlayaram" deyə buyurmasının mənası o deyil ki, günahlar kiçik və əhəmiyyətsizdir. Xeyr! Bəzən günahlar insanın bütün həqiqi vücudunu tələf edir, məhv edir, uca insani həyat dərəcəsində olan bir insanı çirkin və dəyərsiz yırtıcıya çevirir. Günah belədir. Elə bilməyin ki, günah kiçik şeydir. Yalan danışmaq, qeybət etmək, insanların ləyaqətini alçaltmaq, bir sözlə olsa belə zülm etmək az və kiçik günahlar deyil.
Günahı kiçik saymaqdan çəkinmək

İnsanın günahkarlıq hissi keçirməsi üçün mütləq uzun illər günaha qərq olması lazım deyil. Xeyr! Bir günah da günahdır. Günahı kiçik saymaq olmaz. Rəvayətlərimizdə günahları kiçik saymaq bölməsi var, bunu məzəmmət etmişlər. Allah-Taalanın "bağışlayarıq" - deyə buyurmasının səbəbi budur ki, Allaha qayıdış çox mühümdür, nəinki günah az və kiçikdir. Günah çox təhlükəli bir şeydir, lakin Allaha qayıdış, diqqət və Allahın zikri o qədər əhəmiyyətlidir ki, əgər insan bunu səmimi və düzgün şəkildə yerinə yetirsə, o zaman əlacı çətin olan o xəstəlik sağalar. Buna görə yaxşı işlə məğrur olmaq sizin bağışlanmaq istəyi haqda düşünməmənizə gətirib çıxara bilər. Həmin yaxşı işi də biz yaxşı hesab edirik, əslində o qədər də yaxşı, yaxud çox da əhəmiyyətli olmaya da bilər.

İmam Səccad (ə) başqa bir duada deyir: "Ey Allahım! Sən hətta ən sadiq bəndələrinin də Sənə yaxınlaşmaları ilə qürur etməmələrinə layiqsən". Baxın, bu duada həqiqətən çox gözəl məzmun və məna vardır. Yol budur. O buyurur ki, insanların bəndəlik məqamının yüksək dərəcəsinə nail olmuş ən sadiqlər də Allahın yolunu düzgün getdiklərinə, daha işləməyə və çalışmağa ehtiyaclarının qalmadığına görə məğrur olmamalıdırlar. Xeyr! Bu da bağışlanmaq istəyinə maneədir. Əgər qəflət olmasaydı, qürurlanmaq da olmazdı, aldanmaq və özünə heyranlıq da olmazdı və insan bağışlanmaq istəyərdi.
Bağışlanma istəyinin həqiqi və zahiri növlərinin fərqi

Bir məsələ də budur ki, həqiqi və ciddi bağışlanmaq istəyi təsirli olur. Fərz edin sizin böyük bir probleminiz var və Allah-Taaladan onun həll olunmasını istəyirsiniz. Məsələn, Allah eləməmiş, əzizlərinizdən biri üçün bir problem yaranmışdır. Siz adi yollarla onun problemini həll etməyə çalışmış, amma bacarmamısınız. İndi isə Allah-Taalaya üz tutub dua edir və yalvarırsınız. Görün insan belə bir halda, məsələn, övladının, yaxud əzizinin bir xəstəliyə tutulduğu, Allahın qapısına getdiyi və onda dua halının yarandığı zaman Allahdan necə istəyər?! Günahlarınızın bağışlanmasını Allahdan belə istəyin. Bağışlanmağı həqiqətən istəyin və həmin günahı bir daha təkrar etməməyə qərar verin.

Əlbəttə, insanın günah etməmək qərarı ola və sonradan yenə də onu təkrarlaya bilər. Bu zaman yenə tövbə etməlidir. Əgər insan yüz dəfə tövbəsini sındırsa da, yüz birinci tövbənin qapısı da açıqdır. Lakin tövbə edən və bağışlanmaq istəyən insanda əvvəldən həmin səhv və günah işi təkrarlamaq qərarı olmamalıdır. Belə olmaz.

Kitabda imamların birindən belə bir hədisin söyləndiyini gördüm: "Dili ilə bağışlanmaq istəyən, amma qəlbində günahına görə peşman olmayan şəxs özünü məsxərə etmişdir". Yəni qəlbində günaha görə peşman olmayan və çox sevinən, amma dili ilə "əstəğfirullah" deyən şəxs özünü ələ salır. Bu neçə bağışlanmaq istəyidir?! Bu, bağışlanmaq istəyi deyil. Bağışlanmaq istəyi odur ki, insan qayıtsın; həqiqətən və ciddi şəkildə Allah-Taaladan onu bağışlamasını istəsin. Bu zaman insan həmin işi təkrarlamaq niyyətində ola bilərmi?! Belə bir insanın Allah-Taaladan bağışlanma diləməyə üzü gələrmi?!

Bu necə bağışlanmaq istəməkdir?! Bu bağışlanmaq istəyi kifayət etmir. Bağışlanmaq istəyi ciddi və həqiqi olmalıdır. Bağışlanmaq istəyi müəyyən bir qrupdan olan insanlara məxsus deyil ki, deyək onlar çox günah etmişlər və bağışlanmaq istəməlidirlər. Xeyr! Bütün insanlar, hətta peyğəmbərlər də bağışlanmaq istəməlidirlər. "Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq". Peyğəmbər (s) də bağışlanmaq istəməlidir.

Bağışlanmaq istəyi ya bizim etdiyimiz günaha görədir, ya da əxlaqi günahlara görə. Fərz edin bir insan heç bir günah etməmişdir; nə yalan danışmış, nə qeybət etmiş, nə zülm etmiş, nə qanunu pozmuş, nə ehtiraslara uymuş, nə bir kəsi aşağılamış, nə xalqın malına təcavüz etmişdir. Sözsüz ki, belə insanlar çox azdır. Lakin bu növ fiziki günahları etməyən insanların çoxu da duyğu günahlarına - əxlaqi günahlara düçar olurlar. Əgər heç bir günah etməyən həmin adam xalqa baxıb "bu bədbəxt camaatın hamısı günah edir, amma biz Allahın lütfü ilə özümüzü saxlamışıq və günah etmirik" - desə, yəni özünü onlardan üstün hesab etsə, bunun özü bir günah, tənəzzül və süqutdur və onun üçün bağışlanma diləmək lazımdır. İnsanları təhqir etmək, özünü digərlərindən üstün tutmaq, öz işinə xalqın işindən daha çox dəyər vermək, yaxud insanlarda olan bəzi pis əxlaqi xarakterlər, məsələn, paxıllıq, tamahkarlıq və eqoizm üçün də bağışlanma diləmək lazımdır.

Fərz edək bu günahları etməyən bir insan da var, amma məsələn, tövhid elmini yüksəldə bilməmişdir. Bu bir qüsurdur və onun üçün bağışlanmaq istəməlidir. Tövhid və Allaha etiqad elmi məhdud və bağlı bir sahə deyil, sonsuz yoldur. Bütün peyğəmbər və övliyalar bu yolda inkişaf və təkamüldə olmuş, Pərvərdigarın müqəddəs zatı və Həzrət Haqqın kamal sifətləri barədə daha çox məlumat toplamağa çalışmışlar. Belə şəxslər bu yolda nə qədər inkişaf etməsələr, bu bir qüsur, gerilik, mənəvi acizlikdir və onun üçün bağışlanmaq istəmək lazımdır.

Bağışlanma diləmək hamı üçündür. Görürsünüz ki, bu dualarda imamların necə yanğısı var. Bəziləri elə bilirlər ki, İmam Səccad (ə) digərlərinə öyrətmək üçün belə yanğılı dua etmişdir. Bəli, işin həm formasında, həm də məzmununda digərlərinə öyrətmək var, lakin məsələnin məğzi bu deyil. Məsələnin məğzi bu saleh bəndənin, uca və böyük insanın özünün istəmək halətidir. Bu yanğı onun özünə aiddir. Allah qarşısında belə yalvarış onun özünə aiddir. Allah əzabından bu qorxu, Allaha yaxınlaşmağa və Allahın razılığına meyl onun öz hissləridir. Bu bağışlanmaq istəyi və Allahdan diləmək həqiqətən onun özünə aiddir.

O ucalıqda olan bir insanın nəzərində həyatın halal işlərinə - halal ləzzətlərə və halal işlərə diqqətin də bir növ süqut və tənəzzül hesab olunması mümkündür. Ürəyi istəyirdi ki, maddi və fiziki zərurətlər çərçivəsində qərarlaşmasın, həyatın halallarına və adi məsələlərinə bu yarımçıq baxışı da olmasın, mərifət yolunda, ilahi razılığa və ilahi dərkin cənnətinə sarı sonsuz vadidə daha çox irəliləsin. Bu baş tutmadıqda isə, bağışlanmaq istəyir. Buna əsasən, bağışlanmaq hamı üçündür.

Mənim əzizlərim! Bağışlanmaq istəyi üçün ramazan ayını qənimət sayın, Allah-Taaladan əfv diləyin. Bizim xalqımızın bu fədakar ruhiyyəsinə, göstərdiyi bu müqavimətə, gördüyü bu böyük işə, malik olduğu bu nurlu və yaxşı gənclərə, - bizim cəmiyyətimizdən başqa heç bir yerdə bu qədər gənc yoxdur - bu qadınlara, kişilərə, analara və bu xalqın göstərdiyi müxtəlif fədakarlıqlara görə maddi və mənəvi, dünya və axirət sahələrində onun böyük inkişaf potensialı vardır. Bu xalq bağışlanmaq istəyi ilə ilahi rəhməti özünə cəlb etməlidir.

Hamınız bağışlanmaq istəyin. İbadət adamı olanlar, ibadətdə orta səviyyədə olanlar, hətta ibadət işində zəif olan və yalnız vacib əməllərlə kifayətlənənlər, hətta hərdən Allah eləməmiş, bəzi vacib ibadətlərini də tərk edən şəxslər - hamı və hamı bilməlidir ki, işləri aparan amil onlarla Allah arasındakı bu əlaqədir. Allah-Taaladan bağışlanmaq istəyin, əfv diləyin, Allahdan bu günah maneəsini götürməsini, Özünün lütf və mərhəmət günəşinin önündən buludları qaldırmasını, lütfünü bu qəlblərə və ruhlara saçmasını diləyin. O zaman inkişaf və irəliləyişi görəcəksiniz.


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin