İmmunitet və immunologiya haqqında anlayış
Plan
İmmunitet və immunologiya haqqında ümumi anlayış.
Orqanizmin immun sistemi.
İmmun sistemin mərkəzi və periferik orqanları haqqında.
İstifadə edilən ədəbiyyat
Qarayev Z. və Qurbanov A. “Tibbi mikrobioogiya və İmmunologiya” . Bakı-2010
İmmunitet haqqında təlim yoluxucu xəstəliklərin epidemiyalarının baş verməsi, inkişafı və yekunu zamanı aparılmış müşahidələr əsasında əmələ gəlmişdir. Hələ qədim zamanlardan məlum olmuşdur ki, çiçək, taun və vəba epidemiyaları zamanı bəzi şəxslər yoluxma təhlükəsi şəraitində olsalar belə sağlam qalırlar, yəni bəzi infesion xəstəliklərlə xəstələnmiş insanlar həmin infeksiya ilə təkrari yoluxmağa davamlılıq qazanırlar, xəstələnmirlər, yaxud yüngül formada xəstələnirlər. Bu vəziyyəti, yəni orqanizmin təkrari infeksiyaya qarşı davamlılıq halını “immunitet” termini ilə ifadə etmişlər(yunanca “immunitas”- vergiden azad olmaq, vətəndaşın hansısa təqsirinin bağışlanması və s. adlanır).
İmmunitet – müxtəlif yoluxucu agentlərdən və orqanizmə genetik cəhətdən yad olan digər maddələrdən orqanizmin daxili mühit sabitliyini qorumaq üçün yönəldilmiş proseslərin vəmexanizmlərin məcmuyudur. İmmunitet haqqında olan elm immunologiya adlanır.
İmmunologiya ilk növbədə, orqanizmin daxili mühitinin (homeostazının) sabitliyini tənzimləyən, onu bütün genetik yad maddələrdən qoruyan spesifik və qeyri-spesifik müdafiə-adaptasiya mexanizmlərini öyrənir. İmmunologiya başlıca olaraq hüceyrəvi və humoral cavab reaksiyalarını, onların formalaşması mexanizmlərini, hüceyrə-toxuma amillərini və immunitetin formalaşmasını əsaslandıran bir sıra ümumi fizioloji və biokimyəvi proseslərin öyrənilməsi zərurətini meydana çıxarır.
İmmunologiya tibbin və təbiət elmlərinin müstəqil bir sahəsi kimi 1880-ci illərdə L.Paster tərəfindən müvəffəqiyyətlə aparılmış eksperimental tədqiqatlar- qara yara və quduzluq əleyhinə vaksinasiya işləri ilə formalaşmağa başlamışdır.
1796-cı ildə çiçək xəstəliyindən qorunmaq prinsipini hazırlamış E.Cenner bəzən immunologiyanın “ulu babası” adlandırırlar. O həqiqətən çiçək əleyhinə asan, sadə peyvənd etmək metodunu uğurla tətbiq etmişdi. Lakin nə bu metodun işlənib hazırlanmasına qədər, nə də ondan sonra onun mahiyyəti açıqlanmamış, bu prosesin elmi əsası dərk olunmamışdır.
İmmunologiyanın vacib vəzifələrindən biri də ətraf mühitin müxtəlif amillərinin, insanların həyat və əmək fəaliyyətinin immunitetə təsirinin, orqanizmin patogen mikroorqanizmlərə həssaslığının öyrənilməsindən ibarətdir.
Dostları ilə paylaş: |