Sintoizm Yaponların milli dini olan Sintoizmin tarixi qədim dövrlərə gedib çıxır. Çoxtanrılı din olan Sintoizm bir növ arxaik şaman kultlarının varisidir. Xalqın ruhunun təzahürü kimi ortaya çıxan bu ənənəvi yapon dini onun mentalitetinə, tarixinə, mədəniyyətinə, ölkənin siyasi və ictimai həyatına təsir göstərmişdir. Uzun əsrlər boyu yaponlar özlərinin ənənəvi inanclarını təyin etməyə ehtiyac duymamışlar. Bu ehtiyac xarici inanclar, ilk növbədə, buddizm, daosizm və konfutsiçilik kimi təlimlər Yaponiya adalarına ayaq açdıqdan sonra yaranmışdır.
Sintoizmə görə, insanlar, heyvanlar və daşlar kimi cansız obyektlər ruha sahibdirlər, buna görə də böyüyə bilirlər (ancaq olduqca asta). Bununla yanaşı, onlar həm də ilahi təbiətə malikdirlər, çünki dünya nizamını idarə edən və zərurət yarandıqda tarixin gedişinə müdaxilə edən Kami ilə əlaqəlidirlər. Kultun mənşəyi və buna müvafq olaraq da, panteona daxil olma üsulu baxımından bütün kamiləri
dörd kateqoriyada ümumiləşdirmək mümkündür.
Sintoizmin əsas fərqləndirici xüsusiyyəti bu dinin heç bir kanonik mətnə sahib olmamasıdır. Bununla belə, yaradılış haqqında sintoist ruh və məzmunda olan miflər toplusu, qədim əfsanələr mövcuddur.
VI əsrdən başlayaraq Yaponiya hökuməti buddizmi dövlət ideologiyası kimi qəbul etdikdən sonra Sintoizm ikinci plana keçmişdir. O, tamamilə aradan qalxmasa da, yeni gələn din ilə daim rəqabət halında olmuşdur. Digər tərəfdən, buddizmlə yanaşı, yaponların həyatında daosizmin və konfutsiçiliyin təsirləri də özünü büruzə verirdi. Buddizmi inzibatçı üsullarla dəstəkləyən dövlət, eyni zamanda Sintoizmi tənzimləyərək öz məqsədləri üçün istifadə etməyə çalışırdı. Bu vəziyyət 1868-ci ilə - qarşıdurma və iğtişaşlar dövründən sonra imperator Meydzinin (1852-1912) öz hakimiyyətini bərpa etməsinə qədər davam etmişdir. Bütün sahələrdə genişmiqyaslı islahatlar aparmağa başlayan imperator Sintoizmə də hakim din statusunu qaytarmış və ona milli dirçəliş ideologiyasının daşıyıcısı rolunu vermişdir.
Sintoizm milli din və ideologiya statusundan məhrum edildi. 1946-cı ilin fevralında özündə 100 min məbəddən 80 minini birləşdirən Sinto Məbədləri Assosiasiyası yaradıldı. 1947-ci ildə isə Yaponiya yeni sekulyar konstitusiya qəbul etdi. Bu gün yaponların əksəriyyəti praktikada az dindar olsalar da, özlərini eyni anda həm sintoist, həm də buddist sayırlar. Yaponiya ərazisinin müxtəlif bölgələrində fərqli ölçüyə və ehtiram dərəcəsinə malik 100 min məbəd vardır.