HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 3-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
63. Ərizəçi şikayət edib ki, ekstradisiya edildiyi halda, bu, Konvensiyanın 3-cü maddəsinin pozuntusunu təşkil edəcək və o, özbək dövlət orqanları tərəfindən işgəncə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara məruz qalmaq təhlükəsi ilə üzləşəcək. Konvensiyanın 3-cü maddəsi nəzərdə tutur ki:
“Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.”
A. Şikayətin məqbuliyyəti
64. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və hər hansı digər əsasla qeyri-məqbul deyildir. Bu səbəbdən, o, məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
1. Tərəflərin dəlilləri
65. Hökumət iddia edib ki, ekstradisiya edildiyi halda, ərizəçinin işgəncə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara məruz qalacağına inanmaq üçün əsaslı səbəblər yoxdur. Hökumət, həmçinin qeyd edib ki, onlar özbək dövlət orqanlarından təminat alıblar ki, ərizəçi ekstradisiya edildiyi halda, işgəncə və ya qeyri-insani, yaxud alçaldıcı rəftara məruz qalmayacaq və ya ölümlə cəzalandırılmayacaq. Bundan başqa, Hökumət bildirib ki, özbək dövlət orqanları müvafiq beynəlxalq sazişlərdə göstərilmiş bütün zəruri tədbirləri təqdim etmişdir. Hökumət iddia edib ki, işgəncə və pis rəftar Özbəkistanın daxili qanunvericiliyi ilə və tərəf olduğu BMT-nin Mülki və siyasi hüquqularhaqqında Beynəlxalq Paktla qadağan edilir.
66. Ərizəçi ekstradisiya edilidiyi halda, o, işgəncənin və pis raftarın real təhlükəsi ilə üzləşəcəyini bildirərək, iddia edib ki, belə praktika özbək hüquq mühafizə orqanları tərəfindən geniş istifadə olunur. Bununla bağlı, o, BMT-nin institutlarının və beynəlxalq QHT-lərin müxtəlif hesabatlarına istinad edib. Ərizəçi özbək dövlət orqanlarının təminatının etibarlılığını mübahisələndirib. Ərizəçi, həmçinin bildirib ki, özü və ailəsinin bütün üzvləri əvvəllər də təqib olunmuş və işgəncəyə, qeyri-insani və alçaldıcı rəftara özbək dövlət orqanları tərəfindən məruz qalmışlar. İddiasının təsdiqi kimi o, ailə üzvlərinə Özbəkistanda iddia olunan pis rəftarın təfsilatlı məlumatını təqdim etmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
67. Məhkəmənin formalaşmış presedent-hüququ göstərir ki, Tərəf Dövlət tərəfindən ekstradisiya Konvensiyanın 3-cü maddəsinə əsasən məsələnin ortaya çıxmasına, bununla da, həmin Dövlətin məsuliyyətinin yaranmasına o halda səbəb ola bilər ki, sözügedən şəxsin ekstradisiya edildiyi təqdirdə, qəbul edən ölkədə Konvensiyanın 3-cü maddəsinə zidd rəftara məruz qalmasına dair real təhlükə ilə üzləşəcəyinə inanmaq üçün əhəmiyyətli əsaslar göstərilsin. Belə məsuliyyətin müəyyən edilməsi qaçılmaz olaraq Konvensiyanın 3-cü maddəsinin standartlarına qarşı tələb edən ölkədə şərtlərin qiymətləndirilməsini zəruri edir. Buna baxmayaraq, məsələ ümumi beynəlxalq hüquq, Konvensiya və ya başqa sənəd əsasında qəbul edən ölkəni mühakimə etmək və ya onun məsuliyyətini müəyyən etməkdən ibarət deyildir. Konvensiya üzrə hər hansı məsuliyyətin toxunulduğu və ya toxunula biləcəyi halda, məsuliyyət ekstradisiya edən Tərəf Dövlətin üzərinə düşür, ona görə ki, o, qadağan olunmuş pis rəftara fərdi şəxsin məruz qalması ilə birbaşa nəticələnən hərəkət edir (baxın, Soerinq Birləşmiş Krallığa qarşı, 07 iyul 1989-cu il, §§ 90-91, A Seriyaları, № 161).
68. Verildiyi halda, ərizəçinin Konvensiyanın 3-cü maddəsinə əsasən qadağan olunan rəftara məruz qalmağının real təhlükəsi ilə üzləşəcəyinin göstərilib-göstərilməməsinin müəyyən olunmasında Məhkəmə, qarşısına qoyulmuş bütün materiallar və ya zəruri olduqda proprio motu (öz təşəbbüsü ilə) əldə olunmuş materiallar baxımından məsələni qiymətləndirəcək (baxın, Kruz Varas və digərləri İsveçə qarşı, 20 mart 1991-ci il, § 75, A Seriyaları, № 201). Hazırkı kimi işlərdə Məhkəmə, qəbul edən ölkədə ümumi vəziyyəti və ərizəçinin şəxsi hallarını nəzərə alaraq, onun ora göndərilməsinin qabaqcadan görülən nəticələrini araşdırmalıdır (baxın, Vilvarajah və digərləri Birləşmiş Krallığa qarşı, 30 oktyabr 1991-ci il, § 108, in fine, A Seriyaları, № 215). Bu mənada, konkret ölkədə ümumi vəziyyətə aid Məhkəmə adətən BMT-nin insan hüquqları institutlarının və ya müstəqil beynəlxalq insan hüquqlarının müdafiəsi birliklərinin son hesabatlarında əks olunmuş məlumatlara əhəmiyyət verir (baxın, məsələn, ÇalalBirləşmiş Krallığa qarşı, 15 noyabr 1996-cı il, §§ 99-100, Qərar və Qərardadların Hesabatı 1996-V; Saadi İtaliyaya qarşı (BP), № 37201/06, §§ 143-146, İHAM 2008-; və İsmoilov və digərləri Rusiyaya qarşı, № 2947/06, §§ 117-123, 24 aprel 2008-ci il).
69. Məhkəmə xatırladır ki, şikayət olunan tədbrin tətbiq edildiyi halda, onun Konvensiyanın 3-cü maddəsinə zidd rəftara məruz qalmasının real təhlükəsinin mövcudluğuna inandırılması üçün əhəmiyyətli əsasların olduğunu sübut etmək, prinsipcə, ərizəçiyə aiddir. Belə sübutlar təqdim edildiyi halda, onunla bağlı meydana çıxmış hər hansı şübhələrin aradan qaldırılması Hökumətə aiddir (baxın, Nnyanzi Birləşmiş Krallığa qarşı, № 21878/06, § 53, 08 aprel 2008-ci il).
70. Yuxarıda göstərildiyi kimi, presedent-hüququna uyğun olaraq, Məhkəmədən məlum olan faktlara istinadən ərizəçinin Özbəkistana ekstradisiya edildiyi halda, pis rəftara məruz qalmasının real təhlükəsinin mövcud olub-olmamasının müəyyən edilməsi tələb olunur.
71. Hazırkı Məhkəmə ilk növbədə BMT-nin insan hüquqları institutlarının hesabatlarını və Özbəkistanda insan hüquqları ilə bağlı digər sənədləri nəzərə alıb (baxın, yuxarıda 57-62-ci paraqraflar). Bu materiallara əsasən işgəncələr, mütəmadi döyülmələr və özbək hüquq mühafizə orqanları tərəfindən etirafların əldə olunması məqsədilə cinayətdə şübhəli bilinən şəxslərə və ya məhbuslara qarşı gücdən istifadə etmə barədə bir neçə etibarlı hesabatlar vardır. Həmçinin məlumat verilib ki, işgəncə və pis rəftar barədə ittihamlar səlahiyyətli özbək dövlət orqanları tərəfindən araşdırılmır. Bu hesabatların müəlliflərinin məqamını və nüfuzlarını, məlumatların toplanılması vasitələri kimi araşdırmaların ciddiliyini və sözügedən məsələlər üzrə onların qənaətlərinin bir-birinə uyğun gəlməsi faktını nəzərə alaraq, Məhkəmə onların etibarlılığına şübhə etmir.
72. Ərizəçinin şəxsi vəziyyətinə gəldikdə, Məhkəmə qeyd edir ki, mövcud olan sənədlərdə qeyri-özbək mənşəli şübhəli şəxslərin özbək mənşəli şübhəli şəxslərdən fərqli rəftara məruz qalmalarını göstərən hər hansı sübut yoxdur. Lakin görünür ki, həbsdə saxlanılan hər hansı şübhəli şəxs ondan etirafların alınması məqsədilə və cinayətkar olduğu üçün cəza kimi işgəncə və ya qeyri-insani, yaxud alçaldıcı rəftarla üzləşməyin ciddi təhlükəsi altındadır. Bundan başqa, Məhkəmənin nəzərindən qaça bilməz ki, ərizəçinin bütün ailəsi Özbəkistanda ya həbs olunmuş, ya da təqib edilmiş, onların pis rəftar barədə dəlilləri ziddiyyətli deyil və etibarlı görünür və ərizəçi şəxsən əvvəllər həbs olunmuş və şübhə doğuran hallarda məhkum edilmişdir. Məhkəmə qeyd edir ki, 2000-2001-ci illərdə ərizəçinin əvvəlki pis rəftar barədə təsviri çox təfsilatlı və inandırıcıdır. Ərizəçinin siyasi motivli olmayan hüquq pozuntusuna görə axtarışda olması faktına baxmayaraq, Məhkəmə hesab edir ki, qorxmağa kifayət qədər səbəblər var ki, belə vəziyyətdə cinayətdə şübhəli bilinən şəxs Konvensiyanın 3-cü maddəsinə zidd rəftara məruz qalmağın ciddi təhlükəsi altındadır (müqayisə edin, Soldatenko Ukraynaya qarşı, № 2440/07, § 72, 23 oktyabr 2008-ci il).
73. Bundan başqa, cavabdeh Hökumət Özbəkistanda insan hüquqları vəziyyətinə aid müxtəlif beynəlxalq hesabatlarda edilmiş qənaətləri dəyişə bilən hər hansı sübut və ya hesabatlar təqdim edə bilməmişdir. Özbəkistanda son illərdə işgəncəyə qarşı müdafiədə hər hansı fundamental inkişafla bağlı sübutlar təqdim edilməmişdir. İşgəncə və pis rəftarın Özbəkistanın daxili qanunvericiliyi və müvafiq beynəlxalq sazişlərlə qadağan olunmasına dair Hökumətin dəlilinə gəldikdə, Məhkəmə xatırladır ki, hazırkı işdə olduğu kimi, Konvensiyanın prinsiplərinə açıq-aşkar zidd olan praktikaya dövlət orqanlarının əl atdığı və ya buna yol verdikləri barədə etibarlı mənbələrin məlumat verdiyi halda, daxili qanunların mövcudluğu fundamental hüquqlara hörməti təmin edən beynəlxalq müqavilələrə qoşulma özlüyündə, prinsipcə, pis rəftar təhlükəsinə qarşı adekvat müdafiənin təmin olunması üçün kifayət deyildir (baxın, yuxarıda qeyd olunmuş Saadi işi, § 147 və Muminov Rusiyaya qarşı, № 42502/06, § 96, 11 dekabr 2008-ci il).
74. Ərizəçinin işində özbək dövlət orqanları tərəfindən spesifik təminatların əldə olunmasına dair Hökumətin dəlilinə aid Məhkəmə qeyd edir ki, Özbəkistanın Baş Prokurorunun müavini 31 iyul 2008-ci il tarixli məktubunda yazıb ki, ekstradisiyadan sonra ərizəçi işgəncəyə, qeyri-insani və ya alçaldıcı rəftara, yaxud da cəzaya məruz qalmayacaq. Lakin Məhkəmə qeyd edir ki, Baş Prokurorun müavininin və ya onun təmsil etdiyi orqanın Dövlətin adından belə təminatları vermək səlahiyyətinə malik olub-olmaması dəqiqliklə müəyyən olunmamışdır (müqayisə edin, yuxarıda qeyd olunmuş Soldatenko, § 73). Hər bir halda, belə təminatlar verilsə də, onlar özlüyündə işgəncə təhlükəsinə qarşı adekvat müdafiəni təmin etməyə kifayət deyil və belə təminatların praktiki tətbiqetmədə Konvensiya ilə qadağan olunmuş rəftar təhlükəsinə qarşı ərizəçinin müdafiə olunacağının kifayətedici təminatı olub-olmamasını araşdırmaq öhdəliyindən Məhkəməni azad etmiş olmazdı (baxın, yuxarıda qeyd olunmuş Soldatenko, § 148). İşgəncə praktikasının nüfuzlu beynəlxalq insan hüquqları hesabatlarında mütəmadi kimi təsvir edildiyini nəzərə alaraq, Məhkəmə əmin deyil ki, özbək dövlət orqanlarının verdikləri təminatlar pis rəftar təhlükəsinə qarşı etibarlı təminatı təqdim edir.
75. Yuxarıdakılar birlikdə götürülməklə, Məhkəmə üçün belə nəticəyə gəlməyə kifayət edir ki, ərizəçinin Özbəkistana ekstradisiyası Konvensiyanın 3-cü maddəsinin pozuntusu olar.
II. KONVENSİYANIN 13-CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
76. Ərizəçi şikayət edib ki, ekstradisiya olunduğu halda, işgəncə və pis rəftar təhlükəsinin mövcudluğu əsası ilə ekstradisiyasını mübahisələndirmək üçün səmərəli vasitəyə malik olmamışdır.
Konvensiyanın 13-cü maddəsi nəzərdə tutur ki:
“Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir.”
A. Şikayətin məqbuliyyəti
77. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və ya hər hansı digər əsasla qeyri-məqbul deyildir. Bu səbəbdən, o, məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
1. Tərəflərin dəlilləri
78. Hökumət bildirib ki, CPM-in 449-451-ci maddələrinə əsasən ərizəçi səmərəli vasitələrə malik olmuşdur. Belə ki, həmin maddələrə əsasən istintaq orqanlarının hər hansı qərarı daxili məhkəmələrdə mübahisələndirilə bilər.
79. Ərizəçi bildirib ki, bir neçə tələblərinə baxmayaraq, işgəncə və ya pis rəftar təhlükəsinə aid şikayətlərindən heç biri Baş Prokurorluq və ya daxili məhkəmələr tərəfindən araşdırılmamışdır. O iddia edib ki, bu, belə növ şikayətlərə aid Azərbaycanda daxili vasitələrin səmərəsizliyindən xəbər verir.
2. Məhkəmənin qiymətləndirməsi
80. Məhkəmə təkrar edir ki, Konvensiyanın 13-cü maddəsi daxili hüquqi qayda çərçivəsində təmin edilə bildiyi hər hansı formada Konvensiyanın hüquq və azadlıqlarının mahiyyətinin tətbiqi üçün milli müstəvidə əlçatan vasitənin mövcudluğunu təmin edir. Ümumi qayda kimi, təkcə bir vasitə Konvensiyanın 13-cü maddəsinin tələblərinə tam cavab vermirsə, daxili qanunvericiliklə nəzərdə tutulmuş vasitələrin məcmusu bunu əvəz edə bilər (baxın, Kudla Polşaya qarşı (BP), № 30210/96, § 157, İHAM 2000-XI). Konvensiyanın 13-cü maddəsinin tətbiq edilməsi üçün Konvensiyanın maddi müddəası əsasında şikayət sübut edilə bilən olmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin Konvensiyanın 3-cü maddəsinə əsasən tələbi “sübut edilə bilən” olmuş və bununla da, Konvensiyanın 13-cü maddəsi hazırkı işə tətbiq oluna bilər.
81. Konvensiyanın 13-cü maddəsi ilə tələb olunan vasitə qanunda olduğu kimi təcrübədə də “səmərəli” olmalıdır, xüsusən o mənada ki, onun həyata keçirilməsinin qarşısı cavabdeh Dövlətin hakimiyyət orqanlarının hərəkət və ya hərəkətsizliyi ilə əsassız olaraq alınmamalıdır (baxın, Aksoy Türkiyəyə qarşı, 18 dekabr 1996-cı il, § 95, Qərar və Qərardadların Hesabatı 1996-VI). Lakin “vasitənin” Konvensiyanın 13-cü maddəsinin mənasında “səmərəliliyi” ərizəçi üçün əlverişli olan nəticənin mütləqliyi ilə şərtləndirilmir (baxın, Conka Belçikaya qarşı, № 51564/99, § 75, İHAM 2002-I).
82. Daha sonra Məhkəmə vurğulayır ki, Konvensiyanın 13-cü maddəsinə əsasən Dövlətin öhdəliyinin dairəsi ərizəçinin Konvensiyaya əsaslanan şikayətinin təbiətindən fərqlənir. Ekstradisiya kontekstində, işgəncənin və ya pis rəftarın iddia olunan təhlükəsi həyata keçirildiyi halda, baş verə bilən zərərin bərpa olunmaz mahiyyətini və Məhkəmənin Konvensiyanın 3-cü maddəsinə verdiyi önəmi nəzərə alaraq, Konvensiyanın 13-cü maddəsinə əsasən səmərəli vasitə anlayışı (i) ərizəçinin təyinat ölkəsinə ekstradisiya edildiyi halda, Konvensiyanın 3-cü maddəsinə zidd rəftarın real təhlükəsinin mövcudluğuna inanmaq üçün əhəmiyyətli əsasların olması barədə müraciətin müstəqil və ciddi araşdırılmasını və (ii) nəticələri potensial olaraq bərpa edilməz olan tədbirlərin icrasının dayandırılmasının səmərəli vasitələrinin təqdim olunmasını tələb edir (baxın, yuxarıda qeyd olunmuş Muminov işi, § 101, sonrakı istinadlarla).
83. Hazırkı işin hallarına qayıdarkən, Məhkəmə qeyd edir ki, 18 iyun 2008-ci il tarixli ekstradisiya qərarı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən qəbul olunmuşdur. Bununla bağlı, Məhkəmə qeyd edir ki, Azərbaycanın daxili qanunvericiliyi və hüquq mühafizə orqanlarının təcrübəsi ekstradisiya qərarının çıxarılması prosesi sahəsində aydın deyildir. “Ekstradisiya haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, ekstradisiyanı qərara almaq səlahiyyəti bu barədə əsaslandırılmış qərar qəbul edən Ağır Cinayətlər Məhkəməsinə verilmişdir (baxın, yuxarıda 51-ci paraqraf). Eyni zamanda, CPM-in 496.1-ci maddəsi ekstradisiya məsələsini həll etmək səlahiyyətini prokurorluq orqanlarına verir (baxın, yuxarıda 49-cu paraqraf). Bu ziddiyyət hazırkı işdə izah olunmamışdır. Hər bir halda, Məhkəmədən müvafiq qanunun və təcrübənin Konvensiyaya inabstracto uyğunluğunun yoxlanılması deyil, maddi hüquqla bağlı şikayətinə aid ərizəçiyə lazımi bərpa etməni təqdim edə bilən Konvensiyanın 13-cü maddəsinə uyğun gələn vasitənin olub-olmamasının müəyyən olunması tələb edilir (baxın, digər mənbələrlə yanaşı, G.H.H. və digərləri Türkiyəyə qarşı, № 43258/98, § 34, İHAM 2000-VIII).
84. Məhkəmə xatırladır ki, Konvensiyanın 13-cü maddəsinin mənasında ekspulsiya və ektradisiya ilə bağlı şikayətlərə aid məhkəmə nəzarəti qaydası, prinsipcə, səmərəli vasitəni o halda təşkil edir ki, məhkəmələr maddi və prosessual əsaslarla icra orqanının mülahizəsinin qanuniliyini səmərəli yoxlasınlar və lazım olduqda, qərarları ləğv etsinlər (baxın, Silvenko Latviyaya qarşı (BP-nin qərardadı), № 48321/99, § 99, İHAM 2002-II (çıxarışlar)). Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçi Səbail rayon məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində Baş Prokurorun ekstradisiya barədə qərarını mübahisələndirmişdir. Lakin Məhkəmə qeyd edir ki, ərizəçinin işgəncə və ya pis rəftar təhlükəsindən açıq-aşkar şikayət etməsinə və bununla bağlı şikayətlərinin kifayət qədər ciddi olmasına baxmayaraq, daxili məhkəmələr onun dəlillərinə baxmamışlar. Daxili məhkəmələrin qərarları Özbəkistanda işgəncə və pis rəftar təhlükələrindən sükutla keçmiş və məhkəmələr ərizəçinin ekstradisiya məsələsini həll edərkən, bu məqamları nəzərə alan kimi görünmür.
85. Belə olan halda, Məhkəmə hesab edir ki, ərizəçi işgəncə və ya pis rəftar təhlükəsi əsası ilə ekstradisiya olunmasını mübahisələndirmək üçün səmərəli daxili vasitədən məhrum olunmuşdur.
III. KONVENSİYANIN 5-Cİ MADDƏSİNİN 1 “F” BƏNDİNİN VƏ 4-CÜ BƏNDİNİN İDDİA OLUNAN POZUNTUSU
86. Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndinə əsasən, ərizəçi şikayət edib ki, ekstradisiya məsələsi həll olunanadək onun həbsi qanunsuzdur. Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndinin müvafiq hissəsi nəzərdə tutur ki:
“1. Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş aşağıdakı hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz:
...
f) şəxsin ölkəyə qanunsuz gəlməsinin qarşısını almaq məqsədilə və ya barəsində deportasiya, yaxud ekstradisiya tədbirləri tətbiq olunan şəxsin qanuni tutulması və ya həbsə alınması.”
87. O, Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsasən, həmçinin şikayət edib ki, həbsinin qanuniliyini məhkəmə qarşısında mübahisələndirə bilməmişdir. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndi nəzərdə tutur ki:
“Tutulma və ya həbsə alınma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir.”
A. Şikayətin məqbuliyyəti
88. Məhkəmə qeyd edir ki, bu şikayətlər Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin mənasında açıq-aşkar əsassız və ya hər hansı digər əsasla qeyri-məqbul deyildir. Bu səbəbdən, onlar məqbul elan edilməlidir.
B. İşin mahiyyəti
1. Tərəflərin dəlilləri
89. Hökumət ərizəçinin iddialarını mübahisələndirib. Onlar qeyd ediblər ki, Beyləqan rayon məhkəməsinin 10 aprel 2008-ci il tarixli qərarı qanunidir və o, Buxara Dairə Məhkəməsinin 20 noyabr 2001-ci il tarixli qərarına əsaslanıb. Hökumət iddia edib ki, ərizəçinin ittiham olunduğu cinayətin ağırlığı və onun qaçması təhlükəsi həbs qətimkan tədbirinin tətbiqini əsaslandırıb.
90. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə aid Hökumət bildirib ki, ərizəçi CPM-in 449-451-ci maddələrinə əsasən həbsinin qanuniliyini mübahisələndirə bilən vasitəyə malik olmuşdur. Hökumət qeyd edib ki, bu müddəalara müvafiq olaraq, istintaq orqanlarının istənilən qərarı daxili məhkəmələrdə mübahisələndirilə bilər.
91. Ərizəçi Hökumətlə razılaşmamış və göstərmişdir ki, onun həbsi Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndinin tələblərinə ziddir. Xüsusən, ərizəçi bildirib ki, həbs qərarı həbsin hər hansı müddətini əks etdirməmişdir. Ərizəçi qeyd edib ki, adi cinayət icraatında ağır cinayətdə ittiham olunan şəxslərə aid həbs müddəti on iki ayı keçə bilməz (CPM-in 157-159-cu maddələri). Lakin onun həbs müddəti bu məhdudiyyəti keçib.
92. Konvensiyanın 5-ci maddəsinin 4-cü bəndinə əsasən edilmiş şikayətə gəldikdə, ərizəçi bildirib ki, ekstradisiya məsələsi həll olunanadək onun həbsinin qanuniliyinə məhkəmədə baxılması mümkünsüz olmuş və onun həbsi hər hansı məhkəmə nəzarəti və ya qərarı olmadan qeyri-məhdud müddətə davam etmişdir.
2. Məhkəmənin qiymətləndirməsi
(a) Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndi
93. Məhkəmə xatırladır ki, Konvensiyanın 5-ci maddəsi fundamental hüququ, yəni şəxsi Dövlət tərəfindən onun hüquq və azadlıqlarına qanunsuz müdaxilədən müdafiə edir (baxın, yuxarıda Aksoy işi, § 76). Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin “a” və “f” yarımbəndləri fərdi şəxsləri azadlıqdan məhrum etməyin yol verilən əsaslarının məhdud siyahısını əks etdirir və bu əsasların birinin əhatəsinə düşmədiyi halda, azadlıqdan hər hansı məhrum etmə qanuni ola bilməz (baxın, Saadi Birləmiş Krallığa qarşı (BP), № 13229/03, § 43, İHAM 2008-...). Hazırkı işdə tərəflər arasında aydın məsələdir ki, ərizəçi “barəsində deportasiya və ya ekstradisiya məqsədilə tədbir görülmüş” şəxs kimi həbs edilmiş və onun həbsi Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndinin əhatəsinə düşür. Lakin tərəflər bu həbsin Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin mənasında “qanuni” olub-olmamasını mübahisələndirirlər.
94. Məhkəmə qeyd edir ki, Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndi tələb etmir ki, barəsində deportasiya və ya ekstradisiya məqsədilə tədbir görülmüş şəxsin həbsi, məsələn, onun tərəfindən cinayətin törədilməsinin və ya qaçmasının qarşının alınması üçün əsaslı şəkildə zəruri olsun. Bununla bağlı, Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndi Konvensiyanın 5-ci maddəsinin 1 “c” bəndindən fərqli müdafiə dərəcəsini nəzərdə tutur: “f” yarımbəndinin tələbi ondan ibarətdir ki, “tədbir deportasiya və ya ekstradisiya məqsədilə görülsün”. Buna görə, Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndinin məqsədləri üçün ölkədən çıxarılma barədə qərarın milli və ya Konvensiya hüququna əsaslanması əhəmiyyət kəsb etmir (baxın, yuxarıda qeyd olunmuş Conka işi, § 38 və yuxarıda qeyd olunmuş Çalal işi, § 112).
95. Lakin Məhkəmə təkrar edir ki, milli sistemlə təqdim olunmuş təminatlara xüsusi istinadla Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndinin məqsədləri üçün ərizəçinin həbsinin “qanuni” olub-olmamasının yoxlanılması Məhkəməyə aiddir. Qanunla müəyyən olunmuş prosesə riayət olunub-olunmaması məsələsi daxil olmaqla, həbsin “qanuniliyi” müzakirə olunduqda, Konvensiya, əsasən milli hüquqa istinad edir və milli hüququn maddi və prosessual qaydalarına riayət etmək öhdəliyini yaradır. Lakin O, əlavə olaraq tələb edir ki, azadlığın hər hansı şəkildə məhdudlaşdırılması fərdi şəxsləri özbaşınalıqdan müdafiə etməkdən ibarət olan Konvensiyanın 5-ci maddəsinə uyğun olmalıdır (baxın, Amur Fransaya qarşı, 25 iyun 1996-cı il tarixli qərar, Qərar və Qərardadların Hesabatı 1996-III, § 50).
96. Buna görə, Məhkəmə daxili qanunvericiliyin özünün Konvensiyaya, eləcə də onda ifadə olunmuş və ya nəzərdə tutulmuş ümumi prinsiplərə uyğun olub-olmamasınımüəyyən etməlidir. Sonuncu məsələ ilə bağlı, Məhkəmə vurğulayır ki, azadlıqdan məhrum olunma müzakirə olunduqda, xüsusilə vacibdir ki, ümumi prinsip olan hüquqi müəyyənliyə riayət edilsin. Bu səbəbdən vacibdir ki, azadlıqdan məhrum olunma üçün daxili qanunvericilikdə nəzərdə tutulmuş şərtlər açıq-aşkar müəyyən edilsin və qanunvericilik norması özünün tətbiqində qabaqcadan gözlənilən olsun ki, Konvensiya ilə müəyyən olunmuş “qanunilik” standartına cavab versin. Bu standart tələb edir ki, özbaşınalığın hər hansı təhlükəsindən yayınmaq və sözügedən hərəkətin səbəb ola bildiyi nəticələri işin halları baxımından ağlabatan dərəcədə qabaqcadan görməyi vətəndaşlara — zərurət olduqda, lazımi məsləhətlə — imkan vermək üçün bütün qanunvericiliyin özü qabaqcadan gözlənilən olmalıdır (baxın, Jesius Litvaya qarşı, № 34578/97,§ 56 İHAM 2000-IX və Baranovski Polşaya qarşı, № 28358/95, §§ 50-52, İHAM 2000-III). 97. Məhkəmə qeyd edir ki, ərizəçinin həbsə alınması barədə qərar Buxara Dairə Məhkəməsinin 20 noyabr 2001-ci il tarixli həbs qərarına əsaslanır. Bu qərar həbs üçün hər hansı müddət nəzərdə tutmamışdır. Beyləqan rayon məhkəməsinin 10 aprel 2008-ci il tarixli qərarı Buxara Dairə Məhkəməsinin 20 noyabr 2001-ci il tarixli qərarına əsaslanır və ekstradisiya barədə qərar qəbul edilənədək ərizəçinin həbsini əmr edir. Beyləqan rayon məhkəməsi ərizəçinin həbsi üçün hər hansı müddət müəyyən etmir.
98. Məhkəmə qeyd edir ki, hazırkı şikayətin əsas məsələsi o fakta aiddir ki, məhkəmə qərarı ərizəçinin ekstradisiya olunmasınadək istənilən müddətə həbsdə saxlanılması üçün kifayət olmuşdur (baxın, mutatis mutandis, Nasrulloyev Rusiyaya qarşı, № 656/06, § 73, 11 oktyabr 2007-ci il və yuxarıda qeyd olunmuş Muminov işi, § 120). Bununla bağlı ərizəçi bildirib ki, cinayət icraatında həbs qətimkan tədbirinin ümumi şərtlərinə aid CPM-in müddəaları bu vəziyyətdə tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Hökumət ekstradisiya məsələsi həll olunanadək ərizəçinin qeyri-müəyyən həbsini tənzimləyən spesifik hüquqi müddəalar barədə hər hansı məlumatı təqdim etməmişdir.
99. Məhkəmə qeyd edir ki, daxili qanunvericilik adi cinayət icraatında “istintaq zamanı həbsi” təfsilatlı tənzimləyir və cinayət işi üzrə təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirinə məruz qalmaları üçün spesifik müddətləri müəyyən edir. Lakin “ekstradisiya məqsədilə” həbsə xüsusi olaraq tətbiq olunan müddətə aid hər hansı daxili qanunvericilik müddəası mövcud deyildir. Məhkəmə qeyd edir ki, ekstradisiya məqsədilə həbsin qərara alınması və onun uzadılması prosesini müəyyən edən açıq-aydın hüquqi müddəalar olmadığı yerdə, ərizəçinin məruz qaldığı azadlıqdan məhrum olunma özbaşınalığa qarşı adekvat təminatlarla müşayiət olunmamışdır.
100. Məhkəmə daha sonra qeyd edir ki, hətta güman etsək ki, cinayət icraatında həbs qətimkan tədbirinin ümumi şərtlərini tənzimləyən müddəalar (CPM-in 158-ci maddəsi) ekstradisiya məsələsi həll olunanadək həbsə tətbiq olunan kimi qiymətləndirilsə belə, görünür ki, milli sistem ərizəçini özbaşına həbsdən müdafiə edə bilməmışdir.CPM spesifik müddətlərdə həbsin qanuniliyinin mütəmadi yoxlanılmasını nəzərdə tutur və məhbusun davamlı həbsini əsaslandırmaq üçün uzadılma qərarlarının çıxarılmasını məhkəmədən tələb edir. Bunlardan heç biri hazırki işdə edilməmişdir. Başqa sözlə, ərizəçinin həbsi adi şübhəli və ya təqsirləndirilən şəxslərin malik olduqları hər hansı təminatlarla müşayiət olunmamışdır (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Nasrulloyev işi, § 76).
101. Yuxarıdakılar Məhkəməyə belə qənaətə gəlməyə kifayət edir ki, ekstradisiya məqsədilə şəxslərin həbsini tənzimləyən Azərbaycan qanunvericiliyinin müddəaları nə dəqiq, nə də tətbiqetmədə qabaqcadan gözləniləndir və Konvensiyaya əsasən tələb olunan “qanunun keyfiyyəti” standartına cavab vermir.
102. Müvafiq olaraq, iş üzrə Konvensiyanın 5-ci maddəsinin 1 “f” bəndinin pozuntusu baş vermişdir.
Dostları ilə paylaş: |