Maddə 80-1. İnzibati mübahisələrin mediasiya vasitəsilə həll edilməsi
80-1.1. İnzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr (bu Qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş mübahisələr (o cümlədən “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələr) istisna olmaqla) “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər.
80-1.2. Maraqlı şəxslə inzibati orqan arasında mübahisənin mediasiya vasitəsilə həlli məqsədilə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlandıqda, müvafiq olaraq bu Qanunun 73-cü maddəsində nəzərdə tutulmuş müddətin axımı və ya inzibati şikayət üzrə icraat dayandırılır.
80-1.3. Mübahisə mediasiya vasitəsilə həll edildikdə, inzibati orqan barışıq sazişini şikayət instansiyasına təqdim edir. Bununla bağlı şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə icraata xitam verilir.
80-1.4. Mübahisə mediasiya vasitəsilə həll edilmədikdə inzibati orqan mediasiya prosesinin nəticələri barədə protokolu şikayət instansiyasına təqdim edir. Bununla bağlı bu Qanunun 78-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı bərpa olunur və şikayət instansiyası inzibati şikayətə baxır.
80-1.5. Mediasiya prosesinin nəticəsində bağlanılmış barışıq sazişində müvafiq inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə müvafiq hərəkətin (hərəkətsizliyin) edilməsi öz əksini tapır. [34]