İNZİBATİ İCRAAT
Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar
28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır:
28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi;
28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi;
28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət.
28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır.
28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.
28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır.
28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun VII fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.
Maddə 29. Ərizə və ya vəsatətlərin təqdim edilməsi
29.1. Azərbaycan Respublikasının qanunvericiliyində başqa qayda nəzərdə tutulmamışdırsa, ərizə maraqlı şəxs tərəfindən həmin ərizədə qaldırılmış məsələ ilə əlaqədar inzibati akt qəbul etmək səlahiyyətinə malik olan müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.
29.2. Maraqlı şəxs tərəfindən vəsatət müvafiq inzibati orqana bu Qanunun 29.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı formada təqdim olunur.
Maddə 30. Ərizənin forması və məzmunu
30.1. Ərizə yazılı formada tərtib olunmalıdır.
30.2. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
30.2.1. ərizəçinin müraciət etdiyi inzibati orqanın adı;
30.2.2. ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatlar;
30.2.3. ərizə hüquqi şəxsin adından verildikdə onun adı və hüquqi ünvanı;
30.2.4. tələbin qısa məzmunu;
30.2.5. ərizənin tərtib edildiyi tarix və ərizəçinin imzası;
30.2.6. hüquqi şəxsin rəhbərinin və ya nümayəndəsinin imzası və hüquqi şəxsin möhürü;
30.2.7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı.
30.3. Təqdim olunması qanunla nəzərdə tutulmuş sənədlər, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərinə əməl edilməklə, ərizəyə qoşma kimi əlavə olunur. [10]
30.4. Ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir.
30.5. İnzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. [11]
Maddə 31. Ərizə və ya vəsatətlərin qəbul edilməsi və qeydiyyata alınması
31.1. İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni qəbul etməli və həmin gün qeydiyyata almalıdır.
31.2. İnzibati orqan ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə borcludur.
31.3. İnzibati orqan vəsatəti qəbul etməyə və icraat materiallarına əlavə etməyə borcludur.
Maddə 32. Əlavə sənədlərin və ya məlumatların tələb olunması
32.1. İnzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır.
32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. [12]
32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. [13]
32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
32.4. Qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən təyin edilən müddət 15 gündən çox olmamalıdır.
32.5. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, bu Qanunun 32.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə əlavə sənədlər və ya məlumatlar inzibati orqana təqdim olunmadıqda, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır.
32.6. Əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim olunduğu andan müddətin axımı bərpa olunur.
Maddə 33. Ərizənin səlahiyyətli inzibati orqana göndərilməsi
33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir.
33.2. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir.
33.3. Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir.
33.4. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır.
Maddə 34. Ərizənin baxılmamış saxlanılması
34.1. Ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər:
34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə;
34.1.2. həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
34.1.3. bu Qanunun 30-cu və 35.5-ci maddələrində nəzərdə tutulmuş tələblərə əməl olunmadıqda. [14]
34.2. Ərizənin baxılmamış saxlanılması barədə inzibati orqan tərəfindən inzibati akt formasında qərar qəbul edilir.
34.3. Bu Qanunun 34.1.3-cü maddəsində nəzərdə tutulmuş nöqsanlar aradan qaldırıldıqdan sonra inzibati orqana yenidən ərizə ilə müraciət edilə bilər. [15]
Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar
35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər:
35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə;
35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda;
35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda.
35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur.
35.3. Ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzələmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
35.4. Ərizə 3 ay müddətində təqdim olunmalıdır. Müddətin axımı icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən başlanır.
35.5. İnzibati icraatı təzələmək üçün təkrar ərizə ilə müraciət etmək imkanı verən əsaslar ərizədə qeyd olunmalıdır. Həmin əsaslar ərizədə qeyd olunmadığı halda inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir.
Maddə 36. İnzibati icraatda iştirakçılar
36.1. Aşağıdakı şəxslər inzibati icraatın iştirakçıları sayılırlar:
36.1.1. inzibati icraatı həyata keçirən və müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqan;
36.1.2. barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraciət etmiş fiziki və ya hüquqi şəxslər;
36.1.3. inzibati orqan tərəfindən iştirakçı kimi icraata cəlb olunmuş fiziki və ya hüquqi şəxslər.
36.2. Yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər ərizə ilə müraciət etmək və inzibati icraatda digər prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər.
36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur.
36.4. Qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər.
36.5. İcraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır.
36.6. İnzibati icraatda maddi hüququn hüquqi varisliklə bağlı müddəaları tətbiq edilir. İştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir.
Maddə 37. İnzibati icraatda nümayəndəlik
37.1. Fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər.
37.2. Şəxsin inzibati icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndə ilə təmsil olunmaq hüququndan məhrum etmir.
37.3. Nümayəndənin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün prosessual hərəkətləri yerinə yetirmək hüququna malikdir.
37.4. Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsləri inzibati icraatda onların qanuni nümayəndələri təmsil edirlər. Qanuni nümayəndələr inzibati orqana öz səlahiyyətlərini təsdiq edən sənədi təqdim etməlidirlər.
37.5. Qanuni nümayəndələr icraatda iştirak etməyi nümayəndə qismində seçdikləri başqa şəxsə tapşıra bilərlər.
37.6. Nümayəndə təmsil etdiyi şəxsin maraqlarını vicdanla müdafiə etməyə borcludur.
37.7. İnzibati orqan inzibati icraatda həmin orqanın rəhbəri, onun müavini və ya həmin orqanın rəhbəri tərəfindən təyin olunmuş digər vəzifəli şəxs vasitəsilə təmsil olunur.
37.8. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraatla bağlı bütün məsələlər üzrə nümayəndəyə müraciət edir.
Maddə 38. Maraqlı şəxsin inzibati icraatda vəkil vasitəsilə təmsil olunmaq hüququ
38.1. Maraqlı şəxsin inzibati icraatda vəkillə təmsil olunmaq və vəkilin yardımından istifadə etmək hüququ vardır.
38.2. İnzibati icraatda vəkil qismində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fəaliyyət göstərən vəkillər iştirak edə bilərlər.
Maddə 39. Xərclər
39.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı xərclər müvafiq inzibati orqanın hesabına ödənilir.
39.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı maraqlı şəxsin və ya onu təmsil edən nümayəndənin çəkdiyi xərclər, habelə nümayəndəlik haqqı maraqlı şəxsin hesabına ödənilir.
39.3. İnzibati şikayət təmin olunduğu hallarda, icraatla bağlı xərclər müvafiq inzibati orqanın hesabına ödənilir.
Maddə 40. Sənədləri almaq üçün müvəkkil təyin etmək vəzifəsi
40.1. İnzibati icraatda iştirak edən və Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayan maraqlı şəxs inzibati orqanın bu barədə onu xəbərdar etdiyi gündən üç gün müddətində Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan fəaliyyət qabiliyyətli şəxsi inzibati icraatla bağlı həmin maraqlı şəxsə ünvanlanan sənədləri almaq üçün müvəkkil təyin etməlidir. İnzibati orqan maraqlı şəxs üçün nəzərdə tutulan bütün sənədləri həmin müvəkkilə göndərməyə borcludur.
40.2. Şəxs bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulmuş tələbə əməl etmədiyi halda, inzibati orqan həmin şəxs tərəfindən sənədlərin alınmamasına görə məsuliyyət daşımır və bu, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati aktın etibarsız sayılması üçün əsas ola bilməz.
Maddə 41. Ekspert və ya mütəxəssisin cəlb edilməsi [16]
41.1. İnzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. [17]
41.2. İnzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir.
41.3. Maraqlı şəxslər ekspertiza zamanı araşdırılmalı olan əlavə sualları və bu suallarla bağlı əlavə sənədləri inzibati orqana təqdim etməkdə haqlıdırlar.
İnzibati orqan maraqlı şəxslərin təklif etdikləri sualların rədd edilməsini əsaslandırmağa borcludur.
41.4. Ekspertiza inzibati orqanın qərarı və ya maraqlı şəxslərlə bağlanan müqavilə əsasında məhkəmə ekspertizası idarələrinin ekspertləri və ya özəl məhkəmə ekspertləri və ya mütəxəssisləri tərəfindən keçirilir. [18]
41.5. Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə tutulmamışdırsa, ekspert ekspertiza təyin edilməsi haqqında inzibati orqanın qərarı məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 30 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal inzibati orqana göndərir. [19]
41.5-1. Ekspertizanın aparılmasını bu Qanunun 41.5-ci maddəsində göstərilən müddətdə təmin etmək mümkün olmadıqda, məhkəmə ekspertizası idarəsinin rəhbəri tərəfindən əsaslandırılmış səbəblər göstərilməklə bu barədə inzibati orqana məlumat verilir. Bu halda inzibati orqan tədqiqatların mürəkkəblik dərəcəsini nəzərə almaqla ekspertizanın aparılması müddətinin uzadılması barədə qərar qəbul edir. [20]
41.6. İnzibati orqanın və ya maraqlı şəxsin tələb etdiyi hallarda ekspert və ya mütəxəssis rəylə bağlı əlavə izahat verməyə borcludur.
41.6-1. Mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. [21]
41.7. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, ekspertizanın keçirilməsi, ekspertin və ya mütəxəssisin haqqının ödənilməsi ilə bağlı xərclər inzibati orqanın hesabına ödənilir.
41.8. Maraqlı şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi məqsədilə öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdirlər. [22]
Maraqlı şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı sifariş etmiş şəxs ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.
Ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Maraqlı şəxsin sifarişi ilə aparılmış ekspertiza nəticəsində verilmiş ekspert rəyi inzibati orqan tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.
Maddə 42. Vəzifəli şəxsə etiraz etmək üçün əsaslar
42.1. İnzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsi:
42.1.1. həmin işin nəticəsində şəxsən maraqlı olduqda;
42.1.2. işdə iştirak edən maraqlı şəxs və ya onun nümayəndəsi ilə qohumluq əlaqəsindədirsə və ya əvvəllər qohumluq əlaqəsində olmuşdursa;
42.1.3. işdə iştirak edən maraqlı şəxsin nümayəndəsi olduqda;
42.1.3-1. həmin iş üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; [23]
42.1.4. özü və ya ailə üzvləri maraqlı şəxsə məxsus hüquqi şəxsə aidiyyəti olan şəxs olduqda; [24]
42.1.5. onun obyektivliyinə və ya qərəzsizliyinə şübhə doğuran yetərli başqa əsaslar olduqda inzibati icraatda iştirak edə bilməz.
42.2. Bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, vəzifəli şəxs özü-özünə etiraz etməyə borcludur.
42.3. Maraqlı şəxs bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, işə baxan vəzifəli şəxsə, işə kollegial qaydada baxıldıqda isə kollegiyanın istənilən üzvünə etiraz edə bilər.
Maddə 43. Ekspertə, mütəxəssisə və ya tərcüməçiyə etiraz etmək üçün əsaslar
43.1. Bu Qanunun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda ekspertin, mütəxəssisin və ya tərcüməçinin inzibati icraatda iştirakına yol verilmir.
43.2. Ekspert və ya mütəxəssis habelə aşağıdakı hallarda inzibati icraatda iştirak edə bilməz:
43.2.1. işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən xidməti və ya sair cəhətdən asılı olduqda;
43.2.2. inzibati icraatın başlanılması üçün əsas olmuş materiallar üzrə təftiş apardıqda və ya həmin materiallardan inzibati icraatda istifadə olunduqda.
Maddə 44. Etiraz haqqında ərizələrə baxılması və həll edilməsi qaydası
44.1. Vəzifəli şəxsin özü-özünə etiraz etməsi və ya vəzifəli şəxsə etiraz etmə haqqında ərizə iş üzrə inzibati akt qəbul olunana qədər yazılı formada verilməli və əsaslandırılmalıdır.
44.2. Etiraz haqqında ərizəyə etirazın verildiyi vaxtdan ən geci bir gün müddətində baxılmalıdır.
44.3. Etiraz haqqında ərizəyə etiraz edilən vəzifəli şəxsin birbaşa rəhbəri və ya həmin inzibati orqanın rəhbəri tərəfindən baxılır və müvafiq qərar qəbul edilir. İnzibati orqanın rəhbərinə etiraz haqqında ərizəyə müvafiq nəzarət orqanı tərəfindən baxılır və qərar qəbul edilir.
44.4. Kollegial orqanın üzvünə etiraz haqqında ərizəyə etiraz edilən vəzifəli şəxsin iştirakı olmadan kollegial orqanın üzvləri tərəfindən baxılır və bu barədə səs çoxluğu ilə müvafiq qərar qəbul edilir.
44.5. İnzibati orqan etirazla bağlı qərar barədə maraqlı şəxsə bu Qanunla nəzərdə tutulmuş qaydada məlumat verməlidir.
44.6. Etirazla bağlı qərardan bu Qanunla müəyyən olunmuş qaydada şikayət verilə bilər.
Maddə 45. İnzibati icraatda sübutlar
45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır.
45.2. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən:
45.2.1. sənədlərdən;
45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından;
45.2.3. şahid ifadələrindən;
45.2.4. müvafiq müayinələrin aparılmasından;
45.2.5. ekspert rəylərindən;
45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan;
45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər.
45.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.
Maddə 46. Sübutların təqdim edilməsi və tələb olunması
46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar.
46.2. İşdə iştirak edən şəxsin zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, o, həmin sübutları tələb etmək barədə vəsatətlə inzibati orqana müraciət edir. Vəsatətdə sübutların iş üçün əhəmiyyəti, əlamətləri və olduğu yer göstərilməlidir. İnzibati orqan həmin sübutları tələb etməyə və onların təqdim olunmasını təmin etməyə borcludur.
46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Maddə 47. Sübutların qiymətləndirilməsi
47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
47.2. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur.
Maddə 48. İnzibati icraatda müddətlərin hesablanması
48.1. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
48.2. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
48.3. Müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir.
48.4. İnzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır.
48.5. Müddətlər təqvim günləri ilə hesablanır.
48.6. Müddətin son günü qeyri-iş gününə düşərsə, növbəti iş günü müddətin qurtardığı gün hesab olunur.
Maddə 49. Müddətlərin uzadılması
49.1. İnzibati orqan tərəfindən təyin edilmiş müddətlər maraqlı şəxsin ərizəsi üzrə həmin orqan tərəfindən uzadıla bilər.
49.2. İnzibati orqan təyin edilmiş müddətə əməl olunmamasının nəticələri barədə maraqlı şəxsləri xəbərdar etməyə borcludur.
Maddə 50. Müddətlərin bərpası
50.1. İnzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
50.2. Maraqlı şəxs bu Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir. Ərizəyə müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır.
50.3. İnzibati orqan buraxılmış müddətin bərpa olunmasına dair ərizəyə 5 gün müddətində baxır.
50.4. Müddətin bərpası haqqında ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış hərəkət də edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
50.5. Qanunla birbaşa qadağan olunmuş hallarda buraxılmış müddətin bərpasına yol verilmir.
50.6. Buraxılmış müddətin bərpa olunmasından imtina edilməsi haqqında inzibati orqanın qərarından maraqlı şəxslər bu Qanunla nəzərdə tutulmuş qaydada şikayət verə bilərlər.
Maddə 51. İnzibati icraat haqqında xəbərdar etmə
51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur.
51.2. Bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər.
51.3. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir.
51.4. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir.
51.5. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır.
Maddə 52. İnzibati icraatın müddəti
52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.
52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.
52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir.
52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır.
52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz.
V f ə s i l
Dostları ilə paylaş: |