38 İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında
II. İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq
2.1. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına hazırlıq bütün iş yerlərinin siyahısının tutulmasından və instrumental qiymətlənməyə aid olan istehsalat mühitinin təhlükəli və zərərli amillərinin, onların parametrlərinin faktiki dəyərləndirilməsi məqsədi ilə aşkara çıxarılmasından ibarətdir.
2.2. Əmək şəraiti üzrə iş yerləri attestasiyasının keçirilməsi və təşkili məqsədi ilə müəssisədə əmr verilir, ona müvafiq olaraq müəssisədə, lazım gəldikdə onun struktur bölmələrində, attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının sədri komissiyanın tərkibi və əmək şəraiti üzrə iş yerlərinin attestasiyasına aid sənədləşməni aparan, onların saxlanılmasına və tərtib edilməsinə cavabdeh şəxs təyin olunur, eyni zamanda əmək şəraiti üzrə iş yerləri attestasiyasına aid işlərin qrafiki və müddəti müəyyən olunur.
Müəssisənin attestasiya komissiyasının tərkibinə həmkarlar ittifaqları təşkilatının nümayəndələri, müəssisənin əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislər daxil edilir.
2.3. Attestasiya komissiyası:
bütün mərhələlərdə işin aparılmasına nəzarəti və metodiki rəhbərliyi həyata keçirir;
iş yerlərinin attestasiyasının keçirilməsi üçün lazımi normativ sorğu bazanı tərtib edir və onun öyrənilməsini təşkil edir;
müəssisənin iş yerlərində yerinə yetirilən işlərin xüsusiyyətləri və əmək şəraiti üzrə oxşarlığını göstərməklə tam siyahısını tərtib edir;
müəssisədə istehsalat zədələnməsinin səbəblərinin təhlili əsasında daha təhlükəli sahələri, işləri və avadanlıqları aşkara çıxarır;
texnoloji prosesin xüsusiyyətləri, avadanlıqların tərkibi, istifadə olunan xammalın və materialların, əmək prosesinin ağırlığının və gərginliyinin, təhlükəli və zərərli istehsalat amillərinin əvvəllər aparılmış ölçülərinin nəticələri, işçilərin əmək şəraitinə aid şikayətlərini nəzərə alaraq qiymətləndirilən hər bir iş yerində əmək prosesinin ağırlıq və gərginlik göstәricilәrinin, istehsalat mühitinin təhlükəli və zərərli amillərinin siyahısını tərtib edir;
əmək şəraiti üzrə iş yerləri attestasiyasının nəticələrinin işlənməsini avtomatlaşdırmaq üçün iş yerlərinə, sahələrə, sexlərə, istehsalatlara kodlar verilir;
iş yerlərini attestasiya edir və gələcəkdə istifadəsi üçün qərar verir;
əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üçün təkliflər hazırlayır.
2.4. İş yerlərinin attestasiyası zamanı cihazların və avadanlıqların zədə təhlükəsizliyi və əmək şəraiti qiymətləndirilir. Bununla yanaşı, işçilərin fərdi və kollektiv mühafizə vasitələri ilə təmin olunması, eyni zamanda bu vasitələrin səmərəliliyi nəzərə alınır.
2.5. Hər bir iş yeri üçün (və yaxud görülən işlərin xüsusiyyətləri və əmək şəraitinin oxşarlığı üzrə qrup iş yerlərinə) əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsi tərtib edilir (əlavə olunur).