1.4 Canlı təbiət və informasiya. Canlı aləmin əsas və başlıca əlamətlərindən biri
müxtəlif informasiyanı qəbul etmək, ötürmək, yadda saxlamaq və müəyyən mənada emal
etmək qabiliyyətidir. Bu qabiliyyət heyvanlara, bitkilərə və hətta bakteriyalara da xasdır.
Canlılar informasiyanı təkcə qəbul etmir, həm də ətrafa informasiya ötürə bilir.
İnformasiya hiss üzvləri vasitəsilə dərk edilir ki, bunların da hər biri ayrıca informasiya
daşıyıcısıdır. Bu baxımdan, informasiya daşıyıcısı dedikdə, informasiyanı saxlayan və ya
ötürən ixtiyari maddi mühit nəzərdə tutulur. Bütün canlıların, o cümlədən, insanın həyat
fəaliyyəti informasiya mübadiləsi mühitində baş verir. İnsanın danışıq dili canlı təbiətdə ən
mükəmməl informasiya mübadiləsi üsuludur ki, bunun da tarixi milyon ilə yaxındır.
İnformasiya mübadiləsi dedikdə, məzmununa məhəl qoyulmadan xəbər ötürmə və ya
qəbuletmə prosesi nəzərdə tutulur. İnsanın danışıq dili, ilk növbədə, informasiya
mübadiləsi funksiyasını icra etsə də, bununla yanaşı, bilik toplanmasının da mühüm
vasitəsi kimi çıxış etməkdə idi. Bilik - predmet və hadisələrin dərk edilmiş və yadda
saxlnılmış xassələri, əlaqə və münasibətləri sistemidir. İnformasiya mübadiləsi hiss
üzvlərinin işidirsə, biliyin yaranması, yığılması və təkmilləşdirilməsi də beynin işidir. Bu
baxımdan, bəşər tarixi həm də bilik toplanması tarixidir. İnsanın inkişafı informasiyanın
qəbulu, saxlanması, emalı və ötürülməsinin vasitə və üsullarının inkişafı ilə birbaşa
bağlıdır.