Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 476,68 Kb.
səhifə54/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   50   51   52   53   54   55   56   57   ...   93
Açar sözlər: aqrar sahə, sahibkarlıq subyektləri, maliyyə sabitliyi, göstəricilər sistemi.
Respublikada bazar iqtisadiyyatı şəraitində sosial-iqtisadi tərəqqiyə nail olmaq üçün konkret inkişaf tədbirlərinin işlənib hazırlanaraq həyata keçirilməsi təmin edilməlidir. Bu kimi tədbirlərin əsasını respublikanın mikro-makro səviyyəsində iqtisadiyyatın inkişaf etdirilməsi və idarə edilməsi, onun sosial-iqtisadi səmərəliliyinin yüksəldilməsi, ETT-nin tətbiqinin sürətləndirilməsi, əmək məhsuldarlığının yüksəlməsi və s. təşkil edir. Qarşıya qoyulan bu vəzifələrlə əlaqədar olaraq, respublikanın iqtisadiyyatının bazar prinsiplərindən istifadə olunduğu bir şəraitdə əsas problemlərdən biri aqrar sahədə uzunmüddətli kənd təsərrüfatı kreditləşmə sisteminin təkmilləşdirilməsindən, o cümlədən investisiya qoyuluşlarından və əsas fondlardan istifadənin səmərəliliyinin yüksəldilməsindən ibarətdir.

Müasir iqtisadi şəraitdə ölkəmizin aqrar sahəsində mövcud olan müəyyən çətinliklərin və kənddə sosial sferanın pisləşməsinin aradan qaldırılması üçün kənd təsərrüfatına dövlət dəstəyinin və onun kreditləşdirilməsinin mövcud sistemində mühüm dəyişikliklər aparılmalıdır. Araşdırmalardan aydın olur ki, Azərbaycan Respublikasının regionları daxilində müxtəlif kateqoriyalı sahibkarlıq subyektlərinin maliyyə-iqtisadi imkanları arasında kəskin fərqin daha da artması ölkəmizin həm iqtisadi, həm də sosial sabitliyinə mənfi təsir edir [1, 2, 3].

Bu gün respublikamızın kənd sakinlərinin əksəriyyəti üçün faktiki olaraq, əsas gəlir mənbəyi olan ziyanla işləyən təssərüfatların sayı artmaqdadır. Getdikcə güclənən rəqabət şəraitində həmin təsərrüfatlar kənardan dəstəklənməsə və dövlət tərəfindən kömək olmasa onların tam səmərəli inkişaf etmək imkanları mümkün deyil. Yaranmış vəziyyətdən yeganə çıxış yolu - istehsalı modernləşdirməyə, müasir texnologiyalardan, seçmə əkin materialından, cins heyvanlardan və başqa vasitələrdən istifadə etməyə imkan verən sanballı və uzunmüddətli maliyyələşdirmə mənbələrinin cəlb edilməsidir. Bu şəraitdə uzunmüddətli kredit vermə və kənd təsərrüfatı təyinatlı əmlak lizinqi böyük əhəmiyyət kəsb edir, lakin hazırda bu imkanlardan yalnız maliyyə vəziyyəti sabit olan subyektlər istifadə edə bilirlər. Ona görə də bu gün kənd təsərrüfatının kreditləşdirilməsi və ona dövlət dəstəyi məsələsinə fərqli şəkildə yanaşmaq, bu tədbirləri ilk növbədə zəif təsərrüfatlara yönəltmək zəruridir.

Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır, ilk növbədə, sahibkarlığın inkişafı üçün çox güclü siyasi iradə vardır, sahibkarlara yüksək səviyyədə, prezident səviyyəsində verilən dəstək əlbəttə ki, onları ruhlandırır və onların bəzi hallarda rastlaşdığı problemləri də aradan qaldırır. Ölkə prezidentinin uğurlu iqtisadi siyasəti nəticəsində sahibkarlığın inkişafı ilə bağlı çox böyük addımlar atılıb və regionlarda həyata keçirilən böyük quruculuq işləri, infrastruktur layihələri sahibkarlığın inkişafı üçün gözəl zəmin yaradıb. Əgər regionlarda işıq yoxdursa, yaxud fasilələrlə verilirsə, yollar, kommunal infrastruktur bərbad vəziyyətdə olduğu halda, orada heç təkmil müəssisə yaradıla bilməz. Ona görə də dövlət tərəfindən qoyulan investisiyalar, o cümlədən sahibkarlığın inkişafına yönəldilən dövlət dəstəyi öz müsbət təsirini göstərdi. Eyni zamanda, sahibkarlığın inkişafı üçün verilən dövlət maliyyə dastəyi də mühüm rol oynayır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilmişdir [4]. Bu maliyyə dəstəyi əlbəttə ki, sahibkarlığın inkişafına böyük təkan vermişdir.

İstehsalın rentabelliyinin aşağı olduğu və şəxsi vəsaitlərin olmadığı şəraitdə təsərrüfat subyektlərini lazımlı avadanlıq, texnika və başqa daşınan əmlakla təmin edə biləcək kənd təsərrüfatı kreditinin əsas növlərindən biri lizinqdir.

Aqrar sahənin müasir texnika ilə təchizatı məsələlərinin çevik şəkildə tənzimlənməsini təmin etmək məqsədilə 23 oktyabr 2004-cü il tarixli 468 nömrəli «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qüvvəyə mindi [5]. Bu Sərəncama uyğun olaraq Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılmaqla ilkin mərhələdə səhmlərinin nəzarət zərfi 100% dövlətə məxsus olan «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin yaradılması qərara alınmışdır. «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin dövlət büdcəsindən bu məqsəd üçün ayrılan vəsait hesabına alınan kənd təsərrüfatı texnikasının lizinq yolu ilə hüquqi və fiziki şəxslərə icarəyə verilməsini və ya satılmasını həyata keçirdiyi müəyyənləşdirilib. Aqrar sahədə fəaliyyət göstərən müəssisələrin maşınqayırma məhsulları ilə təminatının birinci mərhələsində lizinq fəaliyyətini həyata keçirən «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti öz işində qaytarılmaq şərtilə hesablaşma əsasında kənd təsərrüfatına dövlət maliyyə dəstəyi vəsaitlərindən, başqa borc vəsaitlərindən və şəxsi mənbələrdən istifadə edirdi.

Dövlət səviyyəsində paylayıcı filiallar şəbəkəsinə malik olan «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin regional bölmələrinin fəaliyyətinə isə ərazi kənd təsərrüfatı idarələri və Kənd Təsərrüfatı Nazirliyi nəzarət edirdi. Hazırda «Aqrolizinq» ASC-nin fəaliyyətinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi də nəzarət edir, regional bölmələr isə, faktiki olaraq, sərbəstdirlər. Dövlət maliyyə lizinqinin təşkilati strukturunun xüsusiyyəti ondan ibarətdir ki, texnika istehsalçıları ilə kənd təsərrüfatı müəssisələri arasında dayanan yeganə sərəncamçı inhisarçıdır.

Bizim fikrimizcə, ölkəmizin aqrar sahəsində lizinq mexanizminin formalaşması vaxtı aşağıdakı çatışmazlıqlar olmuşdur:

-təchizat bazarında yeganə inhisarçı hüququ əldə etmiş «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti ticarət əlavələrini kəskin şəkildə artırmış və maşınqayırma zavodlarına marketinq xidmətləri üçün onlardan rüsum yığmağa başlamışdır. Beləliklə, bu cəmiyyət həm kənd təsərrüfatı istehsalçılarına, həm də daşınan əmlak istehsalçılarına münasibətdə inhisarçı kimi çıxış edirdi;

-kənd təsərrüfatı maşınqayırma sahəsi, öz məhsullarına yaranmış əlavə tələbatla əlaqədar, kəndin real ödəmə qabiliyyətini nəzərə almadan, həmin məhsulların buraxılış qiymətlərini qaldırdı;

-lizinq xidmətlərinin istehlakçıları lizinq xərclərinin heç bir maddəsinə heç cür təsir edə və ya onları nizama sala bilmir, ödəniş barədə öz tələblərini lizinq müqaviləsinə daxil edə bilmirdi;

-təchizat bazalarının aldığı texnika çox vaxt kənd təsərrüfatı müəssisələrinin sifarişlərindən xeyli fərqlənir, bu isə praktikada belə avadanlığın zorla satılmasına gətirib çıxarırdı;

-bazar münasibətləri şəraitində dövlət maliyyə lizinqi mexanizmi maşınqayırma məhsullarının qiymətlərinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarırdı;

-lizinq mexanizmi lizinq fondunun vəsaitlərinin qiymətdən düşməsinə gətirib çıxarırdı, çünki ödənən vəsaitlərin indeksləşdirilməsi tətbiq edilmirdi.

Kreditvermənin ən optimal üsullarını və formalarını seçmək, dövlət dəstəyinin vasitələrini və əsas istiqamətlər üzrə bu dəstəyin həcmini təyin etmək üçün sahibkarlıq subyektlərinin fəaliyyətinin maliyyə-təsərrüfat vəziyyəti əsasında inkişafın və dövlət təsirinin indiki mərhələsində kredit mexanizminin nisbi özünü nizamlama həddini müəyyən etmək lazımdır. Aqrar sahədə əmtəə istehsalçılarını qruplaşdırmaq üçün biz kredit münasibətlərində subyektlərin mümkün qədər sərbəst iştirakını daha tam xarakterizə edən göstəricilər sistemindən istifadə etməyi təklif edirik.

Aqrar sahədə maliyyə sabitliyinin 5 sinfi və buna müvafiq olaraq, sahibkarlıq subyektlərinin maliyyə-iqtisadi vəziyyətinin 5 tipi mövcuddur. Maliyyə sabitliyinin hər sinfinə müəyyən miqdarda bal verilir. Bu balların miqdarı müəssisənin əmlakının likvidliyini, onun müəyyən dövr ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini, eləcə də müəssisənin xarici maliyyələşdirmə mənbələrindən asılı olmamasının dərəcəsini hərtərəfli xarakterizə edən, əvvəlcədən seçilmiş göstəricilər əsasında təyin edilir.

Sahibkarlıq subyektlərinin maliyyə sabitliyinin birinci sinfində müəssisənin maliyyə durumu əla hesab edilir. Bu sinfə aid edilən müəssisə yüksək dərəcədə likvid aktivlərə malikdir, xarici maliyyələşdirmə mənbələrindən asılı deyil, onun cari aktivlərinin dövriyyəsi yüksək dinamika ilə və istehsal rentabelli olması ilə seçilir. Borcalanların bu kateqoriyası ümumi şərtlərdə əhəmiyyətli problemlərsiz istənilən kommersiya bankında kredit resurslarını ala bilər.

Sahibkarlıq subyektlərinin maliyyə sabitliyinin ikinci sinfində müəssisənın maliyyə durumu yaxşı hesab edilir. Bu sinifdə potensial borcalan maliyyə baxımından müstəqildir, yaxşı nizamlanmış istehsal yüksək likvidliyə malik olan vəsaitlərin sabit axınını təmin edir. Bu müştəri kommersiya bankından kredit resursları ala bilər.

Sahibkarlıq subyektlərinin maliyyə sabitliyinin üçüncü sinfində müəssisənin maliyyə durumu orta səviyyədədir. Bu sinifə aid olan müəssisələrin sərəncamında daimi əsasda likvid aktivlər yoxdur, cari aktivləri azdır, əmək haqqı, büdcəyə və büdcədən kənar fondlara məcburi ödənişlər üzrə müvəqqəti borcları yaranmışdır. Müəssisənin maliyyə müstəqilliyi, bir qayda olaraq, böhranlı səviyyədədir və dövriyyə aktivlərinin dövriyyə sürəti azalmışdır. Müştəri kredit resursları alarkən çətinliklərlə üzləşir.

Sahibkarlıq subyektlərinin maliyyə sabitliyinin dördüncü sinfində müəssisənin maliyyə durumu qeyri-qənaətbəxş səviyyədədir. Maliyyə sabitliyinin bu sinfinə aid edilən müəssisə üçün aşağıdakı səciyyəvi əlamətlər şamil edilir: likvid vəsaitlərin olmaması, cari aktivlərin daimi çatışmazlığı, kredit öhdəliklərinin çoxluğu, son illərdə müəssisənin zərərlə işləməsi və ya onun fəaliyyətinin rentabelliyinin aşağı səviyyədə olması, əsas kapitalın «yeyilməsi». Belə müəssisələr də risk zonasına düşür və nəticə etibarilə, bu müəssisələrə kredit resursları verilməsindən imtina edilir və onların maliyyə-təsərrüfat fəaliyyətində mühüm dəyişikliklər edilməlidir.

Sahibkarlıq subyektlərinin maliyyə sabitliyinin beşinci sinfində müəssisənin maliyyə durumu böhranlıdır. Bir qayda olaraq, bu sinfə aid olan müəssisələr cəlb edilmiş mənbələrdən asılıdır, onların çoxlu kredit öhdəlikləri, həmçinin əmək haqqı, büdcəyə və büdcədən kənar fondlara məcburi ödənişlər üzrə xeyli kreditor borcu vardır, istehsal fəaliyyəti gəlir gətirmir. Maliyyə sabitliyinin bu tipinə aid edilən müəssisələr cari ehtiyaclarını təmin etmək üçün kommersiya bankından kredit resursları ala bilmirlər.

Respublikamızın regionlarında kənd təsərrüfatı müəssisələrinin maliyyə sabitliyinin tiplərini təyin etmək üçün zəruri göstəricilər sistemi müəyyənləşdirilmişdir. Quba-Xaçmaz iqtisadi rayonunun statistik məlumatlarından aydın olur ki, respublikamızın bu iqtisadi rayonunun kənd təsərrüfatı müəssisələrindən beşi birinci və ikinci sinfə daxil olmaqla sabit maliyyə durumuna malikdir. Bu müəssisələr müstəqil şəkildə, dövlətin iştirakı olmadan, bankda qısamüddətli və uzunmüddətli kredit resursları və faiz dərəcələrinin kompensasiyası üçün subsidiyalar ala bilərlər. Bu müəssisələr üçün lizinqdən istifadə etmək sərfəli deyil, çünki lizinqin ödənilməsi müddətində texnika xeyli bahalaşır.

Sahibkarlıq subyektlərinin maliyyə sabitliyinin üçüncü sinfinə aid edilən müəssisələr müvafiq layihələrin dövlətin zəmanəti ilə payçılıq qaydasında maliyyələşdirilməsi şərtilə texnika və avadanlıq lizinqindən, habelə investisiya kreditlərindən istifadə edə bilərlər. Onlar ümumi şərtlərlə qısamüddətli kreditlər ala bilərlər. Müəssisələrin yarısından çoxunun maliyyə durumu böhranlı səviyyədədir (sahibkarlıq subyektlərinin maliyyə sabitliyinin dördüncü və beşinci sinfinə aid edilənlər). Buna görə həmin müəssisələrin kredit almaq imkanları yoxdur. Bu vəziyyətdən çıxmaq üçün torpaqların girov qoyulması müqabilində böyük həcmli kredit resursları cəlb edilməsi yolu ilə istehsalın modernləşdirilməsi zəruridir.

Respublikanın Quba-Xaçmaz iqtisadi rayonunun kənd təsərrüfatı müəssisələrinin maliyyə sabitliyinin qeyri-qənaətbəxş strukturu sahibkarlıq subyektlərinin çoxunda cari aktivlərin və xüsusən, likvid vəsaitlərin olmaması, maddi istehsal ehtiyatların və debitor borcunun uzunsürən dövriyyəsi ilə və bir sıra başqa səbəblərlə bağlıdır.

Maliyyə-iqtisadi meyar üzrə seçilmiş qrupların təhlili bu qənaətə gəlməyə əsas verir ki, kredit resursları və büdcə subsidiyaları yalnız maliyyə baxımından güclü müəssisələr üçün əlyetərlidir. Bu isə yuxarıda qeyd etdiyimiz kimi, maliyyə-iqtisadi xarakterli ziddiyyətlərin kəskinləşməsinə, eyni lokal zonada yerləşən müəssisələrin «güclülərə» və «zəiflərə» bölünməsinə gətirib çıxarır, eyni zamanda ayrı-ayrı sahibkarlıq subyektlərinə, həm də qeyri-stabil «kənd yaradıcı» müəssisələrin mövcud olduğu ərazilərə mənfi təsir göstərir.

Buna görə hazırda əmtəə istehsalçılarının hər kateqoriyası üçün qaytarılmaq şərtilə borc vəsaitləri alınmasının alternativ kanallarını yaratmaq lazımdır. Bu halda dövlət kənd təsərrüfatının kreditləşdirilməsinin çoxvariantlı sisteminin yaradılmasının hərəkətverici qüvvəsi kimi çıxış edərək institusional mühiti tənzimləməli və onu səmərəli şəkildə dəstəkləməlidir.



Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin