Açar sözlər: modernizasiya, innovasiya, texnologiya, elektron kənd təsərrüfatı, dövlət dəstəyi.
Kənd təsərrüfatının inkişafında modernləşdirmə xüsusi əhəmiyyət kəsb edir. Modernizasiya prosesi innovasiyaların kənd təsərrüfatı istehsalına tətbiqini göstərilən mərhələlərlə ehtiva edir: elm - texnologiya - istehsal - istehlak. Modernizasiyaya regional, sahəvi, funksional, texnoloji və təşkilati xüsusiyyətlər təsir göstərir. Modernizasiya kənd təsərrüfatının inkişafını intensivləşdirir: vahid torpaq sahəsi hesabı ilə daha modern fondlara və daha ixtisaslı əmək sərfinə investisiya qoyuluşunun daim artması kənd təsərrüfatı məhsullarının da artımını təmin edir [1, s.26].
Aqrar sahədə innovativ fəaliyyətin effektiv inkişafını təmin edən kompleks tədbirlər (elmi tədqiqatların aparılmasından başlayaraq, elmi nəticələrin təcrübi yoxlanmasından istehsala tətbiqinə və səmərəli ölçülməsinə qədər) həyata keçirilməlidir. Belə yanaşma innovativ fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə müxtəlif sahibkarlıq formalarının inkişafını təmin edə bilər. Qloballaşma prosesinin genişlənməsində elmi-texniki inqilabın nailiyyətlərindən sahibkarlığın formalaşması və inkişafında istifadə etmək üçün əlverişli şərait yaranmışdır [2, s.261].
Kənd təsərrüfatı istehsalına modernizasiyaya təsir göstərən şərt və amilləri iki qrupa ayırmaq olar:
1. Neqativ (ərzaq məhsullarına tələbatın azalması, dövlətin xüsusilə modernizasiya istiqamətində həyata keçirdiyi dəstək siyasətinin məhdudlaşması, innovasiya infrastrukturunun zəifliyi, maliyyə vəsaitlərinə əlçatarlığın azalması, innovativ menecerlərin çatışmazlığı və s.)
2. Pozitiv amillər (dövlətin vergi, kredit, qiymət və s. siyasət üsulları ilə modernizasiyanı dəstəkləməsi, xarici investisiya axınlarının güclənməsi, innovativ menecmentin inkişafı və s.)
Aqrar sahədə modernizasiyanın sürətini müəyyənləşdirən əsas amillər bunlardı:
1. İnnovativ potensial (intellektual, təşkilati, material-texniki, əmək və informasiya resursları);
2. Biznes mühitin innovasiyaları qəbul etmə qabiliyyəti;
3. İnteqrasiya səviyyəsi (innovativ infrastruktur müəssisələrinin sayı, onların qarşılıqlı əlaqəsi və s.)
Modernləşdirmə əsasən yeni aqrotexnologiyaların tətbiqi, məhsuldar toxum və cins mal-qara, habelə kimyəvi gübrələr və pestisidlərdən istifadə, aqrotexniki xidmət sahəsində təkmilləşdirilməni əhatə edir. ABŞ-da Teodor W. Schultz ilk dəfə olaraq modernləşdirməni kənd təsərrüfatı üçün ənənəvilikdən texnologiyaya əsaslanan istehsala bir keçid imkanı kimi xarakterizə etmişdir. Amerika Birləşmiş Ştatlarında aqrar sahədə Tədqiqat və İnkişaf (R&D) üçün hüquqi, siyasi, elmi və iqtisadi əsaslar yaradılmışdır. Hindistanın ötən əsrin 60-cı illərində tətbiq etdiyi "Yaşıl İnqilab" böyük miqyasda müasir elm-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi nəticəsində baş tutmuşdur.
Kənd təsərrüfatının modernləşdirilməsi bu sahədə ümumi amil məhsuldarlığının artmasına gətirib çıxarır. Əgər ümumi amil məhsuldarlığının artımı istehsal amillərinin azalma tempini kompensasiya edir və hətta üstələyirsə onda aqrar istehsalın artımı müşahidə ediləcəkdir. Azərbaycanda aqrar sahənin inkişafı üçün əmək və torpaq kimi istehsal amillərindən istifadə imkanları tükəndikcə ümumi amil məhsuldarlığının artması xüsusi əhəmiyyət kəsb edir.
Xüsusən modernləşdirilmənin ilk mərhələsində daha böyük investisiya həcmlərinə ehtiyac yaranır. Modernləşdirmə təkcə məhsuldarlığın artması deyil, həm də aqrar sahənin iqlim şoklarına daha davamlı olmasını təmin edir.
Aqrar sahənin modernləşdirilməsi ölkənin tədiyə balansına təsir göstərir. Belə ki, idxalda aqrar sahə üçün lazım olan əsas və dövriyyə vəsaitlərinin (aqrar texnika, toxum, gübrə, pestisidlər və s.) xüsusi çəkisi artdığı halda, ixracda modernləşdirmə nəticəsində rəqabət qabiliyyəti artmış kənd təsərrüfatı məhsullarının çəkisi yüksəlir. Digər tərəfdən Hindistan təcrübəsi göstərir ki, aqrar sahənin modernləşdirilməsi idxal ərzaqdan asılılığı azaldır və idxalın əvəzlənməsi prosesini sürətləndirir.
Aqrar modernizasiyanın əsas xüsusiyyətlərindən biri də onun klasterial xarakteri ilə bağlıdır. Porterin təbirincə desək, əsas o deyil ki, ölkə və ya region nə istehsal edir, əsas necə daha yaxşısını istehsal etmək sualına cavab tapmaqdır. Regional inkişaf siyasəti sahəsində Porterin populyarlığı onun iti zəkasından doğur. O, sübut edir ki, əvvəlki inkişaf siyasəti düzgün aparılmayıb. Hazırda Cənubi Karolinadan Sinqapura qədər bütün siyasət müəyyənləşdirən şəxslər rəqabət qabiliyyətinin güclənməsinə xidmət edən iqtisadi strategiyanın nəticə etibarı ilə innovativ klastelərin yaranmasından keçdiyini etiraf edirlər. Porter çılğın bir şəkildə regionların artıq mövcud olan klasterləri inkişaf etdirməsini tövsiyə edir, nəinki tamamilə yenisinin yaranmasını (4).
Azərbaycanda aqrar-sənaye klasterlərinin inkişafı zamanı dünya təcrübəsi diqqətlə öyrənilməli və ən uyğun variantlar seçilməlidir. Məsələn, Rusiyanın və Qazaxıstanın timsalında görmək olur ki, dövlət klasterlərin təşəkkül tapmasında və inkişafında dominant mövqeyə malikdir. Hər iki ölkədə klasterlərin inkişaf etdirilməsi üçün dövlət proqramları qəbul edilib. Belə ki, klasterial inkişaf daha çox regional balanslaşma və iqtisadiyyatın diversifikasiyasına xidmət edir. Belə bir motivasiya isə daha çox dövlət siyasətinə uyğun gəlir.
Beynəlxalq təcrübədən çıxış etsək Azərbaycanda aqrar-sənaye klasterial inkişafı üçün dövlətin elm mərkəzləri, biznes və təcrübəli donorlarla əməkdaşlıq çərçivəsində müvafiq proqram qəbul edərək həyata keçirməsi mümkündür. Aqrar-sənaye sahəsində klasterial inkişaf üzrə dövlət proqramının vəzifəsi rəqabət üstünlüyünə malik aqrar-sənaye sahələrində klasterial inkişafın əsaslarını və istiqamətlərini müəyyənləşdirilməkdir. Beləliklə, elmi yenilik dövlət siyasəti vasitəsi ilə praktik nəticəyə transfer olunacaq. “Aqrar-sənaye klasterial inkişaf dövlət proqramı”nın istiqamətlərini aşağıdakı kimi təsnifləşdirmək olar:
1.Müxtəlif elmi yanaşmalardan istifadə etməklə aqrar-sənaye sahəsində rəqabət üstünlüyününə malik sahələrin seçilməsi.
2.Rəqabət üstünlüyünə malik sahələrdən klasterial inkişaf üçün daha əhəmiyyətli olanlarının müəyyənləşməsi.
3.Klasterin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təhsil siyasətinin qurulması.
4.Elmi-texniki siyasətin reallaşdırılması mexanizminin təkmilləşdirilməsi.
5.İqtisadiyyatın klasterial inkişafı istiqamətində informasiya siyasətinin təkmilləşdirilməsi.
6.Klasterin son məhsulunun bazarlara çıxışını təmin etmək üçün marketinq strategiyasının qurulması.
7.Klasterial inkişafın təmin edilməsi üçün normativ hüquqi bazanın hazırlanması üzrə istiqamətlərin verilməsi.
8.Aqrar klasterlərdə investisiya siyasətinin əsaslarının hazırlanması.
9.Aqrar-sənaye klasterlərinin inkişafı üzrə fəaliyyət planının konseptual əsaslarının yaradılması.
Klasterin nüvə məhsulu müəyyənləşəndən sonra həmin məhsulun istehsal zəncirinin bütün pillələrində səmərəliliyi artırmaq üçün iqtisadi, təşkilati və institutsional istiqamətlərdə inkişaf getməlidir. İlk növbədə kənd təsərrüfatı məhsulunun (nüvə məhsulu) istehsalına xidmət göstərən sahələr (gübrə, toxum, texnika, pestisid və s.) inkişaf etdirilməlidir. Eləcə də kənd təsərrüfatı istehsalının səmərəliliyini artırmaq üçün torpağın şumlanması, səpin, yığım və s. mərhələlərdə nüvə məhsulun istehsalına dəstək verəcək servislər təşkil olunmalıdır. Məhsul hazır olduqdan sonra qablaşdırma, konservləşdrimə, qurudulma və s. texnoloji prosesləri həyata keçirən industriya qurulmalıdır. Nüvə məhsulun saxlanması, daşınması və logistikası klasterin ayrılmaz bir parçasıdır. Klasterdə dəstəkləyici infrastruktur: Təhsil, Tədqiqat, Ticarət Təşkilatları və Assosiasiyaların mövcudluğu da mühüm şərtdir.
Azərbaycanda kənd təsərrüfatının texnika ilə təchizatında əsas xüsusiyyətlərdən biri - orta hesabla bir texnikaya düşən at gücünün artırılmasına diqqət yetirilməsidir. Hazırda Azərbaycanda bir texnikaya 100 at gücü düşür ki, bu da inkişaf etmiş ölkələrlə müqayisədə 2-3 dəfə azdır. Son illər dünyada aqrar sektorun texniki təchizatının məhsuldarlığın artımına təsirini yüksəltmək üçün yeni yanaşma formalaşıb. Bu yanaşmaya görə, yüksək məhsuldarlıq, məhslunu itkisiz becərilməsi üçün texnikanın gücünün artırılmalıdır. Artıq ABŞ-da mühərriki minimum 300 at gücünə malik traktorlar əkin üçün, 400 at gücünə malik kombaynlar isə taxıl biçini üçün məqbul hesab olunur.
Azərbaycanda aqrar sahənin modernləşdirilməsi aşağıdakı xüsusiyyətləri ehtiva edir:
-
Modernləşmə nəticəsində aqrar sferada kapitalın məhsuldarlığı artır;
-
Modernləşmə daha yüksək ixtisaslı əmək qüvvəsinə tələbat yaradır;
-
Modernləşən aqrar istehsalın rəqabətqabiliyyətini yüksəldir;
4.Modernləşmə aqrar sferada yeni təşkilati və idarəetmə mexanizminin yaradılmasına təkan verir;
5.Modernləşmə Azərbaycanda elmin müəyyən sahələrinə praktik tələbat yaradır və elmin kommersiyalaşdırılmasına töhfə verir;
6.Modernləşmə təhsil sahəsində daha praktik əhəmiyyətli ixtisaslar üzrə kadrların yetişdirlməsi üçün əsaslar yaradır və təhsil-biznes əlaqələrinin kompleks xarakter almasına stimul verir;
7.Modernləşmə zəncirvari reaksiya şəklində aqrar sahəyə xidmət edəcək iqtisadiyyatın sektorlarının inkişafını təmin edir;
8.Modernləşmə aqrar sahənin ixrac imkanlarını genişləndirir;
9.Aqrar sahənin modernləşməsi regionların sosial-iqtisadi inkişafını sürətləndirir;
10.Modernləşmə xarici investisiyaların aqrar sahəyə axını üçün zəmin yaradır;
11. Modernləşmə aqrar sahədə işçi qüvvəsinə olan tələbatı azaldır və beləliklə, urbanizasiya üçün şərait yaradır.
Biliklərə əsaslanan iqtisadiyyatın inkişafı şəraitində aqrar sahənin modernləşdirilməsi aşağıdakı infrastrukturun inkişafını zəruri edir:
1. İnnovasiyaların transferi mərkəzləri (Qazaxıstan təcrübəsində sınaqdan keçirilib) və biznes inkubatorların yaradılması (Rusiyanın müxtəlif regionlarında yaradılıb) və inkişafı;
2. Aqrar innovasiyaların transferi şəbəkəsinin inkişafı və milli və qlobal səviyyədə inteqrasiyası;
3. ABŞ təcrübəsindən istifadə edərək aqrar sahədə vençur fondların yaradılması və inkişaf etdirilməsi;
4. Aqrar-innovativ klasterlərin yaradılması üçün apstrim (upstream) və dounstrim (downstream) istiqamətlərin kompleks inkişafı;
5. Aqrar innovasiyalara dövlət dəstəyi mexanizminin formalaşması və vahid informasiya sisteminin yaradılması;
6. Elektron kənd təsərrüfatı infrastrukturunun yaradılması və inkişaf etdirilməsi.
Kənd təsərrüfatının modernləşdirilməsi bir proses olaraq geniş təkrar istehsalın həm ekstensiv, həm də intensiv yollarla inkişafını əhatə edir. Əgər kənd təsərrüfatı sahəsində istehsalın artımı əsas fondların böyüməsi (bina, avadanlıq, qurğular və s.) hesabına aparılarsa geniş təkrar istehsalın bu forması ekstensiv inkişaf yolu adlanır. Əgər istehsalın inkişafına məhsuldarlığın yüksəldilməsilə nail olunursa, məhsul istehsalının belə artım istiqaməti intensiv inkişaf yolu adlanır. Qazax alimi Şulenbayeva F.A. "innovasiyalı modernizasiya" ideyasını irəli sürərək modernləşmə yolu ilə tarazlığı pozmadan iqtisadi inkişafa nail olmaq imkanlarını təhlil etmişdir [3, s.5]. Şulenbayeva F.A. aqrar-sənaye kompleksində modernizasiyanın əsas prinsipləri kimi bunları irəli sürür: rasionallıq, iqtisadi planlaşdırma, bərabərlik və ictimiai institutlar və insanların şüurunda dəyişikliklər.
Modernləşmə siyasəti kənd təsərrüfatı istehsalının səmərəliliyini artırmaqla yanaşı, həm də komplekslilik, alternativlik və mümkün risklərdən sığortlanma kimi baza prinsiplərinin üzərində dayanmalıdır.
Dostları ilə paylaş: |