Asinxron maşını – ikidolaqlı dəyişən cərəyan elektrik maşını olub, dolaqlardan biri (birinci) sabit tezlikli elektrik şəbəkəsindən qidalanır, ikinci dolaq isə qısa və ya elektrik müqavimətilə qapanır. İkinci dolaqda cərəyanlar elektromaqnit induksiyasının təsiri nəticəsində əmələ gəlir. Bu cərəyanların tezliyi rotorun ω bucaq sürətindən, buda öz nöbəsində mühərrikin valına tətbiq olunan firlandırıcı momentdən asılıdır. Hazırda asinxron maşınlar əsas etibarı ilə elektrik mühərrikləri kimi xalq təsərrüfatının bütün sahələrində geniş tətbiq olunurlar. Buna səbəb asinxron mühərriklərin konstruksiyasının və hazırlanma texnologiyasının sadə olması, istismarda etibarlı işləməsidir. Asinxron maşınlardan çox nadir hallarda generator kimi istifadə olunur, çünki onların təsirlənməsi və gərginliyin tənzimlənməsi üçün əlavə mürəkkəb qurluşların olunması tələb olunur. Asinxron maşınların generator rejimindən əsasən onların tormozlanmasında istifadə edilir (məsələn qaldırıcı mexanizmilərin elektrik intiqalında yükü endirən zaman). Bundan başqa asinxron maşın induksion gərginlik və faza tənzimləyicisi, tezlik və faza çeviricisi və s. rejimlərdə işlədilir. Kiçik güclü asinxron maşınlar və asinxron mikromaşınlar avtomatik sistemlərdə icraedici və informasiya verici elektrik maşınları kimi də tətbiq olunurlar.
Asinxron maşınların iş prinsipi başqa növ elektrik maşınları kimi elektromaqnit induksiya hadisəsinə və elektromaqnit qüvvə qanununa əsaslanır. Asinxron maşınlarda dolaqlardan biri statorda 1 (şək.1.1,a), ikinci dolaq isə rotorda 3 yerləşdirilir. Stator və rotor arasında hava aralığı vardır. Dolaqlar arasında maqnit əlaqəsini yaxşılaşdırmaq ücün hava aralığı mümkün qədər kiçik hazırlanır. Stator dolağı 2 birfazalı, ikifazalı, üçfazalı və ya çoxfazalı ola bilər (üçfazalı hala baxılır). Statorun daxili çevrəsi boyunca diametrial əks yuvalarda A və X, B və У, C və Z sarğılar sayı eyni olan üç sarğac simmetrik olaraq yerləşdirilmişdir. Bu sarğacların müstəviləri öz aralarında 120º bucaq təşkil edir. Sarğacları “ulduz” və ya “üçbucaq” sxemi ilə üçfazalı dəyişən cərəyan şəbəkəsinə qoşurlar (şək.1.1,b). Rotor dolağı 4 çoxfazalı və ya üçfazalı yerinə yetirilir və onun xarici çevrəsi boyunca yuvalarda simmetrik yerləşdirilir.