2 . Klassik yunan fəlsəfəsi
Erkən filosofların görüşlərində o dövrki elmin, ilk növbədə riyaziyyatın nailiyyətləri nəzərə alınsa da, ancaq ümumilikdə o mücərrəd fikirlərdən, fərziyyələrdən ibarət idi. Bu, eramızdan əvvəl V əsrin ikinci yarısı VI əsrin əvvəlində Levkip və Demokritin təlimində özünü xüsusilə qabarıq göstərir. Buna baxmayaraq, ilk dəfə Levkip tərəfindən ifadələnmiş və sonradan Demokrit tərəfindən inkişaf etdirilmiş prinsiplərin dərinliyi və əhatəliliyi o dövrdə təbiətin və insan dünyasının bir çox hadisələrinin doğru və dərin izahını verməyə imkan yaratmışdı. Demokritin prinsipləri olduqca sadədir: o, əzəldən nizamsız hərəkətdə bulunan atomların-müxtəlif formalı və müxtəlif ölçülü bölünməz hissəciklərin-boşluqda, hüdudsuz məkanda olduğunu qəbul edir. Demokritə görə, atomların cürbəcür birləşmələri təbiətdə olan şeylərin və hadisələrin hədsiz müxtəlifliyini izah edir. Hüdudsuz boşluqda atomların hərəkəti, onların toqquşması və birləşməsi – bu səbəbiyyət əlaqəsinin çox sadə modelidir. Demokritə görə hər bir təsadüfi hadisə, baş verən hadisələrin əsl səbəblərini bilməməkdən doğan subyektiv illüziyadır. Bu səbəbləri bilmək isə, hər bir təsadüfi zərurətə çevirir.
Atomistik təlimin bu prinsipləri onu həmin dövrdə təbiətin və insanın sırf fiziki yolla izahı nümunəsi edirdi. Öz təbiət fəlsəfəsinin atomistik prinsiplərinə əsaslanaraq Demokrit, Yerin səma cisimlərilə geniş kosmoqonik mənzərəsini təsvir etdi. Amma ola bilsin ki, Demokritin kosmoqonik konsepsiyasının ən dərin ideyası, hüdudsuz boşluğun ənginlikərində – fəzada – əmələ gələn, təşəkkül tapan və məhv olan saysız dünyalar ideyası idi. O dövrdə, Kainatın yaranmasında fövqəltəbii qüvvələrin rolu haqqında dini-mifoloji təsəvvürlərə xüsusi zərbə vuran bu ideya geniş vüsət tapmadı və yalnız sonralar təbiətşünaslığın nailiyyətləri sayəsində dərin əsaslandırıldı.
Atomistik prinsiplər, Demokrit tərəfindən həm də insanın, onun şüurunun izah olunmasına aid edilirdi. Yəni, insanın təbiətin bir hissəsi olması haqqında qədim təsəvvür, mikrokosmun, başqa sözlə şüuru ilə birlikdə insanın və makrokosmun – onu əhatə edən bütün təbiətin, prinsip etibarilə eyni olması haqqında müddəaya keçdi. İnsan psixikasına aid hadisələri o, od atomlarına uyğun, yumru, hamar, xırda və hərəkətli olan xüsusi növ atomların olması ilə izah edirdi.
Demokritin fikrincə, bu atomlar bütün təbiətə səpələnmişdir (“hər şey ruha malikdir”), ancaq insanın bədənində onların konsentrasiyası daha çoxdur, insan orqanizminin təqribən yarısını təşkil edərək, onlar bütün bədənə səpələnmiş şəkildə insanın “ruhunu” əmələ gətirirlər. İnsanın ölümü bu atomların böyük miqdarda itirilməsi nəticəsində baş verir. İnsanın atomistik konsepsiyası həmçinin mühüm psixoloji ideyaları da özündə cəmləşdirirdi. Onlardan ən mühümü, bütün şeylərdən incə surətlərin (idolların) buraxılması və onların insan duyğuları tərəfindən fərqləndirici şəkildə qavranılmasıdır.
Bu ideya ilə həmçinin Demokritin idrak nəzəriyyəsi bağlıdır. O iddia edirdi ki, duyğular “qaranlıq” bilik mənbəyidir və yalnız zəka bizi əsl həqiqət dünyasına – atomlar və boşluqdan ibarət olan dünyaya calayır. Demokrit təlimi, qətiyyən tanrıların fəaliyyəti ilə bağlı olmayan, insan icmasının və mədəniyyətinin təbiətə uyğun surətdə izahını verməyə səy göstərirdi. Onun fikrinə görə yalnız ehtiyac-bu əsl “insanlar müəllimi”, -dünyaya diqqət yetirən insanları mədəniyyətə və dövlət icmasına gətirib çıxardı.
Bu təlim əvvəlcə ellinlər dövründə Epikur və onun məktəbinin təlimində, sonralar isə roma dövründə çoxsaylı epikurçuların və ilk növbədə məşhur “Şeylərin təbiəti haqqında” poemasının müəllifi Lukresiy Karın təlimində öz davamını və inkişafını tapmışdır. Atomların hərəkətinin izahında Epikur atomizmi, Levkip-Demokrit atomizmindən fərqlənir, həmçinin onlarda idrak prosesinin izahı da müxtəlifdir. İdrak prosesini məntiqə əsaslanan izahına meyl göstərən Demokritdən fərqli olaraq, Epikur duyğuları-yeganə həqiqət mənbəyi, tələsik mühakimənin isə-yanılmanın başlıca səbəbi olduğunu öyrədərək ifrat sensualist sistemi inkişaf etdirdi. Ruhun ölməzliyi haqqında hər cür inamı və tanrıların təbiətin və insanların həyatına müdaxilə etməsini qətiyyətlə inkar edən Epikurun atomistik fəlsəfəsi, faktik olaraq din əleyhinə çıxış edirdi.
Onun ayrılmaz hissəsini, sağlam və sadə hissiyyata əsaslanan insanın tanrılar qarşısında və mövcud olmayan axirət dünyası qarşısında qorxusuz yaşamalı olduğunu söyləyən, insan həyatını Kainatın həyatında yalnız bir an kimi görən gedonist etika təşkil edirdi. İstər Demokritin və istərsə də Epikurun təlimində tanrılar nə təbiətə, nə insanın həyatına təsir etməsələr də onların varlığı əsla inkar edilməmişdir. Epikura görə, öz gözəlliyinə və gücünə görə insanlardan xeyli üstün olan tanrılar, heç bir ehtiyac duymadan və heç bir işə qarışmadan haradasa bir dünyalararası fəzada yaşayırlar. Onların yeganə funksiyası insanlar üçün nümunə olmaqdan ibarətdir.
Həmin dövrdə böyük müdrik Sokrat yaşayırdı (eramızdan əvvəl 469-399-cu illər)-öz təlimini şifahi surətdə, afina icmasının ən müxtəlif təbəqələrinin nümayəndələrilə çoxsaylı söhbətlərdə inkişaf etdirən ilk afinalı filosof (biz Sokratın görüşləri barəsində onun şagirdləri Platonun və Ksenofontun əsərlərindən, həmçinin Aristotelin əsərlərindən və digər mənbələrdən bilirik). Sokrat sanki sofistlərin fəaliyyətində meydana çıxan fəlsəfi fikrin inkişaf xəttinə qoşularaq, hətta onlardan da kəskin şəkildə fəlsəfənin predmetini insanın özü, onun həyatı, davranışı və idrakı ilə məhdudlaşdırmışdı.
Özü də, sofist filosofların əksinə olaraq əmin idi ki, vahid şəkildə hamı üçün məcburi olan həqiqətlər, etik normalar mümkündür. Filosofun müdrikliyi elə ondan ibarət olmalıdır ki, cürbəcür subyektivlik dolanbaclarını keçərək hamı tərəfindən qəbul edilə bilən və hamıya aydın olan həqiqətlərə və deməli hamı üçün məcburi olan etik normalara gəlib çıxsın. Sokrat dialektik metod (“dialeqomay” felindəndir – danışmaq, mübahisə etmək) adlanan həqiqət axtarışı və əldə edilməsi metodunun müəllifidir. Onun əsas məzmunu, mühakimələrimizdə olan ziddiyyətləri aşmaq yolu ilə həqiqəti yorulmadan axtarmaqdan, anlayışlarımızın dəqiqləşdirilməsindən ibarətdir.
Dostları ilə paylaş: |