İzahli şƏRİƏt məSƏLƏLƏRİ Həzrət Ayətullahul-Üzma Seyyid Əli Hüseyni Sistaninin fətvalarına uyğun olaraq Bismillahir-rəhmanir-rəhim



Yüklə 2,61 Mb.
səhifə14/44
tarix09.05.2020
ölçüsü2,61 Mb.
#31168
1   ...   10   11   12   13   14   15   16   17   ...   44
Ayetullah-Sistani-aganin-Risalesi


Məsələ 900: Müstəhəbbdir ki, insan məscidə daxil olduqda təhiyyət və məscidə hörmət məqsədi ilə 2 rük`ət namaz qılsın və əgər başqa müstəhəbb, yaxud vacib namaz qılsa, kifayətdir.
Məsələ 901: Məsciddə yatmaq (əgər insan çarəsiz olmasa), dünya söhbətləri etmək, bir sənətlə məşğul olmaq və nəsihətli olmayan şe`rlər oxumaq məkruhdur. Həmçinin ağızın, burunun və sinənin bəlğəmini məscidə tökmək məkruhdur, hətta bə`zi vaxtlarda haramdır. Həmçinin itmiş şeyi tələb etmək, səsi yüksəltmək məkruhdur. Amma azanı uca səslə deməyin maneçiliyi yoxdur.
Məsələ 902: Dəlinin məscidə daxil olmasına yol vermək məkruhdur. Həmçinin, namaz qılanlara zəhmət verəcəyi və ya məscidi nəcis edəcəyi ehtimalı vardırsa, uşağın da məscidə daxil olmasına yol vermək eyni hökmü daşıyır. Bu iki haldan başqa, uşağı məscidə gətirməyin eybi yoxdur hətta bə`zi hallarda da uşağı məscidə aparmaq daha yaxşıdır. Soğan, sarımsaq və bu kimi şeyləri yeyib, ağzının qoxusu camaatı narahat edən şəxsin də məscidə daxil olması məkruhdur.

AZAN VƏ İQAMƏ
Məsələ 903: Kişi və qadının gündəlik vacib namazlardan qabaq azan və iqamə deməsi müstəhəbbdir. Digər vacib və müstəhəbb namazlar üçün isə, azan və iqamə məşru` (şər`i qanun) deyildir. Amma camaatla qılınan Fitr və Qurban bayramı namazlarından əvvəl üç dəfə «Əssəlat» demək müstəhəbbdir.
Məsələ 904: Uşağın dünyaya gəldiyi birinci gün yaxud göbəyi düşməzdən əvvəl sağ qulağına azan və sol qulağına iqamə demək müstəhəbbdir.
Məsələ 905: Azan 18 cümlədir:
Dörd dəfə: Əllahu əkbər
İki dəfə: Əşhədu ən la ilahə illəllah
İki dəfə: Əşhədu ənnə Muhəmmədən rəsulullah
İki dəfə: Həyyə ələssəlah
İki dəfə: Həyyə ələl-fəlah
İki dəfə: Həyyə əla xəyril-əməl
İki dəfə: Əllahu əkbər
İki dəfə: La ilahə illəllah
İqamə isə 17 (on yeddi) cümlədir, yə`ni əvvəldə iki dəfə «Əllahu əkbər» deyilir, «La ilahə illəllah» azanın sonundan bir dəfə azaldılır, «Həyyə əla xəyril-əməl» dedikdən sonra isə iki dəfə «Qəd qamətissəlah» əlavə edilir.
Məsələ 906: «Əşhədu ənnə Əliyyən vəliyyullah» azan və iqamənin hissəsi deyildir. Amma «Əşhədu ənnə Muhəmmədən Rə-sulullah»-dan sonra, qəsdi-qürbətlə deyilməsi yaxşıdır.

AZAN VƏ İQAMƏNİN TƏRCÜMƏSİ
اَللهُ اَكبَر
Əllahu əkbər
Yə`ni: Allah-təala vəsf edilə bilməkdən daha böyükdür.
اَشهَدُ اَن لاَ اِلهَ الاّ اللهُ
Əşhədu ənla ilahə illəllah
Şəhadət verirəm ki, tək və bərabəri olmayan Allahdan başqa ibadətə layiq bir ilah, mə`bud yoxdur.
اَشهَدُ اَنَّ مُحَمَّدًا رَسُولُ الله
Əşhədu ənnə Muhəmmədən Rəsulullah
Şəhadət verirəm ki, Muhəmməd Allahın bəndəsi və Rəsuludur.
اَشهَدُ اَنَّ اَمِيرَ المؤمِنِينَ عَلِيًّا وَلِىّ الله
Əşhədu ənnə Əliyyən Əmirul-mu`mininə Vəliyyullah
Şəhadət verirəm ki, Həzrət Əli (ə) mö`minlərin əmiri və bütün xalqa Allahın tə`yin etdiyi vəlisi, rəhbəridir.
حَىَّ عَلَى الصّلوةِ
Həyyə ələssəlah
Namaza tələsin!
حَىَّ عَلَى الفَلاَحِ
Həyyə ələl-fəlah
Nicat yoluna tələsin!
حَىَّ عَلَى خَيرِ الْعَمَلِ
Həyyə əla xəyril-əməl
Bütün işlərin xeyirlisinə tələsin ki, bu namazdır.
قَد قَامَتِ الصَلوةُ
Qəd qamətis-səlah
Namaz başlanmışdır.
لاَ اِلَهَ اِلاّ الله
La ilahə illəllah
Tək və bərabəri olmayan Allahdan başqa ibadətə layiq bir ilah, mə`bud yoxdur.
Məsələ 907: Azan və iqamənin cümlələri arasında çox ara verilməməlidir. Əgər onların arasında normadan çox fasilə buraxılarsa, onu yenidən təkrar etmək lazımdır.
Məsələ 908: Azan və iqamə oxuyarkən, səsi boğaza salmaq əgər ğina halını alırsa, yə`ni azan və iqaməni oyun və əyləncə məclislərində mahnı oxuyanlar kimi oxuyarsa, haramdır. Amma əgər ğina olmazsa, (boğaza salmaq) məkruhdur.
Məsələ 909: İki namazın ardıcıl və onların müştərək vaxtında qılındığı hər yerdə, əgər namaz qılan birinci namaz üçün azan oxumuşdursa, istər Zilhiccə ayının 9-cu günü olan ərəfə günü Ərəfatda olmasa belə, zöhrün fəzilət vaxtında qılınan və ya günorta və ikindi namazını Məş`ərul-haramda qılan şəxs üçün Qurban bayramı axşamının işa namazının fəzilət vaxtında qılınan axşam və xiftən namazları kimi o iki namazı birlikdə qılmaq yaxşı olsun və ya olmasın, sonrakı namazdan azan saqit olur. Əlbəttə, bu yerlərdə azanın saqit olması o iki namaz arasında əsla fasilə olmadığı və ya çox az fasilə olduğu təqdirdədir. Amma nafilə namazı və tə`qibin fasilə olmasının zərəri yoxdur. Vacib ehtiyat olaraq bu iki yerdə Ərəfə günündə və Məş`ərdə hərçənd məşru` olma qəsdi ilə azan oxunmamalıdır, hərçənd bu son iki yerdə məşru` qəsdi olmadan oxumaq ehtiyata xilafdır.
Məsələ 910: Camaat namazı üçün azan və iqamə deyilmişsə, o camaatla namaz qılan şəxs öz namazı üçün azan və iqamə oxumamalıdır.
Məsələ 911: Əgər namaz qılmaq məqsədi ilə məscidə gedərsə və camaat namazının bitmiş olduğunu görərsə, sıralar pozulub, camaat dağılmamışsa, öz namazı üçün azan və iqamə oxumaya bilər. Yə`ni onları oxumaq artıq tə`kidli müstəhəbb deyildir. Hətta azan oxumaq istəsə də, çox yavaşdan oxuması yaxşıdır. Ayrı bir camaat namazı təşkil etmək istəsə də, azan və iqamə deməməlidir.
Məsələ 912: Əvvəlki məsələdə deyilən hallardan başqa, 6 şərtlə azan və iqamə saqit olur:
1. Camaat namazı məsciddə olmalıdır; əgər məsciddə olmazsa, azan və iqamə saqit olmur.
2. O namaz üçün azan və iqamə oxunmuş olmalıdır.
3. Camaat namazı batil olmamalıdır.
4. Onun qılmaq istədiyi namazla camaat namazı bir məkanda olmalıdır; belə ki, əgər camaat namazı məscidin içərisində olsa və o, məscidin damında namaz qılmaq istəsə, azan və iqamə oxuması müstəhəbbdir.
5. Camaat namazı əda olmalıdır; amma o münfərid qılırsa onun namazının da əda olması şərt deyildir.
6. Onun namazı ilə camaat namazının vaxtı müştərək olmalıdır; məsələn, hər ikisi ya günorta və ya ikindi namazı qılmalı və ya camaatla qılınan namaz günorta və onun namazı ikindi və yaxud onun namazı zöhr və camaatla qılınan namaz ikindi olmalıdır. Amma əgər camaat namazı son vaxtında qılınan ikindi namazı olsa, o isə ondan sonra axşam namazını əda olaraq qılmaq istəyirsə, azan və iqamə saqit olmaz.
Məsələ 913: Əgər əvvəlki məsələdə söylənən şərtlərdən üçüncüsündə şəkk edərsə, yə`ni camaat namazının səhih olub-olmadığına şəkk edərsə, azan və iqamə ondan saqitdir. Amma yerdə qalan beş şərtin birində şəkk edərsə, yaxşı olar ki, azan və iqaməni desin. Amma əgər şəkki camaatda olarsa, rəca (qəbul olma) ümidi ilə oxumalıdır.
Məsələ 914: Başqasının e`lan məqsədilə və ya camaat namazı üçün oxuduğu azanı eşidən şəxsin, eşitdiyi hər qismi səssiz olaraq təkrar etməsi müstəhəbbdir.
Məsələ 915: Başqasının azan və iqaməsini eşitmiş olan şəxs, istər onunla birlikdə söyləmiş olsun və ya olmasın, o azan və iqamə ilə qılmaq istədiyi namaz arasında çoxlu fasilə olmamışsa, eşitməyin əvvəlindən namaz qılmaq qəsdi olmuşsa, onun öz azan və iqaməsinə kifayət edə bilər. Amma bu hökm, yalnız imamın eşitmiş olduğu, yaxud təkcə mə`mumun eşitmiş olduğu camaat barəsində işkallıdır.
Məsələ 916: Kişi qadının azanını ləzzət qəsdi ilə dinlərsə, ondan azan saqit olmaz, hətta qadının azanını eşitməklə ondan azanın saqit olması mütləq şəkildə işkallıdır.
Məsələ 917: Camaat namazının azan və iqaməsini kişi oxumalıdır; amma qadınların camaat namazında qadın da azan və iqamə oxuyarsa, kifayətdir. Kişiləri qadınlara məhrəm olan camaat namazında qadının azan və iqaməsi ilə kifayətlənmək məhəlli işkaldır.
Məsələ 918: İqamə azandan sonra oxunmalıdır. Həmçinin, iqaməni ayaq üstə və hədəsdən pak olaraq (dəstəmaz, qüsl və ya təyəmmümlü olaraq) oxunması şərtdir.
Məsələ 919: Əgər azan və iqamənin kəlmələrini ardıcıl söyləməzsə, məsələn, «həyyə ələl-fəlah»ı, «həyyə ələs-səlah»-dan əvvəl söyləyərsə, sıranın pozulduğu yerdən təkrar oxumalıdır.
Məsələ 920: Azan və iqamə arasında fasilə buraxmamalıdır; Əgər azanla iqamə arasında, oxunan azanın bu iqaməyə aid sayılmayacağı qədər fasilə versə, azanı batildir. Həmçinin əgər azan və iqamə ilə namaz arasında, oxunan azan və iqamənin o namaza aid sayılmayacağı qədər fasilə versə, o azan və iqamə batildir.
Məsələ 921: Azan və iqamə ərəbcə səhih oxunmalıdır; belə ki, əgər ərəbcə səhv oxusa və ya bir hərfin yerinə ayrı bir hərf söyləyərsə, ya da onun başqa dildə, məsələn türkcə tərcüməsini söyləyirsə, səhih deyildir.
Məsələ 922: Azan və iqamə namaz vaxtı daxil olandan sonra oxunmalıdır; əgər qəsdən və ya unudaraq vaxtından əvvəl oxuyarsa, batildir. Lakin, 732-ci məsələdə izah olunduğu kimi, əgər namaz əsnasında vaxt daxil olduğu təqdirdə, o namazın səhih olduğuna hökm edilirsə, ondan əvvəl oxunan azan və iqamə də səhihdir.
Məsələ 923: İqaməyə başlamamışdan əvvəl azan oxuyub-oxumadığında şəkk etsə, azan oxumalıdır. Amma iqaməyə başladıqdan sonra azan oxuyub-oxumadığında şəkk edərsə, azan oxuması lazım deyildir.
Məsələ 924: Azan və iqamə oxuyarkən, bir hissəni oxumağa başlamamışdan, ondan əvvəlki cümləni oxuyub-oxumadığında şəkk edərsə, şəkk etdiyi cümləni oxumalıdır. Amma azan və iqamənin bir hissəsini oxuyarkən, ondan əvvəlki cümləni oxuyub-oxumadığında şəkk edərsə, onu oxuması lazım deyil.
Məsələ 925: İnsanın azan oxuyarkən üzü qibləyə olması, dəstəmazlı və ya qüsllü olması, əllərini qulaqlarına qoyması, səsini yüksəldib uzatması, azanın cümlələri arasında bir az fasilə verməsi və onların arasında danışmaması müstəhəbbdir.
Məsələ 926: İqamə oxuyarkən insanın bədəninin hərəkətsiz (aram) olması, onu azandan bir az asta oxuması və cümlələrini bir-birinə yapışdırmaması müstəhəbbdir. Ancaq iqamənin cümlələri arasında, azanın cümlələri arasında buraxdığı fasilə qədər, fasilə verməməlidir.
Məsələ 927: Azan və iqamə arasında bir addım atmaq, bir az oturmaq, səcdə etmək, zikr oxumaq, dua etmək, bir az səssiz dayanmaq, danışmaq və ya iki rük`ət namaz qılmaq müstəhəbbdir. Amma sübh namazının azan və iqaməsi arasında danışmaq müstəhəbb deyildir.

Məsələ 928: Azan oxumaq üçün tə`yin edilən şəxsin adil, vaxtı bilən və gur səsli olması, azanı yüksək bir yerdə duraraq oxuması müstəhəbbdir.

NAMAZIN VACİBATI
Namazın vacibatı on bir şeydir:
1. Niyyət;
2. Qiyam, yə`ni ayaq üstə durmaq;
3. «Təkbirətul-ehram», yə`ni namazın əvvəlində «Əllahu-əkbər» demək;
4. Rüku;
5. Səcdə;
6. Qiraət;
7. Zikr;
8. Təşəhhüd;
9. Salam;
10. Tərtib;
11. Müvalat, yə`ni namazın hissələrini ardıcıl, fasiləsiz demək.
Məsələ 929: Namazın vacibatından bə`zisi namazın rüknü sayılır. Yə`ni əgər insan onları yerinə yetirməsə, istər qəsdən istərsə səhvən olsa, namaz batil olur. Bə`ziləri rükn deyildir, yə`ni əgər səhvən azalsa, namaz batil olmur. Namazın rüknü beşdir:
1. Niyyət;
2. Təkbirətul-ehram;
3. Rükuya bitişik qiyam, yə`ni rükudan əvvəl ayaq üstə durmaq;
4. Rüku;
5. Bir rük`ətdə iki səcdə.
Amma qəsdən artırılsa, mütləqən namaz batil olur və o surətdə ki, səhv üzündən rüku, ya bir rük`ətdə iki səcdəni artırsa, namaz lazım ehtiyata əsasən batildir. Əks təqdirdə batil deyildir.

Niyyət
Məsələ 930: İnsan, namazı qürbət qəsdilə, yə`ni Allahın dərgahında bəndəçilik və Onun əmrini yerinə yetirmək qəsdilə qılmalıdır. Amma niyyəti qəlbindən keçirməsi və ya dili ilə «dörd rük`ət zöhr namazı qılıram qürbətən iləllah» sözünü deməsi lazım (vacib) deyildir.
Məsələ 931: Əgər zöhr və ya əsr namazını qılarkən, «dörd rük`ət namaz qılıram» deyə niyyət edərsə, amma o namazın zöhr və ya əsr namazı olduğunu müəyyən etməzsə, namazı batildir. Amma zöhr namazını birinci namaz, əsri də ikinci namaz kimi tə`yin edərsə kifayətdir. Həmçinin məsələn; zöhr namazının qəzası boynuna vacib olan şəxs, zöhr namazının vaxtında, zöhr namazının ədasını və ya qəzasını qılmaq istəyərsə, qılacağı namazı niyyətində müəyyən etməlidir.
Məsələ 932: İnsan, namazının başlanğıcından sonuna qədər niyyətində baqi qalmalıdır. Belə ki, əgər namaz əsnasında «nə edirsən» deyə soruşularsa, nə cavab verəcəyini bilməyəcək qədər qəflətdə olarsa, namazı batildir.
Məsələ 933: İnsan, yalnız mütəal Allahın qarşısında bəndəçilik göstərmək və Onun əmrini yerinə yetirmək üçün namaz qılmalıdır. Belə ki, riya, yə`ni özünü xalqa göstərmək üçün namaz qılan şəxsin namazı batildir. İstər sırf xalqa göstərmək üçün olsun, istərsə həm Allahı, həm də xalqı birlikdə göz önünə alsın, fərqi yoxdur.
Məsələ 934: Namazın bir qismi Allahdan başqası üçün yerinə yetirilərsə, istər o hissə Həmd kimi vacib olan bir hissə olsun, istər qunut kimi müstəhəbb olsun, əgər qeyri-ilahi qəsdi namazın hamısına sirayət edərsə məsələn, riya qəsdi ilə bir əməldə olsa ki, o cüz`ə şamildir, yainki o hissəni yenidən yerinə yetirmək namazı batil edən bir artıqlığın meydana gəlməsinə yol açarsa, namazı batildir. Əgər namazı Allah rizası üçün qılırsa, lakin camaata göstərmək üçün məscid kimi xüsusi bir yerdə və ya vaxtın əvvəli kimi bəlli bir vaxtda, ya da camaat namazı kimi xüsusi bir tərzdə qılırsa, namazı batildir.

Təkbirətul-ehram
Məsələ 935: «Əllahu-əkbər»i hər namazdan əvvəl demək vacib və rükndür. «Əllah» və «Əkbər»in hərflərini, eləcə də Əllah və Əkbər kəlmələrini ardıcıl demək lazımdır. Habelə gərək bu iki kəlmə ərəbcə düzgün deyilsin, əgər ərəbcə səhv deyilsə, yaxud məsələn, onun tərcüməsini türkcə desə, səhih deyildir.
Məsələ 936: Müstəhəbb ehtiyat odur ki, namazın təkbirətul-ehramını ondan əvvəl oxuduğu şeylərə, məsələn, iqaməyə və təkbirdən əvvəl oxuduğu dualara birləşdirməsin.
Məsələ 937: Əgər insan, «Əllahu Əkbər» kəlməsini ondan sonra oxuduğu şeyə, məsələn; «Bismillahir-rəhmanir-rəhim» kəlməsinə bitişdirmək istəyərsə, «əkbər»in «r» hərfini zəmmə ilə oxuması daha yaxşıdır. Amma vacib namazda onu sonrakı kəlməyə bitişdirməmək ehtiyat-müstəhəbbdir.
Məsələ 938: Təkbirətul-ehram deyən vaxtda, gərək vacib namazda bədən sakit (aram) olsun. Əgər qəsdən bədəni hərəkətdə olan zaman təkbirətul-ehram desə, batildir.
Məsələ 939: İnsan, təkbir, Fatihə, surə, zikr və duanı ən azı özü, öz səsini duya biləcək şəkildə oxumalıdır. Əgər qulağının ağır eşitməsi və ya kar olması, ya da çox səs-küy olması səbəbindən öz səsini duya bilməzsə, bir maneə olmadıqda, duya biləcəyi şəkildə oxumalıdır.
Məsələ 940: Hər hansı bir səbəb üzündən lal olan və ya dilindəki xəstəlik səbəbi ilə «Əllahu Əkbər»i söyləyə bilməyən bir şəxs, necə söyləyə bilirsə, o cür də deməlidir. Heç cür söyləyə bilmirsə, təkbiri qəlbindən keçirməli və onun ləfzini göstərməyə uyğun olacaq şəkildə barmağı ilə işarə etməli və mümkün olduğu təqdirdə dil və dodaqlarını da tərpətməlidir. Ancaq anadangəlmə lal olan bir şəxs, təkbiri söyləyən şəxslər kimi dil və dodağını hərəkət etdirməli və onun üçün barmağı ilə də işarə etməlidir.
Məsələ 941: Təkbirətul-ehramdan əvvəl aşağıda göstərilən duanı rəca qəsdi ilə oxumaq müstəhəbbdir:
يا مُحْسِنُ قَدْ اَتاكَ المُسِيءُ وَقَدْ اَمَرْتَ المُحْسِنَ اَنْ يَتَجاوَزَعَنِ الْمُسِيءِ اَنْتَ المُحْسِنُ وَاَنَا المُسِيءُ بِحَقّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ صَلّ عَلى مُحَمَّدٍ وَآل مُحَمَّدٍ وََتَجاوَزْ عَنْ قَبِيحِ ما تَعْلَمُ مِنِّى
«Ya muhsinu qəd ətakəl-musi`. Və qəd əmərtəl-muhsinə ən yətəcavəzə ənil-musi`. Əntəl-muhsinu və ənəl-musi`. Bihəqqi Muhəmmədin və ali Muhəmməd. Səlli əla Muhəmmədin və ali Muhəmməd. Və təcavəz ən qəbihi ma tə`ləmu minni».
Yə`ni: «Ey bəndələrinə ehsan edən Allah, günahkar bəndən Sənin qapına gəlib və Sən əmr etmisən ki, xeyirxah, günahkarı bağışlasın, Sən xeyirxahsan, mən isə günahkar. Muhəmməd və Ali-Muhəmməd (əleyhis-səlamın) xatirinə Öz rəhmətini (salavat) Muhəmməd və Ali Muhəmmədə göndər və məndən baş vermiş pis işləri bağışla».
Məsələ 942: Müstəhəbbdir ki, namazın birinci təkbiri və namazın arasındakı təkbirləri deyən vaxtda əlləri qulaqların müqabilinə qaldırsın.
Məsələ 943: Əgər təkbirətul-ehramın deyib-deməməsində şəkk etsə, belə ki, qiraətdən bir şeyi oxumağa məşğul olubsa, şəkkinə e`tina etməməli və əgər bir şey oxumayıbsa, təkbir deməlidir.
Məsələ 944: Əgər təkbirətul-ehramı dedikdən sonra, onu düzgün deyib-demədiyi barədə şəkk edərsə, istər bir şeyi oxumağa başlamış olsun və ya olmasın, şəkkinə e`tina etməməlidir.

Qiyam (ayaq üstə durmaq)
Məsələ 945: Təkbirətul-ehram deyilən vaxtdakı qiyam ilə rükuya bitişik qiyam adlanan, rükudan qabaqkı qiyam rükndür. Amma Həmd-surə oxunan vaxtdakı qiyam və rükudan sonrakı qiyam rükn deyildir. Əgər bir şəxs onu unudaraq yerinə yetirməsə, namazı səhihdir.

Məsələ 946: Təkbirətul-ehramı qiyam halında deməsinə əmin ola bilməsi üçün bir az ondan qabaq və bir az da ondan sonra, ayaq üstə dayanması vacibdir.
Məsələ 947: Əgər Həmd və surəni oxuduqdan sonra, unudaraq rüku etmədən oturarsa və rüku etmədiyini xatırlayarsa, ayağa qalxıb rükuya getməlidir. Əgər ayaq üstə durmadan, elə əyilən halda rüku halına qayıdarsa, rükuya bitişik qiyamı tərk etdiyinə görə, kifayət etməz.
Məsələ 948: Təkbirətul-ehram və ya qiraət üçün ayaq üstə durarsa, yol getmək (bədənə hərəkət vermək) yaxud bir tərəfə əyilmək olmaz. Lazım ehtiyata əsasən ixtiyar halında gərək bir yerə söykənməsin. Amma əgər əlacsız olsa, eybi yoxdur.
Məsələ 949: Qiyam halında olduğunu unudaraq, bir qədər yerisə ya bir tərəfə əyilsə, ya bir yerə söykənsə, eybi yoxdur.
Məsələ 950: Qiyam halında ikən, hər iki ayağın da yerdə olması ehtiyat-vacibdir. Amma bədəninin ağırlığının hər iki ayağın üzərində olması lazım deyildir. Bir ayaq üzərində də olsa eybi yoxdur.
Məsələ 951: Düzgün şəkildə ayaq üstə dura bilən şəxs, əgər ayaqlarını xeyli aralı qoysa, belə ki, ayaq üstə dayanmaq adlana bilməsə namazı batildir və həmçinin lazım ehtiyata əsasən, ayaqlarını ona «ayaq üstədir» deyiləcək şəkildə olsa belə, xeyli aralı qoymamalıdır.
Məsələ 952: İnsanın, namazda vacib zikrlərdən bir şey oxuduğu zaman, bədəni hərəkətsiz olmalıdır. Həmçinin lazım-ehtiyata əsasən, müstəhəbb zikrlərdən bir şeyi oxumağa məşğul olduğu zaman da, hökm eynidir. Əgər azacıq qabağa və arxaya getmək və ya bədənini sağa və ya sola bir az hərəkət etdirmək istəyərsə, bir şey oxumaması lazımdır.
Məsələ 953: Əgər bədənin hərəkəti vaxtı bir müstəhəbbi zikr desə, məsələn, rükuya, yaxud səcdəyə gedən vaxt təkbir desə, belə ki, namazda göstəriş verilən zikr qəsdi ilə deyərsə, o zikr səhih deyildir, amma namazı səhihdir. «Bihəvlillahi və quvvətihi əqumu və əq`ud» – u ayağa qalxarkən deməlidir.
Məsələ 954: Həmd oxuyan vaxtı ələ və barmaqlara hərəkət verməyin eybi yoxdur. Amma bunları da hərəkət etdirməmək ehtiyat-müstəhəbbdir.
Məsələ 955: Əgər Həmd və surəni, ya da təsbihatı oxuyarkən, özündən asılı olmayaraq, bədəninin sükunəti pozulacaq qədər hərəkət edərsə, bədəni sakitləşdikdən sonra, hərəkət halında oxumuş olduğu miqdarı təkrar oxuması müstəhəbb ehtiyatdır.
Məsələ 956: Əgər namaz əsnasında durmaqdan aciz olsa, gərək otursun, əgər oturmaqdan da aciz olsa gərək uzansın. Amma bədəni sakitləşməyincə, gərək vacib zikrlərdən bir şey deməsin.
Məsələ 957: İnsan, ayaq üstə namaz qılmağa imkanı olduğu təqdirdə, oturaraq namaz qılmamalıdır. Məsələn; ayaq üstə durduğu zaman bədəninin hərəkətini saxlaya bilməyən və ya bir şeyə söykənmək məcburiyyətində qalan, ya da bədənini bir az əymək məcburiyyətində qalan bir şəxs, hər nə qədər imkanı vardırsa, bu cür ayaq üstə durub, namazını qılmalıdır. Amma əgər heç bir şəkildə ayaq üstə dura bilmirsə, düzgün oturaraq, namazını qılmalıdır.
Məsələ 958: İnsan oturaraq namaz qıla bildiyi zaman, uzanaraq namaz qılmamalıdır. Əgər düz otura bilmirsə, hər nə qədər imkanı varsa, o cür oturmalıdır. Əgər heç bir şəkildə otura bilmirsə, qiblə hökmlərində söyləndiyi kimi, bədəninin qabaq tərəfi üzü qibləyə olacaq şəkildə yanı üstə uzanmalıdır. Lazım-ehtiyata əsasən, sağ yanı üstə uzanması mümkün olduğu təqdirdə, sol yanı üstə uzanmamalıdır. Əgər bu da mümkün deyilsə, ayaqlarının altı qibləyə tərəf olacaq şəkildə, arxası üstə uzanmalıdır.
Məsələ 959: Oturduğu yerdə namaz qılan şəxs, Həmd və surədən sonra, ayaq üstə durub rükunu ayaq üstə yerinə yetirə bilirsə, gərək qalxıb qiyam ilə rükuya getsin və əgər edə bilmirsə, gərək rükunu oturduğu yerdə yerinə yetirsin.
Məsələ 960: Uzandığı yerdə namaz qılan şəxs, namaz əsnasında otura bilirsə, gərək bacardığı miqdarda oturub qılsın və əgər dura bilirsə, bacardığı qədər ayaq üstə qılsın. Lakin bədəni sakit olmayınca vacibi zikrlərdən bir şey oxumasın. Amma əgər çox az miqdarda ayaq üstə dura bilməsini bilərsə, gərək o miqdarı rukuya müttəsil olan qiyama məxsus etsin.
Məsələ 961: Oturduğu yerdə namaz qılan şəxs, əgər namaz əsnasında dura bilsə, gərək bacardığı miqdarda ayaq üstə dayandıqda qılsın, amma bədəni sakit olmayınca, vacib zikrdən bir şey oxumasın. Amma əgər çox az miqdarda ayaq üstə dayanacağını bilsə, gərək o miqdarı rukuya müttəsil olan qiyama məxsus etsin.
Məsələ 962: Ayaq üstə dayana bilən şəxs, ayaq üstə dayandıqda xəstələnəcəyindən, yaxud zərər çəkəcəyindən qorxsa, oturduğu yerdə namaz qıla bilər. Əgər oturmaqdan da qorxsa, uzandığı yerdə namaz qıla bilər.
Məsələ 963: Əgər insanın vaxtın axırında ayaq üstə namaz qıla biləcəyinə ümidi varsa, vaxtın əvvəlində namaz qılsa, vaxtın axırında ayaq üstə durmağa qüdrət hasil etsə, gərək namazı ikinci dəfə qılsın. Amma namazı ayaq üstə qıla biləcəyinə ümid etməsə, əgər vaxtın əvvəlində namazı qılsa və sonra ayaq üstə durmağa qüdrət tapsa, namazı yenidən qılmaq lazım deyil.
Məsələ 964: İnsanın, ayaq üstə durduğu zaman, bədənini düz saxlaması, çiyinlərini aşağı salması, əllərini budlarının üzərinə qoyması, barmaqlarını birbirinə bitişdirməsi, səcdə yerinə baxması, bədəninin ağırlığını hər iki ayağın üzərinə bərabər şəkildə salması, xüzu və xüşu içərisində olması, ayaqlarını bir sırada tutması, əgər kişidirsə, ayaqlarının arasında üç açıq barmaqdan bir qarışa qədər ara buraxması və əgər qadındırsa, ayaqlarını bir-birinə bitişdirməsi müstəhəbbdir.

Qiraət
Məsələ 965: Gündəlik vacib namazların 1-ci və 2-ci rük`ətlərində gərək insan, əvvəl «Həmd»i və sonra ehtiyata əsasən bir surəni tamam oxusun. Ehtiyata əsasən «Vəz-zuha» və «Ələm nəşrəh» və həmçinin «Fil» və «Li-iylaf» surəsi namazda bir surə hesab olunur.

Məsələ 966: Əgər namaz vaxtı dar olsa və ya insan surəni oxumamaq məcburiyyətində qalarsa, məsələn; surəni oxuduğu təqdirdə, oğru, yırtıcı heyvan və ya başqa bir şeyin ona zərər verəcəyindən qorxarsa, ya da zəruri bir işi olarsa, surəni oxumaya bilər. Hətta vaxtın azlığı və bə`zi qorxu olmayan hallarda da surəni oxumamalıdır.
Məsələ 967: Əgər qəsdən surəni, Həmddən qabaq oxusa, namazı batildir və əgər bu səhvən olsa və surəni oxuyarkən yadına düşsə, gərək surəni tərk etsin və Həmdi oxuyandan sonra, surəni əvvəldən oxusun.
Məsələ 968: Əgər Həmd və surəni və ya onlardan birini unudarsa və rükuya çatandan sonra başa düşsə, namazı səhihdir.
Məsələ 969: Əgər rükuya əyilməzdən qabaq Həmd və surəni oxumadığını anlayarsa, onları oxumalıdır. Əgər yalnız surəni oxumadığını anlayarsa, bu zaman yalnız surəni oxumalıdır. Amma yalnız Həmdi oxumadığını anlayarsa, əvvəl Həmdi, sonra da ikinci dəfə olaraq surəni oxumalıdır. Həmçinin əgər rükuya əyilərsə, lakin rüku həddinə çatmazdan qabaq Həmd və surəni və ya yalnız surəni, ya da yalnız Həmdi oxumadığını anlayarsa, ayağa qalxıb, yuxarıda izah edilən göstərişə əsasən onları oxumalıdır.
Məsələ 970: Əgər vacib namazda 354-cü məsələdə deyilən, vacib səcdəsi olan dörd surədən birini qəsdən oxuyarsa, səcdə ayəsini oxuduqdan sonra səcdə etməsi vacibdir. Amma əgər səcdəni yerinə yetirərsə, ehtiyata əsasən namazı batil olar və onu yenidən qılması gərəkdir. Amma əgər səhvən səcdə etsə, batil olmaz. Əgər səcdəni yerinə yetirməzsə, səcdəni tərk etməkdə günah etməsinə baxmayaraq, namazına davam edə bilər.
Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin