Yeddi ildƏn sonra
(“Şeyx Sənan”ın qoyuluşu münasibətilə təəssürat)
Bütün türk və yaxın Şərqdə teatro sahəsində ilk addım atan, heç şübhəsiz, Azərbaycandır.
İstanbul bizdən çox-çox sonralar başlamış və bizim bu gün əldə etdiyimiz nəticələrə hələ varmamışdır.
İran, Əfqanıstan, Misir, Hindistan və qeyriləri teatro işlərində o qədər geridədirlər ki, bu barədə danışmağa belə dəyməz.
Fikirlərimin doğruluğunu “Şeyx Sənan”ın qoyuluşu tamamilə isbat etdi.
Yeddi il əvvəl Azərbaycanı tərk etdiyim üçün teatromuzdan uzaq düşmüşdüm.
Cümə axşamı bu həsrətə qovuşdum və etiraf etməliyəm ki, heyrətdə qaldım. Yeddi ildə o qədər tərəqqi vardır ki, insan şaşırır. Səhnə quruluşu, artistlərin oyunu, bilxassə qadınların iştirakı tamamilə yeni və Şərq aləmində görünməmiş şeylərdir.
İstər-istəməz bu son on beş ildə teatromuzun keçdiyi yolları xatırladım. Səhnə bərbad, artistlər naşı, arvad rollarını kişilər oynar, suflyorun səsindən qulaq tutulur, libaslar gülünc…
Bu gün isə bunlardan heç bir əsər qalmamışdır.
İftixarla deyə biləriz: Teatromuz mədəni millətlər teatrosu sırasına girə bilmişdir.
Azərbaycan həmişə Şərqdə mədəni rəhbər olmuşdur. Tarix buna şahiddir.
Bugünkü Azərbaycan keçmiş rolunu oynamağa yenidən qədəm qoyur. Latın hürufatıyla Şərqin böyük ehtiyacını rəf edir. Teatrosuyla da zövqlərin yüksəlməsinə çalışır.
Bənim kibi bir muhərririn nəyi var? Yalnız bir sözü və yeniliklərə qarşı sevinclə çırpınan bir ürəyi.
Sözümdə qüvvət varsa, təmiz ürəklə deyirəm:
-Yaşasın teatromuz yolunda çalışanlar!
Bunların yaşayış və fəaliyyəti saf, incə bir zövq yaradacaq və Şərqin ətalətində qabalaşmış, çürümüş ruhlar bu zövqün ecazkar nüfuzundan yeniləşəcək, böyüyəcəkdir.
Yusif Vəzir
Dostları ilə paylaş: |