Kompyuter virusları. Kompyuter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. «Kompyuter virusu» termini 1984-cü ildə ABŞ-da keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi. Kompyuter viruslarının ümumi qəbul edilmiş tərifi yoxdur. Biz aşağıdakı tərifdən istifadə edəcəyik. Kompyuter virusu – elə proqramdır ki, özünü təxminən bioloji virus kimi aparır: çoxalır, maskalanır və ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir). Virusları aşağıdakı əlamətlərə görə təsnif etmək olar:
yaşayış mühitinə görə: fayl virusları (com, exe, bat, doc virusları), yükləmə virusları, makro viruslar;
yaşayış mühitini yoluxdurma üsuluna görə: rezident və qeyri-rezident;
əməliyyat sisteminə görə: MS-DOS virusları, Windows virusları, *NIX virusları və s.;
destruktiv imkanlarına görə: ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli;
virus alqoritminin xüsusiyyətlərinə görə: «tələbə» virusları, kompanyon-viruslar, «soxulcanlar» (worm), «stels»-viruslar («görünməz» viruslar), «polimorf»-viruslar (özüşifrlənən viruslar), şəbəkə virusları və s.