Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir.
Azərbaycanın anklavı olan Naxçıvan Muxtar RespublikasıErmənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20%-ni təşkil edir. Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Onun 825 km-i su sərhəddidir.Sahil xəttinin uzunluğu 713 km-dir. Azərbaycanın Xəzər dənizi sektorunda həmcinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.
Müstəqillik əldə etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş gənc Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətli həlli onun beynəlxalq aləmdəki mövqeyi, ayrı-ayrı ölkələrlə milli dövlət mənafelərinə cavab verən qarşılıqlı-faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlıdır. Bu mənada, Azərbaycanın beynəlxalq əlaqələr sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşdırılmasında aparıcı rol oynayan dövlətlərlə, o cümlədən, siyasi çəkisinə və iqtisadi potensialına görə beynəlxalq aləmdə özünəməxsus yer tutan Qərbi Avropa ölkələri ilə qarşılıqlı münasibətlərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir.