Ümumiyyətlə, ifrazata diqqət məsələsini çox böyütməyin. Sağlam psixikaya malik olan valideynlər uşaqların ayaqyolunda müvəffəqiyyətli davranışından xoşhal olurlar. Amma bə`ziləri, az qalır ki, uşağın şah əsərinin tamaşasına ətrafdakıları da də`vət etsin. Uşaq ətrafdakıların bu münasibətindən duruxur. O düşünür ki, əgər ifrazat bu qədər dəyərlidirsə, nə üçün onu ayaqyolunda qoyub gedirlər. Uşaq bədəninin hazırladığı ifrazatla fəxr edir və onu başqalarına göstərmək istəyir. Ona imkan vermək lazımdır ki, nəcisinə özü su töksün.
Sual: Ayaqyolu qaydalarına riayət edən uşağın bə`zən yenidən əvvəlki vəziyyətə qayıtmasının səbəbi nədir?
Cavab: Uşağa ayaqyolu qaydalarını öyrətdiyiniz vaxt o gözlənilmədən əvvəlki vəziyyətinə qayıda bilər. Bu vaxtadək ifrazat məsələlərində azad olmuş körpə üçün birdən-birə qaydalara əməl etmək çətindir. E`tiraf edək ki, heç kim öz azadlığından xoşluqla əl çəkmir. Uşaq, adətən, o vaxt ayaqyolu qaydalarından çəkinir ki, sizin sərt rəftarınız onu əsəbləşdirir. Belə də ola bilər ki, ayaqyolu qaydalarını öyrənmiş körpənin təzə bacısı və qardaşı dünyaya gələ. İşi çətinləşmiş valideyn birinci körpəsinin müstəqilliyində tələsə bilər. Amma gözlərinin qarşısında yeni çağanın necə məhəbbətlə bələndiyini görən uşaq məntiqi olaraq öyrəndiyi adətlərdən geri dönmək istəyir.
Altıncı fəsil
Tərbiyə və tənbeh
Sual: Övladın tərbiyəyə ehtiyacı varmı?
Cavab: Bəli, uşaq mütləq tərbiyə olunmalıdır. Tərbiyə insanın fiziki və psixoloji inkişafı üçün zəruridir. Tərbiyə təhsil mərhələlərindən biridir. İstər elm və sənətdə, istər gündəlik həyatımızın hər hansı bir sferasında qanunlar mühüm rol oynayır. Tərbiyə haqqında danışarkən iki oxşar vəziyyəti qeyd edə bilərik. Mövzudan mövzuya atılmaq fikrində deyiləm. Sadəcə, tərbiyə ilə tənbeh arasında fərq olduğunu nəzərinizə çatdırmaq istəyirəm. Çoxları bu iki məfhumu qarışdırır.
Uyğun qanunlar, intizam normaları tərbiyənin əsas mahiyyətini təşkil edir. İnsanın cəmiyyətə uyğunlaşmasında qayda-qanunların müstəsna əhəmiyyəti vardır. Uşaq bu yolla başqalarının hüquqlarını tanıyır, bu hüquqlara hörmət edir. Bütün dünyada, eləcə də, təbiətdə mövcud olan qanunların əhəmiyyətini dərk edən uşaq anlayır ki, o başqalarının istəklərini də nəzərə almalıdır.
İnkişafda olan uşaq üçün tərbiyənin əvəzolunmaz faydaları var. Tərbiyə nəticəsində uşaq müşahidə edir ki, ümumi qanunauyğunluqlara zidd hərəkətlərin nəticəsi acıdır. Qanunlar uşağa bir şeyin ardınca nəyin gələcəyini qabaqcadan xəbər verir. Tərbiyə nəticəsində uşaq anlayır ki, insanın xoşbəxtliyi üçün faydalı çərçivələr var.
Məsələn, ünsiyyət vasitəsi olan dil insanlara bir-birlərini anlamağa kömək edir. Amma onun da öz qanunları var. Fizika və kimya əsas elmlərdən hesab olunur. Çünki bu elmlər səlis qanunlar üzərində qurulmuşdur. Alimlər məhz həmin qanunlar sayəsində elmlər arasında əlaqə yarada bilirlər. Qanun və nizamdan kənar istənilən bir əlaqə xaosdur.
Qeyd etməliyik ki, tərbiyə və tənbeh fərqli anlamlardır. Tərbiyə, qanunu öyrədirsə, tənbeh tapdalanmış qanuna görə cəzadır.
Tərbiyə valideynin övlada sevgisindən doğur. Tərbiyə nəticəsində uşaq hiss edir ki, siz ona biganə deyilsiniz. İstənilən bir uşaq onun tərbiyəsi ilə məşğul olmayan valideyni özünə qarşı diqqətsiz hesab edir. Tərbiyədə ciddilik uşağın düşüncəsində sizin sevginizin bəyanıdır.
Sual: Körpənin tərbiyəsi nə vaxtdan başlanmalıdır?
Cavab: Sürünməyə, iməkləməyə başlayan körpə artıq tərbiyə olunmağa hazırdır. O öz hərəkətlərini idarə etməyi bacarır, istədiyini götürür, istəmədiyini uzaqlaşdırır.
Tərbiyə üçün əsas şərtlərdən biri körpənin fiziki hazırlığıdır. Amma ən əsas şərt uşağın valideynə e`timadıdır. Uşaq böyüklərin ona qarşı sevgisinə əmin olmalıdır.
Vaxtı çatmamış tərbiyə körpənin böyüklərə e`timadını itirir. Hələ sizin sevginizi hiss etməyə qadir olmayan az yaşlı uşağın tərbiyəsi mənfi nəticələr verə bilər. Qanunlara riayət valideynə sevgi ilə yanaşı olarsa, körpə tapşırıqları həvəslə yerinə yetirər. Axı valideynin məhəbbətini dadmamış uşaq bu məhəbbəti itirməkdən də qorxmur. Əgər itiriləsi bir şey yoxdursa, körpə nə üçün özünü əziyyətə salmalıdır.
Sual: Övladı tərbiyə etmək üçün valideyn münasibdirmi?
Cavab: Uşağı tərbiyə etmək üçün onun inanıb e`timad etdiyi şəxs daha münasibdir. Tərbiyəçi körpəni qoruyub, onun ehtiyaclarını ödəyir, ona səmimi münasibət göstərir. Əgər uşaq uyğun münasibətləri valideyndən görürsə, demək, valideyn tərbiyəçi ola bilər.
İnsanı heyvanla müqayisə etmək fikrində olmasam da, qeyd etməliyəm ki, it üçün ən yaxşı tə`limçi itin e`timad göstərdiyi şəxsdir. İt, adətən belə bir şəxsə daha çox itaət göstərir.
Əgər uşaq əmin olsa ki, valideynləri onu sevir, onlara itaəti özünə borc biləcək. Uşaq valideyn məhəbbətini dadmalıdır ki, bu məhəbbəti itirməkdən qorxsun.
Sual: Əgər valideyn öz övladı ilə səmimi münasibətdədirsə, bu münasibət yaxşı tərbiyəçi olmaq üçün kifayət edərmi?
Cavab: Bəli. Əgər artıq, uşaq sizin məhəbbətinizə ehtiyac duyursa, bu ehtiyac tərbiyədə amil ola bilər. Müvəqqəti şəkildə bu məhəbbəti kəsməklə ona anlada bilərsiniz ki, qayda-qanunlara əməl etməməyin bu sayaq pis nəticələri ola bilər. Uşaq qayda-qanuna əməl etdiyi vaxt sizin xoş təbəssümünüzlə, əməl etmədiyi vaxt narazılığınızla qarşılaşmalıdır.
İnanın ki, körpəlik vaxtı ehtiyacları ödənmiş, başqalarına və sizə e`timad göstərmiş uşaq sizin narazılığınıza biganə qalmayacaq, özünü düzəltməyə çalışacaq.
Uşaqla səmimi münasibətin başqa faydaları da var. Azyaşlı uşaqlar başqalarını təqlid etməyə çalışırlar. Elə buna görə də valideynlər uşağın yanında nalayiq söz və hərəkətlərdən çəkinirlər. Bəli, uşaq gördüyünü bir anda götürür. Sizdən “təşəkkür edirəm”, “bağışlayın” kimi nəzakətli sözlər eşitməyən körpə, çətin ki, danışığında uyğun sözlərə yer ayıra.
Uşaq, adətən, sevdiyi şəxslərin sözlərini və hərəkətlərini təkrarlayır. Çalışmalısınız ki, körpənizin ən çox sevdiyi şəxs siz özünüz olasınız. Əgər uşaq həyatda düzgün yol seçərsə, sizin alqışlarınız onu daha da ruhlandıracaqdır. Əgər övladınız sizi sevirsə, sizin rəftarınız onun üçün ideala çevriləcəkdir. Bu rəftar onun ruhunda və canında əks olunacaqdır.